Möhtərəm Nikolay Konstantinoviç!
Sizi, görkəmli dövlət xadimini və ictimai-siyasi xadimi əlamətdar yubileyiniz - anadan olmağınızın 85 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, bu yubiley gününüzdə siz uşaqlıq çağlarınızı və Bakı Neft İnstitutunda təhsil aldığınız illəri, Balaxanı mədənlərində neftçi kimi yetişdiyiniz dövrü; sizə böyük siyasətə yol açmış neftçilərin Bakıda keçirilmiş Ümumittifaq müşavirəsini dəfələrlə xatırlayacaqsınız.
Sovetlər İttifaqı hökumətinin tərkibində olduğunuz qırx ilin hamısı sizin üçün insan qüvvəsi və imkanlarının son həddində olan gərgin əməkdə keçmişdir. İnkişafımızın müxtəlif tarixi dövrlərinə nə kimi siyasi damğalar vurulsa da, bu dövrlər necə səciyyələndirilsə də, bu, sizdən ötrü hər şeydən əvvəl iş - Vətənin faşizm təhlükəsindən müdafiəsi naminə, insanların rifahı üçün iqtisadiyyatı inkişaf etdirmək naminə iş olmuşdur.
Siz məhz öz Vətəninizdə, Azərbaycanda deputat seçilərək qırx üç il ölkənin ali qanunvericilik orqanının üzvü olmusunuz. Bu illər bizdən ötrü sizinlə əməkdaşlıq və ünsiyyət illəri idi. Azərbaycanda minlərlə adam ölkəmizin iqtisadiyyatının inkişafı üçün gördüyünüz konkret işlər barədə xatirəni qəlbində ehtiramla yaşadır. İndiki dövrdə bu ənənələri sizin başçılıq etdiyiniz Rusiya - Azərbaycan Dostluq
Cəmiyyəti ahəngdar şəkildə davam etdirir.
Siz canlı bir tarixsiniz və geniş tərcümeyi-halınızın hər bir səhifəsi bizim üçün əzizdir. Bizim bir məsələdə şübhəmiz yoxdur - "Baybakov üsulu" - bu, təkcə neft laylarının problemləri deyil, hər şeydən öncə yüksək peşəkarlığın tükənməz əməksevərliklə və seçdiyi işə sədaqətlə vəhdətidir.
Qeyri-adi fitri ixtiraçılıq və alimlik istedadınız sizə bu gün də dənizdə və quruda neft yataqlarının işlənməsi sahəsində fəal axtarışlarınızı davam etdirməyə, neftçi alimlərin sırasında qalmağa imkan verir.
Siz həm keçmiş İttifaqın, həm də Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan ölkələrin çoxsaylı yüksək mükafatlarını almısınız. Bunların bir hissəsi Azərbaycanın neft mədənlərində işinizə görə, "İkinci Bakıya, "Üçüncü Bakı"ya görə verilmişdir. Bu gün biz "Birinci", yeganə və bənzərsiz Bakıdan sizi müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik
Əziz Nikolay Konstantinoviç!
Hamımız üçün əlamətdar olan bu gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, səadət və uğurlar diləyirik.
Dərin hörmətlə,