Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Zuğulba" dövlət iqamətgahında xarici ölkələrin kütləfi informasiya vasitələrinin Bakıda səfərdə olan rəhbərləri ilə qeyri-rəsmi şəraitdə görüşdə söhbəti - 15 iyul 2001-ci il


Heydər Əliyev: Sizi səmimi-qəlbdən salamlayıram. Bakıda vaxtlarınızı necə keçirirsiniz?

Vitali İqnatenko (İTAR–TASS-ın Baş direktoru): Cənab Prezident, biz bir neçə müəssisədə olmuşuq və "Azpetrol - şirkətinin neft terminalı,"Kaspianfiş- şirkətinin kompleksi, Şampan şərabları zavodu bizim xüsusilə xoşumuza gəlmişdir.

Heydər Əliyev: Həmin zavod 1980-ci ildə və ya bir qədər əvvəl tikilmişdir. Pul tapmaq o qədər asan deyildi – xarici valyuta ilə 40 milyon lazım idi. Lakin biz həmin vəsaiti ittifaq dövlətindən aldıq və o zavodu tikdik. Zavod hamının xoşuna gəldi. Deyirlər ki, o, yaxşı məhsul buraxır. Doğrudur, mən bir dəfə də olsun həmin zavoda getməmişəm.

Görürsünüz, mən burada yaşayıram. Doğrudur, buraya az-az gəlirəm. Bu, köhnə evdir. Buranın əsası 1935-ci ildə qoyulmuşdur. Burada kiçik bulaq var, deyirlər ki, məhz həmin bulağa görə burada rəhbər heyət üçün istirahət yeri yaratmışdılar. Burada bağ var. Həmin bağda əvvəllər o vaxtkı Birinci katib Mircəfər Bağırov yaşayıbdır. Biz rəhbərliyə gələndə mən oraya getmədim. Mən burada 70-ci illərdə yaşamışam. Bu, köhnə evdir. O bu günün tələblərinə qətiyyən cavab vermir. Bilirsinizmi, mən elə adamam ki, bir şeyə adət etdim, ondan ayrıla bilmirəm. Doğrudur, indi mən çox vaxt şəhərdə yaşayıram. Nadir hallarda, əsasən yay vaxtı buraya gəlirəm. Mənim uşaqlarım da burada boya-başa çatmışlar. İndi onlar yaşa dolmuşlar. Bu yerlər bizim üçün əzizdir. Əlbəttə, burada hər şey başqa vəziyyətdə idi. Biz bu ağacları o zaman əkmişik. Yaxşı yerdir. Yaxınlıqda, bu hasarın arxasında mən rəhbər heyətin istirahəti üçün 6-7 korpusdan ibarət böyük şəhərcik yaratdım. Orada neftçilərin bir neçə kotteci var idi və baxımsız qalmışdı. Yerli adamlar orada qoyun otarırdılar. Əvvəlcə kottecləri qaydaya saldıq və işçilərimizin istifadəsinə verdik. Sonra mən fikirləşdim ki, 15 kottec azdır. Axı adamlar sayca çox idi. O zaman 5 mərtəbəli korpuslar tikdik. İndi baxsanız görərsiniz, orada geniş sahədə meşə salınmışdır. Ümumiyyətlə, hər kəsin bir şeyə həvəsi var. Mən də ağac əkməyi çox xoşlayıram. Sizin buraya gəldiyiniz yol boyunca ağaclar əkilmişdir. Biz həmin ağacları 70-ci illərdə, bu yolu çəkdiyimiz zaman əkmişik.

Keçmişdə Bakıda yaşıllıq yox idi. Vaxtilə Bakıda olmuş Qorki, Mayakovski də bunu demişdilər. Rusiyadan fərqli olaraq, burada ağaclar çətin boy atır. Burada ağaclara daim qulluq etmək, onlara su vermək lazımdır. Ağacın yaxşı boy atması üçün ona beş-altı il su vermək lazımdır, bundan sonra ağac qol-budaq atır. Gəlin gəzişək. Sonra mən daha bir ev – qonaqlar üçün iqamətgah tikdirdim. Adətən, orada ali qonaqları qəbul edirik. Bax, bu mənim evimdir. Burada daha bir neçə ev var, onlardan da qonaq evləri kimi istifadə edirik. Siz xahiş etdiniz ki, qeyri-rəsmi şəraitdə görüşək. İndi budur, biz sizinlə qeyri-rəsmi şəraitdə görüşürük.

Stalin, Azərbaycanda 20-ci illərin əvvəlində olmuşdur, sonra müharibə zamanı, 1943-cü ildə Tehran konfransında iştirak etmək üçün təyyarə ilə Bakı vasitəsilə Tehrana getmişdi. Konfransda Çörçill, Ruzvelt və o, iştirak edirdilər. Deyirlər ki, o, təyyarə ilə Bakı vasitəsilə uçmuşdu. De Qoll 1944-cü ildə İrandan Moskvaya Bakıdan keçib getmişdi.

Burada yaxşı bağ var. Təkrar edirəm ki, o zaman biz bu yerləri abadlaşdıranda burada ağac çox az idi. Bu ağaclar sonradan əkilmişdir.

Yaltada mənim xüsusi iqamətgahım yox idi. Hansı iqamətgah boş olurdusa, onu da verirdilər. Orada malikanə var – Yusupovun evi. Yalta konfransı zamanı Stalin və bütün nümayəndə heyəti Yusupovun evində yaşamışdır. Mən yay vaxtı ailəmlə iki dəfə orada dincəlmişəm. Sonra mənim müxtəlif bağlarım olmuşdu – 10-cu bağ, 5-ci bağ. Ümumiyyətlə, bütün istirahət yerlərindən ən yaxşısı Yaltadır, Qara dənizin sahili. Orada çox yaxşı yerlər var. İqlimi yaxşıdır.

Burada nar ağacları var, onları mən əkmişəm. Narı Azərbaycanda çox sevirlər. Dəniz təmizdir, orada buruqlar görünür. Ancaq indi onlardan istifadə edilmir. Etiraf etməliyəm ki, indi, xarici şirkətlərlə işlədiyimiz zaman onlar ekologiyaya da çox böyük diqqət yetirirlər. Buna görə də biz narahat deyilik.

Əvvəlki illərdə çox böyük narahatlıq vardı, yazıçılar yazırdılar ki, Xəzərin suyu çəkilir. Bəziləri belə bir təklif irəli sürməyə başlamışdılar ki, Sibir çaylarının suyunu Xəzərə yönəltmək lazımdır. Onların məqsədi sudan həm də suvarma üçün istifadə etmək idi. Həmin məsələ çox müzakirə edildi, amma axırda məlum oldu ki, bütün bunlar əbəsdir.

Vəzirov burada işləməyə başladığı ilk vaxtlarda mən ona iki-üç dəfə zəng etdim. Mən görürdüm ki, o, ağılsız hərəkət edir və deyirdim ki, belə etmək lazım deyildir. Yaxşı, siz bu binanı verirsiniz, bəs sizə qonaqlar gələndə necə olsun? Azərbaycana Sovetlər İttifaqının rəhbərləri, başqa ölkələrdən – Şərq və Avropa ölkələrindən qonaqlar gəlirdilər. O dedi ki, eybi yoxdur, yer taparıq. Bir ildən sonra İran prezidenti Rəfsəncani Bakıya gəldi. O zaman mənim əlaqəm yox idi. Mən eşitdim ki, Nikah sarayını təcili ləğv eləyib Rəfsəncaniyə orada yer vermiş, İranın bayrağını qaldırmışlar. Şəhərdə hamı danışırdı ki, Rəfsəncani Nikah sarayında yaşayır. Mən buraya qayıtdıqdan sonra əvvəlki vəziyyəti bərpa etdim. Əvvəlan, ona görə ki, bütün bunlar mənim üçün əzizdir. İkincisi də, həmin bina mənim deyil, bütün bunlar xalqa, dövlətə məxsusdur. Həmin binalar əsrlər boyu yaşayacaqdır..

* * *

Sizin səfəriniz başa çatır. Əvvəla, mən istəyirəm ki, bu gün vaxtdan maksimum səmərəli istifadə edərək, nəyi görmək mümkündürsə, hamısını görəsiniz. Əlbəttə, hər bir adamın öz təəssüratı olur. Hesab edirəm ki, biz, bizim insanlar bugünkü Azərbaycanı görməyiniz üçün hər şeyi etdik. Əvvəlcədən heç bir hazırlıq olmadı, heç bir bəzək-düzək yoxdur, hər şey olduğu kimidir. Mən istərdim ki, siz səfərinizdən razı qalasınız, buraya gəlməyinizdən təəssüflənməyəsiniz. Mən dünən sizinlə çox danışdım, bu gün sizi yormayacağam. Süfrəmizdə meyvə, Azərbaycan şirniyyatı, ənənəvi çayımız var. İstərdim ki, bunlardan yeyəsiniz və özünüzü tamamilə sərbəst hiss edəsiniz. Siz mənimlə qeyri-rəsmi şəraitdə görüşməyi xahiş etmişdiniz və indi bu görüş baş tutmuşdur. Görürsünüz, elə mən də sizin kimi geyinmişəm.

Bu binanın havası ümumi sistemdən tənzimlənir. Doğrudur, bu sistem artıq köhnəlmişdir, 1981-ci ildə qurulub, onu dəyişmək lazımdır. Amma hələlik vəsait yoxdur. Ümumiyyətlə isə, dəyişmək lazımdır.

Pavel Qusev ("Moskovski komsomolets" qəzetinin Baş redaktoru): Xəzərin gələcəyi məsələsi barədə Sizin fikirlərinizi öyrənmək istərdik. Bu məsələdə böyük fikir ayrılığı olduğu halda, hansı irəliləyişdən danışmaq olar?

Heydər Əliyev: Siz bilirsiniz, bizim çoxdan kəşf olunmuş üç neft yatağımızın – "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının – bu onların şərti adlarıdır – Qərb ölkələrinin neft şirkətləri ilə birgə işlənilməsinə dair 1994-cü ildə çox böyük müqavilə imzalanana qədər Xəzər heç kimin yadına düşmürdü. Bundan sonra Xəzər böyük maraq doğurmağa başladı. Cəmi bir neçə ay sonra müxtəlif ölkələrdə məsələ qaldırdılar ki, Xəzərin hüquqi statusunu müəyyən etmək lazımdır. Biz dedik ki, bunun əleyhinə deyilik, gəlin müəyyənləşdirək. Amma hələ Sovetlər İttifaqı vaxtında Xəzər dənizin dibindən istifadə üzrə sektorlara bölünmüşdü. Bilirsiniz ki, Xəzər dənizində neft hələ bundan 50 ildən də qabaq Azərbaycan tərəfindən əfsanəvi Neft Daşlarında çıxarılmağa başlanmışdı. Neft Daşları bütün dünyada məşhur idi. Yeri gəlmişkən, o vaxt dünyada heç bir ölkə dənizdən neft çıxarmırdı. Ona görə də bizim bu sahədə təcrübəmiz vardı və yeri gəlmişkən, geoloqlarımız Xəzərdə neft və qaz yataqlarının kəşfiyyatı ilə bağlı 50-ci illərdən başlayaraq olduqca çox iş görmüşlər. Bu barədə bizdə geniş material vardı və bu gün də var. Ancaq elə o zaman, təxminən 70-ci illərin sonunda SSRİ Nazirlər Soveti, hər halda, Xəzəri mineral ehtiyatlardan istifadə üzrə sektorlara bölməyi qərara aldı. Böldülər də.

Yeri gəlmişkən, deyim ki, məsələn, bizdən əks tərəfdə, Türkmənistan sahillərində neft hasilatı ilə Azərbaycanda yerləşən "Xəzərdənizneft" Birliyi məşğul olurdu. Orada da, bizdə də neft çıxarırdılar. Doğrudur, məhz Türkmənistan sektorunda çıxarılan neft onların hesabına yazılırdı. Amma, hər halda, neft dövlətin hesabına yazılırdı. Lakin bu, şərti idi. Nə qədər neft çıxarılırdısa, Türkmənistanın və Azərbaycanın hesabına yazılırdı. Orada neft az çıxarılırdı. Amma hasilatla, kəşfiyyat işləri ilə Azərbaycan neftçiləri məşğul olurdu. Bütün infrastrukturu onlar yaratmışdı. İndi Xəzərin hüquqi statusunu müəyyən etməyə getdikcə daha çox ehtiyac var. Biz həmişə belə mövqedə olmuşuq və bu gün də bu mövqedəyik ki, Xəzərin hüquqi statusunu müəyyən etmək lazımdır. Ancaq bu məsələnin bir çox cəhətləri var. Buraya mineral ehtiyatlardan istifadə, balıq ehtiyatlarından istifadə, fauna və gəmiçilik daxildir. O vaxtlar Xəzər, əslində, Sovetlər İttifaqına məxsus idi. İran Xəzərin cənubunda kiçik bir hissəyə malik idi və yeri gəlmişkən deyim ki, vaxtilə orada Sovetlər İttifaqı ilə İran arasında sərhəd müəyyən edilmişdi. Bu, Astara–Həsənqulu xətti boyunca idi, Astara Azərbaycanda, Həsənqulu isə Türkmənistandadır. İrana kiçik bir hissə düşürdü. Onlar orada neft hasilatı ilə məşğul olmaq barədə düşünmürdülər, çünki o vaxt ölkənin cənubunda neft çıxarmağa başlamışdılar. Onların çox böyük qaz ehtiyatı var idi, sonralar Fars körfəzində də yataqlar aşkar olunmuşdu. Onlar burada neft çıxarmaq barədə düşünmürdülər. Amma biz hasilata başlayan kimi hamı maraq göstərdi. Qazaxıstan da, Türkmənistan da, İran da və əslində, Rusiya da. Bax, elə o vaxtdan Xəzərin statusunun müxtəlif variantları müzakirə olunur.

Mənə elə gəlir ki, Xəzərin bugünkü statusunu bütün parametrlər üzrə tam müəyyən etmək çətindir, bundan ötrü xeyli vaxt lazımdır. İlkin parametrlərə gəldikdə isə, biz artıq neft hasilatına başlamışıq. Türkmənistan sahillərində, doğrudur, az neft çıxarılır, bu yaxınlarda Qazaxıstan öz sektorunda çox böyük "Kaşaqan" yatağını kəşf etmişdir. Mənə deyildiyinə görə, "LUKoyl" Rusiya sektorunda kəşfiyyat quyuları qazır və orada proqnozlar yaxşıdır. Yəni, bu proses gedir. Amma bu məsələ rəsmiləşdirilməyibdir. Ancaq ilk addım atılmışdır. Xəzərin sahillərdən eyni məsafədə yerləşən orta xətt üzrə Rusiya və Qazaxıstan sektorlarına bölünməsi haqqında Qazaxıstan ilə Rusiya arasında saziş imzalanmışdır. Bu addımın atılmasının özü yaxşıdır. Sonra, Vladimir Vladimiroviç Putin bu ilin əvvəlində Bakıda olarkən biz də Rusiya ilə eyni cür saziş imzaladıq. Türkmənistan isə gah bu təklifə, gah da digərinə tərəfdar çıxır. Mən bilmirəm, onların mövqeyi barəsində heç nə söyləyə bilmərəm. Sahilyanı dövlət kimi, çox kiçik bir hissəyə malik olan İrana gəldikdə isə, o, Xəzərin beş bərabər hissəyə bölünməsi məsələsini qaldırır. Bu, real deyildir. Çünki bu ölkələr Xəzərin sahilində yerləşir və onların hər birinin öz hissəsi, dənizə çıxışı var. Əgər indi onu beş bərabər hissəyə bölsək, deməli, bu halda İran haradasa Rusiya, Qazaxıstan yaxınlığında öz hissəsinə malik olacaq? Bu, real deyildir. Amma bütün bunlara baxmayaraq, məsləhətləşmələr gedir, ekspertlər görüşürlər. Tehranda, Aşqabadda bir neçə görüş keçirilmişdir.

Biz bu məsləhətləşmələrdə fəal iştirak edirik və çalışırıq ki, Xəzərin hüquqi statusu müəyyənləşdirilsin. Amma biz hesab edirik ki, hər şeyi birdən müəyyənləşdirmək çətindir. Bu məsələyə mərhələlərlə yanaşmaq lazımdır. Əvvəlcə mineral ehtiyatlardan istifadə, sonra isə suyun səthi, təbii ki, balıqçılıq, gəmiçilik məsələləri həll edilməlidir, vəziyyət hələlik, bax, belədir. Zənnimcə, Türkmənistan prezidenti türkmənbaşı bu məsələni müzakirə etmək üçün Xəzəryanı ölkələrin dövlət başçılarının oktyabrda Aşqabadda görüşünü keçirmək istəyir. Ancaq dövlət başçılarının görüşməsi üçün məsələdə aydınlıq olmalıdır. Amma hələlik bu, müəyyən edilməmişdir. İndi vəziyyət belədir. Biz öz sektorumuzda fəal işləyirik, onun hüdudlarından kənara çıxmırıq və çıxmayacağıq.

Mixail Kojokin ("İzvestiya" qəzetinin Baş redaktoru): Heydər Əliyeviç, Siz bizim görüşümüzə belə qeyri-rəsmi ton verdiniz. Elə bu ruhda sual vermək olarmı? Rusiyadakı siyasətçilərin bir çoxu Sizə ürəkdən hörmət bəsləyir. Tatarıstan prezidenti Mintimer Şaripoviç Şaymiyev ən səmimi hisslərini gizlətmir. Belə isə, Rusiyanın keçmiş və indiki siyasətçilərindən hansılarla qeyri-rəsmi şəxsi əlaqə saxlayırsınız? Dünən dediklərinizdən belə başa düşdük ki, prezident Vladimir Putin ilə Sizin aranızda münasibətlər yaranmışdır.

Heydər Əliyev: Mən şadam ki, prezident Putinlə aramızda çox mehriban və hesab edirəm, səmimi münasibətlər yaranmışdır. Digərlərinə gəldikdə isə, məsələn, Ukrayna prezidenti Kuçma ilə çox səmimi, dostluq münasibətlərimiz var. Eduard Amvrosiyeviç Şevardnadze ilə biz təxminən eyni taleli insanlarıq, bir-birimizi 35 ildən çoxdur tanıyırıq. İş elə gətirdi ki, 1969-cu ildə mən respublika DTK-sının sədri vəzifəsindən Azərbaycan KP MK-nın Birinci katibi seçildim, üç il sonra isə Şevardnadze Daxili İşlər naziri vəzifəsindən Gürcüstanda Birinci katib seçildi. O zaman, ümumiyyətlə, bizim Zaqafqaziya respublikaları arasında, eləcə də onların rəhbərləri arasında – Şevardnadze, mərhum Dəmirçyan və mənim aramızda böyük dostluq vardı. Biz tez-tez gah Tbilisidə, gah Yerevanda, gah da Azərbaycanda görüşürdük. Bu görüşlər respublikalarımıza aid müxtəlif tədbirlərlə əlaqədar da keçirilirdi. Bundan əlavə, Zaqafqaziya hərbi dairəsi var idi, hamımız onun üzvü idik. Zaqafqaziya hərbi dairəsi, istər-istəməz, ildə bir dəfə, bəzən iki dəfə öz Hərbi Şurasını çağırırdı. Bu şuranı bir dəfə Tbilisidə, o biri dəfə Yerevanda, üçüncü dəfə Azərbaycanda toplayırdı. Ona görə də ünsiyyətimiz çox yaxşı idi. Eduard Şevardnadze ilə bağlı belə oldu ki, məndən üç il sonra o da Gürcüstana rəhbər seçildi. Sonra mən Moskvaya getdim, üç il sonra o da oraya gəldi. Doğrudur, mən 1987-ci ildə istefa verdim, o isə Sovetlər İttifaqı dağılana qədər vəzifədə qaldı. Sonra isə Gürcüstana qayıtdı və ona rəhbərlik etməyə başladı. Bir müddət, məncə, iki il sonra tale elə gətirdi ki, mən Bakıya qayıtdım. Bizim bu köhnə dostluğumuz indi də davam edir və indi çox yaxşı dostluq münasibətlərimiz var. O ki qaldı, məsələn, Mərkəzi Asiya respublikalarının prezidentlərinə, bu yaxınlardan rəhbər işdə olan Tacikistan prezidentindən savayı, yerdə qalanların hamısı ilə biz bir vaxtlar işləmişik. Doğrudur, onlar birinci şəxslər olmayıblar. Məsələn, Nazarbayev MK-nın katibi, sonra Nazirlər Sovetinin sədri olub, mən isə Moskvada sədrin birinci müavini idim. Biz onunla sıx ünsiyyətdə olurduq. Yaxud da ki, məsələn, türkmənbaşı, o, MK-nın sənaye üzrə katibi, sonra Nazirlər Sovetinin sədri idi və bu da bizə tez-tez ünsiyyətdə olmaq imkanı verirdi. İslam Kərimov Maliyyə naziri, sonra Nazirlər Soveti sədrinin müavini işləyib, Moskvada onunla da ünsiyyətimiz olurdu. Yəni bu insanları mən çoxdan tanıyıram. Yaxud da ki, məsələn, bu yaxınlaradək Moldovada prezident Luçinski idi. Onunla 30 ildən çox tanışlığımız vardı və dostluq münasibətləri saxlayırdıq. Ona görə də bu insanlar mənim üçün yeni deyil və hər birinə böyük hörmətim var, onlar da mənə hörmət bəsləyirlər. Hesab edirəm ki, bu bizim birgə işimiz üçün çox mühüm amildir.

Viktor Loşak ("Moskovskiye novosti" qəzetinin Baş redaktoru): Heydər Əliyeviç, qısa sualım var. Siz kütləvi informasiya vasitələri ilə münasibətlərinizi necə qurursunuz? Dövlətin birinci şəxsi ilə münasibət biz jurnalistlər üçün çox vaxt olduqca ağrılı məsələdir. Siz kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşürsünüzmü? Onları deyək ki, televiziyaya, dövlət mətbuatına rəhbər vəzifələrə təyin edərkən hansı meyarları əsas götürürsünüz?

Heydər Əliyev: Bilirsinizmi, mən kütləvi informasiya vasitələrinin bütün nümayəndələri və rəhbərləri ilə çox yaxşı münasibətlər qurmaq istəyirəm. Amma bu təkcə məndən asılı deyil, hər iki tərəfdən asılıdır. Televiziyaya gəldikdə isə, bizdə dövlət televiziyası ilə yanaşı, özəl kanallar da var. Özəl televiziya, əsasən, müxalifət xarakterlidir. Amma mənim onlarla yaxşı münasibətlərim var. Dövlət televiziyası isə, təbii ki, dövlətin televiziyasıdır. Bizdə dövlət təminatında olan cəmi dörd qəzet var – "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və rus dilində çıxan "Bakinski raboçi". Qalan bütün qəzetlər özəldir. Mənim yaratdığım Yeni Azərbaycan Partiyasına mənsub olan bir neçə qəzet var. Mən bu partiyanı hələ Naxçıvanda olarkən yaratmışam. Yeri gəlmişkən deyim ki, bu, Azərbaycanda ən böyük partiyadır. Təbii ki, onlarla qarşılıqlı münasibətlərimdə heç bir problem yoxdur. Müxalifət partiyalarına mənsub olan və ya ümumiyyətlə, müxalifətə aid olmayan bütün digər qəzetlərə, özəl qəzetlərə gəldikdə isə, mən onlarla hansısa bir hadisə ilə əlaqədar, məsələn, mətbuat konfransında görüşürəm. Əlbəttə, bu qəzetlərin rəhbərləri ilə deyil, nümayəndələri ilə, onların rəhbərləri belə tədbirlərdə çox az-az olurlar.

Haraya isə gedirəm, hava limanında mütləq bütün suallara cavab verirəm. Qayıdıram, nə vaxt olur-olsun, gecə saat bir, iki – jurnalistlər gözləyirlər, bütün suallara cavab verirəm. Başqa şəraitdə də görüşürük. Əlbəttə, içərisində çox bədxahları da var, onlarla əlaqə saxlamaq, sadəcə, mümkün deyildir. Ümumiyyətlə isə, mənim mətbuata münasibətim həmişə xeyirxah olub və indi də belədir. Mən heç vaxt elə etməmişəm ki, hansısa qəzet bizə xoş gəlmək üçün nəsə yazsın, mən bu qəzetlə hansısa münasibətlər qurum. Yox. Bəzi insanlar bu qəzetləri oxuyurlar. Nə üçün? Çünki görsün ki, özü haqqında bir şey yazıblar ya yox. Əgər özü haqqında bir şey yazılmayıbsa, o arxayındır, qalan hər şeyə tamamilə laqeyddir. Amma prezident haqqında hər gün yazılmasını o, normal hal hesab edir. Birdən görürsən ki, hansısa nazir, yaxud aparatın işçisi az qala doluxsunaraq mənə zəng edir ki, bilirsiniz, mənim barəmdə yazıblar... Soruşuram, neçə dəfə yazıblar? İki-üç məqalə yazıblar. Deyirəm ki, mən nə edə bilərəm? O deyir ki, mənə zərbə vururlar. Soruşuram ki, sən mənim haqqımda neçə dəfə yazıldığını oxumusan, bu səni niyə narahat etmir? Axı mən prezidentəm, sənə böyük etimad göstərərək bu və ya digər vəzifəyə təyin etmişəm. Nə üçün mənim haqqımda yazılanda münasibətini bildirmirsən, özün barəsində yazılanda reaksiya verirsən? Ona görə də mən nə buna, nə də digərinə reaksiya vermirəm. Yəqin ki, bu xəstəlik hər yerdə var.

Məhəmməd Əliyev (Ümumrusiya Azərbaycanlılar Konqresi sədrinin müavini): Mən jurnalist deyiləm, Rusiyadakı Azərbaycan diasporunun çoxsaylı nümayəndələrindən biriyəm.

Heydər Əliyev: Siz azərbaycanlısınız?

Məhəmməd Əliyev: Bəli, azərbaycanlıyam. Mən mənzillərin abadlaşdırılması və tikilməsi ilə məşğul oluram. Buna görə də abadlaşdırma barədə Sizin dediyiniz sözlər mənim üçün daha xoşdur və mənə yaxındır. Ümumiyyətlə, Siz atamın və mənim taleyimə çox böyük təsir göstərmisiniz. Sizə bir sualım var. Moskvada və ümimiyyətlə, Rusiyada, habelə bütün dünyada Azərbaycan diasporu qarşısında hansı vəzifələr durur?

Heydər Əliyev: Bilirsinizmi, bizim ən zəif yerimiz budur ki, Azərbaycan diasporu passivdir. Onu erməni diasporu ilə heç vəchlə müqayisə etmək olmaz, Azərbaycan diasporu passivdir. Məsələn, müxtəlif rəqəmlər göstərirlər, rəqəmlər nisbidir. Bəziləri deyir ki, Rusiyada bir milyon azərbaycanlı yaşayır, başqaları deyir milyon yarım, bir qismi də deyir ki, Rusiyada azərbaycanlıların sayı iki milyon nəfərdir. Onlar haradadır? Onlar nə üçün Azərbaycanın müqəddəratı ilə əlaqədar öz səslərini ucaltmırlar? Hərə öz işi ilə məşğuldur. Onların bir qismi elm sahəsində, bir qismi səhiyyə sahəsində çalışır, başqa bir qismi bizneslə məşğuldur və s. Mən belə hesab edirəm ki, insan harada yaşayırsa yaşasın, öz vətənini unutmamalıdır, vətəninin taleyinə və orada baş verən proseslərə biganə qalmamalıdır.

Eyni zamanda hesab edirəm ki, Rusiyada yaşayan azərbaycanlılar Rusiyanın layiqli vətəndaşları olmalıdırlar, öz hərəkətləri ilə xalqını gözdən salmamalıdırlar. Bir tərəfdən, onların vəzifəsi bundan ibarətdir, digər tərəfdən isə, onlar öz vətəninin, öz torpağının, öz xalqının vətənpərvərləri olmalı, öz dilini, adətlərini unutmamalıdırlar. Bu dediklərim fərdi xarakter daşıyır. Onlar Ermənistan–Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq ağır vəziyyətə düşmüş Azərbaycanın mənafeyi naminə birləşməli, erməni diasporunun əməllərinə özlərinin haqlı dəlilləri ilə cavab verməlidirlər. Məsələn, mən bəzi qəzetlərdə erməni familiyalarına rast gəlirəm, bəzi ermənilər isə təxəllüslə yazırlar. Onlar Azərbaycan haqqında hər gün nə isə yazırlar. Mən Ermənistan barədə yazılan və ya Azərbaycandakı real vəziyyəti işıqlandıran məqalələrə rast gəlməmişəm. Bəlkə də bu, təkcə diasporun xüsusiyyəti deyildir.

Bilirsinizmi, bizim diasporda birlik, yekdillik yoxdur. Mən sizə dedim ki, Moskvada bütün vəzifələrdən istefaya getdim. Azərbaycanın tarixində yeganə hal idi ki, azərbaycanlı, müsəlman Sovetlər İttifaqı kimi fövqəldövlətin aparıcı rəhbərlərindən biri olmuşdu. Mən hətta Moskvada yaşayan adamlar üçün, Azərbaycanda işlədiyim dövrdə onların oxuması, ali təhsil alması üçün, onların elmlə və başqa fəaliyyətlə məşğul olması üçün nə qədər işlər görmüşdüm. Mən istefaya gedəndə elə bir azərbaycanlıya rast gəlmədim ki, mənə maraq göstərsin, maraqlansın ki, bu adam sağdır, ya yox. Axı o zaman mən qeyri-adi bir insan idim. Heç olmazsa, milli iftixar hissi adamlarda belə bir fikir doğurmalı idi ki, bəlkə də Əliyev nədəsə günahkardır, ola bilər. Amma, axı o, Azərbaycan xalqını bütün Sovetlər İttifaqında, Kremldə təmsil edirdi. Məgər bu hər bir azərbaycanlı üçün fəxr deyildimi? Mən bu barədə öz həyatımın timsalında danışıram. Məsələn, bu gün Moskvada azərbaycanlıların bir qrupu, başqa bir qrupu bir-biri ilə ya rəqabət aparır, ya da nə isə başqa bir iş görürlər. Ötən il mən Moskvada olanda bizim səfirimiz səy göstərdi ki, biz Moskvada yaşayan azərbaycanlıların Konqresini yaradaq. Mənim vaxtım az idi. Səfir imkanı daxilində azərbaycanlıları bir yerə topladı. Mən onlarla görüşdüm, onların qarşısında çıxış etdim. Onkoloji mərkəzdə işləyən Məmməd Əliyev Konqresin sədri seçildi. Fikrimcə, bu, yaxşı işlərin başlanğıcıdır. Məsələn, Ulyanovskda Azərbaycan diasporu var. Orada 35 min azərbaycanlı yaşayır. Onların nümayəndələri tez-tez Bakıya gəlirlər. Onlar orada "Nizami" cəmiyyəti yaratmışlar. Ulyanovskda böyük maarifçilik işi aparılır. Mən istərdim ki, hamı belə hərəkət etsin.

Mən sizə deyə bilərəm ki, Ukraynadakı Azərbaycan diasporu çox mütəşəkkildir. Orada 500 min azərbaycanlı yaşayır. Onlar azərbaycanlıların konqresində fəaliyyətlərindən əlavə, Ukrayna Xalqları Konqresinin işində də iştirak edir, prezident Kuçma ilə görüşürlər. Əlbəttə, azərbaycanlılar Kuçmanı dəstəkləyirlər, çünki mən də onu dəstəkləyirəm. Bu mənada onlar mənimlə yekdildirlər. Təəssüflər olsun ki, bu sözləri Moskvadakı Azərbaycan diasporu haqqında demək olmaz. Mən bilirəm ki, Saratovda, eləcə də Novosibirskdə yaxşı, sıx birləşmiş diaspor var. Mən sizlərə nələri arzu edərdim? Rusiyanın layiqli vətəndaşları olun, öz xalqınızın, öz vətəninizin layiqli vətənpərvərləri olun!

Andrey Vasilyev ("Kommersant" qəzetinin Baş redaktoru): Mənim belə bir sualım var...

Heydər Əliyev: Yeri gəlmişkən, sizin qəzetiniz çox vaxt Azərbaycan haqqında xoşagəlməz məqalələr yazır.

Andrey Vasilyev: Mən Baş redaktoram və yaza bilmirəm. Siz dünən danışdığınız mövzuya bu gün də qayıdıb dediniz ki, böyük siyasətdən getməyə məcbur olmuşdunuz. Siz bu barədə danışanda mən hiss etdim ki, mətbuatdan bir qədər incimisiniz, siyasətdəki həmkarlarınız Sizi məyus etmişlər. O zaman bu, doğrudan da, ağır məqam idi. Mən Sizdən xahiş edərdim ki, böyük siyasətə qayıtmağı qət etdiyiniz 90-cı ilə müraciət edəsiniz. Zənnimcə, bu, əvvəlki iki ildən sonra çox ağır qərar idi. Bilmək maraqlı olardı ki, Siz bu addımı atmağı nə vaxt qərara aldınız, Sizi buna nələr sövq etdi? Yəqin kimsə Sizi dilə tutmuşdu, yəqin ki, bunun açıq əleyhdarları da var idi. Həmin dövrə qayıtsaydınız, Sizə çox minnətdar olardım.

Heydər Əliyev: Bilirsinizmi, 1990-cı ildə məni bu addımı atmağa xalqıma olan məhəbbətim sövq etdi. Ümumiyyətlə, bir azərbaycanlı kimi, mən xalqımı sevirəm, öz xalqımın vətənpərvəriyəm. Mən çətin şəraitdə boya-başa çatmışam. Uşaqlıq illərində də, gənclik illərində də. Nəyə nail olmuşamsa, öz zəhmətimlə nail olmuşam, mənə heç kəs kömək etməmişdir. Mən öz xalqımı sevirəm. 14 il ərzində Azərbaycana rəhbərlik etdiyim dövrdə mən öz respublikam üçün çox iş görmüşəm. Buna görə də o mənim üçün əzizdir. Elə bu evi götürün, o mənim deyildir. Siz gördünüz ki, mən elə indiyədək köhnə evdə yaşayıram. Hərçənd buraya köçə bilər və deyərdim bura mənim iqamətgahımdır. Mən hamısını xalqım üçün etmişəm ki, buraya gələn qonaqlar bütün bunları – saysız-hesabsız yaşayış evlərini, fabrikləri, zavodları və s. görsünlər.

Şəxsi incikliyim olmuşsa da, bunlara dözmüşəm. Amma xalqıma qarşı edilən vəhşilik şəxsi  xarakter daşımırdı. Bu mənim şəxsi incikliyim və şəxsi iddialarımla bağlı deyildi. Xeyr. Mən bu addımı atdım. Mənim məqsədim nə idi? Yenidən böyük siyasətə qayıtmaqmı? Xeyr. Mən sizə açıq deyirəm ki, yox. Sadəcə olaraq, mən Bakıda yaşayan bəzi azərbaycanlılar, yeri gəlmişkən, kifayət qədər görkəmli adamlar kimi susa bilməzdim. Mən sonradan onlara öz sözümü dedim. Mən bütün bunlara biganə qala bilməzdim. Mən susa bilməzdim, elə buna görə də heç bir məqsəd güdmədən mən bu addımı atdım. Amma sonra nə oldu? Məni daha da çox təqib etməyə başladılar. Bir tərəfdən, məni Kommunist Partiyasından xaric etməyə hazırlaşırdılar, partiyadan isə mən özüm çıxdım. Digər tərəfdən, hətta məni həbs etmək üçün material toplayırdılar. Nə üçün? Qorbaçovun köməkçisi Çernyayevin gündəliyini oxuyun. O yazır: Günlərin bir günü biz səhər Şahnazarovla birlikdə Qorbaçovun yanına gəldik. Qorbaçov Şahnazarovu qucaqlayıb öpdü və 64 yaşının tamam olması münasibətilə təbrik etdi. Sonra Cənubi Qafqaz, münaqişə və s. haqqında danışdıq. Qəflətən Əliyevdən söz düşdü. Qorbaçov dedi: Qurdalayırıq, qurdalayırıq və yəqin ki, Rəşidov barəsindəki işdən daha tutarlı bir şey tapacağıq. Çernyayev həmin sözləri bu yaxınlarda yazmışdır, mən bunu bilmirdim. Lakin bir şeyi bilirdim ki, onlar məni, sadəcə olaraq, məhv etmək istəyirdilər. Nə üçün, mən bunu başa düşə bilmirəm. Ancaq ötən illər göstərdi ki, mən heç bir cinayət törətməmişəm. Doğrudur, bizim kinematoqrafçılar film çəkmiş və orada işdən xəbərdar olan Aleksandr Nikolayeviç Yakovlevə müraciət etmişlər. Həmin filmdə ondan soruşurlar: Qorbaçov nə üçün Əliyev barədə belə hərəkət etmişdir? O cavab vermişdir ki, o, paxıllıq edirdi. Mən demək istəmirəm ki, həmin illərdə mənim familiyama xarici mətbuatda tez-tez rast gəlmək olurdu. Mən bu barədə danışmaq istəmirəm. Ona görə ki, siz arxivlə tanış ola bilərsiniz. Bütün bunlar arxiv materiallarında öz əksini tapmışdır. Onları oxuya bilərsiniz. Amma insana qarşı da belə etmək olarmı?

Mən yanvardan sonra hiss etdim ki, artıq mənim axırıma çıxmaq istəyirlər. Mən DTK-da işləmişdim, hər halda orada tanışlarım var idi, xeyirxah insanlar idilər. Mən Bakıya qayıdıb burada yaşamağı qət etdim. Amma Bakıda mənzilim yox idi. 1990-cı ilin yanvarında, yeri gəlmişkən, tökülən qanlar üzərində MK-nın Birinci katibi olmuş Mütəllibova müraciət etdim ki, Bakıda mənə mənzil versin. Mən nə qədər evlər tikmişdim. Bakıdan gedəndə isə öz mənzilimi təhvil vermişdim. Bağım yox idi, heç nəyim yox idi. Ona hətta öz mənzilimi təklif etdim. Yeri gəlmişkən, çox yaxşı mənzil idi. O zaman Siyasi Büronun üzvünə yaxşı mənzil verirdilər. O vaxt burada belə mənzil yox idi. Onlar xahişimi rədd etdilər, mənzil vermədilər. Nə üçün? Məlum oldu ki, məni Azərbaycana buraxmaq istəmirlər. Məni Azərbaycana buraxmaq istəmir, Moskvada da təqib edirdilər. Mən nə edə bilərdim? Bakıya uçan təyyarəyə iki dəfə bilet aldım. Hər iki halda duyuq düşüb, mənə zəng vurmağa başladılar. Puqo da, Liqaçov da zəng vurdu. Partiya Nəzarəti Komitəsindən Puqonun müavinləri zəng vurdular, Razumovski də zəng vurdu. Deyirdilər ki, Heydər Əliyeviç, Sizə Azərbaycana getmək lazım deyil. Mən soruşurdum: Nə üçün? Cavab verirdilər ki, orada vəziyyət onsuz da son dərəcə mürəkkəbdir, Sizin oraya getməyiniz vəziyyəti pozacaqdır. Nə üçün pozacaqdır, axı mən həmin ölkənin vətəndaşıyam, oraya köçmək və orada yaşamaq istəyirəm.

Nəhayət, 1990-cı ilin ortalarında oradan gedə bildim. Nələr baş verdi? Mən bilet aldım və telefonla qardaşıma dedim ki, filan gün gəlirəm. Amma telefonlar nəzarətdə idi. Mənim tabeliyimdə işləmiş bir çoxlarından fərqli olaraq, bir nəfər ləyaqətli adam sinəsini irəli verdi. Mən onun üçün heç vaxt heç nə etməmişdim. O, ömrü boyu nəşriyyatda işləmiş, kitablar, jurnallar nəşr etmişdi. O, Əjdər Xanbabayev idi. Yeri gəlmişkən, ondan bir il əvvəl Moskvaya gəlib məni axtarıb tapanda mən təəccüblənmişdim. Yanıma gəldi. Mən onu tanımadım. Sonra o, izah etdi və mən onu xatırladım. Hiss etdim ki, o mənə rəğbət bəsləyir. Belə ağır vaxtda diqqət göstərmək üçün mənimlə görüşməyə gəlmişdir. O, Əliyevin təyyarə ilə Bakıya gələcəyini biləndə ziyalılara, yazıçılara və başqalarına zəng vurur ki, gəlin birisi gün Əliyevi qarşılamağa gedək. Bədxahlar onu qətlə yetirdilər. Yeri gəlmişkən, onun qətlini Mütəllibov və DTK-nın sədri, mənim irəli çəkdiyim Vaqif Hüseynov – indi o, Moskvada yaşayır – təşkil etmişdilər. Əjdər Xanbabayev işdən sonra özünün "Jiquli" maşınında evə qayıdanda onu öldürdülər. Günahsız bir insanı qətlə yetirdilər.

Yeri gəlmişkən, mən çox şadam ki, bu yaxınlarda "Naşirin ölümü" kitabı nəşr edilmişdir. Kitabın müəllifləri Elmira Axundova və Baş prokurorun keçmiş birinci müavinidir, indi o işləmir. Sizə məsləhət görərdim ki, o kitabı oxuyasınız. Onu da deyim, o vaxt bu işi ört-basdır etdilər. Bu, 1990-cı ildə olmuşdur. 1995-ci ildə İsa Nəcəfov bu işi araşdırmağa başladı və qatilləri, qətlin təşkilatçılarını tapdı, həmin qətlin necə təşkil olunduğunu açdı. O zaman mən Moskvadan getməyimi təxirə saldım. Görkəmli ziyalılarımızdan biri qardaşımın yanına gəlib ona demişdi: Bilirsinizmi, Əliyevə çatdırın ki, Bakıya gəlməsin. Yəqin ki, burada onu öldürəcəklər. Amma mən gəldim. Hava limanında mənə qarşı fitnəkarlıq törətmək istədilər, amma baş tutmadı. Qardaşımın evində qaldım. Üçüncü gün hədə-qorxular başlandı. Əliyev Bakını tərk etməlidir, yoxsa, onun həyatı təhlükədədir. Mən nə etməli idim? Moskvaya qayıda bilməzdim, başqa bir ölkəyə də getməyə imkanım yox idi. Çox fikirləşdim, axırda bu qərara gəldim ki, öz vətənimə, Naxçıvana gedim. Naxçıvanın Azərbaycanla əlaqəsi kəsilmişdi və blokada şəraitində yaşayırdı. Mən təyyarə ilə Naxçıvana getdim. Orada adi bir insan kimi bacımın evində yaşadım. Sonra isə məni Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Ali Sovetinin deputatı seçdilər. 1991-ci ildə deputat kimi Bakıya gəldim, baxmayaraq ki, yenə də hədələr var idi. Təkcə buradan yox, hətta Moskvadan da çox yüksək vəzifəli şəxslər Naxçıvana zəng vurub mənə deyirdilər ki, Bakıya getməyin. Başqa təfərrüatlar da var. Hələ onu demirəm ki, məni Naxçıvanda qalmağa razı salmaq üçün çox mötəbər adamları Naxçıvana göndərirdilər. Mən Bakıya gəldim, sessiyanın işində iştirak etdim və hansı işləri görmək lazım olduğunu dedim, Moskvada qiyam baş verəndə qayıtmışdım, Naxçıvanda dərhal Vilayət Partiya Komitəsini bağladılar, hamını qovdular.

Qiyam zamanı mən artıq burada, Bakıda idim. Təyyarə ilə Naxçıvana gəldim. Muxtar Respublika Ali Sovetinin iclası gedirdi. Gündəlikdə sədr seçmək məsələsi dururdu. Orada Xalq Cəbhəsinin böyük fraksiyası var idi. Deputatların təqribən üçdə bir hissəsi Xalq Cəbhəsini təmsil edirdi. Onlar özlərinin namizədini irəli sürdülər. Başqaları isə ayrı bir namizəd irəli sürdülər. Razılığa gələ bilmirdilər. Sonra dedilər ki, gəlin Əliyevi seçək, mən sessiyanın işində qəsdən iştirak etmirdim. Çünki bilirdim ki, onlar mənə müraciət edəcəklər. Bacımın evində idim. Sessiya iki-üç gün idi davam edirdi, ancaq heç bir şey edə bilmirdilər. Evə gəlib məni sessiyaya dəvət etdilər. Üç-dörd dəfə razılıq vermədim. Razılığım olmadan məni Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçdilər. Orada işlədim. Çox ağır şəraitdə yaşayırdım və Bakıya qayıtmaq barədə heç fikirləşmirdim. 1993-cü ildə, burada siyasi və iqtisadi böhran, vətəndaş müharibəsi başlayanda Azərbaycanın hər yerindən adamlar, ziyalılar dəstə-dəstə Naxçıvana gəlirdilər. Oraya getmək çətin idi, təyyarə az idi. Hava xəttindən başqa heç nə yox idi, elə bu gün də yoxdur. Oraya gedib çıxmaq çox çətindir. Nəhayət, keçmiş prezident, mərhum Əbülfəz Elçibəy çox ağır vəziyyətdə qalıb özü mənə zəng vurmağa başladı, nümayəndəsini göndərdi, təyyarə göndərdi. Bakıya qayıtmağım barədə Naxçıvanda mənimlə dörd gün danışıqlar apardılar. Mən razılıq vermirdim.

Nəhayət, mən Bakıya gəldim. Mənə parlamentin sədri vəzifəsini təklif etdilər. Vəziyyət son dərəcə ağır idi. Vətəndaş müharibəsi gedirdi, qan tökülürdü. Gəncədə silahlı dəstə hakimiyyətə qarşı çıxmış və əslində, Azərbaycanın böyük bir hissəsini ələ keçirmişdi. Mənə edilən təklifi nəyin naminə qəbul edim? Mən o vaxtadək çox işlər görmüşdüm, heç kəs qiymətləndirmədi. Nəyin naminə razı olum? Amma ölkənin fəlakət həddinə çatdığını hiss edəndə fikirləşdim və qəbul etmək qərarına gəldim. Əvvəlcə qanlı hadisələrin baş verdiyi, silahlı dəstələrin toplaşdığı Gəncəyə getdim. Mən onlarla danışıqlar apardım, inandırmağa çalışdım ki, öz niyyətlərindən əl çəksinlər. Bir şey çıxmadı. Yeri gəlmişkən, bu işə qarışdığım üçün orada da məni az qala öldürmüşdülər. Çünki onlar elə hesab edirdilər ki, artıq hakimiyyətə gəlmişlər. Gəncədən qayıtdım və mənə edilən təklifə razılıq verdim. İyunun 15-də məni parlamentin sədri seçdilər. İki gündən sonra prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib, təyyarə ilə Naxçıvana getdi. Yeri gəlmişkən, o da əslən naxçıvanlı, dağ kəndi Kələkidən idi. Dörd il orada yaşadı, qorxurdu ki, onu öldürəcəklər. Mən isə burada tək-tənha qaldım – prezidentin də, parlament sədrinin də, Baş nazirin də vəzifələrini mən icra edirdim. Bax, mən siyasətə belə bir şəraitdə qayıtdım. Bəlkə də cavabım çox uzun oldu. Mən bu barədə qısaca da danışa bilərdim. Amma istəyirəm ki, siz həqiqəti biləsiniz. Azərbaycanda bunu hamı bilir. Azərbaycanda yaranmış son dərəcə ağır vəziyyət, eləcə də siyasət məni hakimiyyətə qayıtmağa vadar etdi.

Aleksey Şeynin ("Petit" nəşr evinin prezidenti): Hörmətli Heydər Əliyeviç, mən Latviyadanam. Latviya olduqca kiçik ölkədir. Buna görə də mən indi onun barəsində uzun-uzadı danışmayacağam. Mən, sadəcə, Sizə təşəkkür etmək istəyirəm ki, bu həftə Siz və Azərbaycanın digər rəhbərləri, Xarici İşlər naziri başda olmaqla, Latviya nümayəndə heyətini qəbul etməyə macal tapdınız. Bunun nəticəsində konkret müqavilələr imzalandı və Baltikyanı regionda Azərbaycan səfirliyinin açılması barədə qərar qəbul edildi. Biz ümid edirik ki, səfirlik Riqada açılacaqdır. Bunun üçün çox sağ olun.

Biz jurnalistlər camaatla, hər şeydən əvvəl, öz oxucularımızla ünsiyyətdə oluruq. Oxucularla ünsiyyətdə olan şəxslər kimi, belə hesab edirik ki, bir-birimizə bələd olmaq çox vacibdir. Düzünü desək, bizdə də vəziyyət o qədər sadə deyildir. Lakin Allaha şükürlər olsun ki, bizim siyasətçilərimiz də qonşularla mehriban münasibətlər yaratmağın nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməyə başlayırlar. Siyasətçilərin tez-tez səfərə çıxmaları bunun nəticəsidir. Mən ümid edirəm ki, biz də uzaq və kiçik bir ölkə olan Latviyada da şəxsən Sizə, Azərbaycana dostluq münasibətləri bəslənməsi üçün səy göstərəcəyik. Qoy Azərbaycanda da Raymond Paulsu Latviyada tanıdıqları kimi yaxından tanısınlar və xatırlasınlar, necə ki, Polad Bülbüloğlunu Latviyada tanıyır və xatırlayırlar. Rəmzi olaraq, mən Sizə kiçik bir hədiyyə – kəhraba gəmi bağışlamaq istəyirəm. Qoy həmin gəmi bizim dənizlərimizi birləşdirsin, bizim aramızda ünsiyyəti və dostluğu möhkəmləndirsin. Çox sağ olun.

Heydər Əliyev: Bu yaxınlarda Xarici İşlər naziri başda olmaqla, Latviyanın böyük bir nümayəndə heyəti buraya gəlmişdi. Onu da deyim ki, bu, nazirin respublikamıza ikinci səfəri idi. Latviya ilə, bütün Baltikyanı ölkələrlə aramızda çox səmimi dostluq münasibətləri, mehriban münasibətlər yaranmışdır. Biz Avropa Şurasına daxil olarkən Azərbaycanı dəstəklədiyinə görə mən ona öz minnətdarlığımı bildirdim. Yeri gəlmişkən, iş elə gətirmişdi ki, Azərbaycanın Avropa Şurasına qəbulu ilə bağlı bütün prosesi orada İtaliyanın sədrlik etdiyi dövrə təsadüf etmişdi. Bu ilin yanvarında biz Avropa Şurasına qəbul olunanda isə Latviya sədrlik edirdi. Biz hamımız orada görüşdük. Mən ona təşəkkür etdim və bizə belə xeyirxah münasibətə görə bütün latışlara təşəkkürümü bildirirəm.

Biz bu fikirdəyik ki, Baltikyanı ölkələr düzgün yolla irəliləyirlər. Onlar hamıdan tez müstəqillik qazanmışlar. Doğrudur, bu o qədər də asan deyildi. Mən bütün bunları xatırlayıram. Baltikyanı ölkələrin rəhbərləri ilə görüşlər nəticəsində mən bu qənaətə gəlmişəm ki, əvvəla, üç Baltikyanı dövlət arasında çox yaxşı, mehriban münasibətlər yaranmışdır, elə bir ciddi ixtilaf yoxdur. İkincisi, siz Avropa Birliyinə daxil olmağa hazırlaşırsınız və s. Odur ki, sizə uğurlar arzulayıram. Raymond Paulsa gəldikdə isə, o, unudulmaz bəstəkardır. Mən onun necə yaşadığını, nə ilə məşğul olduğunu hər dəfə soruşuram. Elə indi də sizdən soruşuram: Onun kefi necədir, nə işlə məşğuldur?

Aleksey Şeynin: İşləyir, indiyədək də konsertlər verir, teatrda çalışır. Bu yaxınlarda İsrailə qastrola getmişdi. Bir sözlə, fəal həyat sürür.

Heydər Əliyev: Onun musiqisi və "Milyon, milyon qızıl gül" mahnısı həmişə qulaqlarımda səslənir. Əlbəttə, o, görkəmli bəstəkardır. Yəqin, hər kəs öz yolu ilə gedir.

Vitali İqnatenko (İTAR–TASS-ın Baş direktoru): Heydər Əliyeviç, Siz öz xatirələrinizi yazacaqsınızmı?

Heydər Əliyev: Xeyr. Mənim böyük bir nöqsanım var ki, xatirələrimi yazmıram. Bax, belə fürsət düşəndə ayrı-ayrı epizodlar haqqında danışıram. Yazmağa gəldikdə isə, yazmıram. Heç də ona görə yox ki, istəmirəm, ona görə ki, vaxtım yoxdur. Məsələn, sovetlər vaxtı mən Azərbaycana rəhbərlik edəndə bəzi partiya xadimləri və ya respublika rəhbərləri kitablar yazırdılar. Hətta bədii, elmi kitablar yazırdılar. Mən təəccüblənirdim, onlar bu kitabları nə vaxt yazırlar? Əgər onlar işləyirlərsə, kitab yaza bilməzlər. Yox, əgər kitab yazırlarsa, onda işləyə bilməzlər. Mən yeganə bir yol – işləmək yolunu seçmişəm. Allah elə eləsin ki, xatirə yazmağa imkanım olsun. Çünki mənim xatirələrim olduqca çoxdur.

Vitali İqnatenko : Hörmətli Heydər Əliyeviç, şəxsi dəvətinizə görə öz həmkarlarım adından Sizə bir daha ürəkdən təşəkkür etmək istəyirəm. Biz bu dəvəti xüsusi qiymətləndiririk, respublikaya gəlməyimizdən, onun inkişafını, irəliləyişini görməyimizdən, görmək istədiklərimizin hamısını görməkdən çox şadıq. Əlbəttə, hər şeydən əvvəl bizi, şəxsən məni Sizinlə işləyən kollektiv heyran etdi. Bu Sizin komandanızdır. Onlar son dərəcə peşəkar adamlardır, həmişə bizimlə idilər, istənilən suallara – çətin suallara da, asan suallara da cavab verirdilər. İndi bu masa arxasında əyləşmiş adamlar ümumi bir komandadır. Həmin komanda çalışacaqdır ki, bizim münasibətlərimiz – Rusiya ilə Azərbaycanın münasibətləri, Sizin dediyiniz kimi, bizim qəlbimizdə saf, rəvan və obyektiv münasibətlər kimi yaşasın, biz həmişə dərk edək ki, bizimlə yanaşı addımlayan insanlar öz yoldaşlarımızdır və biz bir-birimizdən çəkinməyək. Bir-birimizi həmişə dəstəkləyək. Zənnimcə, başlıca nəticə budur.

İkinci nəticə – bu, şəxsən Sizin taleyinizə aiddir. Əlbəttə, burada iştirak edənlərin çoxları üçün başlıca dərs bundan ibarətdir ki, siyasətçi bu dünyada özünü necə aparmalıdır: o, prinsipial, müdrik və cəsarətli bir insan olmalıdır. Zənnimcə, bir jurnalist kimi, bizim hamımızın çıxardığı ən başlıca nəticələrdən biri bundan ibarətdir. Qəbul üçün – həm rəsmi, həm də qeyri-rəsmi qəbul üçün çox sağ olun. Başlıcası odur ki, qəbul olduqca mehribanlıq və səmimilik şəraitində keçdi. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun. Mən sizin hamınıza fəaliyyətinizdə uğurlar, cansağlığı, firavanlıq arzulayıram, bütün arzularınızın çin olmasını diləyirəm. Bir çoxunuz gənc və orta nəslin nümayəndələrisiniz. Əlbəttə, hər biriniz həyatda hələ böyük yol keçməli olacaqsınız. Mən istəyirəm ki, siz bu yolu uğurla keçəsiniz, demək olar, hər birinizin qarşısına çıxan çətinlikləri aradan qaldırmağı bacarasınız. Belə böyük bir heyətdə bizə qonaq gəldiyiniz, bir dəqiqə belə vaxt itirmədən xalqımızın, respublikamızın həyatı ilə tanış olduğunuz üçün sizə təşəkkür edirəm. Şübhəsiz, sizin şəxsi təəssüratınız bizim üçün böyük əhəmiyyətə malikdir. Sizi bir daha dəvət  edirəm. Siz daha geniş heyətdə gələ bilərsiniz. Lakin gələn dəfə gedəcəyiniz məntəqələrdən biri də qaçqınların çadır düşərgəsi olacaqdır. Sağ olun. Sizə yaxşı yol.

Ukrayna Avropanın böyük ölkələrindən biridir. Mən hesab edirəm ki, Ukrayna düzgün yolla – müstəqillik yolu ilə, bütün sahələrdə demokratik islahatlar həyata keçirmək yolu ilə gedir. Mən əminəm ki, Ukrayna məhz bu yolla gedərək uğurlar qazanacaqdır. Dünya Birliyində Ukraynanın öz yeri var. Prezident Kuçma ləyaqətli insandır. Mən onunla dostluq əlaqələri saxlayıram. İki il əvvəl sizdə məhsul yığımı zamanı neft məhsullarına çox böyük ehtiyacınız var idi. O mənə müraciət etdi. Mən təcili surətdə oraya lazım olan qədər yanacaq göndərdim. Onlar bunun üçün mənə həmişə minnətdarlıq edirlər. Sizin xalqınız yaxşı xalqdır, ölkəniz gözəldir, adamlarınız qəşəngdir. Zənnimcə, çətinliklərə baxmayaraq, siz öz ölkənizi müstəqil və tərəqqi edən ölkəyə çevirəcəksiniz.

Tarixi arayış

MÜSAHİBƏLƏR