"İstiqlal" qazma qurğusunun işə salınması münasibətilə təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 2 sentyabr 1998-ci il


Hörmətli xanımlar, cənablar!

Əziz dostlar!

Biz, buraya toplaşmış insanlar bu gün Azərbaycanın neft sənayesinin həyatında, bütün Azərbaycanın həyatında əlamətdar bir hadisənin iştirakçısıyıq: Xəzər dənizinin dərin sularının altında zəngin neft və qaz yataqlarının kəşfi, neft və qaz hasilatının təmin olunması layihəsinin həyata keçirilməsi çərçivəsində bu işlər üçün üzən yarımdalma qazma qurğusunun işə başlaması mərasimində iştirak edirik.

Bu, adi bir hadisə deyildir. Çünki önünə toplaşdığımız qazma qurğusu nəhəng, əzəmətli və eyni zamanda müasir texnikanın, texnologiyanın tələbləri ilə təchiz olunmuş böyük bir qurğu, böyük bir istehsal müəssisəsidir. Cənab Mayk Şerman rica etdi ki, bu qurğuya ad qoyulsun. Mən bir neçə gün bundan öncə bu qurğuya ad qoymuşam - onun adı "İstiqlal"dır.

Bu nəhəng istehsal müəssisəsinə, qazma qurğusuna bu ad heç də təsadüfi olaraq verilməyibdir. Bilirsiniz ki, bir neçə vaxt bundan əvvəl biz böyük qazma qurğusunun bərpa olunub modernləşdiriləndən sonra işə başlamasını təntənəli surətdə qeyd etdik və ona "Dədə Qorqud" adı verdim. Bu adı mən vermişəm. Nə üçün "Dədə Qorqud"? Çünki Qorqud bizim ulu babamız, dədəmizdir, tarixi kökümüz, soyumuzdur. İkinci qazma qurğusuna "İstiqlal" adı verərkən, bununla mən keçmişimizi bu günümüzlə daha da sıx bağlamaq arzusunda, istəyində olmuşam. Bizim tarixi keçmişimiz Dədə Qorquddur, bu günümüz, gələcəyimiz isə əbədi müstəqillikdir, istiqlaliyyətdir. Mən əminəm ki, bu üzən qazma qurğusu "İstiqlal" adını şərəflə daşıyacaq, onun ömrü uzun olacaq və daim Azərbaycan xalqının iqtisadiyyatının inkişafına, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşmasına, Azərbaycanın istiqlaliyyətinə sədaqətlə xidmət edəcəkdir.

Azərbaycanın neft sənayesinin qədim və zəngin tarixi var. Azərbaycan qədim odlar diyarıdır. 1848-ci ildə dünyada ilk dəfə məhz Azərbaycan torpağında neft fontan vurub və dünyada neftin sənaye üsulu ilə hasilatına başlanıbdır. XX əsrin əvvəllərində Azərbaycan neftçiləri qurudan dənizə doğru irəliləyiblər və Xəzərin sahillərində neft quyuları qazıb dənizin dibindən də neft çıxarmaqla məşğul olublar. 1922-ci ildə məhz burada, bu sahədə mühəndis, polyak vətəndaşı Pototskinin təklifləri əsasında suda, dənizdə quyular qazılmağa və dənizin dibindən neft çıxarılmağa başlanıbdır.

Əsrimizin 40-cı illərində isə Azərbaycan neftçiləri dünya miqyasında böyük nailiyyət əldə etmişlər, məşhur neft daşlarında ilk dəfə quyu qazıb, Xəzər dənizinin, demək olar, ortasında olan sahədə neft fontanı almağa nail olmuşlar. Bu hadisə 1949-cu ilin noyabr ayında baş vermişdir. Sonrakı illərdə əfsanəvi neft daşlarında dənizin dibindən neft hasilatı genişlənib və Azərbaycan yenə də dünyada dənizdən neft çıxarılmasının bünövrəsini, əsasını qoymuşdur.

Beləliklə, Azərbaycanda neft sənayesinin inkişafını üç mərhələyə bölmək olar: XIX əsrin ikinci yarısından, ortasından təxminən XX əsrin 20-ci ilinə qədər - bu, birinci mərhələdir. 1920-ci ildən Azərbaycan öz dövlət müstəqilliyini əldə edənə qədərki dövr neft sənayesinin ikinci mərhələsidir.

Nəhayət, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ötən illər Azərbaycan neft sənayesinin üçüncü mərhələsidir. Hər bir mərhələnin özünəməxsus xüsusiyyətləri və parlaq tarixi var.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən özü istədiyi kimi istifadə etməyə başlamışdır. Bildiyiniz kimi, biz geniş proqram tərtib etmişik, böyük işlərə başlamışıq və bu işlər qarşıdan gələn illərdə, XXI əsrdə də Azərbaycan xalqının iqtisadiyyatının və vətəndaşlarımızın rifah halının yüksəlməsinə xidmət edəcəkdir.

Müstəqil dövlət olaraq bu işləri başlayarkən Azərbaycan neftçilərinin bir neçə nəslinin əməyi nəticəsində Azərbaycanın ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda kəşf edilmiş zəngin neft və qaz yataqlarının mövcud olması bizim bugünkü və gələcək işlərimizin əsasını təşkil edir. Keçmişdə yaşamış və bu gün bizim sıralarımızda olan Azərbaycan neftçiləri, alimləri, geoloqları öz xalqının təbii sərvətlərinin aşkar edilməsi üçün dəyərli işlər görmüş, böyük neft və qaz yataqları açmışlar və bunlar da indi müstəqil Azərbaycan dövləti üçün böyük proqramlar tərtib etməyə əsas yaradır. Bu gün, bu əlamətdar bayram günü Azərbaycan neftçilərinin bütün nəsillərini minnətdarlıq hissi ilə xatırlayır və bildirmək istəyirəm ki, Azərbaycan xalqı onların gördüyü işləri heç vaxt unutmayacaqdır. Mən bu gün onların xatirəsi qarşısında baş əyirəm.

Allah Azərbaycan xalqına zəngin təbii sərvətlər bəxş etmişdir. Azərbaycan xalqının da dəyərli insanları, böyük alimləri, fədakar neftçiləri və başqa mütəxəssisləri bu zəngin sərvətlərin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüşlər. Bu işlərdən biri də neft sənayesinin texniki, istehsal bazasının, infrastrukturunun yaranması olmuşdur. 70-80-ci illərdə dənizdə neft və qaz yataqlarının işlənilməsi üçün, suyun dərinliklərində olan yataqlardan neft hasil etmək məqsədi ilə yeni qurğuların, cihazların, texnikanın yaradılması zərurəti meydana çıxmışdı. Bu məqsədlə o illərdə üzən yarımdalma qazma qurğularının yaradılması və istifadə edilməsi məsələsi həll olunmuşdu. O illərdə "Şelf-1" üzən qazma qurğusunun istifadəsinə başladıq. Bundan sonra ardıcıl olaraq "Şelf-2", "Şelf-3", "Şelf-4" və "Şelf-5" qazma qurğuları yarandı.

Bildiyiniz kimi, "Şelf-2" üzən qazma qurğusu keçən illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən, Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə modernləşdirildi, bərpa olundu və işə başladı. İndi o, "Dədə Qorqud" adı ilə Xəzər dənizinin "Şahdəniz" yatağında quyu qazmaqla məşğuldur.

Bu gün isə biz "Şefl-5" üzən qazma qurğusunun təmirindən, bərpa olunmasından, modernləşdirilməsindən, yeniləşdirilməsindən sonra onun işə başlamasını bayram edirik.

Biz bu gün "İstiqlal" üzən yarımdalma qazma qurğusunu, bu nəhəng qurğunu seyr etdik, onun idarə olunması ilə əlaqədar bir çox sahələrinə baxdıq, tanış olduq. Bizə geniş məlumatlar verildi. Mən Azərbaycanda belə qurğuların yaranmasının təşəbbüskarlarından olduğuma görə və bu qurğuları keçmişdə də yaxşı bildiyimə görə bu gün "İstiqlal" qurğusuna baxıb bunu görərkən böyük iftixar hissi keçirirəm. Çünki bu qurğu Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarının istifadə olunması üçün çox böyük işlər görəcək və bunun tərkibində böyük işlərin görülməsi üçün müasir tələblərə cavab verən texnika, texnologiya, cihazlar insanların səmərəli işləməsi üçün çox gözəl şərait yaratmışdır. Bu qurğunun modernləşməsi, yenidən həyata gəlməsi ilə "Şahdəniz" layihəsi üzrə konsorsium məşğul olmuşdur. Bu layihəyə rəhbərlik edən cənab Mayk Şerman burada bu barədə öz fikrini söylədi.

"Şahdəniz" müqaviləsi, layihəsi 1996-cı il iyun ayının 4-də imzalanıbdır və Azərbaycanın dünyanın böyük neft şirkətləri ilə müştərək iş görməsi proqramının həyata keçirilməsi istiqamətində imzalanan üçüncü böyük müqavilədir. Mən məmnuniyyətlə qeyd edirəm ki, 1994-cü il sentyabr ayının 20-də imzalanmış müqavilədən başlayaraq ondan sonra imzalanan müqavilələrin hamısı ardıcıl surətdə həyata keçirilir və artıq öz bəhrələrini verir. Bu proqramların həyata keçirilməsi nəzərdə tutulmuş nəticələrdən yüksək göstəricilərin əldə olunduğunu göstərir.

Mən bu gün bunu deməyi ona görə vacib bilirəm ki, biz ilk müqaviləni - "Əsrin müqaviləsi"ni imzalayanda da bunu anlamayanlar da var idi, yaxud qəsdən bu müqaviləni ləkələmək istəyənlər də var idi və bunun Azərbaycan üçün xeyir verməyəcəyini bəyan edənlər də var idi. Güman edirəm ki, əgər onlarda heç olmasa bir kiçik ədalətlilik varsa, onlar artıq öz səhvlərini, bəd fikirlərini ləğv etməlidirlər. Çünki "Əsrin müqaviləsi" əsasında "Çıraq" neft yatağından artıq neft alınır və görülən işlər onu göstərir ki, müqavilə imzalanarkən burada 510 milyon ton neft əldə olunması nəzərdə tutulurdusa, artıq indi 630 milyon ton neft alınması gerçəkləşibdir.

"Çıraq" neft yatağında qazılan quyular nəzərdə tutulduğundan dörd-beş dəfə artıq neft verir. Gündə 10 min tondan artıq neft alınır. Mənə bir neçə gün bundan öncə məlumat verdilər ki, yeddinci quyu daha da gözəl nəticələr veribdir. O quyudan gündə 500 ton neft çıxarılması nəzərdə tutulduğu halda, indi gündə üç min ton, bəlkə də dörd min ton neft alınması gözlənilir. Budur bizim gördüyümüz işlərin nəticəsi!

Xatirimdədir, "Şahdəniz" müqaviləsinin imzalanması ərəfəsində Azərbaycanda yenə də bəzi şəxslər belə bir müqavilənin respublikamız üçün əhəmiyyətli olmaması, yaxud da ki, mənfəətli olmaması haqqında cürbəcür fikirlər irəli sürürdülər. Ancaq bizim mütəxəssislər bu məsələni hərtərəfli müzakirə etmişdilər və "Şahdəniz" yatağında böyük qaz ehtiyatları, eyni zamanda böyük neft ehtiyatları olduğunu dəfələrlə sübut etmişlər. Buna baxmayaraq, bəziləri heç bir əsas olmadan əksinə sübüt etmək istəyirdilər.

Milli Məclisin keçmiş sədri, özünü neft sahəsində guya böyük mütəxəssis hesab edən Rəsul Quliyev 1996-cı ildə "Şahdəniz" müqaviləsinin imzalanmasının əleyhinə çıxdı. Biz bunu geniş müzakirə etdik. Şübhəsiz ki, mənə də və başqalarına da yaxşı məlum idi ki, bu əks fikir heç bir şeylə əsaslanmayıbdır. Sadəcə olaraq, Azərbaycanın gördüyü işlərə ləkə salmaq, yaxud da onlara mane olmaq, Azərbaycan iqtisadiyyatının inkişafına mane olmaq məqsədi daşıyırdı. Bu bəd niyyətlər bizə məlum idi. Amma buna baxmayaraq, mən bu barədə geniş müzakirə apardım və burada iştirak edən bizim neft sahəsində çox böyük alimlərimiz, mütəxəssislərimiz, Dövlət Neft Şirkətinin rəhbərliyi bu müzakirədə iştirak etdilər. Bir daha təsdiq olundu ki, "Şahdəniz" neft və qaz yatağı zəngin yataqdır və bunun istifadə edilməsi üçün mütləq işə başlamaq lazımdır, müqavilə imzalanmalıdır. Beləliklə, 1996-cı il iyun ayının 4-də Bakıda "Gülüstan" sarayında bu müqavilə imzalandı.

İndi o vaxtdan iki il keçibdir. Artıq biz bunun gözəl nəticələrini görürük. Məhz "Şahdəniz" müqaviləsinin imzalanması nəticəsində, "Şahdəniz" proqramı əsasında bir konsorsium yarandı. Bu konsorsiuma "Bi-Pi", "Statoyl", "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti, ondan sonra isə "Elf Akiten", "LUKoyl" və İranın "OİEK" şirkəti daxil oldular. Bunlar işə başladılar və biz bu gün bunun bəhrələrini görürük. Bu bəhrələr nədən ibarətdir? Biz Xəzər dənizində azı 20 il fəaliyyət göstərə biləcək belə nəhəng bir üzən qazma qurğusu əldə etmişik.

"Şelf-5" qurğusu suyun 200 metr dərinliyində quyu qazmaq qabiliyyətinə malik idi. Quyunun dərinliyi isə 6 min metrə qədər ola bilərdi. Ancaq bu, layihədə var idi. Burada məlum olduğu kimi, bu, 1990-cı illərdə işləmirdi və 1995-ci ildən bu qurğu konservasiya edilmişdi. Lakin həmin qurğu artıq yeniləşib, modernləşib, bərpa olunubdur və onun bütün göstəriciləri yüksəlibdir. Artıq bu, suyun 700 metr dərinliyində quyu qazmağa qadirdir. Quyunun dərinliyi isə 6 min metr deyil, 7,5-7,6 min metr ola bilər. Dünyada bu qəbildən olan üzən qazma qurğuları ilə müqayisədə bu, ən yüksək səviyyədə duran bir qurğudur. Bu bizim üçün böyük milli sərvətdir. Bu qurğunun hazırkı vəziyyətə gətirilməsi üçün 200 milyon dollar vəsait sərf edilibdir. Bu qurğunun 17 ay müddətində modernləşməsində, bərpa olunmasında, burada bildirildiyi kimi, 1200 nəfər iştirak edibdir. Bunlar Azərbaycan vətəndaşlarıdır, mütəxəssisləridir, fəhlələridir. Demək, onlar üçün yeni və yüksək maaşlı iş yerləri açılıbdır.

Biz sizinlə Dövlət Neft Şirkətinin gəmi təmiri zavodunun ərazisindəyik. Bu zavod demək olar ki, dayanmışdı və bu ərazi bərbad vəziyyətdə idi. Ancaq 12 milyon dollar sərmayə qoyulub, zavod modernləşdirilib, təmir olunub, yeniləşibdir və bundan sonra böyük işlər görməyə qadirdir. Bu, "Şahdəniz" müqaviləsinin, "Şahdəniz" layihəsinin hələ ilkin bəhrəsidir, nəticəsidir. Heç şübhə yoxdur ki, tezliklə "İstiqlal" qazma qurğusu "Şahdəniz" neft yatağında, suyun dərinliyi 700 metr olan bir yerdə yeni quyular qazmağa başlayacaqdır və oradakı zəngin neft və qaz yataqlarından neft və qaz hasil edə biləcəyik.

Layihəyə görə "Şahdəniz" yatağından 500 milyard kubmetr qaz alınması gözlənilir. 200 milyon ton neft kondensatı alınması gözlənilir. Ancaq hələ bu layihədir, proqnozdur. Güman edirəm ki, "İstiqlal" qazma qurğusu bu rəqəmləri daha da artıracaqdır və biz böyük işlərin şahidi olacağıq. Bu qurğunun yüksək səviyyəyə gətirilməsi Azərbaycanda bir tərəfdən texnikanın, texnologiyanın inkişaf etməsini nümayiş etdirir və bununla bərabər Azərbaycan vətəndaşlarının, mütəxəssislərinin, bu qurğuda çalışan bütün işçilərin hamısının müasir, yüksək səviyyəyə qalxmasını təmin edir. Bu da böyük nailiyyətdir.

Mən hesab edirəm ki, biz gələcəkdə yenə belə bir qurğuların, yəni o "Şelf" adlanan qurğuların bərpasını davam etdirəcək və yenə belə bir qurğunun işə salınmasının şahidi olacağıq.

1994-cü il sentyabr ayının 20-də biz ilk böyük müqaviləni - "Əsrin müqaviləsi"ni imzalamışıq. Az bir vaxt keçibdir, hələ dörd ili də tamam deyildir. Amma ötən illər yeni-yeni müqavilələr imzalanmışdır. İndi Azərbaycan Dövlət Neft Şirkəti həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də Azərbaycan ərazisində dünyanın böyük neft şirkətləri ilə 15 müqavilə imzalayıbdır və onların icrasına başlanıbdır. İmzalanmış müqavilələrin əsasında sərmayə qoyuluşunun həcmi təxminən 35-38 milyard dollar miqdarında nəzərdə tutulubdur. Onlar Azərbaycanın bu gün və ən çox gələcəkdə iqtisadiyyatının, həyatın bütün sahələrinin inkişafını təmin etmək üçün çox böyük vasitədir.

Görülən işlər bu gün öz bəhrəsini verir. Neft sənayesində çalışan insanlar işləyirlər, iş yerləri əldə edirlər, yüksək maaş alırlar və onların maddi vəziyyəti günü-gündən yaxşılaşır. Ancaq bu gördüyümüz işlər daha da çox Azərbaycanın gələcəyinin xoşbəxtliyini təmin edir, Azərbaycanın parlaq gələcəyini təmin edəcəkdir. Biz çalışırıq ki, gələcək nəsillər, övladlarımız, nəvələrimiz, nəticələrimiz bizim çəkdiyimiz çətinlikləri çəkməsinlər, firavan yaşasınlar. Biz bu addımlarla Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş bir ölkə etmək istəyirik. Biz bu addımlarla Azərbaycan vətəndaşlarını, xalqını xoşbəxt etmək istəyirik. Biz bu işləri dünyanın böyük neft şirkətləri ilə və onların vasitəsilə başqa böyük şirkətlərlə birgə görürük.

Bu gün "İstiqlal" qazma qurğusunun işə başlaması Azərbaycanın dünyanın bir neçə neft şirkəti ilə 1996-cı ildə başladığı işin gözəl nəticəsidir. Mən bu münasibətlə Azərbaycanda neft sahəsində, iqtisadiyyatın bütün başqa sahələrində Azərbaycan vətəndaşları ilə yan-yana işləyən, çalışan xarici şirkətlərin nümayəndələrinə, mütəxəssislərinə, xarici ölkələrin hər bir vətəndaşına müştərək, faydalı birgə işlərimizə görə təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Ötən bir neçə ildə Azərbaycanla iş görən xarici ölkələrin şirkətləri inandılar ki, Azərbaycanda iş görmək olar, Azərbaycanda iş görmək üçün bütün imkanlar və ən əsası, əlverişli şərait yaranıbdır. Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, respublikamızda xarici şirkətlərin səmərəli iş görməsi üçün mövcud olan qanunlar və qaydalar xarici sərmayənin Azərbaycana gəlməsi üçün böyük imkanlar yaratmışdır və bu da hər iki tərəf üçün olduqca faydalıdır.

Bugünkü mərasim - xarici şirkətlərin nümayəndələri ilə Azərbaycan neftçiləri və ictimaiyyəti nümayəndələrinin birlikdə keçirilən bu təntənəli mərasim bizim gözəl əməkdaşlığımızın parlaq təzahürüdür. Bu bir daha sübut edir ki, Azərbaycanda görülən işlərin hamısı böyük gələcəyə malikdir və Azərbaycana sərmayə gətirən insanlar öz sərmayəsinin xeyrini görəcəklər. Azərbaycanda yaranmış şərait bundan sonra da respublikamıza xarici sərmayənin gəlməsini təmin edəcəkdir.

Görülən işlər və əldə olunmuş bəhrələr yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir və Azərbaycan dövlətinin bu müstəqillikdən, azadlıqdan istifadə edərək apardığı doğru, düzgün, düşünülmüş daxili və xarici siyasətin parlaq nəticəsidir.

Biz bu gün "İstiqlal" adı daşıyan üzən qazma qurğusunun işə başlaması mərasimində iştirak edərək və bu nəhəng istehsal müəssisəsinə gələcək uğurlar arzu edərək bir daha bəyan edirik ki, Azərbaycanın dövlət müstəqilliyi bundan sonra günü-gündən yüksələcək, möhkəmlənəcək və bu qurğu kimi qüdrətli, möhkəm, əyilməz, dönməz olacaqdır.

"İstiqlal" qurğusunun işləməsini təmin edən insanlar bir neçə gündən sonra sahildən ayrılıb qurğunun üzərində Xəzər dənizinin dərin yerlərinə, demək olar ki, dənizin ortasına doğru gedəcəklər. Dənizdə çalışan işçilər, mütəxəssislər adətən çox mətin, qoçaq, qəhrəman olurlar. Ümid edirəm ki, onlar yeni-yeni qəhrəmanlıq nümunələri nümayiş etdirəcəklər. Onların hamısına cansağlığı arzu edirəm və bu qurğunun səmərəli işləməsində uğurlar arzulayıram.

"İstiqlal" qurğusuna bir daha uzun ömür, xoşbəxt gələcək və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan neftçilərinə eşq olsun!

Azərbaycanın milli azadlığına, istiqlaliyyətinə eşq olsun!

"İstiqlal" qurğusuna eşq olsun, eşq olsun, eşq olsun!

"Azərbaycan" qəzeti, 3 sentyabr 1998-ci il