Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə giriş sözü - Prezident sarayı, 4 avqust 1995-ci il


İyulun 30-da Bakının Sabunçu rayonundakı körpünün altında tapılmış partlayıcı maddələr və bununla əlaqədar aparılan əməliyyat-istintaq işləri respublikada çox böylik əks-səda veribdir. Qeyd edə bilərəm ki, hüquqmühafizə orqanlarımız - Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, başqa orqanlar bu qısa vaxtda gərgin iş aparıblar və törədilmiş cinayət demək olar ki, açılmaqdadır. Cinayətkarların bir qrupu artıq həbs olunubdur. Bu hadisə barədə məlumat təkcə Azərbaycanda yox, respublikadan, ölkəmizdən kənarda da yayılıb və buna çox böyük maraq var. Başqa ölkələrdəki, respublikamızdakı bu cür cinayətkar, terrorçu dəstələr öz işlərini yenə də davam etdirirlər. Məmnuniyyətlə qeyd edək ki, bu cür hadisələrin qarşısı alınır və bunun üçün lazımi tədbirlər görülür.

Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl, Türkiyənin baş naziri xanım Tansu Çillər dünən mənə zəng etmişdilər. Onlar hadisəni biliblər, narahat olublar, vəziyyətlə maraqlanırlar. Bu hadisəyə başqa ölkələrdən də maraq göstərənlər var.

Mən bu iki gündə gələn məlumatlardan görürəm və televiziyanın dünənki verilişində ayrı-ayrı insanların bu işə münasibətindən hiss olunur ki, əhali belə hadisələrə öz münasibətini çox nifrətlə bildirir və bu cinayətkarların tezliklə aşkar olunması, ifşa edilməsi zərurəti haqqında öz fikirlərini deyir. Ümidvaram ki, biz bunların hamısını aşkar edəcəyik, ifşa edəcəyik. Daxili İşlər Nazirliyi son vaxtlar işlərini gücləndirib, dünən axşam Lənkəran bölgəsində də böyük əməliyyat aparıblar. Çox qatı cinayətkarlardan bir neçəsi orada yaxalanıb, həbs olunub. Mən həm müəyyən informasiya verilməsi, eyni zamanda iyulun 30-da baş vermiş hadisə, yəni terror əməlinin qarşısının alınması ilə əlaqədar gedən istintaqın nəticələri barədə müəyyən məlumatlar almaq üçün sizi buraya dəvət etmişəm. Əvvəlcə daxili işlər naziri Ramil Usubova söz verirəm. O, Lənkəran bölgəsində aparılan əməliyyat işləri haqqında məlumat versin, sonra respublika prokuroru Eldar Həsənov istintaqın gedişi haqqında məlumat versin.

* * *

Daxili İşlər Nazirliyi Lənkəran rayon şöbəsinin dünən axşam gördüyü tədbirlər sayəsində əldə olunan nəticə, hesab edirəm ki, çox böyük əhəmiyyətə malikdir. Respublikaya məlumdur ki, Azərbaycanın dövlətçiliyinə böyük xəyanət məhz 1994-cü il sentyabrın 21-də başlanıbdır. Sentyabrın 20-də böyük neft müqaviləsi imzalanandan sonra Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından dövləti cinayət etmiş dörd nəfər məhbus - Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli və Arif Paşayev çıxarılmışdı və onlar həmin vaxtdan axtarışda idilər. Bir müddətdən sonra Arif Paşayev gəlib bəyanat verdi ki, o, üzə çıxmaq istəyir. O, üzə çıxdı, onun haqqında müəyyən istintaq gedib, məhkəmə olub, amma hələ bir nəticə verməyib. Güman edirəm ki, bunlar da öz nəticəsini verməlidir. Ancaq Rəhim Qazıyev və Əlikram Hümbətov bəyanatlar verirdilər, Azərbaycanın dövlətçiliyini, respublikanı hədələyirdilər, cürbəcür vərəqələr yayırdılar.

Rəhim Qazıyev əhali arasında cürbəcür kasetlər yayır, camaatda müəyyən bir çaşqınlıq yaratmağa, yaxud da ki, sabitliyi pozmağa cəhd edirdi. Təəssüf ki, hüquq-mühafizə orqanlarının - Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, başqa orqanların apardıqları tədbirlərdən bir nəticə əldə edilmirdi. Çoxlu məlumatlar daxil olurdu ki, məsələn, Əlikram Hümbətov Azərbaycandadır, Lənkəran bölgəsindədir. Ancaq bir nəticə əldə edilə bilmirdi. Dünən nəticə əldə olunub. Əhkram Hümbətov yaxalanıb, tutulubdur.

Demək lazımdır ki, o, gizli vəziyyətdə olduğu zaman da Rəhim Qazıyev ilə birlikdə, onlar isə Moskvada olan cinayətkarlarla - Ayaz Mütəllibovla, Surət Hüseynovla, başqaları ilə birlikdə Azərbaycanda yenə də dövlət çevrilişi etmək, ictimai-siyasi sabitliyi pozmaq üçün cəhdlər göstərirdilər, bəzi bəyanatlar verirdilər. Əlikram Hümbətovun çirkin əməlləri son zamanlar yenə də üzə çıxmağa başladı. Onlar dövlətçiliyimizin əleyhinə Lənkəranda bəzi vərəqələr yaymışdılar, rayon polis şöbəsi bunları tapmışdı. Bundan sonra biz hüquq-mühafizə orqanlarına bir daha ciddi göstərişlər verdik ki, axtarışlarla ciddi məşğul olsunlar və nəhayət, cinayətkarlar tapılıbdır. Çox əhəmiyyətlidir ki, Əlikram Hümbətovla birlikdə, onların qaçmasında iştirak edən, Milli Təhlükəsizlik Nazirliyi təcridxanasının rəisi Faiq Mirzəyev də tapılıb. O da onlarla birlikdə qaçmışdı. Yayılan vərəqələrdə onun bəyanatı da dərc olunmuşdu. Mən milli təhlükəsizlik nazirinə demişdim, siz o vərəqəni tapdınızmı?

Milli təhlükəsizlik naziri Namiq Abbasov: Bəli, bizdədir.

Azərbaycan Prezidenti Heydər Əliyev: - Həmin vərəqədə onun imzası ilə dövlətçiliyimizin əleyhinə bəyanat dərc olunmuşdur. Mən Respublika Daxili İşlər Nazirliyinin fəaliyyətini bəyənirəm: nəinki bunları yaxalayıblar, artıq Bakıya gətiriblər. Eyni zamanda onlara orada havadarlıq edənlər, gizlədənlər həbs olunublar (daxili işlər naziri burada onların adlarını dedi). Şübhəsiz ki, onlar qanun qarşısında cavab verməlidirlər. Onların həbs olunması da tamamilə əsaslıdır. Bu, böyük hadisədir. O mənada ki, bu hadisə dövlətçiliyimizin nə qədər möhkəm olduğunu bir daha sübut edir. İkinci tərəfdən, bu onu sübut edir ki, heç bir cinayətkar cəzasız qalmayacaq, qaçıb canını qurtara bilməyəcəkdir. Belə cinayətkarlar gec-tez yaxalanacaq və haqq-ədalət məhkəməsi qarşısında duracaqlar. Bu mənada mən bu vəziyyəti - cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tapılmasmı ictimai-siyasi həyatımızda böyük nailliyyət, hadisə kimi qiymətləndirirəm. Buna görə də mən birinci növbədə Lənkəran Rayon Polis Şöbəsinə, onun rəisinə və bu əməliyyatda iştirak edən işçilərə təşəkkürümü bildirirəm.

Milli təhlükəsizlik naziri Namiq Abbasov dedi ki, bu məlumatın alınmasında və əməliyyatın aparılmasında Milli Təhlükəsizlik Nazirliyinin işçiləri də iştirak ediblər. Əgər belə olubsa, onlara da təşəkkürümü bildirirəm. Daxili İşlər Nazirliyinə, nazirliyin rəhbərliyinə təşəkkürümü bildirirəm. Görürsünüz ki, pis işləyəndə, yaxud da işləyə bilməyəndə vəzifə borcunu yerinə yetirməyəndə biz tənqid də edirik danlayırıq da, cəzalandırırıq da və lazım olanda işdən də azad edirik. Ancaq müvəffəqiyyət, nailiyyət əldə olunanda dərhal qiymətləndiririk. Bütün bu əməliyyatı aparıb, bu cinayətkarları yaxalayıb dövlətimizin sərəncamına vermiş adamların hamısına mən bir prezident kimi təşəkkür edirəm. Güman edirəm ki, bu barədə sonra konkret sərəncamlar olacaqdır. Təşəkkür edirəm.

Bir də deyirəm, hesab edirəm ki, Əlikram Hümbətovun yaxalanması və onların qaçırılmasında iştirak edən Faiq Mirzəyevin yaxalanması həmin o cinayətin açılmasına çox kömək edəcəkdir. Çünki respublikamızda təəssüf ki, çox cinayətlər baş verib. Ancaq 1994-cü ilin sentyabrın 21-dən başlayan cinayətlər - o vaxt həmin bu cinayətkarların qaçması, sentyabrın sonunda terrorçular tərəfindən Azərbaycanın iki dövlət xadiminin qətlə yetirilməsi və bundan sonra dövlət çevrilişinə cəhd edilməsi ən ağır cinayətlərdir. Ramil Usubov istintaq sirlərini hələ vermək istəmir və belə də lazımdır. Ancaq artıq ilkin məlumatlar da göstərir, bəli, belə də düşünürdük – bizim mülahizələrimiz, tədqiqatlarımız, təhqiqat nəticəsində əldə etdiyimiz nəticələr təsdiq olunur. Təsdiq olunur ki, keçən il oktyabrın əvvəlində başlanan dövlət çevrilişi cəhdinin əsası sentyabrın 21-də həmin o əməliyyatla qoyulmuşdu. Bu, verilən ilkin ifadələrdən də təsdiq olunur. Ona görə də bu, çox mühüm bir haldır. İctimaiyyətimiz də bunu bilməlidir. Bir daha deyirəm və cinayətkarlar bir daha bilməlidirlər ki, cinayət əməllərindən əl çəkmək lazımdır.

Azərbaycanın dövlətçiliyi günü-gündən möhkəmlənir, güclənir. Ona görə də heç bir cinayətkar burada öz istədiyinə nail ola bilməyəcəkdir. Düz yola gəlmək, cinayətlərdən geri çəkilmək, qanun-qaydalara riayət etmək hər bir vətəndaşın rahat yaşaması üçün şərtdir və bu şərtdən istifadə etmək lazımdır. İndi respublikanın baş prokuroru Eldar Həsənov bu barədə də, istintaqla da əlaqədar, o cümlədən iyulun 30-da körpünün partladılması cəhdi ilə əlaqədar qaldırılmış işin istintaqı haqqında bu auditoriyada deyilə biləcək qədər məlumat versin.

Yekun sözü

Mən görüşümüzün əvvəlində dedim, indi də deyirəm: iyulun 30-da Sabunçu rayonunun ərazisində körpünü partlatmaq, terror əməliyyatı, terror aktı həyata keçirmək məqsədi ilə orada gizlədilmiş partlayıcı maddələrin tapılması, bundan sonra və ondan öncə aparılan əməliyyat-istintaq tədbirləri respublikada ağır cinayətin qarşısını ala bilmişdir. Bu, böyük əhəmiyyətli işdir. Respublika ictimaiyyəti körpünün altında gizlədilmiş dəmir qutularda olan partlayıcı maddələri televiziya vasitəsilə görmüşdür. Biz hamımız da görmüşük və təsəvvür edə bilirik ki, əgər bu cinayətin qarşısı alınmasaydı və belə bir terror aktı həyata keçirilsəydi, Azərbaycan böyük faciə ilə üzləşə bilərdi.

Mən nəzarət edirəm, bu günlərdə əməliyyat-istintaq işləri çox sürətlə, deyə bilərəm ki, səmərəli gedir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, belə sürət, səmərəlilik, keyfiyyət bundan sonra da davam edəcəkdir ki, cinayətin üstü tamamilə açılsın və cinayətkarların hamısı qanun qarşısında cavab versin.

Bu fakt bir daha onu göstərir ki, respublikaya xəyanət edən qüvvələr Azərbaycana nə qədər böyük zərbə vurmaq istəyirlər. Dövlət çevrilişi cəhdləri, ayrı-ayrı adamlara qarşı terror niyyətləri baş tutmadı, indi əgər nail olsaydılar, böyük miqyaslı terror aktı həyata keçirməklə Azərbaycanı çox faciəli vəziyyətə sala bilərdilər. Onların hamısı, həmin bu cinayətkarlar, o cümlədən Mahir Cavadov, Elçin Əmiraslanov, onlarla əlbir olub Moskvada oturan adamlar, Azərbaycandan qaçmış o cinayətkarlar və Azərbaycanın daxilində onlara havadarlıq edənlər ölkəni dağıtmaq məqsədi güdurlər. Başqa heç bir şey ola bilməz. Çünki bu, ayrı-ayrı adamlara qarşı olan cinayət deyil, bütün Azərbaycan dövlətçiliyinə, onun müstəqilliyinə qarşı cinayətdir.

Mən çox məmnunam ki, əməliyyat işçilərimiz bunun qarşısını ala bildilər. Ona görə də bu işlə əlaqədar bu gün bir daha Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Xüsusi İdarəyə bilavasitə və ya dolayısı ilə aidiyyatı olan başqa orqanlara tapşırıram ki, əməliyyat-istintaq işlərinin aparılması üçün lazımi şərait yaradılsın və tezliklə cinayət açılsın, bütün cinayətkarlar tapılıb aşkara çıxarılaraq ifşa olunsunlar və məhkəmə qarşısında dayansınlar.

Dünən əməliyyat işçilərinin Lənkəranda gördükləri işi mən artıq qiymətləndirdim və təşəkkürümü də bildirdim. Bir daha qeyd etmək istəyirəm ki, bunun çox böyük əhəmiyyəti var. Güman edirəm ki, bi böyük cinayətlərin üstünü açacaqdır. Yaxalanmış həmin adamlarla aparılan istintaq işi keçən ilin nəinki sentyabr ayından, həm də 1994-cü ilin əvvəlindən, təxminən may ayından Azərbaycanda dövlət çevrilişi hazırlamağa cəhd göstərən qüvvələrin - həm daxildəki, həm də xaricdəki qüvvələrin cinayətlərinin bir qismini açacaqdır. Biz bir daha bunun şahidi olacağıq ki,

bəzi insanlar öz çirkin əməllərini həyata keçirmək üçün nəinki xalqın, dövlətin, millətin mənafeyini tapdalayırlar, eyni zamanda ölkəni dağıtmağa hazırdırlar, təki öz şəxsi məqsədlərinə nail olsunlar.

Təəssüf ki, son illər Azərbaycanda belə insanlar peyda olublar. Təəssüf ki, onların bəziləri yüksək vəzifələr tuta biliblər. Təəssüf ki, onların bu çirkin əməlləri nəticəsində xalqımız çox böyük əzab-əziyyət çəkmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, son dövrdə biz belə adamlardan təmizlənirik, respublikamızın ictimaiyyətini, respublikamızı belə adamlardan xilas edirik və güman edirəmki, bundan sonra da xilas edəcəyik. Mən əminəm ki, respublikamızın əhalisi, Azərbaycanın bütün vətəndaşları əmin-amanlıq, sabitlik istəyir, rahat yaşamaq və belə cinayətkarlardan yaxalarını qurtarmaq istəyirlər. Təsəvvür edin, əgər o cinayətkarlar bir belə zərbə aldıqdan, dağıdıldıqdan sonra qaçıb respublikanın hüdudlarından kənarda olduqları bir zamanda da Bakının ən böyük körpüsünü - Bakıda demək olar, ondan böyük körpü yoxdur – partladıb Azərbaycana belə bir zərbə vurmaq istəyirlərsə, görün son illər burada yaşadıqları, fəaliyyət göstərdikləri zaman öz cinayət əməlləri ilə Azərbaycanın ictimaiyyətinə, cəmiyyətinə, ayrı-ayrı insanlara nə qədər əzabəziyyət, işgəncə veriblər, məhrumiyyətlərə məruz qoyublar, zərbə vurublar!

Onların insanları soyması, reketlə, quldurluqla məşğul olması, qeyri-qanuni hərəkətlərlə dövlət əmlakını, xalqın əmlakını mənimsəməsi, insanlara qarşı vəhşi cinayətkarlıq etməsi - bunlar hamısı yaxın keçmişin həyatını xarakterizə edən hallardır, bunlar hamımızın xatirindədir, çoxlarımızın gözü qarşısında olubdur. Biz indi Azərbaycan xalqını bax belə cinayətkarlardan xilas edərkən nəinki xalqımızı, müstəqil dövlətimizi bu cinayətkarlardan təmizləyirik, həm də hər bir vətəndaşımızın rahat yaşaması üçün şərait yaradırıq.

Mən dəfələrlə demişəm, bu gün bir daha deyirəm: həmin o Xüsusi Təyinatlı Polis Dəstəsinin əlində nə qədər silah, sursat vardı, onun üzvləri azğınlıq edirdilər, qanunlara nəinki tabe olmur, əksinə, onların hamısını pozurdular, istədlklərini edirdilər, hansı mehmanxanada, hansı rayonda nə istəyirdilərsə onu edirdilər. İnsanlar onların qorxusundan nə qədər alçalırdılar, mənəviyyatları nə qədər tapdalanırdı. Bunlar hamısı yaxın keçmişdə olan vəziyyətdir. Biz xalqımızı bunlardan xilas etmişik və xilas edirik. Doğrudur, indi bunlar bütün güclərini qoyublar ki, Azərbaycan prezidentini, Heydər Əliyevi məhv etsinlər ki, bəlkə ondan sonra yenə də öz keçmış işlərinə qayıda bilələr Ancaq xalq da, ədalət də, görünür ki, Allah da haqqın, ədalətin tərəfindədir. Ona görə bunların bütün bu çirkin əməlləri aşkar olunur və ifşa edilir. Güman edırəm kı, onlar ifşa olunacaqlar. Ona görə də hüquq-mühafizə orqanlarından bir daha tələb edirəm ki, işlərini, bütün əməhyyatlarını daha da gücləndirsinlər. Son dövrdə əldə etdikləri müsbət nəticələr gostərir ki, onlar həm yaxşı əməliyyat işi, həm yaxşı istintaq işi apara bilərlər, həm də hüquq-mühafizə orqanları kimi daxili ictmiai-siyasi asayişin qorunması, qanunlara riayət olunması işinin öhdəsindən gələ bilərlər. Əmin olduğumu bildırmək istəyirəm kı, onlar əldə etdikləri naihyyətlərdən, bunlara verilən yüksək qiymətdən ruhlanaraq bundan sonra daha yaxşı işləyəcəklər. Əminəm ki, bütün cinayətkarlar aşkar olunacaq, heç bır cinayətkar öz istədiyinə nail ola bilməyəcəkdir. Onların hər biri qanun qarşısında cavab verəcəkdir.

Ona görə bu gün cinayətkarlara da, onların qohum-əqrəbalarına da müraciət edirəm ki, artıq bəsdir, bu cinayət əməllərindən əl çəkib dövlətin qanununa, qaydasına riayət edərək yaşamaq, işləmək lazımdır. Dövlətə sədaqətlə xidmət etmək lazımdır. Sağ olun.

Tarixi arayış