Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərsun" şirkətinin "Kaspian İnvestment" bankının ("Sibank") yeni ofisinin açılışı mərasimində "Kanal - 6" televiziyası müxbirinə müsahibəsi - 29 dekabr 1997-ci il


Türkiyənin iş adamlarına uğurlar arzulayıram. İş adamları Türkiyə iqtisadiyyatının inkişafı üçün daha da çox yararlı işlər görsünlər. Eyni zamanda mən arzulayıram ki, Türkiyənin iş adamları Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişaf etməsində daha yaxından, daha fəal iştirak etsinlər və Azərbaycanda sərmayə qoymaq işi ilə məşğul olsunlar.

Dünən Türkiyənin Baş naziri, hörmətli Məsud Yılmaz Azərbaycanda qısa bir müddət ziyarətdə oldu. Biz bir çox məsələlər haqqında danışıqlar apardıq, o cümlədən iqtisadiyyatımızın inkişafı, Türkiyənin iş adamlarının Azərbaycanda daha geniş iş görməsi barəsində müzakirə apardıq. Güman edirəm, Türkiyənin iş adamları artıq dərk ediblər ki, Azərbaycanda sərmayə qoymaq üçün bütün imkanlar var. Çünki burada ictimai-siyasi sabitlik təmin olunubdur, rahatlıq təmin edilibdir və gəlib sərmayə qoymaq, iş görmək üçün Azərbaycanın çox dəyərli qanunları qəbul olunubdur. Xarici sərmayənin gəlməsi üçün Azərbaycanda bütün imkanlar yaranıbdır. Türkiyənin iş adamları sadəcə, gecikmədən bunlardan istifadə etməlidirlər. Geciksələr, onların yerlərini başqaları gəlib tutacaqlar.

Yeni ildə Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə və Türkiyənin iş adamlarına səadət və əmin-amanlıq arzulayıram.

Müxbir: Sayın cümhur başkanı, sizin hər zaman söylədiyiniz bir gözəl söz var: "Biz bir millət, iki ayrı dövlətik". Bunu sizin dilinizdən təkrar eşitmək istərdik.

Heydər Əliyev: Bilirsiniz, mənim bu sözüm artıq Türkiyədə dillərdə gəzir, ona görə də öz dediyim sözü daha təkrar etmək istəmirəm. Bir halda ki, mənim bu sözüm hər bir Türkiyə insanının, Azərbaycan vətəndaşının ürəyindən olubdur, demək, bu söz doğrudan da ürəkdən gələn sözdür. Şübhəsiz, mən bu sözü daim deyirəm ki, biz bir millətik, iki dövlətik. Ona görə hər iki dövlətimizi günü-gündən qaldırmaq, inkişaf etdirmək lazımdır.

Tarixi arayış

MÜSAHİBƏLƏR