Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Respublikasının xarici işlər naziri İrakli Menagarişvili və onu müşayiət edən nümayəndə həyətini qəbul edərkən söhbətindən - Prezident sarayı 13 fevral 2001-ci il


Heydər Əliyev: İrakli Afinogenoviç, xoş gəmisiniz, mən sizi və Azərbaycana  rəsmi səfərə gəlmiş bütün nümayəndə heyətinizi salamlayıram. Gürcüstanla Azərbaycan arasındakı  münasibətlər dostluq, qardaşlıq münasibətləridir və bu münasibətlər  müxtəlif səviyyələrdə - həm rəsmi, həm də qeyri-rəsmi  səviyyələrdə tez-tez görüşlər keçirilməsi  şərtləridir. Ona  görə də sizin Azərbaycana bu rəsmi səfəriniz  Gürcüstan Azərbaycan münasibətlərinin daha da inkişaf  etməsi üçün,  şübhəsiz  çox  böyük əhəmiyyətə malikdir. 

Siz burada müəyyən iş görmüsünüz. Bizim xarici işlər naziri mənə məlumat verdi ki , çox səmərəli  işləmisiniz və hələ bu gün və sabah  da işləyəcəksiniz. Mən görüşə şadam. 

İrakli Menağarişvili:  Zati-aliləri, sağ olun. İlk növbədə, icazə verin, Sizin tərəfinizdən qəbul edilmək  kimi  yüksək şərəfə görə , səfərimizin gedişi  barədə, Gürcüstanda vəziyyət  barədə məlumat vermək, fikirlərinizi  eşitmək imkanına görə  Sizə təşəkkür  edirəm. Cənab Prezident , Siz tamamilə haqlısınız ki, Azərbaycanla Gürcüstan  arasında  qarşılıqlı  münasibətlərin xüsusi səciyyəsi baxımından bu səfər çox böyük əhəmiyyətə malikdir. 

Mən öz  məlumatımın  əvvəlində, ilk növbədə,  Gürcüstan prezidenti Eduard Amvrosiyaviç Şevardnadzenin  tapşırığını  yerinə yetirmək və onun şəxsi salamını, xoş arzu və diləklərini Sizə çatdırmaq, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərə, əməkdaşlığın inkişaf etdirilməsinə şəxsən Sizə yetirdiyiniz diqqətin Eduard Amvrosiyaviç və bütün  gürcü xalqı tərəfindən çox yüksək qiymətləndiyini təsdiq etmək, - bunu xüsusi vurğulayıram, istərdim. Şübhəsiz ki, Sizin şəxsi töhfənizi  Gürcüstanda hamı yüksək qiymətləndirərək, Azərbaycanla dostluq, qardaşlıq münasibətlərini və əməkdaşlığı regionda  sabitliyin mühüm rəhni, habelə Gürcüstanın müstəqil, demokratik inkişafının vacib təminatlarından biri hesab edir. 

Gürcüstanın dövlət  quruculuğunun, müstəqilliyinin dəstəklənməsi üçün Sizin rəhbərliyiniz altında  görülmüş işlərə və indidə atılan  addımlara görə mən gürcü xalqı və Gürcüstanın rəhbəri, zati-aliləri cənab prezidentin adından Sizə minnətdarlığımızı yetirmək istəyirəm. Ötən il məruz qaldığımız  olduqca ağır quraqlığın nəticələrinin aradan qaldırılması işində Gürcüstana göstərilmiş yardım  qonşu, dost dövlətin taleyinə, problemlərinə belə qayğının ən son, çox mühüm  təsdiqi idi. Sizin qərarınızla  bizə birinci olacaq ancaq Azərbaycan yardım əlini uzatdı. Bu, təbii idi və eyni zamanda, şübhəsiz, xüsusi hisslər, ümid doğrudur ki, xalqlarımız arasındakı qarşılıqlı münasibətlər gələcək müsbət proseslərin rəhnidir. 

Mən bir məqamı da mütləq  nəzərə çatdırmalıyam, - hərçənd buraya gələn kimi, hava limanında və bugünkü görüşlərdə bu barədə öz mövqeyimi bildirmişəm, - çox mühüm bir hadisə, Azərbaycanın Avropa Şurasına  qəbul edilməsi ilə  əlaqədar gürcü xalqı adından, Gürcüstanın rəhbəri adından ən səmimi təbrikləri  Sizə və bütün Azərbaycan xalqına  yetirmək mənim üçün xüsusi şərəfdir. Şübhə yoxdur ki, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi bu gün  müstəqil Azərbaycanda Sizin Rəhbərliyiniz altında həyata keçirilən demokratik inkişaf  xəttinin düzgün olduğunu təsdiqləyir. 

Nəzərə çatdırmaq istəyirəm ki, bu hadisə təkcə Azərbaycan üçün deyil, eləcə də Gürcüstan üçün, gələcəyimiz üçün əhəmiyyətlidir. Çünki indi bütün Cənubi Qafqaz Avropa Şurasında təmsil olunmuşdur. Bu isə o deməkdir ki, biz bu çox mühüm Avropa qurumunda daha bir dost qazandıq və şübhəsiz, ümüdvariq ki, o, ümumi mənafelərimizi dəstəkləyəcəkdir. 

Səfərinizdən məqsəd ölkələrimiz arasında müxtəlif sahələrdə dinamik inkişaf edən  əməkdaşlığın gedişini təsdiqləməkdən  və gələcəkdə həyata keçirilməli olan əməkdaşlıq sahələrini  müəyyənləşdirməkdən ibarətdir dünən axşam və bu gün mən həmin məsələləri Xarici İşlər Nazirliyində həmkarlarımızla  təfərrüatı ilə müzakirə etmək imkanına malik oldum. Men onları bu gün Azərbaycan hökumətində hörmətli baş nazir müavini  ilə  də müzakirə edə bildim. Heydər Əliyeviç, mən razılıq və iftixar hiss ilə  Sizə məlumat vermək istəyirəm ki,  biz müzakirələr zamanı qaldırılmış bütün məsələlərdə yekdil mövqedə olduq və  vaxtı çatmış bütün məsələləri həll etməyə  hazır olduğumuzu bildirdik. Eləcə də, şübhəsiz, hamını, o cümlədə də Qafqaz regionunda  hamını düşündürən problemlər barəsində yekdil rəyə gəldik. 

Siz prezident Eduard  Amvrosiyeviçlə birlikdə bizə, xarici işlər nazirliyin müntəzəm olaraq görüşmək tapşırığı verirsiniz. Sizə məlumat vermək istəyirəm ki,  bu praktika həyata keçirilir. Çox hörmətli həmkarım Tbilisidə olub və ətraflı müzakirələr aparmışıq. Beynəlxalq forumlar zamanı  olan müntəzəm görüşlərlə yanaşı, indi Bakıya səfər etmək şərəfinə malikəm. 

Dövlətlərimiz arasında  ikitərəfli və çoxtərəfli  münasibətlərin əslində bütün sahələrinə  toxunmaq imkanınız oldu. Əlbəttə, ilk növbədə  regional məsələlərə, regionda təhlükəsizlik  məsələlərinə, ikitərəfli iqtisadi, mədəni layihələrə toxunduq.  Biz Azərbaycanın hazırda üzərində işlədiyi və reallaşdırılmasına bizin də öz  töhfəmizi verməyə  çalışdığımız qlobal əhəmiyyətli layihələrə də  toxunduq və onların  inkişaf etdirilməsi barədə öz  mülahizələrimizi  bildirdik.  Bu layihələr uzun perspektiv üçün həm dinamik iqtisadi inkişafı təmin etməli, həm də regionda  sülhün və sabitliyin zəmini olmalıdır. Əlbəttə, söhbət ilk növbədə mühüm cəhətləri  ilə birlikdə enerji dəhlizində, nəqliyyat dəhlizinin, kommunikasiya dəhlizinin inkişafından gəlir. Məmnunluqla demək istəyirəm ki, biz müzakirə  etdiyimiz məsələlərdə tam qarşılıqlı  anlaşmaya gəldik, onların hər birinə daim tamamilə  konkret təkliflər işlənib hazırlanıb. 

Biz  istər qardaş Azərbaycanımız üçün, istər də Gürcüstan üçün çox ağrılı bir  mövzudan - ərazi bütövlüyü  problemində yan keçə bilməzdik. Bizdə Abxaziya məsələsində hələlik xüsusi bir irəliləyişin olmaması narahatlıq doğurur Mən dincliklə nizamasalma  prosesinin, təəssüf ki, ilişib qaldığı vəziyyətdən çıxarılması üçün gördüyümüz tədbirlər barədə həmkarlarıma məlumat verdim. 

Biz mühüm beynəlxalq təşkilatlar  olan BMT, ATƏT çərçivəsində əməkdaşlıq praktikasını təfərrüatı ilə müzakirə etdik. Heydər Əliyeviç, Sizin Eduard Amvrosiyeviçlə birlikdə  irəli sürdüyümüz məlum təşəbbüs - Qafqazda sülh  sabitlik haqqında məşhur Tbilisi bəyannaməsi diqqət mərkəzində idi. Biz bu ideyanın  hazırda  daha da inkişaf tapmasını çox mühüm  hesab edirik. Biz Gürcüstanda  bu məsələnin  daha da  işlənilib təkmilləşdirilməsi xarici siyasətimizin öncül istiqamətlərindən biri hesab edirik və Azərbaycanlı  həmkarlarımız burada Xarici İşlər Nazirliyində də bizi dəstəkləməsi çox sevindirir. Biz hətta həmin mövzu  üzərində  işləmək üçün  xüsusi tapşırıqlar üzrə ayrıca səfir də  təyin etmişik. Əlbəttə, iş  asa getmir, ona görə ki, müxtəlif şübhələr, mövqelər var, bunların hamısı bir yerə toplamaq lazımdır. Amma mən deyərdim, rəhbərliyimizin həqiqətən, müdrik, uzaqgörənliyi məhz bundan ibarət idi ki,  bu ideyanın reallığına hələ heç də hamının inandığı vaxtlarda söylənilmiş fikir indi, hər halda həyata keçirilir. Biz çox ümid edirik ki,  birgə şeylərlə onu məntiqi sonluğa çatdırmaq mümkün olacaqdır. Əminik ki, Gürcüstan və Azərbaycan bu məsələdə əsas rol oynamalıdırlar.  

Mən həmkarlarımıza qısaca məlumat vermişəm  və Sizə də məlumat vermək istəyirəm ki, Eduard Amvrosiyeviçin Türkiyəyə bu yaxınlarda etdiyi  səfər çox uğurlu olmuşdur. Orada iki dövlət arasında qarşılıqlı münasibətlər təfərrüatı ilə müzakirə edilmişdir. Üzərində birlikdə  işlədiyimiz layihələrin inkişaf etdirilməsi əsas məsələlərdən biri idi. Bakı-Tbilisi-Ceyhan layihəsinin və bu istiqamətdə aparılan için birmənalı şəkildə dəstəklənməsinə  biz çox olduq, bunu Eduard Amvrosiyeviç də vurğulamışdır. Biz enerji dəhlizinin digər cəhətlərini  də müzakirə etdik. Söhbət qaz layihələrində, onların həyatın keçirilməsi üçün  göstərilməli olan səylərdən gedir Ümumiyyətlə, Gürcüstan prezidentinin  belə bir  təəssüratını Sizə yetirmək istəyirəm ki,  səfər nəticəsində indi bizdə böyük nikbinlik var, o mənada ki, əgər bu layihələr həyata keçirilərsə, bu, təkcə üç ölkə üçün deyil, bütün region üçün, bütün dünya üçün də çox vacibdir. 

Mən bugünkü  görüşmələrimizdə müzakirə edilmiş geniş mövzuların  ancaq əsas məqamlarına toxundum. Bu isə ölkələrimiz arasında əməkdaşlığın necə çoxsahəli olduğunu  təsdiqləyir. Bütün bunlar Sizə çatdırmaq imkanına görə Sizə bir daha təşəkkür etmək istəyirəm. 

Heydər Əliyev:  Sağ olun, təşəkkür edirəm. Mən ilk növbədə, dostum, prezident Şevardnadzenin salamınızı yetirdiyinizə görə təşəkkür edirəm. Xahiş edirəm, mənim qardaşlıq, dostluq salamımı və ən xoş arzularımı ona yetirəsiniz. Belə ki, çox böyük tarixi olan və bir çox sınaqlardan keçmiş şəxsi dostluq münasibətlərimiz hazırda iki suveren dövlət - Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayır. 

Sizin səfəriniz belə bir faktı bir daha təsdiqləyir ki, ölkələrimiz - Gürcüstanla Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir. Sizi əmin edə bilərəm ki, biz bu xəttə sadiqik və dostluğumuzun möhkəmlənməsi və bütün sahələrdə münasibətlərimiz genişlənməsi və inkişafı üçün lazım olan hər şeyi bundan sonrada edəcəyik. Ağır quraqlıq dövründə biz sizə nə kömək edə bilərdiksə, onu da etdik.  Biz bunu öz qardaşlıq, dostluq borcunuz sayırıq və bundan sonra da davam etdirəcəyik. Başlıcası isə istərdik ki, Gürcüstan hazırda enerji təchizatı ilə əlaqədar qarşılaşdığı çətinlikləri aradan qaldırsın. İnanıram ki, belə də olacaqdır. Lakin gələcəkdə əməkdaşlığımız prosesində meydana çıxaracaq hər hansı problemləri biz birlikdə həll edəcəyik. Biz axırıncı tikəmizi də dostumuzla bölüşməyə hazırıq.

Hesab edirəm ki, səfəriniz Gürcüstanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında konkret iş üçün də səmərəli, çox mühümdür, ictimaiyyət üçün də olduqca böyük əhəmiyyətə malikdir. Biz Gürcüstanla bütün öhdəliklərimizi, bütün münasibətlərimizi dostluq, qarşılıqlı anlaşma, qardaşlıq əsasında  qururuq və quracağıq. Bizim bu münasibətlərimizə heç vaxt, heç nə, heç kim mane ola bilməyəcəkdir. 

Gürcüstan da Azərbaycan da müstəqilliyə qovuşduqları vaxt, təəssüf ki, münaqişələrlə  bağlı bütün  çətinliklərlə  üzləşdilər. Sizdə bu, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsidir. Bu, işimizi ümumən çətinləşdirir. Onu nəzərdə tuturam ki,  biz müstəqil dövlətlər olandan sonra xalqlarımız  qarşısında, ölkələrimiz qarşısında çox böyük yeni vəzifələr meydana çıxdı. Onlarının həllini çətinləşdirən budur ki,  Gürcüstan da, Azərbaycan da daim münaqişənin  tənzimlənməsi ilə, sülhün bərqərar edilməsi ilə məşğul olurlar. Düşünürəm ki, biz buna nail olacağıq.  Elə  sizin xatırladığınız  Tbilisi bəyannaməsi də hələ o vaxtlar, əvvəla, münaqişələri nizama salmaq üçün, ikincisi isə, bütün Qafqazda olmasa da, hər halda Cənubi Qafqazda  sülhün   bərqərar edilməsi üçün qətiyyətlə irəliləməyə yönəldilmişdir. 

Azərbaycanın Avropa Şurasının qəbul olunması ilə əlaqədar təbrikə görə sizə təşəkkür edirəm. Bu, Azərbaycan üçün həqiqətən tarixi əhəmiyyətli hadisədir. Lakin bunun Cənubi Qafqaz ölkələri, xüsusi nəzərə çarpdırıram, Gürcüstan da, Azərbaycan da bu mötəbər orqana - Avropa Şurasına daxildirlər. Bu, münaqişələrin həlli və ölkələrimizin demokratiya yolu ilə uğurlu inkişafı  üçün yeni imkanlar açır.     

Ölkəmizin Avropa Şurasına qəbul olunması prosesində Gürcüstan tərəfindən duyduğumuz dəstəyə görə təşəkkür etmək istəyirəm və bunu Eduard Amvrosiyeviçə yetirməyi xahiş edirəm. Mən bu barədə Eduard Amvrosiyeviçlə bir neçə dəfə telefonla danışmışdım və o, sizin Strasburqdakı səfirinizlə göstərişlər vermişdi. Yeri gəlmişkən, sizin çox yaxşı səfiriniz var, bu qadın - Lana Qoberidze orada böyük nüfuza malikdir. Bizim nümayəndələrimiz də deyirdilər ki, o, həmişə onlarla, Azərbaycan nümayəndə heyəti ilə birlikdə olmuşdur.

Mən Strasburqda olarkən onu gördüm, təşəkkür etdim. Aydındır ki, bu, Gürcüstan prezidentinin prinsipial xəttidir və buna görə ona təşəkkür edirəm.

Şadam ki, Eduard Amvrosiyeviçin Türkiyəyə səfəri uğurlu keçmişdir. Sizi əmin etmək istəyirəm ki, bir çox illər üzərində işlədiyimiz bütün layihələr həyata keçiriləcəkdir. Mən bu barədə ona görə inamla danışıram ki, axı, biz bu layihələr üzərində neçə illərdir işləyirik və nə qədər maneələr, nə qədər çətinliklər olmuşdur. Biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsinə başlayanda görüşürdük, o vaxtlar nə qədər etirazlar olmuşdu. Bütün bunlara baxmayaraq, biz, hər halda, işləyirik və özü də çox uğurla işləyirik. Xəzərin statusu barədə indiyədək də çox mübahisələr gedir. Əlbəttə, Xəzərin hüquqi statusu çox böyük beynəlxalq məsələdir. Onu tez, qısa vaxtda həll etməyin mümkün olduğunu deşenmək sadəlövhlük olardı. Lakin biz artıq buna doğru irəliləyirik. Xəzər dənizində işin prinsipləri haqqında Rusiya ilə saziş bağlamışıq, Rusiya Xəzərdə işin prinsipləri haqqında Qazaxıstanla saziş bağlanmışdır. Artıq üç Xəzəryanı dövlət birinci mərhələ üçün əslində eyni fikir söyləmişdir - bu, çox yaxşıdır, çünki belə mürəkkəb məsələni məhz mərhələ-mərhələ həll etmək olar. Bu, bizə imkan verir ki, konkret əməli nəticələrə malik olduğumuz neft və qaz yataqları barəsində bağladığımız müqavilələr üzrə işimizi davam etdirək.

Bakı-Tbilisi-Ceyhan barəsində son vaxtlar müxtəlif əhval-ruhiyyələr meydana gəlir. Amma mən belə düşünürəm ki, bunlar artıq aradan qaldırdığımız məsələlər

sırasına aiddir. Türkiyəyə mənim də səfərim olacaqdır. Hələ səfərdən əvvəl nümayəndələrimiz işləyirlər, gedib Ankarada da, Londonda da, başqa yerlərdə də görüşmürlər. Söhbət həm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlamaqdan, həm də "Şahdəniz" yatağından qazın Türkiyəyə ixracı üzrə əməli işə başlanmasından gedir. Düşünürəm ki, hər iki layihə həyata keçiriləcək və mənim Türkiyəyə səfərimə qədər nümayəndələrimiz görüşəcək, işləyəcəklər və biz həll olunmamış məsələləri orada həll edə biləcəyik.

Yeri gəlmişkən, deməliyəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsinə digər şirkətlər tərəfindən də maraq göstərilir. Məsələn, Amerikanın "Şevron" şirkətinin prezidenti, - o, Gürcüstanın da dostudur, - bu yaxınlarda mənə məktub göndərərək bildirmişdir ki, tezliklə buraya gələcək, biz görüşəcəyik. Onlar bildirdilər ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının iştirakçısı olmaq istəyirlər. "Şevron" əsasən Qazaxıstanda neft çıxarır. Ancaq onlar bizdə də işləyirlər. Deməliyəm ki, çox perspektivli olan "Abşeron" yatağında işləyirlər. Hesab edirik ki, bu yataqdan yaxşı nəticələr alacağıq. Bəlkə də bir vaxt gələcək ki, təkcə bir Bakı-Tbilisi-Ceyhan neft kəməri kifayət etməyəcəkdir.

Bir sözlə, biz nikbinik və o məsələləri həll etmişik və həll edirik.

Rusiya prezidenti Putinin Azərbaycana səfəri barəsində öz müsbət münasibətini bir neçə səfə açıq bildirdiyinə görə Eduard Amvrosiyeviçə minnətdaram. Mən hətta eşitmişdim, o demişdi ki, Rusiya prezidenti Putinin Azərbaycana səfərini, eləcə də Gürcüstana səfəri hesab edir. Bu, məhz belədir, doğrudur. Rusiya ilə ölkələrimiz arasında münasibətlər suverenlik, bizim ərazi bütövlüyümüz, müstəqilliyimiz əsasında qurulmalıdır. Bununla yanaşı, bu münasibətlər iqtisadiyyat, mədəniyyət, elm, insani münasibətlər sahəsində əməkdaşlıq üçün bütün ehtiyatlardan istifadə edilməsinin zəruriliyinə yönəldilməlidir. Bir sözlə, hesab edirəm ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün də faydalı olmuşdur.

Sözün qısası, biz bəzi məsələlər barəsində sonra danışacağıq. Münasibətlərimiz o dərəcədə formalaşmışdır ki, onları nə sola, nə də sağa döndərmək mümkündür. Biz bu münasibətləri qiymətləndiririk. Əvvəla, onların keçmişdə dərin kökləri var, onlar biz müstəqil dövlətlər olaraq təşəkkül dövrünü keçdiyimiz, inkişaf etdiyimiz bu illər ərzində sınaqlardan çıxmışdır. Onların Cənubi Qafqazın gələcəyi üçün də, Gürcüstanın və Azərbaycanın gələcəyi üçün də böyük əhəmiyyəti var.

Bir daha xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı Eduard Amvrosiyeviçə yetirin. O məni dəvət etmişdir, mən onu dəvət edirəm, vaxt tapmaq lazımdır. Biz müxtəlif beynəlxalq forumlarda tez-tez görüşürük, amma gərək o da, Bakıda olsun, mən də Gürcüstanda olum. Aradan çox vaxt keçəndə biz hər ikimiz darıxırıq. Düşünürəm ki, bizim səfərlərimiz də olacaqdır.

Salamımı və xoş arzularımı ona yetirin. Gürcü xalqına ən xoş arzularımı çatdırın. Əlbəttə, çox istəyirəm ki, siz hazırda enerji böhranı ilə əlaqədar keçirdiyiniz çətinlikləri aradan qaldırasınız.

"Azərbaycan " qəzeti,14 fevral 2001-ci il