Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Fidan və Xuraman Qasımovaların yaradıcılığının 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 20 dekabr 2002-ci il


- Əziz Fidan xanım!

Əziz Xuraman xanım!

Mən sizi 25 yaşınız münasibətilə, səhnə yaradıcılığı fəaliyyətinizin 25 illiyi münasibətilə təbrik edirəm, sizə cansağlığı arzu edirəm. Daim belə gözəl olasınız!

Həmişə xoşbəxt olasınız və bu gözəl səsinizi də, gözəl istedadınızı da qoruyub saxlayasınız!

Mən səhv etmədim ki, dedim, 25 yaşınız münasibətilə təbrik edirəm. Ona görə ki, həqiqətən, siz bu gün səhnədə elə oxuyursunuz, mürəkkəb mahnıları elə gözəl ifa edirsiniz ki, siz 25 yaşlı bir gənc müğənni təsəvvürü yaradırsınız. Güman edirəm ki, hələ sizin gələcəkdə böyük uğurunuz var.

25 il ərzində Fidan xanım və Xuraman xanım Azərbaycan musiqi sənətinin, opera musiqisinin, klassik musiqi sənətinin tarixinə böyük, gözəl qızıl səhifələr yazmışlar. Siz artıq Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin böyük tarixinə daxil olmusunuz və bu tarixdə ən görkəmli yerlərdən birini tutmusunuz.

Bilirsiniz, mən bu gün bu salonda böyük qürur hissi keçirirəm. Neçə vaxtdır burada oturmuşam, heç hiss etmirəm ki, vaxt keçibdir. Elə bil ki, hələ vaxt qarşıdadır. Dinləyirəm, baxıram və düşünürəm: dünyada Azərbaycan xalqı var, qədim tarixə malik olan, özü də çox zəngin tarixə malik olan Azərbaycan xalqı var. Dünyada müstəqil Azərbaycan dövləti var. Bizim xalqımızın, dövlətimizin hər şeyi var. Ölkəmizin gözəl təbiəti, təbii sərvətləri var, yeraltı zəngin sərvətləri - neft və qaz yataqları var. Gözəl meşələri, çayları, bulaqları, dağları - hər şeyi var. Xalqımızın, dövlətimizin böyük iqtisadi potensialı var. Böyük intellektual potensialı var. Gözəl opera və balet teatrı var. Artıq bu gün dünya ölçüsündə yüksək səviyyəyə çatmış bu gözəl simfonik orkestrimiz var. Gözəl, zəngin mədəniyyətimiz var. Bizim müxtəlif janrlarda çox zəngin teatr tariximiz var. Azərbaycan xalqının 130 illik tarixi olan dünyəvi teatrı var. Çox şeylər var. Bunların hamısını bu sarayda oturub düşünürəm. Bu sarayın özünün də 30 yaşı var. 30 ildir ki, bu sarayda gözəl mərasimlər keçir.

Mən düşündüm ki, 30 ildir orada otururam. Çünki 1972-ci ildə bu sarayın tikilməsinin təşəbbüskarı mən oldum. 1972-ci ilin dekabr ayında bu sarayda ilk təntənəli mərasim oldu. Düzdür, o vaxtdan bəzi fasilələr olubdur, mən Moskvada işlədiyim zaman, yaxud ümumiyyətlə, cəmiyyətdən təcrid edildiyim, Naxçıvanda yaşadığım zaman orada otura bilməmişəm. Ancaq ondan sonra orada yenə də otururam və hələ gələcəkdə də oturacağam. Bunları düşünərkən deyirəm, ilahi, biz nə xoşbəxtik. Ancaq bizim bu xoşbəxtliyimizi, bizim xalqın bu gözəl mədəniyyətini belə yüksəklərə qaldıran Azərbaycanın dəyərli insanları olubdur.

Böyük Üzeyir Hacıbəyov yüz il bundan öncə Azərbaycan opera sənətinin klassik musiqi sənətinin əsasını, təməlini qoyubdur. Onun davamçıları, yaratdığı məktəbin nümayəndələri Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və digərləri böyük-böyük əsərlər yazıblar. Azərbaycanda yeni bir mədəniyyət, incəsənət, musiqi janrı - opera, klassik musiqi yaranıbdır. Əgər qonşu müsəlman ölkələri ilə müqayisə etsək, Azərbaycan bu barədə həddindən artıq inkişaf etmiş bir ölkədir. Bunları yaradan insanlar da təbiidir ki, çox nadir fitri istedada malik insanlar olmuşlar. Bu sahədə hər adam müvəffəqiyyət qazana bilməz. Ancaq elələri buna müvəffəq olur ki, tale onlara böyük istedad bəxş edir və başqa imkanlar bəxş edir. Bunlardan, bizim mədəniyyətimizin ən dəyərli, ən görkəmli nümayəndələrindən də biri Fidan xanım və Xuraman xanımdır.

25 il çox deyil, amma az da deyildir. Mən Fidan xanımı hələ səhnədə olmadan görmüşdüm, tanıyırdım. Biz bu yaxınlarda görüşüb söhbət edəndə mənim xatirimə saldı. Amma mənim hafizəm var. Mən onsuz da bunu Fidan xanıma deyəcəkdim, o, məni qabaqladı. 1970-ci illərin əvvəlləri idi. Opera teatrına getmişdim. Orada "Koroğlu" operası gedirdi və fasilə zamanı mən teatrın foyesində gəzirdim. Bir də gördüm ki, kənarda Fidan xanımın atası, anası durublar, qız da onların yanında. Tanış idim, bunlara yanaşdım, salamlaşdım. Orada Fidan xanımı öpdüm, onda balaca idi. Düzdür, indi də öpməkdən çəkinmirəm. Fidan xanım öz sənətini inkişaf etdirməyə yeni-yeni başlamışdı. Mən dedim, Fidan, sən nə vaxt operada çıxış edəcəksən, Nigarın rolunu oynayacaqsan? O, çox təvazökar şəkildə başını aşağı saldı. Amma mənim sözlərimdə məna var idi. Mən bilirdim, gün gələcək ki, bəli, Fidan xanım səhnədə bizim Azərbaycan operasının ən şah əsərinin - "Koroğlu" operasının ən gözəl rolu olan Nigarın partiyasını ifa edəcəkdir.

Biz bu gün burada ekranda Fidan xanımın "Koroğlu" operasında Nigar rolunda oxumağını gördük. Nə qədər gözəl, nə qədər məlahətlidir, nə qədər də həqiqətən, Üzeyir Hacıbəyovun nəzərdə tutduğu Nigardır. Yəqin ki, çoxlarınız bilmir. Bəlkə siz də bilmirsiniz ki, Üzeyir Hacıbəyov "Koroğlu" operasını yazanda, təbiidir, birinci növbədə, Koroğlu rolunda böyük sənətkarımız Bülbülü nəzərdə tutmuşdur. Ancaq Nigar roluna onun istədiyi namizədi yox idi.

Ümumiyyətlə, XX əsrdə bizim opera sənətimiz inkişaf edəndə, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev ilk dəfə bu işlərlə məşğul olanda bəzi tamaşalarda qadın rollarını kişilər oynayırdı. Çünki Azərbaycan qadınları gedib belə rollarda çıxış etmirdilər. Sonrakı dövrlərdə, məlumdur ki, bizim böyük aktrisamız Şövkət Məmmədova Azərbaycan operasının inkişafında böyük fəaliyyət göstəribdir. 1920-30-cu illərdə Azərbaycan operasında Fatma Muxtarova da oxuyubdur. Amma ondan sonra ara kəsilibdir.

1937-ci ildə "Koroğlu" əsərini səhnəyə qoyanda Nigar rolunu ifa edən Azərbaycan millətindən deyildi. Siz bunu bilirsiniz. Yəni bu sənət o qədər çətin və o qədər də böyük iradə tələb edən sənətdir ki, o vaxt bizim Azərbaycanda belə müğənnilər tapılmırdı. Ondan xeyli müddət sonra bizim böyük aktrisamız Firəngiz Əhmədova bu rolu oynadı. Daha sonra növbə Fidan xanıma çatdı. Görürsünüz, tarix böyükdür, illər çoxdur. Amma ifaçılar bir-iki-üçdür, ona görə də belələri insanların ümumi sayına daxil ola bilməz. Onları həmişə ayrıca saymaq lazımdır. Bir nəfər, iki nəfər, üç nəfər, dörd nəfər, beş nəfər. Allah eləsin ki, çox olsun.

Mən ümidvaram ki, indi Fidanın da, Xuramanın da davamçıları olacaqdır. Azərbaycan səhnəsi boş qalmayacaqdır. Ancaq baxın, Azərbaycan səhnəsinin 25 ilində, əsasən, opera əsərlərində aparıcı rollarda Fidan xanım və Xuraman xanım çıxış ediblər.

Bilirsiniz, başqa janrlarda, başqa tamaşalarda müxtəlif rollarda çıxış etmək imkanı olan böyük sənətkarlarımız var. Amma opera sənəti, klassik musiqi həm xüsusi istedad tələb edir, həm xüsusi səs tələb edir, həm də o səsin hazırlanmasını tələb edir. Bizim xalq mahnılarını bir az oxuya bilən adam ifa edir, bir aydan sonra səhnəyə çıxır və böyük alqışlar da alır. Ancaq bu qızlar, həm Fidan, həm də Xuraman bu yüksək, mürəkkəb opera ariyalarını oxumaq səviyyəsinə gəlmək üçün nə qədər təhsil alıblar, musiqi təhsili alıblar. Nə qədər vaxt sərf ediblər. Bu ariyaları mənimsəmək üçün özlərini nə qədər məcbur ediblər ki, bu səviyyəyə gəlib çatıblar. Bu, onların fədakarlığıdır, zəhmətkeşliyidir.

Fidan xanım, Xuraman xanım indi Qərb klassik operalarının ən çətin, ən ağır partiyalarını məharətlə ifa edirlər. Biz bunu opera teatrımızda görmüşük. Bu gün göstərilən kino lentlərində də gördük. Nəhayət, bunu canlı olaraq burada Fidan xanım və Xuraman xanım öz çıxışları ilə nümayiş etdirdilər.

Beləliklə, bizim zəngin mədəniyyətimizin ən dəyərli inciləri var. Bu incilər çox deyil və çox olsa, onlar heç vaxt qiymətli olmaz. Bax, onlardan ən dəyərliləri Fidan xanımdır, Xuraman xanımdır.

Keçmişdə bizdə, dünyada ən qiymətli şeyi qızılla müqayisə edərdilər. Əgər keçmiş qanun-qayda ilə müqayisə etsək, onlar 999 əyarlı qızıldı. Əgər almaz, brilyant və digər qiymətli daş-qaşları ilə ölçsək, mənə belə gəlir ki, bunlara bərabər nə almaz tapmaq olar, nə brilyant, nə də başqa qiymətli daş-qaş tapmaq olar. Bunlar onlardan da qiymətlidirlər.

Bunların xoşbəxtliyi nədir? Birincisi, bunlara ilahidən çox fitri istedad verilibdir. İkincisi, gözəl ailə tərbiyəsi alıblar. Bunlar hamısı əsasdır. Ailə tərbiyəsi, yəni yüksək mədəniyyətə malik ailədə böyüyüblər. Atası, anası həm musiqiçi olublar, həm də bizim ziyalılardan olublar. Demək, ziyalı da ziyalıdan fərqlidir. Onlar Azərbaycanın keçmiş, ən köklü ziyalılarından idilər. Demək, belə bir ailədə böyüyüblər.

Allah bunlara həm gözəl səs verib, həm də çox zahiri gözəllik veribdir. Hamısı gözəldir. Bunlar hamısı birlikdə harmoniya təşkil edir və bu harmoniya da bax, bizim bu iki gözəl müğənnimizdir, gözəl mahnı oxuyanlarımızdır, gözəl sənət ustalarımızdır.

Mən çox şadam ki, bugünkü mərasim bu qədər gözəl əhval-ruhiyyədə keçir. Mən öz münasibətimi Fidan xanıma da, Xuraman xanıma da bildirirəm. Eyni zamanda, mən hamını bizim cəmiyyətdə belə insanlara xüsusi münasibət, qayğı göstərməyə, belə insanlara hörmət etməyə dəvət edirəm. Hesab edirəm ki, onlar ömürlərinin sonuna qədər Azərbaycan Opera Teatrının daimi solistləridirlər. Mən əmr verirəm, bunu opera teatrında yazın. Daim siyahının başında duran solistlərdirlər.

Fidan, Xuraman teatra gələndə, gərək teatrın qapıçısından ta direktoruna qədər bunlara baş əyib, qarşılasınlar. Çünki bunlar adi adam deyillər. Bunları adi adam kimi qəbul etmək olmaz. Mən bu sözləri göydən götürmürəm. Biz bunu filmlərdə görmüşük. Yüksək mədəniyyətli Avropa ölkələrində bu qədər yüksək ada malik olan sənətkarları hamı, doğrudan da, böyük hörmətlə qarşılayır. Bu, bizdə də olmalıdır. Biz bu mədəniyyəti yaratmalıyıq. Mən bunu təkcə Fidan xanım, Xuraman xanım haqqında demirəm. Ümumiyyətlə, mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilməlidir. Həqiqətən, onlarla hesablaşmaq lazımdır.

Yenə də deyirəm, onlar çox deyillər. Onları barmaqla saymaq olar. Əgər biz bunları göz üstə saxlamasaq, belə insanları cəmiyyət - bizim 8 milyonluq əhalimiz var, - göz üstə saxlamasa, mədəniyyətimizi inkişaf etdirə bilmərik. Bunları adi adamlar sırasına salmaq olmaz. Təkcə bunlar haqqında demirəm. Bizim başqa da dəyərli mədəniyyət xadimlərimiz var, onların da haqqında deyirəm. Amma indi konkret olaraq Fidan və Xuraman xanımı deyirəm.

Eşitmişəm ki, opera və balet teatrının direktoru da Konservatoriyanı qurtarıbdır, musiqiçidir. Amma teatrın direktorudur. O, Fidan xanıma və Xuraman xanıma xüsusi münasibət göstərməlidir. Mədəniyyət naziri Polad Bülbüloğlu yaxşı bilir ki, böyük sənətkar olmaq nədir. Onun atası böyük Bülbülün qarşısında hamı baş əyirdi, hamı ona hörmət edirdi. Onun özü də həm bəstəkardır, həm də mahnı oxuyur, buna da diqqət yetirmək lazımdır. Amma bizim bu iki qız xüsusi yer tutur. Ona görə mədəniyyət naziri də gərək bu qızlara xüsusi diqqət yetirsin, münasibət göstərsin.

Bir sözlə, bu, bizim xalqın mədəniyyətinin nümunəsi olacaqdır. Biz istəyirik ki, xalqımızı Avropa dəyərlərinə daha da yaxınlaşdıraq. İndi biz müstəqil Azərbaycanda Qərb ölkələri ilə, Avropa ölkələri ilə inteqrasiya haqqında danışırıq. İnteqrasiya deyəndə, daha çox iqtisadi məsələləri nəzərdə tuturlar. Amma bu, belə deyildir. İnteqrasiya bütün sahəni əhatə edir. O cümlədən, mədəniyyət, incəsənət, musiqi sahəsini əhatə edir. Biz bu barədə irəlidəyik.

Yenə də deyirəm, böyük Üzeyir Hacıbəyov hələ yüz il bundan qabaq bunun əsasını qoyubdur. Biz artıq on illərdir ki, öz musiqimizə, mədəniyyətimizə görə Avropa səviyyəsindəyik. Bəlkə iqtisadiyyatda onlardan geridəyik, amma mədəniyyətdə yox. Fidan da, Xuraman da Avropanın ən mötəbər opera səhnələrində müvəffəqiyyətlə çıxış edə bilərlər. Bunu bu gün də edə bilərlər. Çünki biz onlara da, özümüzünkülərə də baxırıq və müqayisə etmək imkanımız da var. Doğrudan da, təəssüf ki, biz vaxtilə bu işlə yaxşı məşğul ola bilməmişik. Ancaq indi məşğul olmaq lazımdır. Bunu deyərək, mən ümumiyyətlə, istedadı olan hər bir gəncə, hər bir insana xüsusi münasibət göstərilməsini istəyirəm. Çünki bu istedadlardan bizim gələcəyimizin mədəniyyət xadimləri yaranacaqdır və burada Fidan xanım və Xuraman xanım nümunədirlər.

Mənim əziz bacılarım, ikiniz də mənim bacılarımsınız. Yaşca qızıma da yaxınsınız. Bilirsiniz, mənim bir qızım, bir oğlum var. Mən çox şadam ki, bu gün bu mərasimi sizinlə birlikdə təşkil etdik və yaxşı keçiririk. Çox gözəl keçir. Sizin yanınızda yorulmaq olarmı? Mən yorulmadım.

Mən sizi bir də təbrik edirəm. Sizə cansağlığı, yaradıcılıq uğurları arzu edirəm.

"Azərbaycan" qəzeti, 21 dekabr 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT