Xalq artisti Canəli Əkbərova - 9 mart 2000-ci il


Hörmətli Canəli Əkbərov!

Sizi - Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən, xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmış sənətkarlardansınız. Klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub saxlamaq, onlara yaradıcı münasibət bəsləmək, bütün imkanları muğamın bütöv şəkildə ifasına yönəltmək yaradıcılığınızın əsas xüsusiyyətlərindəndir. Yüksək diapazonlu ecazkar səsiniz, mətn ilə musiqinin sıx əlaqəsi zəminində güclü emosional çalar yaratmaq bacarığınız, ifa tərzinizə xas olan məziyyətlər muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi sizə şöhrət gətirmişdir.

Fitri istedadınız və zəhmətsevərliyiniz sayəsində ən mürəkkəb muğamların texnikasını dərindən mənimsəyə bilməyiniz milli operalarımızda uğurla çıxış etməyinizə imkan vermişdir. Uzun illərdən bəri solisti olduğunuz Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yaratdığınız yaddaqalan obrazlar milli opera tarixinin parlaq səhifələridir. Opera səhnəsindəki fəaliyyətinizlə xanəndəlik sənətiniz arasındakı əlaqə yaradıcılığınızı daha da zənginləşdirərək ona çoxşaxəli xarakter vermişdir.

Siz muğam və xalq mahnılarımızı dünyanın müxtəlif ölkələrində yüksək məharətlə ifa etməklə onları ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş, musiqimizin təbliğində böyük xidmətlər göstərmisiniz.

Sənət yollarında qazandığınız təcrübə və biliyinizi, muğam ifaçılığının bütün sirr və incəliklərini siz həvəslə gənclərə öyrədirsiniz. Bir çox gənc ifaçılar məhz sizin köməyiniz ilə ilk yaradıcılıq addımlarını atmış, böyük səhnədə öz istedadlarını nümayiş etdirmişlər.

Əminəm ki, müstəqil Azərbaycanımızın musiqi mədəniyyətinin inkişaf etdirilməsi yolunda bundan sonra da qüvvənizi sərf edəcək və sənətinizin pərəstişkarlarını sevindirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 10 mart 2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT