Xalq rəssamı Kamil Nəcəfzadəyə - Bakı şəhəri, 28 dekabr 1999-cu il


Hörmətli Kamil Nəcəfzadə!

Sizi - Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz yarıməsrlik fəaliyyətiniz dövründə yaratdığınız əsərlərlə Azərbaycan təsviri incəsənətinin inkişafında özünəməxsus rol oynamısınız. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərin quruluşçu rəssamı kimi yaradıcılığınız xüsusilə yüksək qiymətə layiqdir. "Bir məhəlləli iki oğlan", "Uzaq sahillərdə", "Mən rəqs edəcəyəm", "Ad günü" filmlərinin geniş şöhrət tapmasında sizin onlara verdiyiniz bədii tərtibatın öz rolu vardır. Azərbaycanın teatr səhnələrində bir neçə tamaşaya, o cümlədən Hüseyn Cavidin və Səməd Vurğunun əsərlərinə tərtibat verməklə səhnəqrafiya sahəsində də böyük istedada malik olduğunuzu nümayiş etdirmisiniz. Rəngkarlıq və qrafika sahələrində yaratdığınız əsərlər sizə sənətsevərlər arasında böyük rəğbət və hörmət qazandırmışdır. Fırçanızdan çıxmış gözəl tablo və portretlər öz mövzularının aktuallığı, orijinallığı və bənzərsizliyi ilə seçilir. Dünyanın bir çox güşələrində təşkil edilmiş fərdi sərgiləriniz, xarici ölkələrin muzeylərində və şəxsi kolieksiyalarda saxlanılan rəsm əsərləriniz Azərbaycan təsviri sənətinin şöhrətini artırmışdır.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi respublikada gənc sənətkarlar nəslinin yetişdırilməsi işinə xidmət edən pedaqoji fəaliyyətiniz də təqdirəlayiqdir.

İnanıram ki, yaradıcılığınızın müdrik dövrünü yaşadığınız indiki mərhələdə sənətinizin pərəstişkarlarını bundan sonra da sevindirəcək və təsviri sənətimizin qızıl fondunu zənginləşdirən yeni əsərlər yaradacaqsınız.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT