Azərbaycan Respupblikasının Prezidenti Heydər Əliyevin İstanbuldan Bakıya qayıdarkən təyyarədə ‎jurnalistlərə müsahibəsi - ‎20 noyabr 1999-cu il


Heydər Əliyev: Mənə çatdırdılar ki, siz təyyarədə mənimlə görüşmək, sammitdə və ümumiyyətlə İstanbulda baş ‎vermiş böyük beynəlxalq hadisələr haqqında qısa məlumat almaq istəyirsiniz.‎

Təbiidir ki, vaxt çox azdır, çox şeyi demək olmaz. Ancaq onu bildirmək istəyirəm ki, həqiqətən bu, bəşər ‎tarixinə daxil olacaq bir hadisədir. Çünki XX əsrin sonunda bu qədər geniş əhəmiyyətli beynəlxalq toplantı, ‎sammit keçirilir. Güman edirəm ki, XX əsrin sonuna qədər belə bir şey artıq olmayacaqdır.‎

Bunun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu, ATƏT-in sammitidir, zirvə görüşüdür. Gördüyünüz kimi, ‎oraya çox yüksək səviyyəli nümayəndə heyətləri - prezidentlər, baş nazirlər və bir çox beynəlxalq təşkilatların ‎nümayəndələri gəlmişdilər.‎

Siz müzakirələri gördünüz. Amma nəticə bundan ibarətdir: birincisi, xartiya qəbul olundu. 1975-ci ildə ‎Helsinkidə qəbul olunan sənədlərdən sonra 1990-cı ildə Paris xartiyası qəbul edilmişdir. Bu isə ATƏT-in 25 ‎illik tarixində üçüncü belə sənəddir, İstanbul xartiyasıdır. Bu xartiyanın çox böyük mənası, əhəmiyyəti vardır. ‎Yəni Avropada təhlükəsizliyin, sülhün, əmin-amanlığın təmin edilməsi üçün bu xartiyada çox lazımlı maddələr ‎‎- indiki reallıq, yəni Paris xartiyasından sonra baş vermiş hadisələr və onlara olan münasibət əks olunubdur. ‎Yenə də deyirəm, burada xartiyanın əsas məğzi olan məsələlər - ölkənin bütövlüyünün, müstəqilliyinin ‎qorunması, təhlükəsizliyin təmin olunması, sülhün möhkəmləndirilməsi, insan haqlarının qorunması, ‎demokratiyanın ‎inkişaf etdirilməsi və başqa məsələlər öz əksini tapıbdır.‎

Ona görə də bu xartiya üzərində çox iş getdi. Biz də Azərbaycanın mənafelərini gələcəkdə təmin etmək üçün ‎xartiyanın üzərində öz səylərimizi göstərdik və təkliflərimizi həyata keçirə bildik. Şübhəsiz ki, siz onu ‎oxuyanda tapa bilməzsiniz ki, orada hansı cümlə kimə aiddir. Amma biz bilirik ki, orada cümlələr üzərində ‎çalışmışıq və onların qəbul edilməsinə nail olmuşuq.‎

Mən ümumiyyətlə, bu xartiyadan çox məmnunam və hamı bundan məmnundur. Mən bunu ATƏT-in ‎fəaliyyətinin böyük nailiyyəti kimi qiymətləndirirəm və onun Azərbaycan xalqı üçün də çox böyük əhəmiyyəti ‎olduğunu bildirmək istəyirəm.‎

Bilirsiniz ki, ondan sonra siyasi bəyannamə qəbul olundu. Sammitin gedişində müzakirə edilən məsələlər bu ‎sənəddə əksini tapıbdır. Orada ümumi məsələlər vardır. Amma konkret məsələlər Avropa qitəsinin ayrı-ayrı ‎ölkələrindəki münaqişələrə - Bosniya və Herseqovina, Yuqoslaviya, Dnestryanı, Ermənistan-Azərbaycan, ‎Gürcüstan və başqa münaqişələrə, onlara münasibətlərə aiddir. Hesab edirəm ki, orada Azərbaycan haqqında ‎yazılmış maddə - 20-ci maddə bu günün reallığını əks etdirir və biz bundan məmnunuq.‎

Keçən sammitdə biz vuruşduq, çarpışdıq və konsensus olmadığına görə yekun sənədinə maddə düşmədi. Bunun ‎nəticəsində biz ATƏT sədrinin bəyanatını aldıq. Amma biz istədiklərimizin hamısı orada öz əksini tapdı. Bu ‎dəfəki sammitin bəyannaməsində isə maddə var. Hesab edirəm ki, reallığa görə biz bu maddəni qəbul edirik. ‎Yəni bizim buna etirazımız yoxdur və həmin maddənin formalaşdırılması üzərində özümüz işləmişik.‎

İkinci ən böyük hadisə Avropada adi silahlar haqqında qəbul olunmuş, artıq imzalanmış müqavilədir. Mən ‎yazıçılarla, şairlərlə bu yaxınlarda keçirdiyim görüşdə bu barədə ilk dəfə danışmışdım. Əvvəllər heç vaxt mən ‎bunu mətbuata verməmişdim. Ancaq bilirsiniz ki, 1990-cı ildə Varşava paktı ilə NATO arasında adi silahlar ‎haqqında müqavilə qəbul edilmişdi, NATO-nun hansı ölkələrdə nə qədər adi silah saxlaması və Varşava ‎paktının hansı ölkələrdə nə qədər silah saxlaması müəyyən olmuşdu. Sovet İttifaqı, Varşava paktı dağıldı. ‎Bilirsiniz ki, 1992-ci ildə bu məsələyə yenidən baxıldı. Rusiya başçılıq etdi, MDB ölkələrinin başçılarını 1992-‎ci il mayın 14-15-də Daşkənddə topladı. Keçmiş Sovetlər İttifaqına daxil olmuş ölkələrin orada kvotaları ‎müəyyən edildi.‎

Mən demişəm, bir də təkrar edirəm: Müsavat və başqa təşkilatlar Mütəllibov hakimiyyəti ilə hakimiyyət ‎uğrunda mübarizə apardı. Mütəllibov istefa verdi, bundan sonra tərəfdarları onu yenidən hakimiyyətə ‎qaytarmağa çalışdılar və bir günlük qaytardılar. Xalq ayağa qalxdı. Bundan istifadə edən Xalq Cəbhəsi, ‎Müsavat və onlarla birlikdə olan başqa təşkilatlar burada boğuşan zaman, may ayında bu məsələlər həll edilirdi. ‎Azərbaycan bizim ekspertlər tərəfindən əvvəlcədən hazırlanmış təklifləri - Cənubi Qafqazda Azərbaycanın ‎kvotası Gürcüstanla, Ermənistanla bərabər ola biməz - orada həyata keçirə bilmədi. Çünki oraya Rəhim Qazıyev ‎getmişdi. O, həm Xalq Cəbhəsinin, həm də Mütəllibovun nümayəndəsi idi. Oraya gedənlərdən biri də ‎Əzizbəyov idi. Əzizbəyov o vaxt Nazirlər Soveti sədrinin müavini idi, heç bir siyasi hüquqa, yəni siyasi biliyə ‎malik olan adam deyildi. Oraya bir də Abbas Abbasov getmişdi. İndi o, izah edir ki, o, elə bunları müşayiət ‎edirdi. Təəssüf ki, belə hallarda o, müşayiət etmək işləri ilə vaxtilə çox məşğul olubdur. Ancaq o vaxt ‎Azərbaycana xəyanət edilibdir. Çünki Rəhim Qazıyev Qraçovla sövdələşmişdilər, Ermənistana, Azərbaycana, ‎Gürcüstana eyni kvota müəyyən olunmuşdu - 220 tank, 220 BMP, nə bilim, nə qədər təyyarə, nə qədər top və ‎filan.‎

Biz 4 ildir bunun qarşısını alırdıq. Bax, bu müqaviləni imzalamağa amerikalılar daha çox tərəfdar idilər. Çünki ‎amerikalılar bunu yenidən imzalamadığı halda Rusiya nəzarətsizlikdən istifadə edərək silahları yayırdı. Amma ‎biz müqaviləyə razılıq verməyə məcbur olduq və o imzalandı. Bizim kvotamız əvvəl təyin olunduğu kimi qaldı. ‎Təəssüflər olsun ki, Ermənistanın da öz kvotası var, bundan əlavə, Rusiyanın orada təxminən 170 tankı, hərbi ‎maşınları və sair vardır. Nəzarətdə olmayan bir region kimi Dağlıq Qarabağda olan silahlar bu müqaviləyə ‎düşmür.‎

Mən bunu elan etmişəm. Biz amerikalılara həmişə demişik ki, bunu uçota almaq lazımdır. Onlar deyirlər ki, ‎onda ya gərək Dağlıq Qarabağ bu müqavilənin subyekti olduğuna imza atsın, yaxud da ki, sizin ərazidir - bu, ‎sizin üstünüzə yazıla bilər. Yaxud, siz deyirsiniz, bu silahlar Ermənistanındır, onda siz etiraf edin ki, bu, ‎Ermənistanındır, bunu Ermənistanın üzərinə yazaq. Biz çıxılmaz vəziyyətdə idik. Ona görə də biz artıq ‎müqavimət göstərmədik, bu müqavilə də imzalandı. Bu, sammitin ilk müqaviləsi idi. Ancaq onun əsas nəticəsi, ‎orada olan mühit, işgüzarlıq, hesab edirəm ki, XX əsrin sonunda dünyada gedən dəyişiklikləri əks etdirir. ‎

Mən bu sammitdən çox məmnunam. Hesab edirəm ki, mənim 1994-cü ildə Budapeştdə, 1996-cı ildə ‎Lissabonda iştirak etdiyim sammitlərə nisbətən bu, öz məzmununa, qəbul olunan sənədlərə görə çox yüksək ‎səviyyəli sammit idi. Qardaş Türkiyənin bu sammitin ev sahibi olması və bu sammitin İstanbul sammiti, orada ‎qəbul edilən əsas sənədlərdən birinin İstanbul xartiyası adlanması və bu toplantının Türkiyədə keçirilməsi ‎şübhəsiz ki, bizim üçün iftixar hissidir. Türkiyə nəyə qadir olduğunu dünyaya bir daha göstərdi. Əvvəlki ‎sammitlərdə siz də olmusunuz. Demək istəyirəm ki, burada sammitin işi üçün yaradılmış şərait hamısından ‎yüksək idi. "Çırağan sarayı" bunun üçün nə qədər uyğun bir yer idi.‎

Xatirimdədir, Lissabonda bizim üçün taxtadan ayrı-ayrı otaqlar ayırmışdılar, bu otaqda danışanı o birisi eşidirdi ‎və gedib danışırdı. Ancaq burada çox gözəl şərait yaradılmışdı. Əlbəttə ki, bu da mənim üçün çox ‎əhəmiyyətlidir. Çünki mən istəyirəm ki, qardaş Türkiyə bildirsin, dünyaya göstərsin, o, həqiqətən nəyə qadirdir, ‎nə edə bilər.‎

Təbiidir ki, Türkiyə bizim üçün qardaş, dost ölkə olduğu üçün Prezident Klintonun beş gündən artıq Türkiyədə ‎olması, həm Türkiyəni, həm bu ölkənin bəzi tarixi yerlərini ziyarət etməsi, həm də sammitdə fəal iştirakı - təkcə ‎Klintonun yox, dünyanın başqa böyük dövlətlərinin başçılarının da fəal iştirakı - bizi çox sevindirir. Dünən ‎axşam Süleyman Dəmirəllə biz bir yerdə yemək yeyirdik. Bilirsiniz ki, mən artıq hava limanına gəlirdim, siz də ‎hava limanında idiniz. O, mənə telefon edərək dedi ki, mən Klintonu bu dəqiqə yola saldım, ancaq səninlə ‎görüşmək istəyirəm. Dedim ki, mən yol üstəyəm. Soruşdu ki, nədir? Dedim ki, təyyarə artıq uçmağa hazırdı. ‎Bildirdi ki, təyyarə sənin təyyarəndi? Dedim ki, bəli. Dedi ki, əmr elə, qoy sabah uçsun. Mən də bunu etdim. ‎Biz axşam görüşdük, bir yerdə ailəvi yemək yedik, həm sammitin yekunları, həm də Bakı-Ceyhan boru kəməri ‎haqqında ətraflı söhbət etdik.‎

Burada bizim üçün, Türkiyə üçün və bütün dünya üçün baş verən ən tarixi hadisə Bakı-Ceyhan neft kəməri ‎müqaviləsinin imzalanması mərasimidir. Bu imzalanma mərasiminin bu qədər yüksək səviyyədə, bu qədər ‎möhtəşəm, əzəmətli şəraitdə keçməsi, şübhəsiz ki, Bakı-Ceyhan kəmərinin nə qədər əhəmiyyətli olduğunu ‎bildirir.‎

Bilirsiniz, orada bir neçə sənəd, dövlətlərarası sənədlər imzalandı. Azərbaycan-Türkiyə -Gürcüstan sənədi Bakı-‎Ceyhan boru xətti haqqında. Bundan əlavə, bəyannamə imzalandı. O bəyannaməyə həm Klinton, həm də ‎Nazarbayev imza atdılar, yəni bizdən başqa, bu dövlətlər - Amerika da, Qazaxıstan da, - bir halda ki, o, boru ‎xətti ilə neft keçirmək istəyir, - bu layihənin həyata keçirilməsi üçün üzərlərinə öhdəliklər götürürlər. Bu da çox ‎böyük hadisədir. Başqa sənədlər də imzalandı, onları bizim şirkətlər imzaladılar. Böyük bir paket imzalandı. ‎Bu, tarixi hadisədir.‎

Siz orada mənim çıxışımı eşitdiniz. Biz beş ildir çalışırıq. Təbiidir ki, hamı bilir bunun əsasını biz qoymuşuq. ‎Əgər biz "Əsrin müqaviləsi"ni imzalamasaydıq, Bakı-Ceyhan haqqında söhbət ola bilməzdi. "Əsrin ‎müqaviləsi"ni imzaladıq, onu həyata keçirdik, neft hasil etdik. Hamı, dünya inandı ki, Xəzərdə neft var və ‎çoxdur, Azərbaycanın nefti həddindən artıq çoxdur. Ona görə də belə bir baha qiymətli kəmərin tikilməsi üçün ‎qərar qəbul olundu. Bu asan məsələ deyil. Beş ildir biz bundan ötrü çalışırıq. Mən özüm bu barədə nə qədər ‎işlər görmüşəm, onu dünən dedim. Hər dəfə Türkiyəyə gələndə bunu məndən soruşurdular, - heç kəsdən yox, - ‎Bakı-Ceyhan nə vaxt olacaq? Mən də dedim, oldu!‎

Mən çox şadam. Çünki bu gün həm Azərbaycanın hörmətini qaldırdıq, həm Türkiyənin hörmətini qaldırdıq, ‎həm də dünyaya sübut etdik ki, bəli, Azərbaycanın bəyan etdiyi neft ehtiyatları Xəzər dənizində, xüsusən ‎Azərbaycan sektorunda var və ondan da artıqdır.‎

Bilirsiniz ki, sonra Türkmənistan qazının nəqli haqqında da müqavilə imzalandı. Hesab edirəm, bu da çox ‎əhəmiyyətli bir haldı. Çünki beş-altı ildir ki, Türkmənistan öz qazını haradan keçirmək barədə çalışır. İrandan ‎keçirmək istədi və Türkiyə ilə müqaviləsi vardı. Amma bu, mümkün olmadı. Sonra bir layihəsi var idi ki, ‎Əfqanıstan vasitəsi ilə Pakistana keçirilsin. Üç-dörd il bundan əvvəl Amerikanın "Yunokal" şirkətinin ‎nümayəndəsi mənə dedi ki, biz layihə hazırlamaq istəyirik. Mən dedim ki, siz əcəb işlə məşğul olursunuz. ‎Soruşdular ki, nə üçün? Dedim ki, bu, mümkün deyildir, - sadəcə, vəziyyəti anlamırsınız. Amma bir-iki ildən ‎sonra mənimlə yenidən görüşəndə etiraf etdi ki, siz düz deyirsiniz. Ona görə də Türkmənistan qazı satmaq üçün ‎yol axtarırdı. Buradan da keçməsini həm istəyirdi, həm istəmirdi. Ancaq indi gördü ki, başqa yol yoxdur. ‎Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları da onlara həm təsir etdi, həm də dəstək verdi. Qaz kəmərinin çəkilməsi ‎haqqında sənədi də Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə imzaladılar.‎

Amma eyni zamanda biz ayrıca bir memorandum da imzaladıq. Birinci imzalanmış sənəddə deyilir ki, ‎gələcəkdə Azərbaycanın qazı da bu kəmərdən keçəcəkdir. Amma əlavə bir memorandum da imzaladıq ki, ‎Türkiyə öhdəlik götürür ki, gələcəkdə Azərbaycanın nə qədər qazı olsa, onu alacaq və təkcə özü üçün yox, ‎Avropaya da çıxaracaqdır. Bu da çox böyük hadisədir. Ona görə də mən hesab edirəm ki, biz böyük qələbələrlə ‎geriyə dönürük. Bizim millətimiz, xalqımız, ölkəmiz sevinməlidir ki, belə böyük nailiyyətlər əldə etmişik.‎

Mən bu sammiti və Bakı-Ceyhan layihəsinin, Xəzər qaz layihəsinin Türkiyədə, İstanbulda imzalanmasını bir ‎daha xüsusi qeyd edirəm. Türk xalqı kimi, Azərbaycan xalqı buna sevinir. Ona görə də dünən axşamı əziz ‎dostum Süleyman Dəmirəllə bir yerdə keçirdik və bu nailiyyətləri bir yerdə qeyd etdik. Mənim sizə deyəcəyim ‎sözlər budur.‎

Jurnalist: Biz dünən bütün axşamı, gecəni İstanbulu gəzdik. Siz görəydiniz ki, hamı bizi necə hərarətlə ‎qarşılayırdı. Ən sadə türk adamları küçələrdə, mağazalarda, restoranda Bakı-Ceyhan haqqında ağızdolusu ‎danışır, sevinirdilər. Mən ömrümdə belə şey görməmişdim. Özü də türk xalqı o qədər də siyasiləşmiş xalq ‎deyildir. Amma aşağıdan yuxarıya qədər hamı bu hadisəni müzakirə edirdi. Hamı deyirdi ki, bunu Heydər ‎Əliyev edibdir.‎

Heydər Əliyev: Bəli, hamı da bunu bilir. Ona görə də, Türkiyədə Azərbaycana və şəxsən Azərbaycanın ‎Prezidenti Heydər Əliyevə həmişə çox böyük məhəbbət olubdur. Amma Bakı-Ceyhana görə bu məhəbbət ‎həddindən artıqdır.‎

Jurnalist: Özü də inanmırdılar ki, bu layihə barədə saziş imzalanacaqdır.‎

Heydər Əliyev: Bəli, bəli, inanmırdılar.‎

Jurnalist: Viktor Kalyujnı bəyanat verib ki, bu neft kəməri iqtisadi baxımdan sərfəli deyil, siyasi mülahizələrə ‎əsaslanır.‎

Jurnalist: Xahiş edirik ikitərəfli görüşləriniz barədə danışasınız.‎

Heydər Əliyev: İkitərəfli görüşlərim də çox oldu və bunlar çox da səmərəli oldu. Prezident Klintonla çox gözəl ‎görüşümüz, danışıqlarımız oldu. Bütün məsələlər haqqında, o cümlədən də, Ermənistan-Azərbaycan ‎münaqişəsinin sülh yolu ilə həll olunması barəsində danışdıq. Prezident Şirakla çox gözəl görüşümüz və ‎danışıqlarımız oldu. Almaniyanın Kansleri Şröderlə görüşüm oldu. Bilirsiniz ki, mən bizdə olan bir-iki rəsm ‎əsərini təqdim etdim. On iki əsərdən ikisi bizdədir, qalanları Nyu-Yorkda saxlanılıb. Mən ona təsdiq etdim ki, ‎bunlar da sizinkidir. Başqa əlaqələrimiz haqqında, Ermənistan-Azərbaycan münaqişəsi barədə danışdıq.‎

Bütün bu görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın düşdüyü vəziyyət və bu məsələnin sülh ‎yolu ilə həll edilməsi mövzusu birinci yer tuturdu. Mənim apardığım danışıqların hamısını bilirsiniz, bunları ‎sadalamaq istəmirəm. Mən bunların hamısını çox uğurlu hesab edirəm. Bir də, güman edirəm ki, siz mənim ‎sammitdəki çıxışıma diqqətlə baxmısınız. Mən çox sərt çıxış etdim, amma eyni zamanda konstruktiv çıxış idi. ‎Konstruktivliyi də ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaranması üçün paktın ‎hazırlanmasını təklif etdim. Həm Amerika Birləşmiş Ştatlarını, həm Avropa Birliyini, həm Türkiyəni, həm ‎Gürcüstanı, həm Ermənistanı, həm ATƏT-in bu işdə marağı olan başqa ölkələrini dəvət etdim ki, bu paktın ‎hazırlanıb bağlanması üçün səylərini göstərsinlər. Amma şərtlər qoydum. Şərtlər də ondan ibarətdir ki, Cənubi ‎Qafqazdan bütün silahlar çıxarılmalıdır, ayırıcı xətlər olmamalıdır, təhlükəsizlik təmin edilməli, terrorizm, etnik ‎təmizləmə, separatizm aradan qaldırılmalı, ikili standartlara, baş vermiş faktlar əsasında hərəkətlərə yol ‎verilməməlidir. Bunlar çox ciddi məsələlərdir. Mən bunları qaldırdım və hesab edirəm ki, ATƏT-in üzvlərinin ‎əksəriyyətini Azərbaycanın bu təklifinə cəlb etdik. Bu da çox böyük hadisədir.‎

Dağlıq Qarabağ haqqında da kəskin mövqeyimi bir daha bildirdim, Minsk qrupunu tənqid etdim. Amma ‎Ermənistan prezidenti ilə danışıqlarımızı da müsbət qiymətləndirdim. Mən bu gün də belə fikirdəyəm. Hesab ‎edirəm ki, bu danışıqlar davam edəcəkdir. İndi həm Minsk qrupu işləyəcək, həm də bu danışıqlar davam edəcək ‎ki, məsələni sülh yolu ilə həll edək.‎

Jurnalist: Deyəsən, birgə bəyanat olmalı idi.‎

Heydər Əliyev: Birgə bəyanat yox. Ancaq biz, Amerikanın xarici işlər naziri xanım Olbrayt, Fransanın xarici ‎işlər naziri Vedrin, Rusiyanın xarici işlər naziri İvanov, - bir də Ermənistan Prezidenti və Azərbaycan Prezidenti ‎Minsk qrupunun fəaliyyətini gücləndirmək üçün görüş keçirib müzakirə apardıq. Mən Minsk qrupunun ‎fəaliyyətsizliyini üzlərinə dedim və tələb etdim ki, Minsk qrupu fəaliyyətini artırsın. Onlar da söz verdilər ki, ‎artıracaqlar.‎

Yəni Azərbaycanın mənafelərini təmin etmək üçün qısa bir müddətdə nə mümkündürsə, mən etdim. Daha bir ‎sözünüz var?‎

İndi gedin o ağlayanlara, qara yaylıq bağlayanlara, sonra "yürüş edənlərə" deyin ki, onları İstanbul küçələrində ‎görmədik. Onlar harada idilər? Gəlib burada nümayiş keçirmək istəyirdilər. Siz bilirsiniz ki, biz Klinton qalan ‎oteldə yaşayırdıq. Həmin oteldə təkcə Klinton yaşayırdı, bir də Azərbaycan Prezidenti. Biz orada yaşayırdıq. ‎Siz də oraya gəlib-gedirdiniz, hamınızın imkanı vardı. Yəqin ki, elə bunun özü də Azərbaycana və Azərbaycan ‎Prezidentinə göstərilən münasibətdir.‎

Jurnalist: İmzalanma zamanı deyirdilər ki, Klinton gəlməyəcək, olmayacaq, onu burada gözləməyin, onun ‎nümayəndəsi gələcəkdir. Dedik ki, axı o, Heydər Əliyevə söz vermişdir, məktubunda da yazmışdır ki, İstanbula ‎şəxsən gələcəkdir. Amma o gələndə hamı rahat oldu.‎

Heydər Əliyev: Əlbəttə, onun bayrağı orada idi, belə şey ola bilməzdi. O, bu işdə çox maraqlı bir şəxsdir, bu ‎məsələnin həll olunması üçün şəxsən çox işlər görübdür. Mən bunu orada öz çıxışımda qeyd etdim, siz ‎eşitdiniz. Sonra onunla təkbətək görüşümdə də xidmətlərini qeyd etdim. Biz çalışdıq, çox işlər gördük. Amma ‎Amerika Birləşmiş Ştatlarının, şəxsən Bill Klintonun bu işə daimi dəstəyi olmasaydı və məsələni həyata ‎keçirmək üçün maliyyə vəsaiti tapmaqdan ötrü onun tədbir görəcəyi barədə bəyanatlar verilməsəydi, təbiidir ki, ‎bunu etmək bir az çətin olacaqdı. Sağ olun.‎

"XXI əsrə sülh körpüsü" (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşü ilə əlaqədar Türkiyəyə səfəri - 17-20 noyabr 1999-cu il) - "Nurol" nəşriyyatı, Bakı - 2000, səh. 151-160.

Tarixi arayış