Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatları "Eksimbank"ının Prezidenti Ceyms Harmon ilə görüşdəki söhbətindən - Vaşinqton, 15 fevral 2000-ci il


Ceyms Harmon: Hörmətli cənab Prezident! Xoş gəlmisiniz. Sizinlə yenidən görüşməyim məni məmnun edir. Siz bilirsiniz ki, ABŞ-ın "Eksimbank"ı, yəni idxal-ixrac bankı 1934-cü ildən fəaliyyət göstərir. Bu bank hazırda digər fəaliyyət üsulları ilə yanaşı, öz imkanlarını inkişaf etməkdə olan ölkələrdə ixrac əməliyyatlarının tənzimlənməsinə və onlara yardım edilməsinə, kiçik biznesin və maliyyə layihələrinin imkanlarının genişləndirilməsinə yönəltmişdir. Azərbaycanla bank arasında əməkdaşlıq münasibətləri qurulmuşdur.

Heydər Əliyev: Sizinlə yenidən görüşmək məni də məmnun edir.

Ceyms Harmon: Cənab prezident, hal-hazırda qarşılıqlı surətdə faydalı əlaqələrin genişləndirilməsi üçün etibarlı əsas yaranmışdır. 1997-ci ilin yayında Vaşinqtonda görüşümüz və Azərbaycan Respublikası ilə "Eksimbank" arasında əməkdaşlıq sənədlərinin imzalanmasını xatırlayırsınız. Bu gün də "Eksimbank" Azərbaycanla əlaqələrini genişləndirməyə böyük maraq göstərir.

Heydər Əliyev: "Eksimbank" ilə ölkəmizin əməkdaşlığının möhkəmlənməsinə tərəfdaram. Bu gün artıq ölkəmizdə maliyyə sabitliyi yaranmış, bank sistemi təkmilləşdirilmiş, işlər müasir səviyyədə qurulmuş, maliyyə-kredit siyasəti sahəsində islahatlar aparılmışdır. ABŞ ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, ABŞ-ın 100-dən çox şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir. Amerika Birləşmiş Ştatlarının hökumət səviyyəsində əsas idxal-ixrac əməliyyatlarını həyata keçirən bu nəhəng maliyyə təsisatı da ölkəmizlə əməkdaşlığını daha da genişləndirməlidir.

Ceyms Harmon: Elə buna görə də biz gələcək əlaqələrin perspektivlərini ətraflı müzakirə etməliyik.

Heydər Əliyev: Azərbaycan dövləti qarşılıqlı anlaşma şəraitində keçən müzakirələrin aparılmasına və hər iki ölkənin maraqlarına cavab verən layihələrin hazırlanmasına tərəfdardır.