Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin GUÖAM dövlətləri başçılarının Zirvə Görüşündə memorandum imzalanma mərasimindən jurnalistlərin suallarına cavabı - Nyu-York, BMT-nin Baş qərargahı, 6 sentyabr 2000-ci il


Jurnalist: Cənab prezidentlər, sualım qısadır – sizcə, bugünkü görüşdən sonra GUÖAM-da nə dəyişmişdir? Xahiş edirəm, hamınız cavab verəsiniz.

Leonid Kuçma (Ukrayna prezidenti): Məncə, dəyişikliklər var. Ən başlıcası tərəflərdən hər birinin bu təşkilata münasibətidir. Üçillik qeyri-formal mövcudluğu, hər halda, onun həyatiliyini göstərmişdir. Çünki bu təşkilatda ən əvvəl, iqtisadi əməkdaşlıq baxımından qarşılıqlı marağı olan ölkələr toplaşmışdır. Mən əsas nəqliyyat yollarından, xüsusən İpək yolu problemindən başlayaraq, bu barədə müfəssəl danışmayacağam. Bütün bunlardan Bakıda keçirilmiş konfransda geniş söhbət getmişdir. Biz artıq başa düşürük ki, bütün bunları iş planı olan, işin nəticələri üçün məsuliyyət daşıyan təşkilata tapşırmaq lazımdır. İkincisi, bütün dünya da görür və ən əvvəl biz, Avropa qitəsində olanlar – mən inteqrasiyanın ən yüksək pilləsinə çatmış Avropa Birliyini nəzərdə tutmuram – görürük ki, MDB-də artıq bir çox illər ərzində haqqında söhbət gedən azad ticarət zonaları ancaq söz olaraq qalır. GUÖAM-a qarşı çıxan ölkələrin liderlərindən heç birində zərrə qədər də şübhə yoxdur ki, gələcək inkişaf məhz azad ticarət zonasından keçir. Biz malların, kapitalların və insanların hərəkəti yolundakı bütün məhdudiyyətləri aradan götürməliyik. Diqqətinizi cəlb etmək istədiyim başlıca məsələ, bax, budur.

Heydər Əliyev: Mən prezident Leonid Kuçma ilə razıyam və geniş danışmaq istəmirəm. Yalnız bunu deyəcəyəm ki, ötən üç ili, görünür, GUÖAM-ın təşəkkül dövrü hesab etmək lazımdır, indi isə biz artıq elə bir səviyyəyə çatmışıq ki, bu təşkilata daha məqsədyönlü, daha mütəşəkkil xarakter verə bilərik. Əslinə qalsa, bugünkü görüşümüz, imzalanmış protokol və rəsmi məlumat məhz buna sübutdur. Yəni, söhbət bundan gedir ki, təşkilatımız gərəkdir, zamanın müəyyən sınağından keçibdir, konkret məqsədlər – Ukrayna prezidenti onların haqqında danışdı – güdür ki, ondan böyük səmərə götürək, eləcə təşkilat olaraq qalmasın. Bugünkü görüşdən razıyıq, o, zəruri idi. Ümidvaram ki, bu görüş GUÖAM-ın fəaliyyətinin artıq yeni mərhələsinin bünövrəsini qoyur və bu mərhələdə işlər konkret surətdə planlaşdırılacaq və fəaliyyətimiz konkret olaraq, əsasən, Leonid Daniloviçin dediyi üç istiqamətdə həyata keçiriləcəkdir.

Eduard Şevardnadze (Gürcüstan prezidenti): Artıq hər şey deyildi. Zənnimcə, ən vacib olan budur ki, biz dövlət başçılarının, xarici işlər nazirlərinin və ticarət nazirlərinin müntəzəm görüşləri barədə müəyyən qərara gəldik. Bu gün mən çıxışımda dedim ki, Avrasiya dəhlizi layihəsinin – TRASEKA layihəsinin gerçəkləşdirilməsi bizim üçün çox mühüm problemdir. Məhz bu vəzifə təşkilatımız üçün başlıca və aparıcı vəzifə olacaqdır. Leonid Daniloviç doğru dedi, nəzərdə tutduğumuz işlər malların, insanların sərbəst hərəkət etməsinə imkan verəcəkdir. Özü də Rusiyanın rəsmi bəyanat verərək Bişkek sazişindən çıxdığını bildirdiyi, bununla da MDB üçün, o cümlədən Gürcüstan üçün yeni problemlər yaratdığı bir vaxtda. Mən MDB məkanında insanların sərbəst hərəkət etməsi prinsipini nəzərdə tuturam.

Petru Luçinski (Moldova prezidenti): Bu görüşün nəyi həll etdiyi və ondan sonra nəyin dəyişdiyi barədə suala cavab vermək bəlkə də bir qədər çətindir. Əvvəla, biz təsdiqlədik ki, düz edirik ki, görüşür, təşkilatımızın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparır və öz mülahizələrimizi söyləyirik. Bu gün mən belə deyərdim: biz öz səylərimizi konkret layihələr ətrafında birləşdiririk, bu layihələr ümumi şəkildə formalaşdırılmayıb – Leonid Daniloviç bu barədə danışdı – lakin biz onları hələ konkretləşdirəcəyik. Yəni, biz öz maraqlarımızı hansısa konkret məsələlər ətrafında yaxınlaşdırmaq fikrindəyik. Bizim təşkilatımız daxil olduğumuz və fəaliyyət göstərdiyimiz digər təşkilatlar tərəfindən göstərilmiş reaksiyaya və ya ifadə edilmiş narazılığa cavab deyildir. O, sadəcə olaraq, mənafelərimizi konkret problemlər ətrafında birləşdirir. İlk növbədə qlobal vəziyyətlə – Orta Asiyada olan sərvətlərin Qafqaz vasitəsilə Avropaya nəqli ilə bağlı problem ətrafında. Bizim ölkələrimiz isə bu yolun üstündə yerləşir. Sonrasına isə baxarıq, görək hansı problemlərdə ümumi mənafelərimiz olacaq, axtaracağıq.

Tarixi arayış

MÜSAHİBƏLƏR