Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Müraciəti - Bakı, 28 dekabr 1999-cu il


Hörmətli həmvətənlər!

Əziz soydaşlarımız!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir.

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özünün tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqillik və dövlətçilik amallarını, doğma respublikamızın qayğıları, problemləri ilə yaşamalı, vətən qarşısında övladlıq borcunu dərk etməlidir.

Bütün azərbaycanlılara bu və ya digər tellərlə ölkəmizə bağlı olan hər bir şəxsə azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi torpağımıza, dilimizə, mədəniyyətimizə, mədəni irsimizə və dövlət rəmzlərimizə məhəbbət aşılamaq hamımızın ümdə vəzifəsidir.

Dünya azərbaycanlılarının həmrəyliyi XXI əsrin astanasında daha böyük məna və əhəmiyyət kəsb edir. Müstəqillik qazandıqdan sonra ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın Dünya birliyində layiqli yer tutmasına, eyni zamanda, bütün dünya azərbaycanlılarının milli hüquqlarının beynəlxalq haqlarının həyata keçməsinə geniş imkanlar açır. Bütün bu nailiyyətlərin inkişaf etdirilməsi üçün biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik.

İnanıram ki, gələcəyin güclü, qüdrətli Azərbaycanı dünya azərbaycanlılarının bu günlərimizdə əsası qoyulan və getdikcə mətinləşən həmrəyliyin möhkəm bünövrəsi üzərində qurulacaqdır.

Sizi bu Ümummilli bayram münasibətilə səmimi qəlbdən təbrik edir və ali məqsədlərimizin reallaşması naminə yenilməz birliyə, həmrəyliyə çağırıram.

Bayramınız mübarək olsun!

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər