Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan-Gürcüstan danışıqlarında çıxışı - Prezident sarayı, 29 sentyabr 2001-ci il


Heydər Əliyev: Zati-aliləri Gürcüstan Prezidenti!

Möhtərəm Eduard Şevardnadze!

Hörmətli qonaqlar!

Hörmətli dostum, Sizi və sizin bütün nümayəndə heyətini Azərbaycanda salamlayıram. Mənim dəvətimi qəbul etdiyinizə və Azərbaycana rəsmi səfəri artıq həyata keçirdiyinizə görə sizə minnətdaram. Zənnimcə, ölkələrimizin müstəqilliyinin 10-cu ildönümünü qeyd etdiyimiz cari ildə bu səfər xüsusi əhəmiyyət kəsb edir. Mən məmnunluqla deyə bilərəm ki, biz tez-tez görüşürük - hərçənd daha tez-tez görüşmək lazımdır - fikir mübadiləsi aparırıq, bir çox məsələləri müzakirə edirik. Bu da məmnunluq doğurur ki, hökumətlərimizin üzvləri, nazirlərimiz, digər vəzifəli şəxslərimiz arasında yaxşı əlaqələr var və bütün bunları həm Gürcüstan prezidentinin, həm də Azərbaycan prezidentinin siyasəti - dostluğun, qardaşlığın, qarşılıqlı yardımın və qarşılıqlı dəstəyin daha da möhkəmlənməsinə yönəldilmiş siyasəti şərtləndirir.

İndi bizim keçmişdə nə kimi işlər görüldüyündən, dostluğumuzun tarixi köklərindən danışmağımıza lüzum yoxdur, lakin bir şeyi deyəcəyəm - müstəqillik illərində Gürcüstanla Azərbaycan arasında, gürcü və Azərbaycan xalqları arasında münasibətlər daha yaxın, daha səmimi, daha mehriban olmuşdur. Şübhəsiz ki, siz də, biz də böyük sınaqlardan, keçid dövrünün sınaqlarından keçirik. Biz sizinlə birlikdə bir çox çətinliklərlə, özü də bir sıra hallarda, demək olar, eyni xarakterli çətinliklərlə qarşılaşmışıq. Lakin biz bu cür şəraitdə də 10 il ərzində öz müstəqilliyimizi qoruyub saxlaya, möhkəmləndirə və inkişaf etdirə bilmişik. Hesab edirəm ki, bu proses Gürcüstan üçün də, Azərbaycan üçün də dönməz olmuşdur.

Azərbaycanda biz Gürcüstanla qarşılıqlı münasibətlərin bugünkü səviyyəsini çox yüksək qiymətləndiririk və hesab edirik ki, bu, son hədd deyildir. Həyat yeni məsələlər, yeni problemlər irəli sürür və təbii ki, biz münasibətlərimizin həmişə yüksək səviyyədə olması üçün zamanı qabaqlamalıyıq. Azərbaycanda biz bu istiqamətdə hər şeyi edir və edəcəyik.

Eduard Amvrosiyeviç, bu gün biz sizinlə təkbətək görüşdə əsasən Gürcüstanla Azərbaycan arasında qarşılıqlı münasibətlərə aid məsələlər, regionumuzda vəziyyət barədə fikir mübadiləsi apardıq. Təbii ki, beynəlxalq həyatın bir çox məsələlərinə toxunduq və baxışlarımızın, fikirlərimizin, mövqelərimizin tam uyğun gəldiyini bir daha gördük. Məhz bu, mövcud dostluğumuzun və münasibətlərimizin təməlidir. İqtisadi münasibətlərimizin, siyasi münasibətlərimizin və bütün digər sahələrdə münasibətlərimizin inkişaf etməsi üçün son vaxtlar çox işlər görülmüşdür. Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri buna misaldır və indi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də artıq gerçəkliyə çevrilir. Nümayəndə heyətlərimiz "Şahdəniz" yatağından çıxarılacaq Azərbaycan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə nəqlinə dair hökumətlərarası sazişi və kommersiya sazişini hazırlamaq üçün artıq bir neçə ay ərzində səmərəli, fəal işləmişlər. Bu iş uğurla başa çatdırılmışdır və ona görə də biz bu gün həmin sənədləri imzalaya biləcəyik.

Beləliklə, sazişlərin böyük bir paketi əmələ gəlir. Bu sazişlər indiyədək artıq görülmüş işləri və mövcud olmuş və mövcud olan əlaqələri tamamlayaraq ölkələrimizi, xalqlarımızı bir çox onilliklər, yüzilliklər boyu birləşdirəcəkdir.

"Şahdəniz" yatağından çəkiləcək Bakı-Tbilisi-Ərzurum qaz kəməri bizim üçün də, düşünürəm ki, Gürcüstan üçün də böyük əhəmiyyətə malikdir. Təbiidir ki, Türkiyənin də bu qazı almağa ehtiyacı var. Martın 12-də, mən Türkiyədə, Ankarada rəsmi səfərdə olarkən biz bu cür hökumətlərarası sənədləri imzaladıq. Bundan sonra Gürcüstanla Azərbaycan arasında sənədlərin hazırlanmasına və onların imzalanmasına vaxt lazım oldu. İndi onlar hazırdır və bu gün biz imzalayacağıq. Biz sizinlə bütün məsələlər barədə danışdıq. Bilmirəm, nə haqda danışdığımıza burada qayıtmağa ehtiyac varmı?

Ancaq başlıcası budur ki, vaxtilə sizinlə birlikdə Tbilisidə imzaladığımız sazişi əsas tutaraq siz də, mən də dinc Qafqaz mövqelərində qətiyyətlə durmuşuq. Qafqaz öz tarixinin çox mürəkkəb dövrünü yaşayır. Qafqazın, az qala, bütün regionlarında və xüsusən bizdə, Cənubi Qafqazda olan münaqişələr, təbii ki, ölkələrimizin uğurlu inkişafını çətinləşdirir və gələcək üçün böyük təhlükə törədir. Ona görə də Azərbaycanda biz qəti olaraq belə bir mövqe tutmuşuq ki, bütün münaqişələrin aradan qaldırılması üçün, sülh, mehriban qonşuluq, dostluq münasibətləri yaradılması üçün maksimum tədbirlər görmək lazımdır. Bu isə öz növbəsində, Gürcüstanın da, Azərbaycanın da, Ermənistanın da iqtisadiyyatının inkişafına böyük təkan verə bilər.

Əlbəttə, bizim qarşımızda - həm Azərbaycanın, həm də Gürcüstanın qarşısında böyük çətinliklər durur. Bu gün biz bu barədə danışdıq, lakin əminik ki, biz bu çətinlikləri aradan qaldıra və hər halda, Cənubi Qafqazda sülhə nail olmaq üçün şəraiti təmin edə biləcəyik. Deyərdim ki, bu sizi də, bizi də narahat edən ən başlıca məsələdir. Mənə elə gəlir ki, bu, təkcə bizim ölkələrimizi deyil, yəqin regionumuzda marağı olan digər ölkələri də narahat edir. Bu gün biz sizinlə danışdıq ki, Azərbaycan bu başlıca məsələnin həll olunması üçün bütün səylərini davam etdirəcəkdir. Ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf edir. İndi hansısa rəqəmlər gətirməyə lüzum yoxdur, çünki bu sizə də məlumdur, bizə də. Bu sahədə TRASEKA proqramının icra olunmasının, Böyük İpək Yolunun bərpa edilməsinin böyük əhəmiyyəti var. Bu baxımdan Gürcüstan və Azərbaycan, bir tərəfdən, həmin proqramların gercəkləşdirilməsində çox mühüm yer tuturlar, digər tərəfdən isə, ölkələrimiz tarixi əhəmiyyətə malik olan bu mühüm beynəlxalq xarakterli proqramların əməli surətdə həyata keçirilməsi işində ən fəal iştirak edən ölkələrdir. Həmin proqramların gercəkləşdirilməsində Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq da uğurla həyata keçirilir və biz bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün bütün işləri görəcəyik, yəni bir çox problemlər mövcuddur ki, biz onları birlikdə həll edirik və həll edəcəyik. Buraya gəldiyinizə görə, səfərinizə görə, görüşümüzə görə, sizinlə təkbətək keçirdiyimiz çox məzmunlu söhbətə görə və yenə birlikdə olduğumuza görə mən Sizə bir daha və yenidən təşəkkür edirəm.