Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan Respublikasının Prezidenti Robert Köçəryan ilə görüşdən sonra jurnalistlərin suallarına cavabı - Yalta, Livadiya sarayı, 18 avqust 2000 - ci il


Sual: Bugünkü görüşün yekunları necədir?

Heydər Əliyev: Hesab edirəm ki, biz mövzu üzrə çox səmərəli söhbət apardıq. Mən bu söhbəti, görüşü iki prezident – Ermənistan və Azərbaycan prezidentləri arasında ötən ilin aprelində başlanmış dialoqun davamı kimi qiymətləndirirəm. Sonrakı danışıqlar prosesində belə bir qarşılıqlı fikir var idi ki, biz bu məsələni qarşılıqlı güzəştlər yolu ilə dincliklə həll edə bilərik. Dialoqumuzu, söhbətimizi də bax, bu məcrada davam etdirdik. Bundan artıq nəsə demək bizim üçün çətindir. Biz Nyu-Yorkda görüşmək haqqında razılığa gəldik. Biz tezliklə orada, Birləşmiş Millətlər Təşkilatının yubiley sessiyasında olacağıq və bu işi davam etdirəcəyik.

O ki qaldı mənə, mən məsələnin dincliklə, sülh yolu ilə həllinə tərəfdar olaraq qalıram. Mən münaqişəyə son qoyulması və Ermənistanla Azərbaycan arasında sülh yaradılması üçün qarşılıqlı kompromislərə tərəfdar olaraq qalıram.

Sual: Ermənistan həmişə bəyan edir ki, başlıcası iqtisadi əməkdaşlıqdır, münaqişənin nizama salınması isə ikinci dərəcəli məsələdir. Siz bu mövqeni nə ilə əsaslandırırsınız və onu düzgünmü hesab edirsiniz?

Robert Köçəryan: Mən deməmişəm ki, münaqişənin həlli ikinci dərəcəli məsələdir. Mən bunu demişəm: Əminəm ki, qəti nizamasalmanın formulunu iqtisadi əməkdaşlıq vasitəsilə tapmaq asandır. Söhbət bundan gedir. Axı biz bəzi detallar barədə mübahisə edirik və hər hansı formulları axtarıb tapmağa çalışırıq. Lakin əgər adamlarımız ünsiyyətdə olsaydılar, biz vahid iqtisadi mənafelərlə bağlı olsaydıq, onda bir çox şəkk-şübhələr, deyək ki, indiki kimi belə qorxulu görünməzdi. Əminəm ki, nəinki prezidentlər səviyyəsində, həm də daha aşağı səviyyədə, biznesmenlər səviyyəsində normal əlaqələr elə bir mühit yaradar ki, bu, məsələnin həlli ilə məşğul olan adamların qərarlar tapmasını asanlaşdırar. Zənnimcə, bu formul aydın və aşkardır. Mən Azərbaycanın və ya hər halda danışıqlar aparanların mövqeyini də başa düşürəm – görünür, belə bir narahatlıq var ki, bu əməkdaşlıq indiki vəziyyəti dondura bilər. Mən qəti əminəm ki, dondurulmuş vəziyyət nə sizə sərfəlidir, nə də bizə. Lakin təkrar edirəm, bütün istiqamətlərdə əməkdaşlıq sadəcə olaraq normal, əlverişli mühit yaradar, bu məsələni həll etməyimizi asanlaşdırar.

Heydər Əliyev: Bəli, bu, nəzəri cəhətdən belədir, amma praktiki cəhətdən real deyildir.

Robert Köçəryan: Burada fikirlərimiz uyğun gəlmir.

Heydər Əliyev: Robert Sedrakoviç həmişə belə deyir, praktiki cəhətdən isə bu, real deyildir. Ona görə ki, belə bir münaqişə şəraitində, belə bir qarşıdurma şəraitində biz sülh qərarını tapmaqdansa, iqtisadi cəhətdən əməkdaşlıq etsək, onda hər şey bir tərəfdə qalar və deyərik ki, gəlin, iqtisadi əməkdaşlığa başlayaq. Bu məsələdə biz müxtəlif fikirlərdəyik. Bu da normal haldır. Hərənin öz rəyi var.

Sual: Heydər Əliyeviç, Siz qeyri-formal görüşünüzün indki səviyyəsini və bir neçə prezidentin buraya gəlməməsini necə qiymətləndirirsiniz? Bu, görüşünüzün səmərəliliyinə, qəbul edilən qərarların səviyyəsinə təsir göstərməyəcəkmi? Siz indiki görüşdən nə gözləyirsiniz?

Heydər Əliyev: Siz MDB-ni nəzərdə tutursunuz?

Müxbir: Bəli. Amma bir neçə prezident gəlmədi.

Heydər Əliyev: MDB-yə gəldikdə, indiki qeyri-formal görüşdür. Bu görüş burada hər hansı gündəliyin müzakirə olunmasını, hansısa qərarların qəbul edilməsini nəzərdə tutmur.

Robert Köçəryan: Lakin onların gəlməməsinin obyektiv səbəbi var. Siz indi nələr baş verdiyini bilirsiniz.

Heydər Əliyev: Bir sözlə, qorxulu şey yoxdur.

Tarixi arayış