Azərbaycan Prezidenti Heydər Əliyevin Bakının Nəsimi rayonu ərazisindəki yeni parkla tanışlığı və rayon sakinləri ilə söhbəti - 28 aprel 2000-ci il


Heydər Əliyev: Mən sizin hamınızı səmimi-qəlbdən salamlayıram. Vaxtilə baxımsız olan bu yerlərdə saldığınız istirahət guşələri, əyləncə meydançaları, fəvvarələr, gözəl şəlalə kompleksi, yaşıl xiyabanlar çox yaraşıqlıdır. Mən sizlərə gözəl istirahət arzulayıram. Bura toplaşan təhsil işçilərinə, əmək veteranlarına məktəblilərə təşəkkür edirəm. Məktəblilərə təhsildə, həyatda uğurlar və vətənin layiqli övladları olmağı arzulayıram.

Qismət Hüseynova (54 nömrəli orta məktəbin müəllimi): Biz burada gözəl "Heydər parkı" salmışıq. Vaxtilə buralar çirkli bir yer, zibillik idi. Amma indi Sizin qayğınız sayəsində burada fəvvarələr yaradılıb, işıq çəkilib, yaşlı müəllimə də olsam mən hər gün nəvələrimlə buraya gəlirəm. Buna görə də Sizə təşəkkür edirəm. Allah Sizə o qədər ömür versin, ömrünüzü o qədər uzatsın ki, Sizin şərəfinizə salınan parkların sayı artsın, gözəl şəhərimiz daha da yaraşıqlı olsun.

Heydər Əliyev: Mənim də məqsədim budur ki, 30 il bundan əvvəl başladığım proqramla Bakını yaşıllaşdırım. Təkcə Bakını yox, bütün Azərbaycanı. Amma birinci növbədə Bakını. Çünki Bakı böyük şəhərdir, sənaye şəhəridir və keçmişdə burada yaşıllıq olmayıbdır, ağaclar olmayıbdır.

30 il bundan əvvəl mən bu proqramı irəli sürdüm, çox işlər gördük. İndi də son illər görürəm ki, yerli təşəbbüslərlə hər bir rayonda yeni parklar salınır. Çox gözəldir, insanların yaşayışı üçündür. Burada yaşayan insanlar çıxıb parkda otururlar, gəzirlər, söhbət edirlər, bir-biri ilə görüşürlər. Uşaqlar burada dincəlir, oynayırlar. Mən bütün bunların hamısını bunun üçün edirəm, xalqımız üçün edirəm.

Zemfira Tağızadə  (Bakı Dövlət Universitetinin dosenti,Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin anası): - Hörmətli, əziz, ən sevimli prezidentimiz! Siz bizim Nəsimi rayonuna xoş gəlmisiniz! Həmişə siz gələsiniz. Biz bu günü çoxdan arzulayırdıq, gözləyirdik. Baxmayaraq ki, işiniz olduqca çoxdur, ağırdır, Siz o qədər iş görmüsünüz ki! Sizin bütün işləriniz göz qabağındadır. Mən Bakıya baxıram, - şəhərimiz daha da cavanlaşır. Hər yerdə təzə evlər, binalar, gözəl-gözəl parklar, təzə bağlar yaradılıbdır. Şəhərdə hər yerdə abadlıq işləri gedir. Bu işlərə görə biz Sizə "sağ ol" deməliyik.

Mən Nəsimi rayonunda yaşayıram, Bakı Dövlət Universitetinin dosentiyəm. Mənim oğlum Eldar Tağızadə şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır. Mən də balamın işini davam etdirib bu rayonda şəhid uşaqları və anaları xeyriyyə mərkəzini yaratmışam. 200 şəhid ailəsi mənimlə işləyir. Biz uşaqlara çox qayğı göstəririk. Mən bütün şəhid ailələri adından Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Siz bizi heç vaxt unutmursunuz, həmişə yada salırsınız. Siz bütün çıxışlarınızda həmişə şəhidlərin adlarını çəkirsiniz. Mən Sizə minnətdaram ki, indi qadınlarımız ağlamırlar, evlərə tabutlar gəlmir, biz sakit yaşayırıq. Bu sakitliyin nə demək olduğunu biz şəhid anaları çox yaxşı başa düşürük. Buna görə mən Sizə minnətdarlığımı bildirirəm və ana kimi Sizin qarşınızda baş əyirəm.

Heydər müəllim, mayın 10-u Sizin ad gününüzdür və buna görə də mən bütün şəhid ailələri adından Sizi təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür, olduqca çətin işlərinizdə uğurlar arzulayıram. Allah həmişə Sizi qorusun! Olarmı Sizi öpüm? Min yaşayın!

Heydər Əliyev: Çox sağ olun.

Zemfira Tağızadə: Siz Vera xanım Şiryeyə Azərbaycanın ən yüksək mükafatını - "İstiqlal" ordeni vermisiniz. Siz Davosdan qayıdanda vaxt tapdınız, ona zəng etdiniz. İnandırıram ki, bu qadın Sizin zənginizi hər gün yada salır. Hər dəfə süfrə başında deyir ki, ay Allah, ona o qədər cansağlığı, ömür ver ki, həmişə bizim Azərbaycanın prezidenti olsun. Çox sağ olun. Allah Sizə cansağlığı versin.

Heydər Əliyev: Çox sağ olun. Allah bütün şəhidlərə rəhmət eləsin. Sənin oğluna da Allah rəhmət eləsin. Şəhid ailələri bizim üçün həmişə əziz olub, əziz olacaqdır. Siz də, təbiidir ki, gənc nəsli vətənpərvərlik ruhunda, şəhid olanların o şəhidliyinin nümunəsində tərbiyə etməlisiniz, böyütməlisiniz.

Zemfira Tağızadə: Bilin ki, biz Sizin işlərinizi həmişə dəstəkləyirik və həmişə Sizin arxanız, dayağınız olacağıq. Çox sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm.

Rima Hənifəyeva  (54 nömrəli orta məktəbin direktoru): Bu gün mənim də sevincimin həddi-hüdudu yoxdur. Belə ki, dünya şöhrətli bir şəxsiyyətlə görüşmək mənim çoxdankı arzum idi. Nəhayət, bu arzuma çatdım. Hörmətli prezidentimiz, Siz təhsil işçilərinə həmişə qayğı göstərirsiniz. Bu yaxınlarda bir qrup təhsil işçisinə fəxri adlar - "Əməkdar müəllim" adı vermisiniz. O siyahıda mənim də adım vardır.

Heydər Əliyev: Təbrik edirəm. 

Rima Hənifəyeva:  Ona görə də müəllimlərin adından, şəxsən öz adımdan Sizə təşəkkürümü bildirirəm, "Çox sağ olun" deyirəm. Allah ömrünüzü uzun etsin. Yadınıza bir hadisəni salmaq istəyirəm. Yadınızdadırsa, siz hələ Moskvada işləyərkən bizim 54 nömrəli məktəbə gəlmişdiniz. Məktəbimizi çox qiymətləndirdiniz və dediniz ki, "Bu, yaxşı məktəbdir ki, məni buraya gətiriblər". Sizin yaddaşınız möhkəmdir, yadınıza düşər.

Heydər Əliyev: Yadıma düşür.

Rima Hənifəyeva:  Biz Sizin qayğınıza, müəllimlərə göstərdiyiniz hörmətə görə daha da yaxşı işləyirik. Məktəbimiz gözəldir, nümunəvi məktəb adını alıbdır. Ona görə də müəllimlərimizin hamısının sizə böyük təşəkkürü vardır. Çox sağ olun, Sizə minnətdarlığımı bildirirəm. Sizi kollektivimiz adından məktəbimizə dəvət edirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Məktəbinizdəkilərə salam söyləyin. Bizim cəmiyyətdə müəllimlər həmişə böyük hörmətə layiq olublar. Ona görə də müəllimləri heç vaxt unutmamışam. Çünki bizim hamımız müəllimlərin tərbiyəsini almışıq, müəllimlərin bizə verdiyi dərsə, tərbiyəyə görə böyümüşük. İndi hərəmiz bir yerdə özümüzə görə lazım olan yer tutmuşuq. Müəllimlərin maaşlarını da artırmışam.

Rima Hənifəyeva:  Bəli. Maaşımızı artırdığınıza görə, "Əməkdar müəllim" adı verdiyinizə görə, göstərdiyiniz qayğıya görə bütün müəllimlərin adından, təhsil işçiləri adından Sizə "çox sağ olun" deyirəm.

Əli Cəfərov (Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri): - Rayonumuzun ağsaqqalları adından Sizə təşəkkürümü bildirirəm. Sizin bütün fikirləriniz, müdrik sözləriniz bizim devizimiz olubdur. Rayonumuzun hər yerində belə abadlıq işləri aparılır. Ağsaqqallar bu işlərdə fəal iştirak edirlər, çox gözəl işlər görürlər. Mənə elə gəlir ki, bu cür davam etdirsək, gələcəkdə vəziyyətimiz çox yaxşı olacaqdır. Bunların hamısı Sizin qayğınızın və köməyinizin nəticəsində mümkün olmuşdur. Onsuz bunları etmək mümkün deyil.

Heydər Əliyev: Siz işləyin, biz də qayğını göstərəcəyik.

Əli Cəfərov: Ona görə də Sizə təşəkkür edirik. Sizin dediyiniz "Hərə bir ağac əksin" sözləri bizim üçün devizdir.

Heydər Əliyev: Bəli, mən bunu 30 il bundan əvvəl demişəm.

Əli Cəfərov: Bəli, çoxdan demisiniz, amma həmin sözlər indi də aktualdır. Biz ağsaqqallar öz üzərimizə öhdəlik götürmüşük ki, hər il ağac əkək, becərək, onu mühafizə edək. Çalışaq ki, şəhərimiz gözəlləşsin, daha da yaxşı olsun.

Heydər Əliyev: Çox sağ olun. Bu, sizin üçün, bütün Azərbaycan üçün, uşaqlar üçün, gələcək nəsillər üçün lazımdır.

Əli Cəfərov: Bizim bu parkın bir gözəl xüsusiyyəti də vardır: onun relyefi Azərbaycanın relyefinə oxşayır. Parkın həm meşəsi, həm də dağı vardır. Çox gözəldir, olduqca xoşumuza gəlir. Elə zənn edirəm ki, Sizin də xoşunuza gəlir.

Heydər Əliyev: Bəli.

Zemfira Tağızadə: Bu gün mənim üçün ikiqat bayramdır. Birincisi, Sizinlə görüşmüşəm. Bu da mənim şəhid oğlum Eldar Tağızadənin oğludur. Bu gün onun anadan olduğu gündür. Sizi inandırıram ki, bu, çox xoşbəxt uşaqdır ki, anadan olduğu gün Sizinlə görüşür.

Heydər Əliyev: Adın nədir?

Kamal Tağızadə: Kamaldır.

Heydər Əliyev: Kamal, neçənci sinifdə oxuyursan?

Kamal Tağızadə: 6-cı sinifdə.

Heydər Əliyev: Nə cür oxuyursan?

Kamal Tağızadə: Yaxşı.

Heydər Əliyev: Çox sağ ol. Gözəl oğlandır. Qoy böyüsün, atası kimi olsun.

Zemfira Tağızadə: Bizim balalarımız, şəhidlərin balaları atalarının yolunu davam etdirməli və Azərbaycanın bayrağını zirvələrə qaldırmalıdırlar

Tarixi arayış