Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş nitqi - 7 avqust 2002-ci il


Hörmətli dostlar!

Hörmətli xanımlar və cənablar!

Siz bilirsiniz ki, avqust ayının 7-də mən Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması haqqında sərəncam imzalamışam. Bu sərəncamda da bu bölmənin qarşısında duran vəzifələr haqqında qısa fikirlərimi bildirmişəm.

Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur.

Azərbaycan elə bir ölkədir ki, onun çox qədim tarixi var. Bizim tarixçilər XX əsrdə çox işlər görüblər. Ancaq mən cəsarətlə deyə bilərəm ki, hələ ki, Azərbaycanın, xalqın, ümumiyyətlə, bu torpağın, ölkənin tarixi lazımi səviyyədə öyrənilməyib, tədqiq olunmayıbdır. Bu sahədə çox böyük işlər görülməlidir. Bununla onu demək istəyirəm ki, Azərbaycan nadir bir ölkədir, nadir bir ərazidir, bəşər tarixində Azərbaycan bir ərazi kimi, bir ölkə kimi və Azərbaycan xalqı bir xalq kimi böyük tarixi proseslərin iştirakçısı olubdur. Biz indi, müstəqil Azərbaycanda özümüz ölkəmizin, torpağımızın sahibi olduğumuz halda gərək bu qədim, çox zəngin tariximizi araşdırıb meydana çıxaraq və bu gün də, gələcəkdə də xalqımızın o dərin köklərini ümumi, bəlkə də bəzən çox gözəl ifadələrlə bəzənmiş sözlərlə yox, elmi sübutlarla, elmi əsaslarla, həm öz xalqımıza çatdıraq, həm də dünyaya göstərək ki, Azərbaycan xalqının kökü haradandır, tarixi nədir və Azərbaycan bir ölkə kimi bəşər tarixində hansı yeri tutur. Mən açıq deyə bilərəm ki, görkəmli yer tutur. Ancaq biz bunu indiyə qədər göstərə bilməmişik.

Azərbaycan haqqında fikirlərimi sizə çatdıraraq, demək istəyirəm ki, bu baxımdan Naxçıvan xüsusi yer tutur. Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür. Bunları nəzərə alaraq, mən bu sərəncamı vermişəm.

Bir məsələ də nəzərə alınmalıdır ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Təəssüflər olsun ki, vaxtilə, Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir.

Mən burada tarix haqqında çox danışıram. Tarix, mədəniyyət, tarixi abidələr, memarlıq abidələri... Məsələn, Naxçıvanın ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var.

Azərbaycanın bir çox bölgələrində bunlara rast gəlmək olmur. Amma burada var. Onlar yüz illərlə durub, yaşayıbdır. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı da göstərilməyibdir, hətta müxtəlif proseslər zamanı, bəzən müharibələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onların uçurdulması, dağıdılması halları olubdur. Amma buna baxmayaraq, bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm də mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Mən indi desəm ki, Mömünə xatın türbəsi haqqında geniş təsvirli, müasir poliqrafiya səviyyəsində hazırlanmış albom, onun haqqında tarixi mənbələr və başqa şeylər toplusu varmı? Hesab edirəm ki, yoxdur, mən görməmişəm. Əgər olsaydı, mən görərdim. Ayrı-ayrı bukletlər var, broşürlər var. Ancaq elə bircə bu abidə böyük bir kitaba bərabərdir. Yəqin ki, kitab da bunun yanında heç bir şeydir. Amma o, kitabda əks etdirilməyibdir. Onun həm memarlıq xüsusiyyətləri, həm mühəndis işləri, inşaat işləri, tikinti materialları, abidənin yaranması tarixi və sair. Onun hər bir fraqmenti müasir poliqrafiya üsulundan istifadə edilərək albomda əks olunsa, onun özü elə Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu göstərəcəkdir. Amma Naxçıvanda olan təkcə Mömünə xatın abidəsi deyil, nə qədər bu cür abidələr var. Nə qədər təbii abidələr var.

Mən keçən il, bu il çox ciddi göstərişlərlə nail olmağa çalışıram ki, Gəmiqaya obyektində lazımi ekspedisiya işləri aparılsın. Keçən il mən bunu gec bildim. Sərəncam verdim. Bizim arxeoloqlar gəldilər-getdilər, orada bir az iş gördülər. Artıq mövsüm qurtardı, iş görmək mümkün deyil.

Bu il əvvəldən xəbərdarlıq etmişəm. Bilmirəm, indi orada işlər gedir, ya getmir, aparılır ya aparılmır. Amma bu, elə bir abidədir ki, gedib iki-üç gün onun yanında oturmaqla, yaxud çadır qurub yaratmaqla onu heç kim öyrənə bilməz. Hər il ekspedisiya mövsümündə orada aylarla tədqiqat aparmaq lazımdır. Aylarla... Çünki orada payızın ilk vaxtlarından soyuqlar düşür, şaxta, qar olur. Oraya getmək mümkün deyildir. Bunun üçün ancaq yay fəslindən istifadə etmək lazımdır.

Bu, bildiyiniz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda, insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir. Amma onu öyrənməkdə biz passivik. Çox passivik. Keçmişdə, sovet dövründə passiv olmusunuz, bunları bağışlayıram. Müstəqilliyimiz haqqında hamı böyük iftixar hissi ilə danışır. Lakin deməkdən savayı, kim nə edir? Müstəqillik haqqında şüar demək, yaxud onun haqqında yaxşı bir şer oxumaq - bu, hələ müstəqilliyi möhkəmləndirmək demək deyildir. Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib əsərlər, illüstrativ materiallar, kino-telelentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır. Ancaq Naxçıvan bölməsinin fəaliyyəti təkcə bunlarla məhdudlaşmayacaqdır.

Azərbaycanın təbii sərvətləri, - həm yeraltı, həm də yerüstü sərvətləri çox zəngindir. Mən indi bu barədə xırdalıqlara varmaq istəmirəm. Bunların hamısı məni məcbur etdi ki, nəhayət, qərar qəbul etdim, sərəncam verdim. Mən 300 nəfər ştat ayırmağa hazıram. Bu barədə də artıq sərəncam vermişəm. Bu işi təşkil etmək lazımdır. Amma belə böyük bir işi təşkil etmək üçün onun səviyyəsinə qalxmaq lazımdır. Mən çox narahatam ki, ola bilər, ştat da verək, bölmə də yaradaq, başqa işləri də görək, amma bütün işlər köhnə qayda ilə getsin. Köhnə qayda ilə gedəndə də, - necə ki, on illərlə həmin qayda ilə gedib, lazımi nəticə əldə etməmişik, - sabah da nəticə olmayacaqdır. Mən bununla razılaşa bilmərəm.

Desək ki, Naxçıvanda bu barədə lazımi tədbirlər görülməyib, bu, düzgün olmaz. Çünki vaxtilə, Azərbaycanda ilk dəfə, 1945-ci ildə Elmlər Akademiyası təşkil ediləndə onun bir neçə bölgədə şöbələri, yaxud təşkilatları yaradılmışdı. Bildiyimə görə, ilk dəfə akademiyanın Naxçıvan şöbəsinə bizim hörmətli, qocaman müəllimimiz Lətif Hüseynzadə başçılıq etmişdir. Elədirmi, Lətif müəllim? Bəli, o başçılıq etmişdir. Görün, həmin dövrdən nə qədər vaxt keçib, 55 il, ondan da çox vaxt keçibdir. Ondan sonra müxtəlif yerlərdə elmi mərkəzlər, orada-burada xüsusi konstruktor büroları yaradılıbdır. Hərə guya bir iş görmək istəyibdir. Amma bu işlər çox pərakəndə vəziyyətdə gedibdir. Belə bir şəraitdə, ola bilər ki, bunu indiki kimi, bir tərəfdən anlamayıblar, ikinci tərəfdən də, imkan da olmayıbdır.

Xatirimdədir, mən Moskvada işləyəndə "Şərq qapısı" qəzetində Gəmiqaya haqqında məqalə çıxmışdı. Onu böyük bir problemə çevirdilər. Ermənilər qalxdılar ki, burada, - Azərbaycanda millətçilik var. Xatirimdədir, bir dəfə biz - Siyasi Büronun üzvləri Moskvada Böyük Teatrda mövsümün açılışına getmişdik. Qorbaçov idi, Siyasi Büronun başqa üzvləri idi, mən idim, tənəffüs zamanı oturmuşduq, çay içirdik. Qorbaçov məndən soruşdu ki, Azərbaycanda millətçilik çoxdur, yoxsa azdır? Mən dedim ki, ümumiyyətlə, millətçilik müttəfiq respublikalarda var, Azərbaycan ən beynəlmiləl bir respublikadır və orada millətçilik başqa respublikalara nisbətən çox azdır.

Onda bizim yanımızda oturan Siyasi Büronun üzvlərindən biri qayıtdı ki, "yox, Heydər Əliyeviç, yəqin ki, Siz düz demirsiniz. Bax, görürsünüzmü, Naxçıvanda "Şərq qapısı" qəzetində məqalə dərc ediblər, millətçilik haqqında, filan haqqında...". Mən dedim ki, nə məqalədir? Düzü, mənim bundan heç xəbərim yox idi ki, nə məqalədir, nədir. Bunu şişirdərək elə bir vəziyyətə gətirib çıxarmışdılar ki, SSRİ-nin rəhbərliyi, Siyasi Büro səviyyəsində söhbət gedirdi. Mən dedim ki, bilmirəm. Sonra maraqlandım, həqiqətən, belə şey olmuşdur. Moskvadan buna çox ciddi reaksiya vermişdilər. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi, - mən burada olanda eşitmişdim, bəlkə bu fikirlərim dəqiq olmasın, - Naxçıvan Vilayət Partiya Komitəsinə göstəriş vermişdi ki, bu məsələ araşdırılsın. Həmin məsələ burada müzakirə olunmuşdu, - Naxçıvanda keçmiş vaxtlardan işləyən işçilər var, yəqin ki, onlar bilirlər, - kimlərisə cəzalandırmışdılar. Vasif, elədirmi, yoxsa yox?

Vasif Talıbov: "Şərq qapısı" qəzetinin redaktorunu işdən çıxarmışdılar. Əvvəllər o qəzet "Sovet Naxçıvanı" adlanırdı. Redaktorun müavininə töhmət vermişdilər. Ondan sonra bu məsələ Mərkəzi Komitənin plenumunda da müzakirə olunmuşdu.

Heydər Əliyev: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda?

Vasif Talıbov: Bəli.

Heydər Əliyev: Görürsünüzmü? Nə üçün? Çünki ermənilər deyirmişlər ki, bu abidə Azərbaycanın deyil, ermənilərindir. Amma həqiqətən də bu, Azərbaycanındır. Həmin abidənin Azərbaycana məxsus olması barədə bir söz deyəndə, görürsünüzmü, söhbət hansı səviyyəyə gedib çatmışdı və buna necə reaksiya verilmişdi. Mən onda dəhşətə gəldim, inanmırdım ki, belə şey var. Sonra, 1990-cı ildə mən buraya - Naxçıvana gəldim, burada yaşayarkən bununla maraqlandım. Bunları, Vasif Talıbovun dediklərini mənə çatdırdılar. Bu fakt nəyi göstərir? O tərəfin bu barədə çox təşəbbüskarlığını, gözüaçıqlığını, onlara mənsub olmayan şeyləri özlərinə çıxmaq, əllərinə keçirmək cəhdini, amma bizim tərəfin passivliyini və biri kiçik bir iş görəndə onun başından vurmasını. İndi mən fikirləşirəm, məgər o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bunu araşdırıb Moskvaya, Mərkəzi Komitəyə bildirə bilməzdimi ki, burada bir şey yoxdur? Amma yox, canlarını qurtarmaq üçün deyiblər ki, müzakirə edin, yəni özümüz boynumuza alaq ki, bəli, burada biz millətçiliyə yol vermişik və beləliklə də özümüzü göstərək ki, biz millətçi deyilik.

Mən bunu ona görə xatırlayıram ki, o vaxt bir tərəfdən şərait münasib olmayıbdır, bir tərəfdən də, yenə də deyirəm, bizim insanlarda çox passivlik olubdur. Amma mən istəyirəm ki, daha bu passivlik olmasın. İndi heç kəs, heç nədən qorxmasın. Belə şeylərdən ötrü heç kəsi cəzalandırmaq mümkün deyildir. Heç kəs müstəqil Azərbaycanın işinə qarışa bilməz. Mən də Azərbaycan prezidenti kimi sizə və bütün əhalimizə, bütün alimlərimizə, ziyalılarımıza bildirmək istəyirəm ki, Azərbaycanın, onun xalqının tarixini, mədəniyyətini, keçmişini dürüst, əsaslı şəkildə sübut edən hər bir əsər bəyəniləcəkdir. Bu barədə heç kəsə nə millətçi damğası vurulacaq, nə də kimsə günahlandırılacaqdır. Bununla bir daha bildirmək istəyirəm ki, indi, müstəqil dövlət şəraitində bizim alimlərimizin böyük imkanları var. Amma alimlərimiz gərək keçmiş sovet sistemində çalışdıqları iş üslubundan uzaqlaşsınlar.

Gərək o passivlikdən əl çəksinlər, bəziləri gərək "yuxudan ayılsınlar". Çünki əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir? Bax, bütün bu səbəblərdən mən Naxçıvan Muxtar Respublikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm. Qərarı qəbul edəndən sonra özüm buraya gəlmişəm. İstəyirəm ki, bu qərarın həyata keçirilməsinin təşkilatı işində, onun başlanğıcında özüm iştirak edim və fikirlərimi bildirim. Çünki bəzən mən çox vacib sərəncamlar verirəm, ancaq təəssüflər olsun ki, icraçılar o sərəncamın ruhunun səviyyəsinə qalxa bilmirlər. Onun hərfi mənasını da düzgün anlaya bilmirlər. Görürsən ki, gözəl sərəncam, gözəl təşəbbüs bir müddətdən sonra batmağa məruz qalır. Bunun üçün də mən özüm, görürsünüz, buradayam, sizinlə birlikdəyəm və bu işin başlanğıcını sizinlə birlikdə müzakirə etmək istəyirəm.

İndi isə mən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova söz verirəm. Mən ona tapşırmışdım, dünən, o birisi gün yerli alimlərlə işlər görməli idi. Tapşırmışdım ki, bu işləri görsünlər və nəticəsi haqqında məruzə etsinlər.

Yekun nitqi

- Hesab edirəm ki, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun məlumatı, məruzəsi avqustun 7-də mənim verdiyim sərəncamın həyata keçirilməsi üçün görülən işlərin əsası kimi qəbul oluna bilər. Buna görə də mən Milli Elmlər Akademiyasına, onun prezidentinə, mənim aparatımın humanitar şöbəsinə və onun müdiri Abdullazadəyə tapşırıram ki, indi ilkin hazırlanmış layihə əsasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin həm strukturu, həm də yaradılacaq institutların özünün struktur və vəzifələrinin hamısı müəyyənləşdirilsin. Bunların hamısı Milli Elmlər Akademiyasının özü tərəfindən təşkil olunacaqdır.

Ancaq mən istərdim ki, onlar bunu müzakirə edib qəbul etməzdən öncə mən də buna baxım, tanış olum və öz fikirlərimi bildirim. Bunu tezliklə etmək lazımdır, gecikdirmək olmaz və işə başlamaq lazımdır.

Burada bildirildi ki, Naxçıvan Muxtar Respublikasında müxtəlif elmi mərkəzlər, - həm Milli Akademiya ilə, həm başqa təşkilatlarla bağlı, - fəaliyyət göstərir. Mahmud Kərimov dedi ki, orada təxminən 200-ə yaxın adam çalışır, belədirmi? Sən məruzəndə belə bir şey dedin.

Mahmud Kərimov: 200-ə yaxın adam çalışır.

Heydər Əliyev: 200-ə yaxın adam... Bu rəqəmi mən indi burada eşidərkən belə düşündüm, siz hesab etməyin ki, 200-ə yaxın işçi var və 100 də mən əlavə edəcəyəm, cəmisi 300 olacaqdır. Yeni institutlar ki, yaranacaq, onların yaranmasında buradakı ayrı-ayrı elmi mərkəzlərdir, təşkilatlardır, onlardan istifadə olunmalıdır. Onların say tərkibi ixtisar olunmayacaqdır. Onlar da yeni yaranan institutlara qatılacaqdır. Ona görə də siz indi hesablayın, sonra mənə deyərsiniz. Belə halda, ümumiyyətlə, əgər doğrudan da 200 nəfərin hamısı yararlı olsa, yəni insanlar yox, o ştatlar, təşkilatlar yararlı olsalar, onlar da indi yeni yaranan institutların tərkibinə daxil olsalar, onda burada Milli Elmlər Akademiyasının bölməsinin təxminən 500-ə qədər ştatı olacaqdır. Deməli, 500-ə qədər adam burada elmi tədqiqat işi ilə və bizim bu indi qoyduğumuz müxtəlif vəzifələrin həyata keçirilməsi ilə məşğul olacaqdır. Ona görə də mən istədim ki, siz məsələni düz başa düşəsiniz və bu istiqamətdə düz hərəkət edəsiniz. Bunların hamısı toplanıb mənə bildirilməlidir. Güman edirəm ki, bu elmi mərkəzlər, müxtəlif təşkilatlar da yaradılacaq müvafiq institutların tərkibinə daxil olacaqdır. Onlar ya indiyə qədərki strukturları ilə daxil olacaqdır, yaxud da ki, müəyyən dəyişikliklər ediləcəkdir. Buna da baxmaq lazımdır. Bunların hamısı asan məsələ deyildir. Çünki burada illərlə müəyyən bir mərkəz fəaliyyət göstərir. Onun özünün indiyə qədər istiqaməti var. İndi gərək o, institutda öz yerini tapsın. Yerini də mövcud strukturla tapmır, institutun strukturu yaranır.

O mərkəzin üzərinə düşən vəzifələr institutun tərkibində olan müəyyən bölmələrə bölünür və beləliklə, onun içində əriyir. Yəni artıq burada paralel başqa elmi mərkəzlər olmamalıdır. Bunlar hamısı birləşməlidir və Milli Elmlər Akademiyasının bölməsi kimi fəaliyyət göstərməlidir. Bu, çox da asan məsələ deyildir. Ona görə mən bir daha təkrar edirəm: Akademiyanın prezidenti Mahmud Kərimova və aparatın şöbə müdiri Fatma Abdullazadəyə tapşırıram ki, bununla çox ciddi məşğul olasınız və mənə tezliklə təkliflərinizi təqdim edəsiniz.

Akademiyanın prezidenti belə fikir söylədi ki, burada işləyən adamların maaşı Bakıda olan institutlardakıların maaşından artıq olsun. Sən dedin, iki dəfə artıq, buna baxaram. Mən də düşünürəm ki, burada maaşlar artıq olmalıdır. İndi iki dəfə, ya nə qədər, ona baxaram. Hər halda burada artıq olmalıdır. Bizim alimlərin hamısı Bakıda oturmağa öyrəniblər. Ona görə oradan qopub buraya gəlmək üçün təbii ki, maddi stimul da olmalıdır. Biz bunu da təmin edəcəyik.

Ancaq bu institutların kadrlarının komplektləşdirilməsində birinci növbədə yerli kadrlardan istifadə etməlisiniz. Eyni zamanda, attestasiya da keçirməlisiniz. Baxın görün, yerli kadrlardan bəziləri ola bilər, uzun illər hansısa bir xırda təşkilatda oturub maaşını alır, faydalı bir iş görməyibdir, yaxud o işi görməyə, sadəcə, onun elmi potensialı çatmır. Onda təbiidir ki, o, dəyişdirilməlidir. Yəni siz bilin, bu institutlarda strukturlar, ştatlar müəyyən ediləndən sonra kadrlarla təmin olunanda gərək buraya çox ciddi münasibət göstərəsiniz. Dedim, yerli kadrlardan, təcrübəli kadrlardan istifadə edəsiniz. Eyni zamanda, gənc kadrlardan, müasir səviyyədə hazırlığı olan kadrlardan, xarici dil bilən kadrlardan istifadə etmək lazımdır.

Burada yaşlı kadrlarla gənc kadrların vəhdətinin təmin olunması çox vacibdir. Çünki buradakı təcrübəli yaşlı kadrlar çox şey bilirlər, çox şeyi də ediblər. Belələri Bakıda da var, gəlib burada işləyə bilərlər. Ancaq eyni zamanda, biz düşünməliyik ki, elmi tədqiqat institutları gənc, müasir tələblərə cavab verən, xarici dillər bilən kadrlarla da təmin olunmalıdır. Siz bunu da nəzərə almalısınız.

Buradakı çıxışlarda - həm akademiyanın prezidentinin, həm də başqa natiqlərin çıxışlarında, hesab edirəm ki, bizim görəcəyimiz işi, yəni akademiyanın burada bölməsinin yaradılması haqqında sərəncamdan irəli gələn vəzifələri düzgün şərh edirlər. Eyni zamanda, indiyə qədər görülmüş işlər haqqında da məlumatlar verdilər. Mən qeyd etmək istəyirəm ki, indiyə qədər burada görülmüş işlər inkar olunmur. Biz onları qiymətləndiririk, indiyə qədər də qiymətləndirmişik. Buna görə də burada bəzi alimlər mükafatlanıblar, yüksək elmi dərəcələr alıblar. Mən bu gün bir də qeyd edirəm ki, biz bunu qiymətləndiririk. Doğrudan da bəzi sahələrdə çox işlər görülübdür.

Məsələn, mən Vəli Əliyevi tanıyıram. Ömrünün çoxunu elə burada keçiribdir. Orada arxeoloji axtarışlar aparır, burada torpaqları qazır. Yadımdadır, 1990-cı ildə Naxçıvana təzə gəlmişdim. Hələ heç bir işlə məşğul deyildim. Gəldi mənimlə görüşdü. Dedim, haraya gedirsən? Dedi ki, Kültəpədə qazıntı işləri aparırıq. Kültəpədə işlərinizi qurtardınızmı, yoxsa hələ davam edir?! Şərurda da qazıntı işləri aparırsınız. Bu işlər gedibdir, çox iş görüblər, nəticələr də əldə ediblər. Eyni zamanda, indi Vəli Əliyev deyir ki, Gəmiqaya haqqında keçən il və bu il biz ekspedisiya təşkil etdik, iş apardıq. Amma nə üçün tək keçən il və bu il?

Mən bu gün çıxışımda dedim, keçən il hələ ilin yarısı idi, mən bu məsələni qoydum. Onda sizi təcili səfərbər edib oraya göndərdik. Yadındadırmı, bu, sizin təşəbbüsünüzlə olmayıbdır. Bunu bilməlisiniz. Ondan sonra, mən dedim ki, keçən il görə bilmədiyiniz işlərə görə gələn il, yəni bu il əvvəlcədən hazırlaşın. Bu barədə Naxçıvanın başçısı Vasif Talıbov da həm keçən il, həm də bu il çox işlər görmüşdür - oraya həmin o yolun çəkilməsi, müəyyən şəraitlərin yaradılması. Mən ona tapşırdım ki, arxeoloji ekspedisiyanın orada təminat məsələsi var. Onların hamısını Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov üzərinə götürdü. Bunların nəticəsində indi sən burada çox böyük sevinc hissi ilə deyirsən ki, artıq biz Gəmiqaya haqqında kitab verəcəyik. Çox gözəl, amma 3-4 il bundan qabaq heç oradan xəbərin yox idi. Xəbərin var idi, amma gedib oraya əlini vurmamışdın. Başa düşürsən!

Nəhayət, getdin, indi bu gün deyirsən ki, orada təkcə Gəmiqaya yazıları deyil, orada arxeoloji qazıntılar da aparmaq lazımdır. 2-3 il gedəndən sonra orada daha da çox şey görəcəksən. Amma mən demək istəyirəm ki, orada sizin işiniz bununla qurtarmır. Bilin, planınıza salın, hər il, - özü də dövrü maksimum götürün, - orada iş aparmalısınız. Ümidvaram ki, orada yeni-yeni çox şeylər, Azərbaycanın qədim tarixini təsdiq edən sübutlar tapacaqsınız.

Çıxışlarda çox məsələlər haqqında danışdılar, dedilər ki, bir çox mövzular öyrənilməyibdir. Hamısı düzdür. Amma mən bu sərəncamı hazırlayarkən, bunun haqqında düşünərkən, nəhayət sərəncamı imzalayarkən, burada sizinlə görüşəndə giriş sözümdə də dedim, - düşünürdüm ki, bütün bu işlər görülməlidir. Ancaq hamısı bərabər səviyyədə görülə bilməz. Yəni bərabər etmək olmaz.

Biz indi vəsait ayırmalıyıq. Burada doğru dedilər, biz vəsait ayırmalıyıq ki, binalar hazırlansın, müəyyən cihazlar, kompüterlər alınsın. Bunların hamısını biz edəcəyik. İnstitutlar yaranacaqdır. Amma bunların hamısını bərabərləşdirmək olmaz. Siz, akademiyanın prezidenti, akademiya bunu bilməlidir, bunu bərabərləşdirmək olmaz. Burada var əsas istiqamətlər, hansı ki, birinci növbədə etməlidir, bir də ikinci, üçüncü dərəcəli istiqamətlər var.

Ümumiyyətlə, bizim böyük məqsədimiz Naxçıvanın tarixini bütün, hərtərəfli öyrənmək, tədqiq etmək, onları həm elmi kitablarda dərc etmək, həm populyar kitablarda dərc etmək, həm də təbliğat materiallarında istifadə etməkdir. Amma burada bir nömrəli məsələlər vardır. Həbibbəyli deyir ki, Məmməd Səid Ordubadinin əsərləri 35 ildir çap olunmur. Çap olunmalıdır. O, bizim müasirimizdir.

Məmməd Səid Ordubadinin özünü mən də görmüşəm, "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" kitablarını da oxumuşam. Onun üç dənə məşhur əsərləri vardır. İndi də yadımdadır. Bir də "Qılınc və qələm" əsəri. Elədir, yoldaş Həbibbəyli? Sən ədəbiyyatçısan, mən isə ədəbiyyatçı deyiləm. Amma görün, hamısını necə dəqiq dedim. Bunlar hamısı var, bizim xatirimizdədir. İmkan olanda bunları etmək lazımdır. Amma bu, müasir həyatdır. Müasir həyat onsuz da məlumdur.

Burada kimsə dedi, vaxtilə Naxçıvanda komsomol hərəkatının tarixi, nə bilim, kolxoz hərəkatının tarixi, Naxçıvanda kommunist partiyasının tarixi, həmkarlar ittifaqının tarixi, başqa tarix - işlərin çoxu buna gedibdir.

Amma indi Azərbaycanın qədim diyarı kimi Naxçıvanın tarixini öyrənmək, Azərbaycan xalqının tarixini əks etdirmək üçün ondan materialların çıxarılmasını təmin etmək lazımdır. Təkcə yerin altında deyil, arxivlərdən, dünya kitabxanalarından çıxarmaq lazımdır. Fondlar var, əlyazmalar fondu.

Dünyanın bir çox məşhur kitabxanalarında gedib işləmək lazımdır. Mərhum Ziya Bünyadov Atabəylər haqqında kitabı nə cür yazdı? Mənə elə gəlir ki, deyəsən, İstanbulda işləmişdi, materialları oradan tapırdı. Bir dəfə gedib işləyib materialları toplamışdı və böyük bir kitab yazdı. İndi görün, əgər biz belə tədqiqatları bir dəfə yox, dəfələrlə aparsaq və paralel olaraq dünyanın məşhur kitabxana mərkəzlərində aparsaq, təkcə yerin altından deyil, onlardan da çox material toplayacağıq.

Məsələn, mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-birilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox, orada ermənilər olubdur. Amma həqiqətən İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda tapmadığınız materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, nələr var.

Mən bunu misal üçün deyirəm, sizə yeni mövzular vermək fikrində deyiləm. Yəni bununla sizi mənim istədiyim istiqamətə yönəltmək istəyirəm. İstəyirəm ki, siz gücünüzü səpələməyəsiniz, burada belə olsun, orada elə olsun, nə bilim, iki ştat buna verək, üç ştat ona verək. Yox. Əsas məsələlər, mövzular ətrafında cəmlənməlidir. Bəlkə də mövzu əvvəldən müəyyən olunmalıdır. Həmin mövzunun həyata keçirilməsi üçün bir kollektiv yaradılmalıdır. Onun üçün ayrıca vəsait verilməlidir. Bunlar da ola bilər.

Bir sözlə, istəyirəm ki, hamınız mənim bu təşəbbüsümü, sərəncamımı, bir də deyirəm, onun ruhunu dərindən dərk edəsiniz və onun ruhu əsasında işlərinizi qurasınız. Onda biz nəticələr əldə edəcəyik.

Maaşlar haqqında, kapital qoyuluşu haqqında, təchizat haqqında, yəni lazım olan materiallarla təchiz haqqında narahatlığınız olmasın. Çünki bir halda biz bu işi təşkil edirik, demək, o sahələrə ki, əlavə vəsait ayırmaq lazımdır, əlavə işlər görmək lazımdır, bunları görəcəyik.

Bir sözlə, mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın Milli Elmlər Akademiyası bu sərəncamla çox böyük və vacib işə başlayacaqdır. Bu, təkcə Naxçıvana aid olan iş deyildir. Bunun mənim üçün dərin mənası var, o mənada ki, bizim Azərbaycan xalqının tarixinə, ölkəmizin tarixinə aid olan bir məsələdir. Mən bu məsələni bundan ötrü qaldırmışam. Ümidvaram ki, siz bu vəzifələri yerinə yetirəcəksiniz. Sizin hamınıza işlərinizdə uğurlar, cansağlığı və səadət arzulayıram. Sağ olun.