Xalq artisti Tamilla Mahmudovaya - Bakı şəhəri, 2 aprel 2002-ci il


Hörmətli Tamilla xanım!

Sizi - Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz müasir Azərbaycan musiqi sənətinin inkişafında və milli ifaçılıq məktəbimizin zənginləşməsində böyük xidmətləri olan sənətkarlardansınız. Sənətə ilk gəlişinizlə siz musiqi ictimaiyyətinin diqqətini cəlb etmiş, axtarışlarla dolu zəngin yaradıcılıq yolu keçərək özünəməxsus ifa tərzinizlə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirmiş və unudulmaz sənətkarlarımızın gözəl ənənələrini ləyaqətlə qoruyub yaşada bilmisiniz. Görkəmli Azərbaycan bəstəkarlarının fortepiano əsərlərinin ilk ifaçılarından biri kimi səsləndirdiyiniz sənət inciləri yaddaşlara həmişəlik həkk olunmuşdur.

Dünyanın nüfuzlu konsert salonlarında müasir bəstəkarlarla yanaşı, rus və Qərbi Avropa klassiklərinin əsərlərini böyük məharətlə ifa etməyiniz isə Sizi geniş dinləyici kütləsinə daha artıq tanıdıb sevdirmişdir. Ölkəmizdə və onun sərhədlərindən uzaqlarda qastrol səfərlərindəki çıxışlarınız Azərbaycan mədəniyyətinin təbliği işində böyük rol oynamış, milli musiqi sənətimizə dünyanın ayrı-ayrı guşələrində şöhrət gətirmişdir.

Sizin uzun illərdən bəri həyata keçirdiyiniz səmərəli pedaqoji və ictimai fəaliyyət də təqdirəlayiqdir.

Bu yubiley gününüzdə sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 

"Azərbaycan" qəzeti, 3 aprel 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT