Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 9 may 1998-ci il


Əziz dostum, qardaşım prezident Eduard Şevardnadze!

Sizi Bakı şəhərində səmimi-qəlbdən salamlamağıma çox şadam. Mənə göstərdiyiniz diqqətə görə, ad günümlə əlaqədar hörmət və məhəbbətinizi bildirmək üçün respublikamıza gəldiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Eduard Şevardnadze: Əziz cənab prezident!

Mənim əziz dostum və qardaşım! Mən Sizi 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə gərgin fəaliyyətinizdə uzun ömür arzulayıram. Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi ölkənin son illər dünya birliyində layiqli yer tutması və sürətlə inkişaf edən bir respublikaya çevrilməsi məhz Sizin müdrik, uzaqgörən siyasətinizin nəticələridir.

Azərbaycan və gürcü xalqları arasında tarixən qardaşlıq əlaqələri mövcud olmuşdur. Ölkələrimiz dövlət müstəqilliyi əldə etdikdən sonra münasibətlərimiz gündən-günə daha da yaxşılaşmış, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız inkişaf etmişdir.

Heydər Əliyev: Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirmək vacibdir. Qarşılıqlı səfərlərimiz zamanı Bakıda və Tbilisidə keçirdiyimiz görüşlərin, apardığımız danışıqların, imzaladığımız sənədlərin xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da sıxlaşdırılmasına əsaslı təkan verəcəkdir. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk. Azərbaycan ilə Gürcüstan arasında sıx münasibətlərə heç nə mane ola bilməz. Biz Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət veririk. Xəzərin Azərbaycan sektorundakı yataqların xarici ölkələrin nüfuzlu neft şirkətləri ilə birgə işlənilməsinə dair “Əsrin müqaviləsi” və digər müqavilələr imzalanmış və fəal surətdə həyata keçirilir. Hasil ediləcək neftin ixrac marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı iş davam edir.

Eduard Şevardnadze: Möhtərəm Heydər Əliyeviç, Sizin prezidentliyiniz illərində Azərbaycan Dünya Birliyinin hörmətli üzvünə çevrilmişdir. Sizin geniş fəaliyyətiniz sayəsində Azərbaycanda sabitliyə nail olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsindəki geniş fəaliyyətiniz dörd il bundan əvvəl atəşkəsə nail olunmasına gətirib çıxarmışdır və ona indiyədək əməl edilir. Bunun da təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzəryanı region və Zaqafqaziya regionu üçün əhəmiyyəti var. Sizə bir daha səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uzun ömür arzulayıram.

Heydər Əliyev: Əziz dostum, qardaşım Eduard Amvrosiyeviç! Mənim anadan olduğum gün ərəfəsində məni təbrik etmək üçün Bakıya gəldiyinizə görə çox sağ olun. Mənim haqqımda dediyiniz xoş sözlərə görə bir daha dərin minnətdarlığımı bildirirəm.