Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablanka Zirvə toplantısına gedərkən İstanbulun Atatürk hava limanında jurnalistlərə müsahibəsi - 12 dekabr 1994-cü il


Mən Mərakeşin Kasablanka şəhərinə gedirəm. Bildiyiniz kimi, orada İKT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısı keçiriləcəkdir. İKT 25 ildir ki, fəaliyyət göstərir.

Təşkilatın yubileyinə təsadüf edən bu toplantı çox faydalı olacaq, orada İslam aləmindən 52 dövlətin başçıları iştirak edəcəklər, onlardan biri də Azərbaycandır. Azərbaycan bu təşkilata müstəqillik qazanandan sonra daxil olmuşdur. İlk dəfədir ki, Azərbaycanın dövlət başçısı İKT-nin Zirvə toplantısında iştirak edir. Ona görə də mən bu toplantını Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm.

ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt Zirvə toplantısında Avropada və dünyada təhlükəsizliyi təmin etmək üçün Avropanın gələcək taleyində mühüm rol oynayacaq məsələlər müzakirə olundu. Mən Budapeşt Zirvə toplantısından çox məmnunam. Orada Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması üçün bir qətnamə qəbul edildi. Bildiyiniz kimi, bu gün düz yeddi aydır ki, Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılaşma əldə olunub. Həmin müddətdə atəşkəs davam edir.

Doğrudur, atəşkəs bizim üçün faydalıdır. Ancaq bu, problemin həll olunması demək deyildir. Biz atəşkəsdən Böyük Sülh Sazişinin əldə olunması üçün istifadə etmək istəyirik. Sülh sazişinin əldə edilməsi üçün isə bizim bir sıra şərtlərimiz vardır: Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalı, bir milyondan çox azərbaycanlı qaçqın öz yerlərinə qaytarılmalıdır.

Budapeşt Zirvə toplantısı bizim üçün ona görə faydalıdır ki, orada ilk dəfə ATƏM çərçivəsində çoxmillətli sülhü mühafizə qüvvələrinin yaradılması barədə mühüm qətnamə qəbul edildi. Doğrudur, bu, heç də asanlıqla başa gəlmədi. Çünki Ermənistan

Respublikası belə bir qətnamənin qəbul olunmasını istəmirdi. Bilirsiniz ki, Ermənistan münaqişə zonasına yalnız rus əsgərlərinin gəlməsini istəyir. Lakin biz çox çalışdıq, burada sizin qarşınızda bir daha deyə bilərəm ki, bu qətnamənin qəbul olunmasında Türkiyə Respublikası rəhbərlərinin də çox böyük xidmətləri oldu. Biz çox ciddi əməkdaşlıq etdik, bərabər çalışdıq.

... Mən Budapeştdə Türkiyənin baş naziri xanım Tansu Çillərlə və Türkiyənin digər yüksək vəzifəli şəxsləri ilə görüşdüm. Sonra xanım Tansu Çillərlə bərabər ABŞ prezidenti Bill Klintonla görüşdük. Beləliklə, Budapeştdə bizim üçün çox mühüm olan bir qətnamə qəbul edildi. Hazırda bizim əsas işimiz bu qətnamənin həyata keçirilməsinə nail olmaqdır. İndi bizim bölgəyə artıq heç kəs tək bir ölkənin əsgərlərini gətirə bilməz. Qəbul olunmuş qətnaməyə əsasən bu bölgəyə çoxmillətli sülhməramlı qüvvələr gələcək. Siz yəqin ki, bütün bunları bilirsiniz. Türk mətbuatı sözsüz ki, bu barədə geniş materiallar dərc edib, televiziya verilişlər verib. Belə hesab edirəm ki, bütün bunları mənim dilimdən eşitməyiniz də lazımdır.

... Bayaq dediyim kimi, mən indi Kasablankaya, İKT-nin Zirvə toplantısına gedirəm. Biz bütün dünyada sülhün, təhlükəsizliyin təmin olunmasında İKT üzvü olan dövlətlərin rolunun artırılmasına tərəfdarıq. Bildiyimə görə, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl də bu Zirvə toplantısında iştirak edəcək. Biz orada da bir sıra işlər görəcəyik.

Sual: Çeçenistandakı vəziyyət Azərbaycan üçün təhlükə yaratmaz ki?

Cavab: Mən sizə dedim ki, Budapeştdə Azərbaycana çoxmillətli sülhməramlı qüvvələrin gəlməsi barədə qətnamə qəbul olunmuşdur. İndi bir ölkənin silahlı qüvvələri Azərbaycana gələ bilməz. Ona görə də mən Azərbaycana hansısa tək bir ölkənin silahlı qüvvələrinin gəlməsindən heç də narahat deyiləm. İkincisi də ki, Azərbaycan müstəqil bir dövlətdir. Çeçenistan isə müstəqil dövlət deyil, Rusiyanın tərkibində olan bir respublikadır. Burada çox böyük fərq var. Digər tərəfdən, Çeçenistan hələlik dünyanın heç bir dövləti tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Rusiyada belə muxtar respublikalar çoxdur: Tatarıstan, Başqırdıstan, Şimali Osetiya və digərləri. Bunlar hamısı Rusiyanın tərkibindədir.

Tarixi arayış