İtaliyanın "ENİ" Korporasiyası adından Azərbaycan prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 sentyabr 1997-ci il, "Palatso Taveria"


Hörmətli cənab prezident Moskota!

Hörmətli xanımlar və cənablar!

Bu iki gün ərzində hiss etdiyim diqqətə görə sizə təşəkkür edirəm. Romada, bu qədim, gözəl binada olduğumuza görə sizə təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bu dostcasına ziyafəti sizin Azərbaycana və Azərbaycanın prezidenti kimi şəxsən mənə olan diqqətiniz kimi qəbul edirik. Məndən ötrü bu, sizinlə sərbəst şəraitdə ünsiyyətdə olmaq imkanıdır. Sizinlə razıyam ki, daha neft, qaz haqqında, boru kəmərləri barədə danışmağımıza ehtiyac yoxdur. Sizinlə bu haqda çox danışmışıq. "Ehtiyac yoxdur"u ona görə demirəm ki, biz məsələ ilə məşğul olmaq istəmirik, ona görə deyirəm ki, artıq hər şey barədə razılığa gəlmişik. Biz bu məsələləri həll etmişik. Bu gün ofisinizdə olmağımız, sizinlə görüşməyimiz və neft kəmərlərinin müxtəlif variantlarını müzakirə etməyimiz göstərir ki, baxışlarımız uyğun gəlir.

Hamınıza açıq deyirəm, - burada, bu qədim binada, qədim sarayda sizinlə birlikdə olmaq mənə son dərəcə xoşdur. Özümü əla hiss edirəm, çünki mən və məni müşayiət edən şəxslər İtaliya incəsənətinin, İtaliya memarlığının parlaq inciləri ilə təmasda oluruq. Dostluq ziyafətini, dostluq axşamını məhz burada, belə bir yerdə təşkil etdiyinizə görə sizə minnətdarlıq edirəm. Biz İtaliya boyakarlığının və qədim boyakarlığın əsərləri asılmış bir çox gözəl salonlara baxdıq. Elə binanın özü də İtaliya memarlığının gözəl abidəsidir. Sizin üstünlüyünüz ondadır ki, daim belə mühitdə olursunuz. Siz buna adət etmisiniz. Bizim üçün isə bu, hadisədir. İtaliya tarixinin bu mənəvi sahəsi ilə təmasda olmaq üçün nadir fürsətdir. Ona görə də bu gün mən burada sizin bizə verdiyiniz mənəvi qidanı çox qiymətləndirirəm.

Çox sağ olun. Dünyaya yenicə gəlmiş nəvəmi yada salmaqla isə siz məni çox kövrəltdiniz. Bu, mənim həyatımda, ailəmin həyatında çox böyük hadisədir. İndi mənim 6 nəvəm var. Mən bu hadisədən çox sevinirəm. Şadam ki, burada, məhz Romada, bu qədim binada, bu gözəl şəraitdə həmin hadisə münasibətilə, nəvəmin sağlığına badə qaldırdınız. Sizə təşəkkür edirəm.

Sizin hamınıza cansağlığı, səadət, italyan xalqına xoş həyat, sülh və sabitlik, eyni zamanda belə gözəl temperament, həyat eşqi, şuxluq arzulamaq istəyirəm. İtalyanlar bu gözəl keyfiyyətləri ilə dünyada məşhurdurlar. Bu əladır. İtalyanlar hamıya sübut ediblər ki, onlar yaxşı işləyə, dünya sivilizasiyasını incəsənət, mədəniyyət inciləri ilə zənginləşdirə, ən yüksək texnologiyaya malik istehsal yarada, elmi-texniki tərəqqiyə böyük töhfə verə bilirlər. Eyni zamanda yaxşı istirahət etməyi, spagetti yeməyi və əla İtaliya şərabı içməyi bacarırlar. Mən sizə həmişə belə gözəl həyat arzulayıram.

İtaliyanın şərəfinə, sizin mədəniyyətinizin, incəsənətinizin, elminizin, dünyaya bəxş etdiyiniz mənəvi dəyərlərin şərəfinə badə qaldırıram. Dünyadakı bütün uşaqların sağlığına badə qaldırıram. Burada mənim yanımda nəvələrim var. Uşaqlar hər birimizdən ötrü səadət deməkdir. Onlar eyni zamanda bizim gələcəyimizdir. Uşaqların sağlığına, bütün dünyadakı uşaqların sağlığına, dostluq və səadətin şərəfinə, sizin sağlığınıza badə qaldırıram.

"Azərbaycan" qəzeti, 1 oktyabr 1997-ci il