Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədə rəsmi səfərdə olarkən orada yaşayan azərbaycanlılarla görüşdə çıxışı - 10 fevral 1994-cü il


Hörmətli həmvətənlərimiz, qardaşlarımız, dostlarımız!

Mən sizinlə görüşdüyümə görə özümü xoşbəxt hesab edirəm. Türkiyədə biz özümüzü öz evimizdə, öz vətənimizdə olduğu kimi hiss edirik. Burada yaşayan Azərbaycan köklü qardaşlarımızla, həmvətənlərimizlə görüş bizim üçün böyük şərəfdir.

Tarixə nəzər salsaq, bir daha görərik ki, Türkiyə ilə Azərbaycan bir xalq, bir millət kimi qəbul olunub. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr əsrlərdən-əsrlərə keçərək bu iki ölkənin qabaqcıl, bilikli adamları, siyasətçiləri, sərkərdələri vasitəsilə formalaşıb, inkişaf edib, bu günümüzə gəlib çatmışdır.

Doğrudur, arada fasilə də olmuşdur. Ötən 70 ildə Azərbaycan sovetlər birliyinin tərkibində olduğu zaman Türkiyə ilə Azərbaycan arasında münasibətlər qırılmış və minlərlə, on minlərlə ailələr, insanlar öz qohum-əqrəbalarını, qardaşlarını, bacılarını görmək həsrətində olmuşlar. Bir çoxları isə bu ümidləri yerinə yetmədən həyatdan köçmüşdür. Ancaq son illərdə böyük fürsət əldə olunmuş, Azərbaycan müstəqil dövlət kimi dünyada tanınmış və Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür. İndi bu iki qardaş ölkə arasındakı əlaqələr çox genişdir. Türkiyədə yaşayan hər bir azərbaycanlı öz vətənini ziyarət etmək imkanına malikdir. Eyni zamanda hər bir azərbaycanlı da böyük həvəslə, məhəbbətlə gəlib, Türkiyəni ziyarət edə bilir, öz qardaşlarına hörmətini, ehtiramını bildirir.

Bunlar son illərdə bizim həyatımızın ən önəmli, gözəl bir mərhələsidir. Xalqlarımızın birləşməsi, qovuşması, birgə yaşaması üçün şərait yaranmışdır. Bundan sonra heç bir qüvvə bu birliyi poza bilməyəcəkdir.

Türkiyə Cümhuriyyəti, onun rəhbərləri Azərbaycan müstəqillik yolunda ilk addımlarını atarkən, respublikamız müstəqillik qazanarkən onu dünya dövlətləri içərisində birinci tanıdı. Türkiyənin bu addımı Azərbaycanın bütün dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasına çox böyük kömək oldu və geniş yol açdı.

İndi Azərbaycan müstəqil dövlətdir, Birləşmiş Millətlər Təşkilatının üzvüdür, dünya dövlətləri tərəfindən tanınıb, müstəqil dövlət kimi fəaliyyət göstərir.

Azərbaycanın müstəqilliyi barədə Türkiyədə müxtəlif fikirlər var. Bir çoxları fikirləşir ki, bu müstəqillik daimidir, yoxsa yox. Bunun şübhəsiz ki, müəyyən qədər əsası var. Tarixə nəzər salanda belə qorxu hissi təbiidir. Ancaq mən sizi əmin etmək istəyirəm ki, sovetlər birliyinin dağılması təbii bir haldır, sovetlər birliyi artıq bir də yarana bilməz. Bunu mən həyat təcrübəsi, siyasi təcrübəsi olan bir adam kimi deyirəm. Eləcə də Azərbaycanın müstəqilliyinin əldən getməsi heç vaxt ola bilməz.

Birincisi ona görə ki, Azərbaycan xalqı bu müstəqillik arzusu ilə uzun illər yaşayıb, on illərlə, yüz illərlə müstəqillik həsrətində olub. Bir dəfə 1918-ci ildə müstəqillik əldə edilib, lakin bəzi səbəblərə görə sonradan itirilib. Sonrakı 70 il ərzində başqa bir ideoloji sistem çərçivəsində yaşayan Azərbaycan xalqının içində onun qabaqcıl adamları, ziyalıları, uzaqgörən siyasətçiləri həmişə bu müstəqilliyin arzusunda olmuşlar. Xalqın içində isə bu müstəqillik arzusu daim yaşayıb. Ona görə də xalqın bu iradəsini sındırmaq artıq mümkün deyil. Dünya dəyişib, dünyada gedən dəyişikliklər nəticəsində Azərbaycan xalqının milli oyanış, milli yüksəliş dövrü gəlib çatıb. Ona görə də Azərbaycan xalqının bu iradəsini sındırmaq mümkün deyildir və əmin olun ki, bu belə də olacaq.

İkincisi də ona görə ki, mən Azərbaycan xalqının etimadı ilə prezident kimi fəaliyyətə başlayarkən əlimi Azərbaycanın Konstitusiyasına, ana yasasına və Qurani-Kərimə basıb demişəm ki, mən prezident kimi Azərbaycanın daimi müstəqilliyinin təminatçısı olaraq bu vəzifəni öz üzərimə götürürəm. Azərbaycanın prezidenti, ziyalıları, siyasətçiləri hamısı birləşib bu müstəqilliyi saxlayacaqdır. Buna tam əmin ola bilərsiniz. Mən prezident kimi söz verirəm ki, həyatımın son dəqiqəsinə qədər, nəfəsimin son anına qədər Azərbaycanın müstəqilliyini qoruyub saxlayacağam.

Ancaq bir həqiqəti də bilmək lazımdır ki, Azərbaycan 200 il Rusiya imperatorluğunun tərkibində, 70 il sovet imperiyası tərkibində olub. İndi keçmiş Sovetlər İttifaqında, Qafqazda gedən proseslər Azərbaycanın müstəqil yaşaması üçün çox böyük çətinliklər yaradır. Siz təsəvvür edin, Qafqaz dağlarından cənub tərəfə üç cümhuriyyət var - Ermənistan, Gürcüstan və Azərbaycan. Altı ildir ki, Ermənistan Azərbaycanla müharibə aparır.

Azərbaycanın müstəqilliyini saxlamaq asan bir iş deyil. Bunun üçün xalqımız, millətimiz - siyasi dünyagörüşündən asılı olmayaraq bütün Azərbaycan xalqı bu gün bir məqsədə - Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa xidmət etməlidir.

Çətinlik yaradan digər səbəb isə odur ki, Azərbaycan altı ildir Ermənistanla müharibə şəraitindədir. Altı ildir ki, Ermənistan Azərbaycan ərazilərinə, torpaqlarına təcavüz edir. Təəssüf ki, bu müddət ərzində Azərbaycanda gedən bəzi proseslər nəticəsində, xalqın yox, xalqın etimad etdiyi dairələrin, şəxslərin bacarıqsızlığı nəticəsində erməni silahlı qüvvələri öz iddialarını həyata keçirmək üçün müəyyən sahələrdə müvəffəqiyyət qazanıblar, Azərbaycan torpaqlarının bir qismini işğal ediblər. Dağlıq Qarabağ artıq tamamilə erməni silahlı qüvvələrinin işğalı altındadır. Dağlıq Qarabağdan kənarda da Azərbaycan torpaqlarının bir qismi erməni işğalçılarının əlindədir. Ona görə də indi, müharibə getdiyi bir dövrdə Azərbaycanın müstəqilliyini əldə saxlamaq asan bir iş deyildir.

Bir həqiqəti də bilmək lazımdır ki, ötən altı ildə Azərbaycana xaricdən təcavüz - bu təcavüz isə ancaq tək Ermənistanın təcavüzü deyil, - Azərbaycanı parçalamaq, dağıtmaq, onun güclü bir dövlət olmasına imkan verməmək məqsədi daşıyan qüvvələrin hamısının birlikdə təcavüzüdür. Belə təcavüzə məruz qaldığı bir dövrdə Azərbaycan, qüvvələrini toplayıb özünü müdafiə etmək əvəzinə respublikanın daxilində parçalanma getmişdir. Bundan istifadə edən ayrı-ayrı qruplar, siyasi qüvvələr hakimiyyət davası etmişlər. Ölkənin içərisində gedən hakimiyyət davası dövründə Ermənistan bu imkanlardan istifadə edərək Azərbaycan torpaqlarını zaman-zaman, bir-birinin ardınca işğal etməyə nail olmuşdur.

İndi işğal olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək asan məsələ deyil. Biz Ermənistan silahlı qüvvələri ilə üz-üzə durub vuruşuruq. Siz bunu da bilirsiniz ki, dünyada Ermənistanı dəstəkləyən qüvvələr nə qədər çoxdur. Ermənistanı o tərəfdən də, bu tərəfdən də, Şərqdən də, Qərbdən də, Şimaldan da, Cənubdan da dəstəkləyirlər. Belə bir dövrdə müharibəni aparmaq, torpaqlarımızı azad etmək üçün, şübhəsiz ki, bizim hamımızın birgə gücü lazımdır.

Bu baxımdan biz Türkiyənin köməyinə, dəstəyinə həmişə arxalanmışıq və bundan sonra da arxalanacağıq. Şübhə etməyin ki, Azərbaycan xalqı bu ağır sınaqdan da çıxacaq, öz torpaqlarını azad edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, xalqımız özünün bütün ərazisində öz taleyinin sahibi olacaqdır.

1993-cü il Azərbaycan üçün daha da ağır il oldu. Bilirsiniz ki, müharibə getdiyi bir dövrdə Azərbaycanın içində vətəndaş müharibəsi təhlükəsi meydana çıxdı. Gəncədə, Bakının ətrafında qardaş qanı töküldü. Ayrı-ayrı qüvvələr hakimiyyət uğrunda bir-biri ilə mübarizəyə başladılar. Bundan istifadə edən düşmənlərimiz, Ermənistan ərazisindən istiqamətlənən düşmənlərimiz Azərbaycanı parçalanmaq həddinə gətirib çıxarmışdılar. Bunları siz yaxşı bilirsiniz.

Bunların qarşısını almaq o qədər də asan məsələ deyildi. Biz bu işlərlə məşğul olduq və siz şahidsiniz ki, son aylarda Azərbaycan ordusu öz gücünü toplayıb, xalqımızda milli vətənpərvərlik hissi güclənib, döyüş ruhu yüksəlib. Xalq artıq dərk edib ki, öz torpağını o özü qorumalıdır. Kənardan heç kəs gəlib onun torpağını qorumayacaqdır. Bu heç mümkün olası iş deyil. Əgər sən bir yerdə yaşayırsansa, sənin bir evin, koman varsa, onun sahibisənsə, onu qorumalısan. Əgər qoruya bilirsənsə, demək, sən namuslu, şərəfli adamsan, həm də doğrudan da vətənpərvər insansan. Əgər qoruya bilmirsənsə, sənin heç yaşamaq haqqın da yoxdur.

Azərbaycanda xalqın əksəriyyətinin içində artıq belə bir əhval-ruhiyyə yaranıb. Mən sizə deyim ki, bir sıra rayonlarımız, orada döyüşlər getmədən, qurbanlar verilmədən, düşmənə layiqli müqavimət göstərilmədən işğal olundu. Adicə bir hay-küy nəticəsində, xırda bir atışma nəticəsində, daxildə olan bəzi təxribatçı qüvvələrin düşmənçilik hərəkətləri nəticəsində böyük-böyük bölgələrdən əhali kütləvi surətdə çıxıb qaçdı. Ermənilər isə davasız-şavasız, müqavimətsiz gəlib bu torpaqlarda oturdular. Onlar buraya asanlıqla gəldilər. Amma onları bu torpaqlardan çıxarmaq, geriyə oturtmaq, həmin torpaqları azad etmək çox çətindir. Təsəvvür edin, işğal olunmuş həmin bölgələrdən, torpaqlardan bir milyondan artıq qaçqın var. Bir milyon Azərbaycan vətəndaşı öz evini, obasını, elini itirib, ulu babasından qalan varını-dövlətini itirib, qaçqın vəziyyətində, çadır altında, ağır şəraitdə yaşayır, işləməyə yeri yoxdur, yeməyə çörəyi yoxdur. Bunların hamısını təmin etmək lazımdır. Bəlkə də məhz bütün bunlar Azərbaycan xalqında milli oyanış, milli dirçəliş, milli vətənpərvərlik ruhu, özünü müdafiə etmək cəsarəti yaradıbdır.

Bu ruh artıq özünü göstərir. Son vaxtlar Azərbaycan ordusu formalaşır, qəhrəmancasına döyüşərək torpaqlarımızı qoruyur, onun bir hissəsini artıq geriyə qaytarır. Ötən tarixə bir daha nəzər salmaqla belə bir fikrə gəlirik ki, indiki dövrdə Azərbaycan xalqının birləşməsi, həmrəy olması hava, su kimi lazımdır. Bunu xüsusi qeyd edirəm, ona görə ki, xalqımızda məhz son illər bu xüsusiyyətlər çatmayıb. Ona görə də Azərbaycan belə ağır vəziyyətə düşmüşdür.

Bu baxımdan Türkiyədə yaşayan azərbaycanlıların respublikamıza göstərdikləri kömək, qayğı, mənəvi dayaq çox önəmli və əhəmiyyətlidir. Türkiyə Cümhuriyyətinin və onun rəhbərlərinin son illərdə Azərbaycana göstərdikləri kömək çox böyükdür və biz bunu yüksək qiymətləndiririk. Ancaq onu da deyə bilərəm ki, Azərbaycanda Türkiyənin bu qardaşlıq yardımına bərabər səviyyədə işlər görülməyibdir. Bəlkə də görülsəydi, Azərbaycanda belə ağır vəziyyət yaranmazdı.

Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda respublikadan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir.

Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycan keçmiş iqtisadi-siyasi sistemə dönə bilməz. Buna da siz tam əmin olun. Azərbaycan dünyanın artıq təcrübədən keçmiş siyasi-iqtisadi sistemləri yolu ilə gedəcəkdir. Azərbaycanda hüquqi demokratik dövlət, cəmiyyət qurulur, fikir, söz, din, dil azadlığı tamamilə bərqərar olur. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, irqindən asılı olmayaraq eyni hüquqlara malikdirlər. İndi respublikamızda qırxa yaxın partiya fəaliyyətdədir. Bunların hamısı üçün lazımi şərait yaradılır və yenə də yaradılacaqdır. Azərbaycanda demokratiya günü-gündən inkişaf edəcəkdir. Siz bilməlisiniz ki, 70 il ərzində bu rejim altında yaşayan bir ölkədə bu dəyişiklikləri etmək o qədər də asan deyil. Bunu təkcə inqilab yolu ilə etmək mümkün deyil. Bütün bunlar tədrici yolla getməlidir. İnsanlar yeni sistemə, yeni quruluşa, yeni psixologiyaya uyğunlaşmalıdırlar. Ancaq demokratiya mədəniyyət deməkdir, demokratiya sivilizasiya deməkdir. Demokratiya o deməkdir ki, hər kəs öz sözünü dostluq, qardaşlıq münasibəti ilə desin. Bütün bunları düşmənçiliklə, təxribat törətməklə etmək düzgün deyildir. Çox təəssüf ki, Azərbaycanın bu keçid dövründə biz belə hallara hələ də rast gəlirik.

Siz əmin ola bilərsiniz ki, Azərbaycanda demokratik prinsiplərə əməl olunacaq, ölkəmiz sərbəst bazar iqtisadiyyatı yolu ilə gedəcək, ümumdünya bəşəri dəyərlərdən istifadə edərək öz dövlətini quracaqdır. Azərbaycan sivilizasiyalı, demokratik dövlət kimi dünya birliyinin layiqli üzvü olacaqdır.

Türkyə bizim üçün qardaş ölkədir. Ona görə də bütün bu məsələlərin həllində Türkiyənin yardımına güvənirik, onun mənəvi dayağına güvənirik. Eyni zamanda Türkiyədə yaşayan azərbaycanlıların köməyinə güvənirik. İstəyirik ki, azərbaycanlılar nə Azərbaycanda, nə Türkiyədə, nə də Avropada yaşadıqları yerlərdə parçalanmasınlar, bir-birindən ayrılmasınlar, xırda hisslərə qapılmasınlar, bir-birinə qarşı qruplar düzəltməsinlər. Hamı bir fikirdə olsun ki, biz Azərbaycanı sivilizasiya, dünya mədəniyyəti yolu ilə, dünya demokratiyası yolu ilə aparmalıyıq.

Bildiyimiz kimi Türkiyədə Azərbaycan Kültür Dərnəyi var. Mən onun rəhbərləri ilə bir neçə dəfə görüşmüşəm. Lap bu yaxınlarda onlar Bakıya gəldilər və biz oturub söhbət etdik. Mən buraya gələrkən xahiş etdim ki, səfər proqramına salsınlar və mən bu Kültür Dərnəyini də ziyarət edim. Yəni bir dərnək varsa və orada azərbaycanlılar toplanırsa, mən oranı ziyarət etməyi özümə borc bildim. Sonra bəzi səbəblərə görə bu dərnəyi ziyarət etmək bizə nəsib olmadı. Ancaq bu heç də böyük itki deyildir.

Mən belə hesab etmirəm ki, Kültür Dərnəyi Türkiyədə yaşayan bütün azərbaycanlıları təmsil edir. Burada çıxış edənlərin biri dedi ki, Türkiyədə bir milyon köklü azərbaycanlı yaşayır. Bunların hamısını Azərbaycan Kültür Dərnəyi idarə etmir və edə də bilməz.

1992-ci ildə hörmətli dostum və qardaşım Süleyman Dəmirəl məni İzmirə dəvət etmişdi. Hava limanına gələndə məni qarşılayıb dedilər ki, burada Azərbaycan dərnəyi var və biz sizinlə görüşmək istəyirik. Mən də razılaşdım. Onların heç birini tanımırdım. Məni gəlib apardılar, gedib orada görüşəndə azərbaycanlıların daha bir qrupu gəldi və dedilər ki, siz buraya düz gəlməmisiniz, azərbaycanlılar başqa yerdədir. Mən dedim ki, əcəba, mən bilmirəm axı, haradadırlar, məni buraya gətiriblər. Mən o vaxt mərhum Turqut Özalla görüşə getmək ərəfəsində olsam da, onlar deyən yerə də getdim və gördüm ki, buraya da xeyli azərbaycanlı yığışıb. Amma bəs nə üçün ayrılıblar? Bir dərnək orada, bir dərnək buradadır. Axı, bunlar hamısı bir yerdə olmalıdır, bir-biri ilə rəqabət aparmamalıdır. Mən bunun canlı şahidi oldum.

Biz dünya azərbaycanlılarının həmrəylik, birlik gününü elan etmişik. Biz istərdk ki, dünya azərbaycanlıları həmrəy olsunlar, daha da bir olsunlar. Azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biri də Türkiyədir. Biz istəyirik ki, burada da, Azərbaycanda da, bütün dünyada da azərbaycanlılar bir olsunlar. Bizim arzumuz, istəyimiz budur. Mən bu duyğularla, bu hisslərlə yaşayıram. Öz prezidentlik vəzifəmi bundan sonra həyata keçirəcəyim dövrdə də bu hissləri əsas tutacağam. Əmin olun ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək, inkişaf etdirəcəyik.

Mən bir prezident kimi, respublikamızda yaşayan bütün azərbaycanlıları birləşdirib, Ermənistan silahlı qüvvələrinə qarşı mübarizəmizi sona çatdırmaq, Azərbaycanın müstəqilliyini qorumaq, ərazilərimizin bütövlüyünü təmin etmək əzmindəyəm. Buna görə də sizdən və bütün dünya azərbaycanlılarından mənəvi yardım gözləyirəm.