Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə yerli və xarici jurnalistlər üçün bəyanat və mətbuat konfransı - Prezident sarayı, 13 oktyabr 1998-ci il


Hörmətli jurnalistlər, mətbuat nümayəndələri!

Mən sizi salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Sizin Azərbaycanın həyatına və xüsusən Azərbaycanda keçirilən prezident seçkilərinə göstərdiyiniz marağa görə təşəkkür edirəm. Biz son günlər hiss etdik ki, Azərbaycanda oktyabr ayının 11-də keçirilmiş prezident seçkiləri, demək olar ki, dünyanın çox ölkələrinin marağını və diqqətini cəlb edibdir. Təsadüfi deyil ki, bura, Azərbaycana çoxsaylı müşahidəçilər gəlibdir və eyni zamanda mətbuat, informasiya orqanlarının, təşkilatlarının nümayəndələri - jurnalistlər gəliblər. Biz bunu müsbət hal hesab edirik.

Siz bu gün Azərbaycandasınız, bizim ölkəmizlə tanış olursunuz və ölkəmizin bugünkü həyatını görürsünüz. Onu da görürsünüz ki, həqiqətən, indi Azərbaycan müstəqil dövlətdir və insanlar müstəqil, azad ölkədə yaşayırlar. Burada ölkəmizin, insanların nailiyyətləri də vardır, bir çox problemləri də vardır. Ancaq ən əsas amil ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqilliyini son illərdə yaşadıb, möhkəmlədib və inkişaf etdiribdir.

Müstəqil ölkə, dövlət kimi biz öz həyatımızı qururuq və dövlət quruculuğu prosesində əsas mərhələlərdən biri də şübhəsiz ki, hakimiyyət orqanlarının seçilməsidir, o cümlədən prezidentin seçilməsidir. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi apararaq, şübhəsiz ki, bütün bu prinsiplərin Azərbaycanda tətbiq olunmasına çalışırıq. Biz demokratiya yolu tutmuşuq və Azərbaycanda demokratiyanı yaradıb inkişaf etdirməyə çalışırıq.

Şübhəsiz ki, bizim ölkəmiz müstəqil ölkə, dövlət kimi gənc olduğuna görə Azərbaycanda demokratiya gəncdir. Ancaq burada əsas ondan ibarətdir ki, biz bu yol ilə gedirik. Bir tərəfdən demokratiyanı öyrənirik, ikinci tərəfdən də demokratik prinsiplər əsasında yaşayıb fəaliyyət göstərmək istəyirik. Biz bu münasibətlə Azərbaycanda növbəti prezident seçkilərini, Azərbaycanın bir müstəqil dövlət kimi ilk Konstitusiyası əsasında keçirilən birinci prezident seçkilərini demokratik prinsiplər əsasında keçirməyə çalışmışıq.

Hər halda seçkilərin demokratik, azad, sərbəst, ədalətli keçirilməsi üçün seçkiqabağı dövrdə, mən hesab edirəm ki, biz çox iş görmüşük və seçkilərin məhz bu şəraitdə keçirilməsi üçün əsas yaratmışıq. Artıq indi seçkilər keçirilibdir. Onların nəticələri müəyyən olunur, ilkin nəticə məlumdur. Hesab edirəm ki, Azərbaycanda oktyabr ayının 11-də keçirilmiş prezident seçkiləri bir müstəqil dövlət kimi Azərbaycanın inkişafında mühüm bir mərhələdir və Azərbaycanda demokratiyanın inkişafında da çox böyük bir mərhələdir. Seçkilər keçirilibdir, prezident seçilibdir. Güman edirəm ki, Mərkəzi Seçki Komissiyası bu günlərdə seçkilərin nəticəsini elan edəcəkdir və beləliklə, Azərbaycan öz həyatının, öz inkişafının yeni mərhələsinə başlayır. Mən çox məmnunam ki, siz bunların hamısını özünüz müşahidə etmisiniz. Güman edirəm ki, bizim həyatımızın müsbət tərəflərini də görmüsünüz və şübhəsiz ki, nöqsanları da görmüsünüz. Mən bir daha sizə təşəkkür edirəm. Mənə bir sözünüz, sualınız varsa, sizi dinləməyə hazıram.

Sual ("Səs" qəzeti): Cənab prezident, bu seçkilər göstərdi ki Azərbaycanda demokratiyadan daha çox danışanlar qeyri-demokratik yollarla hakimiyyətə can atdılar. Bunu seçkiyə qatılan müxalifətçilər haqqında da, qatılmayanlar haqqında da söyləmək olar. Hamı gördü ki, Azərbaycanda demokratiyanı, demokratik seçkini Siz və Sizin komandanız keçirdi. Qarşıdan gələn beş ildə həmin bu müxalifətə nə arzu edərdiniz?

Cavab:  Bilirsiniz, mən bu beş il müddətində həmişə arzu etmişəm ki, Azərbaycanda insanların hamısı demokratiya yolu ilə getsin. Ötən beş ildə mən çalışmışam ki, Azərbaycanda demokratik proses inkişaf etsin və hər kəs demokratiyaya alışsın. Şübhəsiz ki, demokratiya olan yerdə iqtidar-müxalifət vardır. Mən hesab edirəm ki, bir gənc müstəqil, demokratik dövlət kimi, bizdə həm iqtidar, həm də müxalifət demokratiya prinsiplərinə riayət etməlidir. Hamı ölkənin Konstitusiyasına, ölkənin qanunlarına riayət etməlidir.

Mən arzu edərdim ki, bu seçkilərdən o radikal müxalifətdə duran və seçkiyə qatılmayanlar özləri üçün nəticə çıxarsınlar, Azərbaycanda yaranmış demokratik mühitdən, şəraitdən hər birisi qanunlar çərçivəsində istifadə edib Azərbaycanın ictimai-siyasi həyatında sivil formada, mədəni formada iştirak etsinlər. Onlara da və seçkilərdə iştirak etmiş, müxalifət mövqeyində duran namizədlərə və namizədlərin mənsub olduğu təşkilatlara da tövsiyə edərdim ki, gələn seçkilərə hazırlaşsınlar. Qanun çərçivəsində özlərini də hazırlasınlar, öz təşkilatlarını da hazırlasınlar.

Mən bu fürsətdən istifadə edib onu bəyan etmək istəyirəm ki, Azərbaycanın üzləşdiyi böyük problem ilə əlaqədar - həm Azərbaycanın daxilində olan problemləri, həm də Azərbaycanın Ermənistan ilə münaqişəsini və Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasını, işğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlıların yerindən-yurdundan çıxarılmasını, onların çadırlarda ağır vəziyyətdə yaşamasını nəzərə alaraq, mən bu gün Azərbaycanda olan hər bir siyasi partiya, hər bir təşkilata, hər bir vətəndaşa bir daha müraciət edirəm ki, bizim ölkəmizdə milli birliyin, milli həmrəyliyin yaranmasına çalışaq.

Bizim, Azərbaycanın müstəqil dövləti qarşısında çox böyük, çətin problemlər durur. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirməli, inkişaf etdirməli və onu daimi etməlidir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi davam etməlidir və inkişaf etməlidir. Azərbaycanda iqtisadi islahatlar həyata keçirilməlidir. Azərbaycanda demokratik cəmiyyət yaradılması prosesi davam etməlidir və bizim üçün ən əsas problem olan Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmalıdır. Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir. Yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz evinə-obasına qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Ümumiyyətlə, biz bölgəmizdə sülhün, əmin-amanlığın yaranması üçün çalışırıq. Bütün bu ali məqsədlərə nail olmaq üçün Azərbaycanda milli birlik, milli həmrəylik, vətəndaş həmrəyliyi lazımdır. Hər bir vətəndaş, hər bir siyasi-ictimai təşkilat, hər bir siyasi partiya bu ali məqsədlərin həyata keçirilməsi üçün öz səylərini göstərməlidir və əməkdaşlıq etməlidir. Ona görə də mən bütün qüvvələri, xüsusən müxalifət düşərgəsində olan qüvvələri bir daha milli həmrəyliyə dəvət edirəm. Onlar bəzən dialoq bəyan edirlər. Mən onları dialoqa da dəvət edirəm. Müstəqil Azərbaycanın bu günü və gələcəyi naminə Azərbaycanın Konstitusiyası, qanunları çərçivəsində bütün işlərin sivil normada, sivil şəraitdə həyata keçirilməsinə dəvət edirəm. Mən sizin sualınızdan istifadə edib özümün bir neçə fikrimi də bildirdim.

Sual ("Naxçıvan" qəzeti): Cənab prezident, biz Sizi prezident seçkilərinin demokratik və müvəffəqiyyətlə keçirilməsi münasibətilə təbrik edirik. Sizə belə bir sualım vardır. Biz jurnalistlər prezident seçkiləri günü onlarca seçki məntəqələrində olduq. Yəqin ki, hamımız seçkilərin demokratik, tam azad şəraitdə keçdiyinin şahidiyik. Bundan əlavə, partiya rəhbərləri ilə, eləcə də beynəlxalq müşahidəçilərlə söhbətlərdə bu fakt bir daha vurğulandı və təsdiqləndi. Lakin bununla bərabər, müxalifət mətbuatı və onların təsiri altında olan bəzi beynəlxalq müşahidəçilər seçkilərin guya qeyri-demokratikliyi barədə fikir yayırlar. Sizin buna münasibətiniz necədir?

Bir də bizim üçün bilmək maraqlı olardı ki, beynəlxalq müşahidəçilərin seçkilər barədə bu və ya digər fikirləri, yəni müsbət və mənfi fikirləri Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına nə dərəcədə təsir göstərə bilər?

Cavab:  Mən hesab edirəm ki, Azərbaycanda oktyabr ayının 11-də prezident seçkiləri mütəşəkkil keçirilibdir, seçicilərin yüksək fəallığı şəraitində keçibdir və demokratik şəraitdə, demokratik prinsiplər əsasında keçirilibdir. Azərbaycanda indiyə qədər keçirilmiş bütün seçkilərlə müqayisə ediləndə bu seçkilər onlardan çox yüksək səviyyədədir, çox fərqlənir və məhz özünün demokratikliyi, mütəşəkkilliyi, sərbəstliyi, azadlığı ilə fərqlənir.

Mən əvvəldə dedim, - Azərbaycanda demokratiya gəncdir. Əgər Azərbaycanın seçiciləri oktyabrın 11-də böyük fəallıqla seçki məntəqələrinə gəlib öz səslərini veriblərsə, bu, artıq göz qabağındadır. Bu, özü-özlüyündə artıq böyük nailiyyətdir. Müxalifətin bu barədə fikirlərinə gəldikdə, şübhəsiz, təəssüflər olsun ki, müxalifət qüvvələri çox vaxt müxalifət olduqlarına görə yox, qərəzli mövqe tutduqlarına görə bu məsələlərə obyektiv, ədalətli qiymət vermirlər.

Xarici müşahidəçilərin fikirlərinə gəldikdə isə, şübhəsiz, bunlar bizim üçün çox əhəmiyyətlidir. Xarici ölkələrdən çox sayda - yüzlərlə müşahidəçinin Azərbaycanda olması özü-özlüyündə çox əlamətdar hadisədir. Mən ümid edirəm ki, onlar ədalətli, obyektiv olacaqlar. Əgər kimsə belə mövqedə, yəni ədalətli olmasa - nə deyə bilərik, - buna ancaq təəssüf etmək olar.

Biz Azərbaycanın Avropa Şurasına daxil olması üçün son illərdə çox iş görmüşük. Avropa Şurasının nümayəndələri dəfələrlə Azərbaycanda olublar və gördüyümüz işləri yüksək qiymətləndiriblər. Prezident seçkilərinin demokratik keçirilməsi ilə əlaqədar da biz Avropa Şurasına daxil olmaq üçün yeni tutarlı bir addım atmışıq. Ümid edirəm ki, Azərbaycan Avropa Şurasına daxil olacaqdır. Avropa Şurasının üzvü olmaq vacibdir, çünki Azərbaycan Avropanın ən şərqində, sərhədində, çox mühüm bir bölgədə yerləşən və xüsusi əhəmiyyətə malik olan bir ölkədir.

Bizim gördüyümüz işlər məlumdur. Bütün dünyanın şərqində, müsəlman dövlətləri içərisində Azərbaycan ölüm hökmünü ləğv edən yeganə ölkədir. Bunun özü demokratiyaya, humanizmə, insan haqlarına Azərbaycanın ilə qədər hörmət etdiyini və sədaqətli olduğunu göstərir. Güman edirəm ki, Avropa Şurası bunların hamısını nəzərə alacaqdır.

Sual: Cənab prezident, mən Türkiyənin "Sabah" qəzetindənəm. Biz seçkiləri izlədik. Seçkilərin nəticəsi hələ tam məlum deyildir. Sizə gələn məlumatlara əsasən nə qədər səs aldığınızı deyə bilərsinizmi?

Cavab:  Aldığım məlumatlara görə mən 75 faiz səs almışam.

Sual: Cənab prezident, mən də Türkiyədənəm. Siz xalqınızı milli birliyə və vətəndaş həmrəyliyinə çağırırsınız. Siz yenidən prezident seçildiyinizə görə Azərbaycanı bütün müxalifət qüvvələri ilə birlikdə daha da inkişaf etdirmək istəyirsiniz?

Cavab:  Bilirsiniz ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra ağır və çətin bir yol keçmişdir. Məlumdur ki, keçmiş illərdə də ölkəmizin daxilində Azərbaycanın müstəqilliyini dağıda, poza bilən hadisələr olmuşdur, dövlət çevrilişinə cəhdlər edilmişdir. Biz bunların hamısının qarşısını ala bilmişik. Ancaq bunların hamısı xalqımıza çox zərər veribdir, daha doğrusu, necə deyərlər, baha başa gəlibdir. Ona görə də bizə milli birlik daim - bu gün də, gələcəkdə də lazımdır. Bilirsiniz ki, radikal müxalifət düşərgəsində olan qüvvələr Azərbaycanda prezident seçkilərində iştirak etmədilər. Onlar cürbəcür iddialar irəli sürürdülər və öz qəzetlərində bəzən hakimiyyəti zorla ələ keçirmək fikirlərini bəyan edirdilər. Mən belələrini qanunsuz hərəkətlərdən çəkindirmək istəyirəm. Eyni zamanda, milli birlik deyərkən bütün müxalifət qüvvələrinə, radikal müxalifət düşərgəsində olanlara da məsələlərin hamısının danışıq, dialoq vasitəsilə həll edilməsini məsləhət görürəm.

Sual (Türkiyənin "Nərgiz TV" kanalı): Cənab prezident, Azərbaycanda keçirilmiş prezident seçkiləri Türkiyədə böyük diqqətlə izlənilmişdir. Amerikanın "Nyu-York Tayms" qəzeti Xəzərin Azərbaycan sektorundan hasil olunan nefti dünya bazarına çıxaracaq əsas boru kəmərini - Bakı-Ceyhan xəttinin guya çox baha başa gələcəyi haqqında məqalə dərc etmişdir. Bu da Türkiyədə müəyyən narahatlıq doğurmuşdur. Türkiyənin prezidenti Süleyman Dəmirəl bu barədə öz fikirlərini bildirmişdir. Sizcə, Bakı-Ceyhan boru xəttinin çəkilməsi barədə oktyabr ayının sonunadək qəti qərar qəbul ediləcəkmi?

Cavab:  Mətbuat azaddır, qəzetlər istədiklərini yazırlar. Buna görə də hər bir qəzetdə, o cümlədən "Nyu-York Tayms"da dərc olunan bir yazı heç də hansısa bir dövlətin fikrini ifadə etmir. Azərbaycanda prezident seçkilərindən bir gün əvvəl "Nyu-York Tayms" qəzetində verilmiş bu yazı bəlkə də təsadüf, yaxud da qəsdən yazılıbdır. Mən bu barədə bir şey deyə bilmərəm.

Ancaq mən onu bir daha bildirmək istəyirəm ki, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil ediləcək neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Ceyhan boru xəttinin çəkilməsi haqqında Azərbaycan dövləti və bir prezident kimi, mən öz fikrimizi dəfələrlə bildirmişik. Mənim bu fikrim, qərarım dəyişməyibdir. Mən bunu bu gün bir daha bəyan edirəm. İnanmıram ki, Amerika Birləşmiş Ştatlarının hökuməti Bakı-Ceyhan boru xəttinin çəkilməsinə dair əvvəl aparılmış danışıqlar barədə öz fikrindən geri çəkilsin.

Bilirsiniz ki, dünyada Bakı-Ceyhan xəttinin əleyhinə olan ölkələr, qüvvələr də çoxdur. Bəzi neft şirkətləri də bu məsələnin həll olunmasında iqtisadi maraqları başqa maraqlardan daha üstün tuturlar. Ona görə də, ola bilər, ayrı-ayrı şirkətlər bu barədə müxtəlif fikirlər söyləsinlər. Ancaq mən hesab edirəm ki, bizim əvvəl apardığımız danışıqlar və birgə qəbul etdiyimiz qərar dəyişilməyəcəkdir. Mən ümid edirəm ki, biz oktyabr ayının sonunadək bu məsələnin həllinə nail olacağıq.

Sual (Yaponiyanın "NHK" teleşirkəti): Cənab prezident, mən öz sualımda iki məqama toxunmaq istəyirəm. Birinci sualım diplomatiya ilə əlaqədardır. Məlumdur ki, dünyanın bir çox ölkələri, o cümlədən Yaponiya Azərbaycanın strateji cəhətdən əhəmiyyətinə böyük maraq göstərir. Bizim hətta xüsusi Qafqaz diplomatiyamız da vardır. Cənab prezident, Siz dünya ölkələri ilə əlaqələri necə inkişaf etdirmək fikrindəsiniz?

İkinci sualım isə belədir: Siz Azərbaycanın iqtisadiyyatını XXI əsrdə necə inkişaf etdirməyi planlaşdırırsınız? Mən Azərbaycanın xarici investisiya vasitəsilə inkişafını nəzərdə tuturam.

Cavab: Yaponiya ilə Azərbaycan arasında son illərdə çox yaxşı əlaqələr yaranıbdır. Biz iqtisadi sahədə əməkdaşlıq edirik. Mən 1998-ci ilin fevralında Yaponiyanın Baş naziri cənab Haşimotonun dəvəti ilə Yaponiyada rəsmi səfərdə oldum. Biz hökumətlərarası bir neçə vacib müqavilələr imzaladıq. Mən Yaponiyanın işgüzar dairələrinin, şirkətlərinin nümayəndələri, rəhbərləri ilə çoxsaylı görüşlər keçirdim. Yaponiyanın böyük şirkətlərinin, işgüzar dairələrinin Azərbaycana həddindən artıq böyük marağı olduğunu hiss etdim.

Yaponiyanın şirkətləri Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının müştərək işlənilməsinə çox böyük maraq göstərirlər. Bilirsiniz ki, Yaponiyanın "İtoçu" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə bir sıra xarici şirkətlər arasında imzalanmış iki müqavilənin iştirakçısıdır. Mən Tokioda olarkən biz üçüncü müqaviləni də imzaladıq, bu ölkənin "Mitsui" şirkəti yeni bir müqavilədə özünəməxsus pay aldı. Bir qrup şirkətlər konsorsium yaradıblar, Xəzər dənizindəki digər neft yataqlarının birgə işlənilməsi üçün bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz hazırda onların təkliflərinə baxırıq. Bilirsiniz ki, Azərbaycan böyük neft - kimya sənayesinə malikdir. Yaponiyanın "Niçimen" şirkəti bu sahədə bizimlə çox sıx əməkdaşlıq edir. Sumqayıtda etilen istehsalının yenidən qurulması və yaradılması üçün "Niçimen" şirkəti ilə Azərbaycanın "Azərikimya" Dövlət Şirkəti arasında müqavilə imzalanıbdır. Bu məsələ ilə əlaqədar Yaponiya Azərbaycana 90 milyon ABŞ dolları məbləğində kredit ayırıbdır. Yaponiya hökuməti Azərbaycanda "Şimal" elektrik stansiyasının yenidən tikilməsi üçün Azərbaycana 160 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayırıbdır. Bu elektrik stansiyasının tikilməsi ilə "Mitsui" şirkəti məşğul olacaqdır. Ümumiyyətlə, qısa bir zamanda Yaponiya ilə Azərbaycan arasında çox yaxşı iqtisadi əməkdaşlıq yaranıbdır. Biz bundan çox məmnunuq və bu əməkdaşlığı davam etdirəcəyik. Hesab edirəm ki, bunun çox gözəl gələcəyi vardır.

Sizin ikinci sualınıza cavab verərək deyirəm ki, mən XXI əsrdə Azərbaycanın çox yaxşı gələcəyini gözləyirəm. Mən onu da nəzərə alıram ki, Azərbaycan bir müstəqil dövlət kimi inkişaf edəcəkdir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar öz nəticəsini verəcəkdir. Xaricdən Azərbaycana investisiya axını davam edəcəkdir. Bunların hamısının nəticəsində Azərbaycanın gəlirləri xeyli artacaq, iqtisadiyyatı inkişaf edəcək və insanların rifah halı yaxşılaşacaqdır.

Sual ("Yeni Azərbaycan" qəzeti): Cənab prezident, Siz prezidentliyə namizədlərin hamısının qibtə edəcəyi və hamıya örnək ola biləcək bir seçki kampaniyası keçirdiniz. Bu kampaniyanın ən yaddaqalan hadisələrindən biri də Sizin qaçqınlarla görüşləriniz oldu. Qaçqınlarla Bərdədə keçirdiyiniz görüş zamanı Siz onların vəziyyətinin yaxşılaşdırılması üçün görüləcək əlavə tədbirlərdən danışdınız. Deyə bilərsinizmi, bu tədbirlər nədən ibarət olacaqdır?

Cavab:  Bilirsiniz ki, mən seçkiqabağı ərəfədə iki həftə, 15 gün ərzində demək olar, hər gün Azərbaycanın müxtəlif bölgələrində seçicilərlə görüşmüşəm. Bu görüşlərin hamısı mənim üçün çox əhəmiyyətli, qiymətli idi. Mənim üçün ən əhəmiyyətli, ən qiymətli görüşlər işğal olunmuş torpaqlardan zorla qovulmuş, çıxarılmış insanlarla çadır düşərgələrində, onların yaşadıqları yerlərdə keçirdiyim görüşlərdir. Mən Azərbaycandakı çadır düşərgələrinin demək olar ki, əsas hissəsini ziyarət etdim, qaçqınlarla, köçkünlərlə görüşüb, onlarla danışıq apardım.

Mən bilirdim, ancaq onların vəziyyətini görəndən sonra bir daha belə fikrə gəldim ki, biz qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün ciddi əlavə tədbirlər görməliyik. Şübhəsiz, bizim əsas vəzifəmiz və məqsədimiz işğal olunmuş torpaqları azad etmək, qaçqınları öz evlərinə, doğma torpaqlarına qaytarmaqdır. Biz o vaxta qədər onların yaşayış şəraitini, maddi vəziyyətini xeyli yaxşılaşdırmalıyıq. Tədbirlər geniş və müxtəlif olacaqdır. Güman edirəm ki, bunların hamısını burada demək vaxt aparardı. Ancaq mən bunu qəti bəyan etmişəm və bu gün bir daha təsdiq edirəm ki, biz bu tədbirləri həyata keçirəcəyik və onların vəziyyətinin yaxşılaşdırılmasına nail olacağıq.

Sual (Frans Press Agentliyi): Cənab prezident, Siz beynəlxalq müşahidəçilərin verdikləri qiymətin ədalətli və obyektiv olmasını istəyirsinizmi?Mən istərdim biləm, - Sizin məhz ATƏT-in, Avropa Şurasının və Beynəlxalq Respublika İnstitutunun müşahidəçilərinin verdikləri qiymətə münasibətiniz necədir? Siz onları dəvət etmisiniz və onlar beynəlxalq müşahidəçilərin əksəriyyətini təşkil edirlər. Onlar bildirirlər ki, bir çox hallarda, xüsusən icra hakimiyyəti orqanları tərəfindən kobud pozuntulara yol verilmişdir. Sizcə, bu, seçkilərin nəticələrinə necə təsir göstərəcəkdir?

Cavab: Bilirsiniz, seçkilərin ədalətli, demokratik prinsiplər əsasında keçməsi, heç bir pozuntunun olmaması üçün hər şey etmişik. Əgər kimsə, haradasa, hansısa pozuntuya yol veribsə, bu, seçkilərə qiymət verməyə əsas deyildir. Azərbaycanda 4400 seçki məntəqəsi var. Azərbaycan bu səviyyədə seçkiləri, demək olar, birinci dəfədir keçirir. Hesab edirəm ki, seçkilərin özünün baş tutması Azərbaycanda demokratiyanın böyük müvəffəqiyyətidir. Sizin dediyiniz müxtəlif müşahidəçilərin rəyinə gəldikdə isə, əlbəttə, hər kəs öz fikrini düşündüyü kimi deyə bilər. Mən hesab edirdim ki, onlar daha obyektiv qiymət verə bilərdilər. O ki, qaldı seçkilərin nəticələrinə, bunu Mərkəzi Seçki Komissiyası elan edir. Yəni bu, nə məndən, nə də müşahidəçilərdən asılı deyildir. Bunu Mərkəzi Seçki Komissiyası müəyyən edir. O, xüsusi olaraq seçkilərin keçirilməsi və onun nəticələrinin müəyyən edilməsi üçün yaradılmışdır.

Sual (Türkiyənin "Kanal-6" televiziya kanalı): Cənab prezident, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov bugünkü mətbuat konfransında Sizin bütün səslərin üçdə ikisini aldığınızın elan olunacağı və Sizin cümhur başqanı elan ediləcəyiniz təqdirdə Konstitusiya Məhkəməsinə müraciət edəcəyini və burada onun müraciətinə baxılmazsa, Sizin prezidentliyinizi tanımayacağını söylədi. Bu barədə nə deyə bilərsiniz?

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 75 illiyində Azərbaycanın Bakı-Ceyhan neft kəməri haqqında sənəd imzalanması söylənilir. Bu barədə oktyabrın sonunda hər hansı bir sənəd imzalanacaqmı?

Cavab:  Prezidentliyə namizəd Etibar Məmmədovun seçkilərin nəticəsi haqqında dediyi sözlər onun öz fikridir. O, prezidentliyə namizəd kimi istədiyi sözü deyə bilər və istədiyi hərəkəti də edə bilər. Ancaq hansısa bir dövlət orqanını, hansısa bir kəsi öz iradəsinə tabe edə bilməz. Siz deyirsiniz, o bəyan edib ki, Heydər Əliyevin prezidentliyini tanımayacaq, - bu da onun öz işidir. Əgər Azərbaycanın seçiciləri səs çoxluğu ilə Heydər Əliyevi prezident seçiblərsə və Mərkəzi Seçki Komissiyası belə bir nəticəyə gəlmiş olsa, onda Etibar Məmmədovun fikri o seçicilərin ümumi fikrinin yanında heç bir şeydir.

Mən artıq Bakı-Ceyhan boru xətti haqqında dedim. Bilirəm ki, oktyabr ayının sonunda Türkiyə Cümhuriyyətinin yaranmasının 75 illik yubileyi olacaqdır. Mən çox arzu edərdim ki, o vaxta qədər Bakı-Ceyhan boru xətti haqqında qərar qəbul edilsin.

Sual ("525-ci qəzet"): Cənab prezident, Siz bir az bundan əvvəlki çıxışınızda həmrəylik məqsədi ilə müxalifəti dialoqa çağırdınız. Ancaq məlum olduğu kimi, müxalifətin tələblərindən biri də siyasi məhbusların azadlığa buraxılması ilə bağlıdır.

Hakimiyyətinizin yeni mərhələsində bu məsələyə baxılması nə dərəcədə realdır?

Cavab:  Sualınıza cavab verərək bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Cinayət etmiş adamlar məhkəmə ilə cəza alırlar və məhkəmənin qərarını da məhkəmə özü dəyişə bilər. Mən isə son iki ildə çox humanist addımlar atmışam.

Birincisi, - dedim, yenə təkrar edirəm, - ölüm hökmünü Azərbaycanda ləğv etmişəm. Son iki ildə iki minə qədər cəza çəkən insanı cəzadan azad etmişəm, yəni bir prezident kimi, öz fərmanlarımla əfv etmişəm. Cəzaya məhkum olunmuş 40 minə qədər Azərbaycan vətəndaşları mənim təşəbbüsümlə qəbul edilmiş amnistiya vasitəsilə cəzadan azad olunublar. Mən bundan sonra da bu humanistlik fəaliyyətimi davam etdirəcəyəm. Düşünürəm ki, bu yaxın zamanlarda yenidən amnistiya keçirilməsi haqqında təşəbbüs edəcəyəm. Əgər o müxalifətin dediyi adamlar bu amnistiyaya düşərlərsə, şübhəsiz ki, azad olunacaqlar. Ancaq yenə də deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur.

Sual ("Azadlıq" radiostansiyası, "Literaturnaya qazeta", "Obşaya qazeta"): Seçkilərin nəticələri elan edildikdən sonra və Siz ikinci müddətə prezident seçildiyiniz təqdirdə icra hakimiyyətinin yeni strukturunu və yeni Nazirlər Kabinetini formalaşdırmaq niyyətiniz varmı, yoxsa köhnə komanda ilə işləməyi lazım biləcəksiniz?

İkinci sual. Əgər yeni Nazirlər Kabineti formalaşdırılacaqsa, seçkilərdə Sizdən sonra daha çox səs toplamış namizədlərə bu işdə əməkdaşlıq təklif edəcəksinizmi?

Cavab:  Siz mənim fəaliyyətimi bir çox illərdir ki, izləyirsınız və yəqin hiss edirsiniz ki, mən hökuməti, icra hakimiyyəti orqanlarını silkələməyin və kadrları tez-tez dəyişməyin tərəfdarı deyiləm. Çoxillik təcrübəm məni inandırır ki, bəzi liderlərin nümayişkaranə şəkildə gördükləri belə tədbirlər praktiki nəticələr vermir. İcra hakimiyyəti orqanlarının işini daim təkmilləşdirmək lazımdır. İcra hakimiyyəti orqanlarının təkmilləşdirilməsi zərurəti, şübhəsiz ki, ayrı-ayrı kadrların dəyişdirilməsinin mümkünlüyünü də müəyyən edir.

Mənim qarşımda yeni Nazirlər Kabineti formalaşdırmaq məqsədi və vəzifəsi də durmur. Təcrübə toplamış, işləyən, özü də pis işləməyən adamları nə üçün dəyişməliyəm? Təkmilləşdirmə prosesidir, şübhəsiz ki, bu gün öz vəzifəsinin öhdəsindən gələ bilməyənlər dəyişdirilməlidir. Məndən sonra müəyyən sayda səs toplamış insanlardan istifadə edib-etməyəcəyim barədə sualınıza gəldikdə isə, bilirsiniz, bu səslər hələ həmin adamların hazırda icra orqanlarında hansısa yüksək vəzifələr tutmağa qadir, yararlı olmasını müəyyən etmir.

Sual (Azərbaycan televiziyası): Son günlər kütləvi informasiya vasitələri belə bir məlumat yayır ki, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması, Ermənistana birləşdirilməsi haqqında iddialardan əl çəkir. Bunu onunla əsaslandırırlar ki, bu, Ermənistanın ziyanınadır, ona görə də Azərbaycanla əməkdaşlığa qoşulmaq istəyirlər.Ermənistanın mövqeyindəki belə kəskin dəyişikliyi necə izah edərdiniz?

Cavab:  Bəli, son aylar Ermənistanın liderləri bəyan edirlər ki, onlar Dağlıq Qarabağın "müstəqilliyi" məsələsini də qoymur və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini də irəli sürmürlər. Bu barədə Ermənistanın prezidenti və Baş naziri mənimlə görüş zamanı bilavasitə mənə də demişdilər. Ancaq onlar mənim sualıma dürüst cavab verə bilmirlər: Bəs onda nə istəyirlər? Зünki indiyə qədər onlar deyirdilər ki, "Dağlıq Qarabağ müstəqil olmalıdır". Demək, əgər onlar artıq Dağlıq Qarabağın "müstəqilliyini" tələb etmirlərsə, ATƏT-in zirvə görüşündə qəbul olunmuş prinsiplərlə, yəni, Azərbaycanın tərkibində Dağlıq Qarabağın özünüidarə statusu alması ilə razılaşmalıdırlar. Şübhəsiz ki, bütün bu sözlər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində gedən danışıqların bir hissəsidir. Ancaq Ermənistan tərəfinin verdiyi bəyanatları reallaşdırmaq üçün sübhəsiz ki, konkret tədbirlər görmək lazımdır. Güman edirəm ki, gələcək danışıqlarda bu məsələləri daha da aydınlaşdıracağıq.

Sual ("Ayna-Zerkalo" qəzeti): Cənab Əliyev, ötən prezident seçkiləri ilə müqayisədə Sizin xeyrinizə olan səslərin sayı bir qədər aşağı düşübdür. Sizcə, bu, demokratiyanın təzahürüdür, yoxsa Sizin reytinqinizin aşağı düşməsi ilə bağlıdır?

Bir də, Siz bəyan etdiniz ki, komandanızda dəyişiklik etməyəcəksiniz, çünki komandanız kifayət qədər mütəşəkkildir. Lakin sirr deyil ki, Sizin komandaya daxil olan bəzi şəxslər bir-birini korrupsiyada və digər cinayətlərdə ittiham edirlər. Buna Sizin münasibətiniz necədir?

Cavab: Mən hesab edirəm ki, 1993-cü ildəki prezident seçkilərinin də, indiki - 1998-ci ildəki prezident seçkilərinin nəticəsi də Azərbaycanda demokratiyanın varlığını təsdiq edir. Mənim reytinqimə gəldikdə isə, hesab etmirəm ki, o, aşağı düşübdür və seçkilərin nəticəsini bununla bağlamaq olmaz.

İkinci suala da cavab verirəm. Deyirsiniz ki, guya hakimiyyətdə olan adamların bəziləri bir-birini korrupsiyada günahlandırırlar. Təəssüf ki, bu, Azərbaycanda çox geniş bir dəb olubdur, indi hər bir adam o birisini korrupsiyada günahlandırır. Ən qəribə hal odur ki, özləri uzun müddət korrupsiya ilə, rüşvətxorluqla məşğul olmuş adamlar başqalarını belə günahlarda təqsirləndirirlər. Ancaq qanun tələb edir ki, hər bir kəsi nədəsə günahlandıran gərək bunu qanunla sübut etsin. Mən inkar eləmirəm, Azərbaycanın bugünkü icra orqanlarında olan insanların içərisində rüşvətxorlar da, korrupsiya ilə məşğul olanlar da var. Mənim qarşımda duran vəzifələrdən biri də ondan ibarət olacaq ki, Azərbaycanda korrupsiya ilə mübarizəni gücləndirəm. Şübhəsiz ki, bu mübarizə korrupsiya ilə məşğul olan adamların aşkara çıxarılmasını və cəzalandırılmasını təmin edə biləcəkdir.

Sual (Türkiyənin "İhlas" xəbər agentliyi): Cənab prezident, PKK qrupu Ermənistanda öz təmsilçilərini saxlayır, Ermənistan dövləti bu işlərdə onlara yardımçı olur.

Cavab: Mənim buna münasibətim həmişə aydındır. PKK-ya kim havadarlıq edirsə, kim onları gizlədirsə, saxlayırsa, şübhəsiz ki, belələri ilə heç vaxt barışmaq olmaz. Bütün bunlara mənim münasibətim tam mənfidir.

Sual (Yaponiya televiziyası): Mən əvvəl verdiyim, diplomatiya haqqında olan suala qayıtmaq istəyirəm. Siz Amerika Birləşmiş Ştatları və Rusiya ilə əlaqələri necə qurmaq istəyirsiniz? Bir sualım da var. Məlumdur ki, seçki kampaniyası başa çatıb və siz praktiki olaraq qələbənizi təmin etmisiniz. İndi hansı şəxsi hissləri keçirirsiniz?

Cavab: Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq, tərəfdaşlıq əlaqələri yaranıbdır və şəxsən mən bundan sonra da bu əlaqələrin dərinləşməsini və inkişaf etməsini arzu edirəm və biz bu istiqamətdə hərəkət edəcəyik. Rusiya ilə Azərbaycan arasındakı əlaqələr də dostluq, əməkdaşlıq xarakteri daşıyır və bundan sonra bu əlaqələri də inkişaf etdirəcək və genişləndirəcəyik.

Ümumiyyətlə, müstəqil dövlət olaraq Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurur, yaradır və inkişaf etdirir, xüsusən iqtisadi əməkdaşlığa çox böyük əhəmiyyət verir.

Seçkilərdən sonra mənim şəxsi hisslərimi yəqin siz özünüz də təsəvvür edə bilərsiniz. Bu seçkilər çox demokratik olduğuna və çox böyük mübarizə tələb etdiyinə görə, şübhəsiz ki, məndən çox böyük enerji tələb etmişdir. Son on-on beş gün içərisində mən Azərbaycanın bütün bölgələrini, çox vaxt da avtomobillə gəzmişəm. Elə olurdu ki, bir gündə altı-yeddi görüş keçirir və bir şəhərdən o birisi şəhərə gedirdim. Hətta gecələr də yatmırdım.

Bunlar öz nəticəsini verdi. Prezident seçkiləri baş tutdu, mən də prezident seçilmişəm. Şübhəsiz ki, indi daha da rahatam. Ancaq mən indi bugünkü, gələcək işlərlə məşğulam. Bir dəqiqə də olsun fasilə vermirəm.

Sual ("Azad Azərbaycan" radiostansiyası): Cənab prezident, 1993-cü ildə Siz xalqın tələbi ilə hakimiyyətə gələndə müxalifəti hakimiyyətdə təmsil olunmaq üçün dəvət etmişdiniz. Bu seçkilərdə 75 faiz səs toplamaqla hakimiyyətə gəlibsiniz. Prezident seçkilərində iştirak edən namizədləri, sağlam müxalifəti işləməyə dəvət edəcəksinizmi?

Cavab: Siz bilirsiniz ki, mən 1993-cü ildə hakimiyyətə gələndə heç kəsə fərq qoymadım. Kim işi bacarırdısa, onları da işə cəlb etdim. Hətta məndən öncə, keçmiş hakimiyyət dövründə işləyən adamların da çoxunu işdə saxladım və onların bir çoxu indiyə qədər də mənimlə işləyirlər. Bəziləri özləri işləmək istəmədilər, vəzifələrini "dondurdular", yaxud qaçdılar, gizləndilər, - bu, onların öz işidir. Azərbaycanın prezidenti kimi, mən bu gün də dövlət işində işləməyə və dövlətə, cəmiyyətə fayda verməyə qadir olan hər bir insanı dövlət, hökumət işinə cəlb etməyə hazıram.

Sual ("7 Gün" qəzeti): Hörmətli Heydər Əliyev, Mərkəzi Seçki Komissiyası seçkilərdən əvvəl bayan etmişdi ki, 8 ölkədə Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün şərait yaradılmışdır. Ancaq üç ölkədə - Rusiyada, Türkiyədə və Ukraynada bu şəraitin yaradılmasını mümkünsüz bilmişdir. Yəni, belə izah edirdi ki, Türkiyədə on minlərlə, Ukraynada da bu qədər, Rusiyada isə 2 milyondan artıq azərbaycanlı olduğu üçün bu, mümkün deyildir. Həmin dövlətlərdə azərbaycanlıların seçkilərə qatılmasını necə qiymətləndirirsiniz?

İkinci sual. Dəfələrlə dediyiniz və bizim də şahidi olduğumuz kimi, 1993-cü ildə xalqın tələbi ilə, vətəndaş müharibəsinin qarşısını almaq məqsədi ilə Bakıya gəlmişdiniz. Əgər indi xalqın əksəriyyəti Sizin istefanız tələbini qoysa, bununla razılaşarsınızmı?

Cavab: Bilirsiniz, ümumiyyətlə, ictimaiyyətin ağzına bəzi ifadələr düşüb və çoxları da mənasına varmadan onu təkrar edirlər. Məsələn, deyirlər ki, Rusiyada 2 milyon azərbaycanlı var. Birincisi, bunu kim sayıbdır? İkincisi, əgər Rusiyada bir belə azərbaycanlı varsa, demək, onlar Rusiyanın vətəndaşlarıdır. Biz Rusiya vətəndaşlarını Azərbaycanda seçkilərdə iştirakamı dəvət edəcəyik? Qonşu Gürcüstanda, bizim sərhədimizdə, Qazax rayonu ilə yanbayan - Borçalı diyarında beş yüz min, yarım milyon azərbaycanlı yaşayır. Amma bunlar Gürcüstan vətəndaşlarıdır. Televiziya ilə gördünüz - oktyabr ayının 7-də mən oraya, Gürcüstan ərazisinə getmişdim, prezident Şevardnadze ilə görüşürdüm, orada körpünün açılışında iştirak edirdik. Oraya toplaşanların əksəriyyəti azərbaycanlılar, amma Borçalıda, Gürcüstanda yaşayan azərbaycanlılar idi. Onlar deyirdilər ki, biz Heydər Əliyevə səs veririk. Mən sizi inandırıram, Qazax rayonundan o tərəfə bir məntəqə yaradılsaydı, orada hamı gəlib səs verə bilərdi, əksəriyyəti də Heydər Əliyevə səs verərdi. Ancaq bunu etmək mümkün deyil, çünki onlar Gürcüstan vətəndaşlarıdır.

Yaxud, Dağıstanda 150 min azərbaycanlı yaşayır. Onların da çoxu Dərbənddə, bizim Qusar, Xaçmaz rayonlarımızın yaxınlığında yaşayır. Onlar da bizim seçkilərdə məmnuniyyətlə iştirak edə bilərdilər. Ancaq bu, mümkün deyil, çünki Rusiya vətəndaşlarıdır.

Bu gün səhər mən televizora baxırdım. Azərbaycana gəlmiş bir azərbaycanlı Xarkovda "Ocaq" cəmiyyətinin başçısıdır. O deyirdi ki, Xarkovda 30 min azərbaycanlı yaşayır. Amma onların tam əksəriyyəti Ukrayna vətəndaşıdır.

Bu ölkələrdə, o cümlədən Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının seçkidə iştirakını Mərkəzi Seçki Komissiyası imkan dairəsində təmin etmişdir.

İkinci sualınız isə bir az gülməlidir. Çünki seçki keçirilib, seçicilərin 75 faizi mənə səs veribdir və mən prezident seçilmişəm. Belə halda mənə sual verirsiniz ki, əgər Azərbaycan əhalisinin əksəriyyəti tələb etsə, istefa verərsinizmi? Bu, gülməli bir şeydir.

Təşəkkür edirəm. Sağ olun, gələn görüşlərə qədər.

Tarixi arayış