Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya uçarkən təyyarədə "Delovoy mir" qəzetinin müxbirinə müsahibəsi - 8 sentyabr 1994-cü il


- Mən Bakıya Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyevin dəvəti ilə müqavilənin imzalanmasına gəlmişdim, həmin tədbir avqustun ikinci yarısı üçün nəzərdə tutulmuşdu. Lakin bu iş gecikdirilir. Heydər Əliyeviç, bu nə ilə əlaqədardır?

- Çox iri bir müqavilə hazırlanır. Azərbaycan belə müqaviləni ilk dəfə bağlayır. Mən Azərbaycan iqtisadiyyatını və onun sənaye potensialını, xüsusilə neft və qaz sənayesini yaxşı bilən adam kimi, bu hazırlığın necə getməsi ilə maraqlanmaya bilməzdim. Mən danışıqları dayandırmaq, onların gedişini təhlil etmək, öz mövqeyini müəyyənləşdirmək və müqavilə konsepsiyamızı təklif etmək qərarına gəldim. Müəyyən vaxtdan sonra Azərbaycanın neft şirkəti onu mənə təqdim etdi. Ona təkcə mən yox, bütün instansiyalar baxdı və biz belə bir ümumi qərara gəldik ki, bu konsepsiya ilə danışıqlara getmək olar.

Qərb şirkətləri konsorsiumu onlarla danışıqlara Bakıda başlamağı, sonra İstanbulda davam etdirməyi təklif etdi. Danışıqlar bir dəfə Bakıda, üç dəfə Türkiyədə keçirildi. Sonuncu danışıqlar, əslində, əlverişli keçdi. Bütün prinsipial məsələlər üzrə razılığa gəlindi, bu həm Qərb neft şirkətlərinin, həm də Azərbaycan Respublikasının mənafeyinə uyğun olmalı idi. Danışıqların iştirakçıları xahiş etdilər ki, mən onları birlikdə - həm Azərbaycan Neft Şirkətinin rəhbərliyini, həm də konsorsiumun nümayəndələrini qəbul edim. Bu görüşdə "Bi-Pi"-nin ("Britiş Petroleum" - A.Q.) vitse-prezidenti və "AMOKO" iştirak edirdi. Həm onlar, həm də başqaları məlumat verdilər ki, onlar ümumi rəyə gəlmişlər və müqavilənin mətnini praktik şəkildə tərtib etmək vaxtı gəlib çatmışdır. Onların fikrincə, bu işi Hyustonda görmək daha yaxşıdır, çünki orada həm texniki, həm də digər şərait Bakıda olduğundan yaxşıdır. Mən razılaşdım və onlar iyulun 20-də oraya yollandılar. Nəzərdə tutulurdu ki, onlar 20-25 gün müqavilənin mətni üzərində işləyəcək, qəti razılığa gələcək, bundan sonra müqavilənin imzalanacağı günü müəyyənləşdirəcəyik.

Lakin nə isə, gözlənilməz hadisələr baş verdi. Əvvəla, bu vaxtlar müxtəlif mətbuat orqanlarında, o cümlədən Moskva və Qərb mətbuatında müqavilə ilə bağlı müxtəlif rəylər, hər cür fitnəkar yazılar meydana gəldi. Onlar, əlbəttə, əsl həqiqətə uyğun gəlmirdi və ictimaiyyəti müəyyən dərəcədə çaşdırırdı. Hyustonda danışıqlar işə başlanmışdı və müvəffəqiyyətlə davam etdirilirdi. Lakin Qərb neft şirkətləri İstanbulda artıq razılaşdırılmış bəzi bəndləri yenidən nəzərdən keçirməyə başladılar. İstanbuldan sonra onların nümayəndələri mənim yanımda olmuş, onların istəyi ilə mən də razılaşmışdım ki, müqavilə ilə əlaqədar bütün prinsipial məsələlər həll edilmişdir və bu əsasla imzalamaq üçün onun mətnini hazırlamağa başlamaq olar.

Lakin Hyustonda hansı səbəbdənsə onlar müqaviləyə yenidən baxmağa, onun bəzi çox mühüm müddəalarına və bəndlərinə dəyişikliklər etməyə başladılar ki, bu da Azərbaycanın iqtisadi və əlbəttə, milli mənafeyinə toxunurdu, lakin o biri tərəfə böyük xeyir verirdi. Ona görə də danışıqlar uzandı. Əvəzində böyük işlər görüldü. İki gün əvvəl mənə məlumat verdilər ki, müqavilənin mətni artıq hazırdır, lakin bəzi mövqelər üzrə razılıq əldə edilməyib. Ona görə də biz belə düşündük ki, avqustda və ya sentyabrın əvvəllərində müqavilənin imzalanması baş tutmayacaq. Deməli, nümayəndə heyətimiz Bakıya qayıtmalı, biz mübahisəli məsələləri nəzərdən keçirməli, onlara öz münasibətimizi bildirməli və görünür, sonra yeni görüş keçirməli olacağıq. Doğrudur, Qərb şirkətləri çox israr edirdi ki, müqavilə heç olmasa sentyabrın 10-15-də imzalansın. Biz də bunu istəyirdik. Sonra mən Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə görüşdüm - Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun rəsmi nümayəndəsi madam Olbrayt Bakıda oldu. O deyirdi: Biz çox istəyirik ki, müqavilə yaxın vaxtlarda imzalansın. Elə həmin tarixi - sentyabrın 10-15-ni göstərirdi. İki gün əvvəl mən Qahirədə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti cənab Albert Qorla görüşdüm. O da dedi ki, bu işdə bizim marağımız onlarınkından az deyil, çünki bizim iqtisadi vəziyyətimiz işə tezliklə başlamağı tələb edir, bu işin isə yaxşı perspektivi var. Lakin müqavilə qarşılıqlı surətdə sərfəli olmalıdır. Həm Qərb neft şirkətləri üçün, həm də Azərbaycan üçün. Biz müqavilənin nə təkcə özümüz üçün, nə də təkcə o biri tərəf üçün birtərəfli qaydada xeyirli olmasına yol verə bilmərik. Bax, işlər buna görə uzanırdı. Yaxın günlərdə nümayəndə heyətimiz Bakıya qayıdacaq, biz mübahisəli məsələləri nəzərdən keçirəcəyik və öz mövqeyimizi müəyyən edəcəyik.

- Sizin fikrinizcə, Heydər Əliyeviç, indi kütləvi informasiya vasitələrində, o cümlədən Rusiyanın mətbuat orqanlarında şişirdilən Xəzər dənizinin statusu məsələsi necə həll edilməlidir?

- Rusiya tərəfindən bu məsələyə, əslində, toxunulmamışdır. Xəzərin Azərbaycan sektorunun birgə istismarı barədə Azərbaycanla Böyük Britaniya arasında saziş imzalanması haqqında Rusiya XİN-in Böyük Britaniya Krallığına kiçik notası var idi. Doğrudan da, bu ilin fevral ayında mənim rəsmi səfərim zamanı belə bir sazişi biz baş nazir cənab Meycorla Londonda imzalamışdıq. Bundan başqa heç nə olmamışdı. Deyəsən, bunun üçün Xəzər dənizinin statusunun müəyyən edilməsinin zəruriliyi barədə orada işarə vurulmuşdu. Həmin notaya Böyük Britaniya XİN müvafiq tərzdə cavab vermişdi. Bundan sonra mən Böyük Britaniyanın xarici işlər naziri cənab Duqlas Herdlə görüşdüm. O mənə dedi ki, onlar cavab vermişlər və bu notanın heç bir əhəmiyyəti yoxdur.

Rusiya bizim qarşımızda heç bir məsələ qaldırmamışdır. Üstəlik, konsorsiumda bizim tərəfdən Rusiyanın nəhəng "LUKoyl" neft şirkəti iştirak edirdi. Müqavilə payının on faizi ona məxsusdur. Yəni Rusiya burada kənarda qalmayıb. Onun da marağı var. Bu birincisi, ikincisi, Xəzər dənizinin statusu hələ 10-20 ildən sonra müəyyən edilə bilər. Bu məsələ dəfələrlə müzakirə edilməlidir və həm Rusiyanın, həm Qazaxıstanın, həm Türkmənistanın, həm İranın, həm də Azərbaycanın müstəsna hüququdur. Daha vacib bir cəhət Azərbaycan neftçiləri qırx beş ildir ki, Xəzərdə neft və qaz yataqlarının kəşfiyyatı, çıxarılması, işlənməsi ilə məşğuldurlar. Onlar bu işi Xəzərin bütün akvatoriyasında aparırdılar. Əsasən isə Azərbaycan bölməsinə daxil olan akvatoriyada işləmişlər. Sovet İttifaqı dağıldıqdan, respublikalar müstəqil olandan sonra biz Xəzər dənizinin ortasından sərhəd çəkdik. Türkmənistan sahillərində də neftin işlənməsi və çıxarılması ilə Azərbaycanın neft şirkəti məşğul olurdu, lakin biz oradan çıxıb getdik. Orada türkmən neftçiləri işləyirlər. Başqa sözlə, burada bizim heç bir mübahisəli məsələmiz yoxdur. Xəzərin cənubunda İran neft yataqlarının kəşfiyyatına başlayır. Özü də müstəqil, heç kəsdən heç nə soruşmadan. Yeri gəlmişkən, o, Azərbaycanın neft şirkəti ilə müqavilə bağlamışdır və bizim neftçilər orada quyu qazırlar. Rusiya da, Qazaxıstan da öz bölmələrində belə işlər görə bilər. Burada heç kəs digərinə mane olmur. Bölmə məsələsi hansı qüvvələr tərəfindənsə süni surətdə yaradılıb və bizim işlərə, xüsusilə müqavilə bağlamağa mane olmaq məqsədi güdür. Lakin mən belə hesab edirəm ki, bunun üçün heç kimin heç bir əsası yoxdur. Özü də təkrar edirəm, Rusiya tərəfindən bu məsələ Azərbaycan qarşısında bir dəfə də qaldırılmamışdır.

- Bizim qəzet işgüzar qəzetdir, bunu onun adından da görmək olar, mən də siyasətsiz keçinmək istərdim. Lakin Qarabağ probleminin nizama salınmadığı bir ölkə haqqında danışarkən, yəqin ki, bunsuz ötüşmək olmaz. Görünür, Allah özü sizi göndərib ki, heç kəsə lazım olmayan müharibəyə son qoyasınız. Hamı da görür ki, siz buna necə də çalışırsınız. Çoxdan gözlənilən bu hadisə baş verəndə - hamı buna çox ümid bəsləyir - təbiətən yaradıcı olan siz iqtisadiyyatın bərpası ilə daha yaxından məşğul olacaqsınız. Hansı iqtisadi modelə üstünlük verəcəksiniz? Siz özəlləşdirmə və dövlətin tabeçiliyindən çıxarmaq yolu ilə gedən Rusiyadan nümunə götürəcəksiniz, yoxsa hansısa başqa yol seçəcəksiniz?

- Əvvəlcə, sualınızın birinci hissəsinə cavab verirəm. Azərbaycana yenidən rəhbərlik etməyə başladığım andan - bu, təqribən bir il əvvəl baş verib - mən doğrudan da müharibəyə son qoymağa çalışıram. Müharibə altı ildir davam edir. Onun Azərbaycan tərəfindən başlanmadığını hamı bilir. Azərbaycan bu müharibəyə cəlb edilmişdir, böyük itkilər verib, onun ərazisinin iyirmi faizi işğal olunub, bir milyon nəfərdən artıq sakini qaçqına çevrilmişdir. Adamlar əziyyət çəkir, hələ həlak olanları, yaralananları və əlil olanları demirik. Erməni silahlı birləşmələri tərəfindən işğal olunan ərazilərdə isə hər şey məhv edilmişdir. Onilliklər, yüzilliklər ərzində yaradılan hər şey. Azərbaycan Respublikasına külli miqdarda ziyan vurulmuşdur. Müharibənin heç bir gələcəyi yoxdur. Şəxsən mən belə hesab edirəm. Sağlam düşüncəli hər bir adam belə hesab etməlidir. Elə bilirəm ki, erməni tərəfi də bunu başa düşür. Çünki dünyada sonsuz müharibə heç vaxt olmamışdır. Çox uzun sürən müharibələr olmuşdur, lakin onların hamısı sülhlə qurtarmışdır. Bu müharibə nə qədər davam etsə də, hər halda onun perspektivi yoxdur, o nə bu, nə də digər tərəfə üstünlük verə bilməz.

Ona görə də mən qarşıma məqsəd qoymuşam ki, bu məsələnin sülh yolu ilə həllinə nail olum, müharibə qurtarsın. Əlbəttə, Azərbaycanın milli mənafeyini təmin etmək şərti ilə. Bu şərtlər Azərbaycanın ərazi bütövlüyü, müstəqil Azərbaycan dövlətinin sərhədlərinin toxunulmazlığı, erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş bütün ərazilərin azad edilməsi, qaçqınların öz yaşayış yerlərinə qaytarılmasından ibarətdir. Erməni tərəfinin də öz şərtləri var. Onlardan hansını qəbul etmək mümkündürsə, biz qəbul edirik. Təbii ki, bu, Dağlıq Qarabağda erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Dağlıq Qarabağa müvafiq status verilməsi, beynəlxalq nəzarət altında (bu bizim rəyimizdir) Dağlıq Qarabağla Ermənistan arasında Laçın rayonu vasitəsilə humanitar dəhlizin təmin edilməsindən ibarətdir. Əgər bu şərtlər ermənilər tərəfindən qəbul olunarsa, onda sülh təmin oluna bilər. Mən sülh üçün çalışıram, ona nail oluram və istəyirəm sülh olsun. Mən elə hesab etmirəm ki, hərbi yolla tərəflərdən hansısa biri müvəffəqiyyət qazana bilər. Mən nikbinəm və ümid edirəm ki, sülh olacaqdır.

Sualınızın ikinci hissəsi: biz hansı modeli seçirik - Rusiya modelini, yaxud hansısa başqasını? Mən artıq çoxdan, Azərbaycana gələn kimi elan etmişəm ki, respublikamız demokratikləşmə, demokratik hüquqi dövlət quruculuğu yolu ilə dünya demokratiyasının təcrübəsindən istifadə etməklə, demokratiyanın bütün atributları ilə demokratik cəmiyyət quruculuğu yolu ilə getməlidir. Əlbəttə, yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla.

İqtisadiyyata gəldikdə isə o, şübhəsiz ki, bazar iqtisadiyyatı olmalıdır, təşəbbüs, azad sahibkarlıq üçün şərait yaradılmalıdır. Köhnə iqtisadi prinsiplərə, köhnə sistemə qayıdış ola bilməz. Eləcə də, köhnə ictimai-siyasi sistemə. Bu mənim əqidəmdir. Belə hesab edirəm ki, bütün bunlar Azərbaycanı iqtisadi və sosial böhrandan çıxara bilər. Əlbəttə, müəyyən çətinliklər olacaq, lakin elə düşünürəm ki, azad cəmiyyətə, azad həyata və azad iqtisadiyyata qovuşmaq üçün xalq onlara dözməlidir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sınaqdan çıxarılmış model budur. Azərbaycan şəraitində mən bunları respublikamızda tətbiq etmək və təsdiqləmək niyyətindəyəm.

- Bu yaxınlarda Azərbaycan mətbuatında baş nazir Surət Hüseynovun proqram çıxışı dərc edilmişdi. Orada o, həm də islahatların və cari işlərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin səlahiyyətlərinin azlıq etməsindən narazılığını bildirir. Siz buna necə münasibət bəsləyirsiniz?

- Nazirlər Kabinetinin səlahiyyətləri lazım olduğundan da çoxdur. Lakin məsələ burasındadır ki, o, islahatların keçirilməsi mövqeyində dayanmır. Bundan əlavə o, daha çox komanda-inzibatçılıq sisteminin təsdiqi mövqeyində durur. Əslində o, islahatların həyata keçirilməsinin əleyhinədir. Yeri gəlmişkən, baş nazir bunu biz məsələləri müzakirə edərkən açıq deməmişdir. Sonralar isə qəzetlərdə onun adından materiallar yazırlar. Mənə belə gəlir ki, Azərbaycan ictimaiyyəti kimin nəyə tərəfdar olduğunu yaxşı bilir.

- Hamının bütün səviyyələrdə müzakirə etdiyi məsələ: Heydər Əliyeviç, MDB çərçivəsində iqtisadi məkanın bərpası barədə sizin fikriniz? Siz onu necə təsəvvür edir, görürsünüz? Misal üçün, mən eşitmişəm ki, sabah - birisigün Dövlətlərarası İqtisadi Komitə yaradılması barədə məsələ həll ediləcəkdir. O necə olacaqdır? Siz Avroasiya dövlətləri ittifaqı təşkil edilməsi haqqında Nazarbayevin ideyası ilə razılaşırsınızmı?

- Azərbaycan MDB-yə daxil olmamışdı, siz bunu bilirsiniz. Respublikamız onun tərkibinə ötən ilin sentyabrında daxil olmuşdur. İyun ayında mən Azərbaycan Respublikasına başçılıq etməyə başladım və respublikada MDB-yə daxil olmaq üçün psixoloji mühit yaratmaq məqsədi ilə bir neçə ay işləməli oldum. Ölkəmizdə MDB-yə qarşı münasibət çox mənfi idi. Bilirsinizmi, insanların psixologiyasında dönüş yaratmaq asan olmadı. Həm Azərbaycan parlamentində, həm də ictimai rəydə. Bunun xalqın iradəsinə uyğun olması üçün birləşmək barədə mən dəfələrlə parlamentdə məsələ qaldırdım. O, ictimaiyyət, əmək kollektivləri arasında, politoloqlar, ziyalılar tərəfindən müzakirə edildi. Nəticədə adamlarımızı inandıra bildik ki, Azərbaycanın MDB tərkibində olması zərurətdir. Mən belə bir mandat aldım və sentyabrın 24-də Moskvada respublikanın MDB-yə birləşdirilməsi barədə sənədləri imzaladım. Lakin bununla belə, mən MDB-nin fəaliyyəti ilə yaxından tanış olanda hiss etdim ki, çox təəssüf, orada heç də hər şey nizama salınmamışdır. "MDB"-nin adı var, lakin yaxşı fəaliyyət mexanizmi, qarşılıqlı əlaqə yoxdur. Müxtəlif ideyalar, müxtəlif fikirlər, o cümlədən Nursultan Nazarbayevin təklifləri meydana gəlmişdir. Bu ideya diqqətəlayiqdir. Lakin daha diqqətlə öyrənilməlidir. Təəssüf ki, mənim hələ buna imkanım olmamışdır. Lakin oktyabrda dövlət başçılarının görüşü olacaqdır. Görünür, o vaxtadək bu məsələ ilə əlaqədar biz öz mövqeyimizi işləyib hazırlaya biləcəyik. Ona görə MDB çərçivəsində iqtisadi inteqrasiya olmalıdır. Xüsusilə MDB tərkibinə daxil olan dövlətlər arasında ikitərəfli sıx əlaqələr yaradılmalıdır. MDB də şübhəsiz, bu iqtisadi inteqrasiyanı təmin etməyə borcludur. Bununla belə, bu işi mərkəzləşdirmək olmaz, yenidən hansısa mərkəz, hansısa tənzimləyici yaratmağa cəhd göstərmək yaramaz. Bunu həyata keçirmək qeyri-mümkündür. Ona görə də indi haradasa haqqında müzakirə gedən iqtisadi komitə barədə heç nə deyə bilmərəm.

- Siz bunu mərkəz kimi qəbul edirsiniz?

- O, elə mərkəz təsiri bağışlayır. Ona görə də bu işi diqqətlə öyrənmək lazımdır. Başqa sözlə, mənim mövqeyim belədir: iqtisadi inteqrasiya daha səmərəli olmalıdır. O, indi aşağı səviyyədədir, lakin o, dövlətlərin suverenliyinə və iqtisadi müstəqilliyinə xələl gətirməməlidir. Burada bacarıqlı əlaqə, tarazlıq yaradılmalıdır.

- Siz öz planlarınızda hansı istiqamətə üstünlük verirsiniz: Cənuba, Qərbə, yaxud Şimala?

- Mən dəfələrlə bəyan etmişəm: Azərbaycan müstəqil dövlətdir və bütün dünya üçün qapıları açıqdır. Rusiya bizim şimal qonşumuzdur, bizi iki yüz illik birgə həyat, çoxlu cəhətlər birləşdirir, Rusiya ilə dostluq münasibətləri, iqtisadi əlaqələr olmalıdır. Kim desə ki, bunsuz keçinmək olar, onda o, səhv edər. Lakin bununla birlikdə Azərbaycan müstəqil dövlət kimi öz qonşuları Türkiyə, İran, Gürcüstan, habelə MDB-yə daxil olan digər dövlətlərlə ikitərəfli münasibətlər saxlayır və saxlayacaqdır. Təəssüf ki, Ermənistanla bizim aramızda müharibə gedir, lakin mənə elə gəlir ki, sülh yaranacaqdır. Əlbəttə, Şimal ölkələri ilə - Amerika Birləşmiş Ştatları, Avropa ilə əlaqələrimiz möhkəmlənməlidir. Müstəqil dövlət hansısa bir tərəfə meyllənməməlidir, mən də çoxtərəfli əlaqələr tərəfdarıyam.

- Bakılılar danışırlar ki, siz 70-ci illərdə nadir elmi-texniki kadrlar potensialı və çoxmillətli ziyalılar ordusu yaratmısınız. İndi isə biz böyük təəssüf hissi və kədərlə müşahidə edirik ki, istedadlı adamlar ölkəni tərk edir, özü də bu axın heç də azalmır. Əksinə, daha da güclənir. O cümlədən sizin ölkənizdən də. Mən də bilirəm ki, ölkəniz neçə-neçə gözəl alimdən, rəssamdan, bəstəkardan məhrum olmuşdur. Burada qalan adamlar acı-acı şikayətlənirlər ki, ziyalılığın səviyyəsi kəskin surətdə aşağı düşmüşdür, təmasda olmağa adam tapılmır, rus və xarici elmi nəşrlər hətta Elmlər Akademiyasının kitabxanasına da gətirilmir, yaranmış intellektual vakuumda nəfəs almaq olmur… Nəhayət, çoxdan gözlənilən dinc sakitlik nə vaxt bərqərar olacaq, ölkənizdə vəziyyət nə vaxt sabitləşəcək, rahatlıq yaranacaq? Siz, əvvəla, bu axının qarşısını almaq üçün, ikincisi, hazırladığınız kadrların Azərbaycana qayıtması üçün hansı tədbirləri görürsünüz? Gəlin bir daha xatırlayaq ki, bəşəriyyət tərəfindən informasiya əsri kimi qiymətləndirilən XXI əsrin astanasındayıq.

- Bu məsələ mənim üçün çox ağırdır, mənə mənəvi zərbə vurur. Bəli, yəqin ki, adamlar xatırlayırlar. Azərbaycanda intellektual potensialın yaradılması üçün mən az iş görməmişəm. Həm elmdə, həm mədəniyyətdə, həm sənayedə, həm də kənd təsərrüfatında. Hər yerdə, hər sahədə. Mən buna bütün həyatımı həsr etmişəm. Bu mənim həyatımın bir hissəsidir, özü də əsas hissəsi. Bəlkə ona görə daha ağırdır ki, yaratdıqlarım müəyyən dərəcədə məhv olmuş, dağılmışdır. Lakin bu, daha məndən asılı deyildir. Bu vəziyyətə səbəb son altı-yeddi il ərzində baş verən proseslərdir. Mənə elə gəlir ki, Azərbaycanın elmi, iqtisadi, intellektual potensialı həm Azərbaycanın özündə, həm də onun hüdudlarından kənarda yaşayır. Lap Rusiyanın özündə də. Vaxtilə mən xüsusi olaraq Rusiyanın ali məktəblərinə oxumağa çoxlu adam göndərmişdim, onlar orada təhsil almış, elmlər doktoru, professor olmuş, yaşamaq üçün də orada qalmışlar. Qərb ölkələrində də bizim çoxlu mütəxəssisimiz var. Elə bilirəm ki, bizdə iqtisadi şərait yaxşılaşanda, iqtisadiyyat inkişaf edəndə, biz cəmiyyətə böyük zərbə vuran mənfi hallardan qismən də olsa yaxa qurtaranda, həmin potensial yenidən qayıdacaqdır. Mən nikbinəm - mən buna inanıram.

- Ona görə ki, sizin gözəl torpağınız və zəngin imkanlarınız var.

- Həm torpağımız gözəldir, həm də elə bilirəm ki, özüm də buna kömək edəcəyəm.

- Xammal ehtiyatlarının zənginliyinə görə Azərbaycanı tez-tez gah Küveytlə, gah da Klondaykla müqayisə edirlər. Lakin respublikanın əhalisi kasıb yaşayır. Dilənçi vəziyyətinə düşmüşdür. Xüsusilə ziyalılar həm mənəvi, həm də fiziki cəhətdən əzab çəkir, həyat və yaradıcılıq üçün vəsait qazanmaq yollarını tapa bilmir. Bu, onun xüsusiyyətidir. Bu, sosial problemi siz necə həll edəcəksiniz?

- Sosial problemlər əsasən iqtisadi islahatların həyata keçirilməsi yolu ilə həll ediləcəkdir. Onun həyata keçirilməsi istehsalın həcmini qaldırmağa imkan verəcək, bu isə respublikanın iqtisadi və maliyyə vəziyyətini yaxşılaşdıracaqdır. Bütün bunlar tədricən həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxaracaqdır.

- Siz həyatda çox şey görmüsünüz, Heydər Əliyeviç, başınız bəlalar çəkib. Gərək ki, 80-ci ildə "Literaturnaya qazeta"-ya verdiyiniz müsahibəni xatırlayıram. O, ölkəmizdə böyük əks-səda doğurdu, bildiyimə görə, xarici ölkələrdə də buna diqqət yetirdilər. Misal üçün, onda biz öyrəndik ki, sizin təşəbbüsünüzlə İttifaqda ilk dəfə olaraq ictimai rəyi öyrənən Mərkəz yaradılmışdır. O, həm də proqnozlaşdırma ilə məşğul olurdu. Onda bunu qeyri-mümkün, təəccüblü hal kimi qiymətləndirirdilər - gələcəklə bağlı olan fikirlər…

- Gördüyünüz kimi, gələcək təsdiq edir ki, onlar doğru imiş.

- Budur, siz yenə də ən məsul vəzifədəsiniz və mənə elə gəlir ki, bir dəqiqə də boş vaxtınız yoxdur. Lakin əgər belə bir dəqiqə tapılsa, - nəyi arzu edərdiniz, nə barədə düşünərdiniz? Yaxın gələcəyi, deyək ki, ikimininci ilə qədərki dövrü, sonrakı illəri necə təsəvvür edirsiniz? Xahiş edirəm, fikrinizi bildirin.

- Doğrudan da, çox şeylər görmüşəm. Lakin elə indi, yenidən ikinci dəfə Azərbaycana - bu dəfə müstəqil dövlət kimi - başçılıq etməyə başlayanda bircə məqsədim olub: öz doğma xalqımı, öz doğma respublikamı ağır vəziyyətdən çıxarmaq. Mən təkcə bunu arzu edirəm, mənim həyatda başqa heç bir planım, heç bir arzum yoxdur. Boş dəqiqələrim yox dərəcəsindədir. Görürsünüzmü, hətta burada, təyyarədə biz həmkarlarımızla məsələləri müzakirə edirdik, onlarla söhbəti qurtaran kimi sizi dəvət etdim. 10 dəqiqədən sonra isə biz artıq Moskvada yerə enəcəyik. Ona görə də boş vaxtım, əslində, yoxdur. Mən həmişə fikirləşirəm, beynim fikirlərdən demək olar ki, heç vaxt ayrılmır.

- Yeri gəlmişkən, əhatənizdə olan işgüzar adamlar, elə xalq özü də sizi super-kompüter adlandırırlar. Deyirlər, sizin gözəl hafizəniz var.

- … Lakin başlıca fikrim Azərbaycanı ağır vəziyyətdən xilas etməkdir. Əgər biz müharibəyə son qoya bilsək, əgər möhkəm, uzunmüddətli sülh yarada bilsək, elə bilirəm ki, Azərbaycan ikimininci ilə tamamilə başqa görkəmdə qədəm qoyacaqdır. Mən buna inanıram. İnşallah, belə də olacaqdır.

- Söhbətə görə sağ olun.

Müsahibəni Antonina Qalayeva aparmışdır.

"Delovoy mir" qəzeti, 20 sentyabr 1994-cü il.

Tarixi arayış