Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına iki günlük işgüzar səfərə yola düşməzdən əvvəl Binə bеynəlхаlq hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinə vеrdiyi müsahibə - 23 sentyabr 2002-ci il


Heydər Əliyev: Mənim Rusiyaya səfərim haqqında məlumat mətbuatda verilibdir, xəbəriniz var. Rusiyanın Prezidenti Vladimir Putin məni Moskvaya işgüzar səfərə dəvət edibdir. Mən də bu səfəri həyata keçirirəm. Orada bizim danışıqlarımız olacaqdır. Ondan sonra biz üç saziş imzalayacağıq. Əsas müqavilə Xəzər dənizində Azərbaycanın və Rusiyanın sərhədinin tam koordinatlarla müəyyən olunması haqqındadır. Biz ümumi xarakterli belə bir sənəd imzalamışdıq.

Amma indi bizim mütəxəssislər, Rusiyanın mütəxəssisləri bu sazişi hazırlayıblar. Bu cür sazişi Rusiya Qazaxıstan ilə imzalayıbdır, bizimlə də imzalayacaqdır. Bu çox yaxşı bir haldır.

Başqa iki saziş də var. Bir müddətdən sonra təhsil haqqında saziş də imzalanacaqdır. Əsas odur ki, mən prezidentlə fikir mübadiləsi aparıb bir çox məsələlər, başlıcası, Rusiya–Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti və inkişaf etdirilməsi ilə əlaqədar danışacağam.

Əgər indi sizin dəyərli sualınız varsa, mənə deyin. Yoxdursa, xırda-xuruş suallarla mənim vaxtımı almayın. Mənim 6-7 dəqiqə vaxtım var.

Sual: Cənab Prezident, Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar aparılacaqmı?

Cavab: Mütləq aparılacaq. Siz bu şeyləri soruşursunuz. Nə vaxt ola bilər ki, mən hansısa dövlət başçısı ilə görüşüm, Ermənistan–Azərbaycan münaqişəsi haqqında danışmayım? Xüsusən də Prezident Putin ilə. Buna söz ola bilməz. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədrlərindən biridir. Əgər dünən Azərbaycan televiziyasına baxdınızsa, mən buraya gəlmiş Rusiyanın parlament nümayəndə heyəti ilə söhbət etdim və Ermənistan haqqında danışdım. Belə olan halda sən mənim vaxtımı alıb bu cür suallar verirsən.

Sual: Cənab Prezident, 1994-cü ildən bəri İranın mövqeyinin əslində dəyişməz qaldığı nəzərə alınarsa, Sizcə, bu gün imzalanacaq ikitərəfli saziş Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyə kömək edəcəkmi?

Cavab: Mövqelər dəyişməmişdir, biz öz mövqeyimizi müəyyənləşdirmişik və sazişi imzalayacağıq. İranla isə biz işləyirik. Bizim ekspertlər burada da, İranda da görüşürlər. Bu danışıqlarda əsas şəxs olan Səfəri bu yaxınlarda Bakıya gəlmiş, görüşlər keçirmişdir. Bir müddət sonra isə burada bütün Xəzəryanı ölkələrin ekspertlərinin görüşü olacaqdır.

Sual: Cənab Prezident, Rusiyada yaşayan azərbaycanlıların statusu ilə bağlı orada hansısa sənəd imzalanacaqmı?

Cavab: Yox, biz belə bir sənəd imzalamaq istəmirik. Çünki bunun əhəmiyyəti yoxdur.

Sual: Cənab Prezident, Siz Seleznyov ilə görüşdə Rusiyanın Ermənistana bir milyard dollarlıq silah verməsi məsələsini qaldırmışdınız. Bu dəfəki səfərinizdə Prezident Putinlə görüşdə bu məsələ qaldırılacaqmı?

Cavab: Bilirsən, mən bu məsələni çox qaldırmışam və Vladimir Putinlə görüşlərdə də çox qaldırmışam. Ancaq bunların hamısı indi, müəyyən mənada, artıq arxada qalıblar. Bunu qaldırmağın əhəmiyyəti yoxdur. Mən sadəcə, dünən parlament nümayəndə heyətinə dedim ki, onlar bilsinlər. Özü də eşitdiniz, mən Seleznyova dedim ki, sizin özünüz Dumada müzakirə etmişdiniz, prokurorluğa vermişdiniz. Sonra bunu batırdınız.

Sual: Cənab Prezident, artıq Bakı–Tbilisi–Ceyhan kəmərinin bünövrəsi qoyulubdur. Siz oradakı nitqinizdə demişdiniz ki, bu, regionda sabitliyin təminatçısı olacaqdır. Azərbaycan münaqişəni sülh yolu ilə həll edə bilməsə, bu kəmərin çəkilməsi hərbi əməliyyatların başlanmasına maneçilik törədə bilərmi?

Cavab: Bilirsiniz, bu kəmərin çəkilməsi Ermənistan–Azərbaycan münasibətlərinə, güman edirəm, o qədər təsir göstərə bilməz. Ancaq bu kəmərin olmasının hərbi əməliyyatlara maneçilik törətməsi – siz bu gün gələcək üçün sözlər danışırsınız. Əgər hərbi əməliyyatlara ehtiyac olsa, bunun yolları tapılar.

Sual: Cənab Prezident, ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona gəlirlər. Onlardan hansısa təklif gözlənilirmi?

Cavab: Gələcəklər, görək nə təklif verəcəklər. Siz də bunu biləcəksiniz.

Sual: Cənab Prezident, Siz dünən Seleznyov ilə görüşdə bildirdiniz ki, Ermənistan belə bir iddia ilə çıxış edir ki, Qarabağın ona birləşdiriləcəyi təqdirdə Azərbaycan torpaqlarını azad edə bilər. Əvvəllər də belə bir təklif var idi, yoxsa bu, son vaxtlar olubdur?

Cavab: Əvvəldə var idi, elə indi də belədir. Ona görə biz bu məsələni həll edə bilmirik. Məsələn, 1997-ci ildə Minsk qrupu bir təklif vermişdi, biz razı olduq, onlar razı olmadılar. Təklif belə idi ki, Dağlıq Qarabağın ətrafında olan Azərbaycan rayonları işğaldan azad olunur, amma Dağlıq Qarabağın statusu haqqında danışıqları davam etdiririk. Bu çox da yaxşı idi və biz bununla razı olduq. Amma ermənilər bunu qəbul etmədilər. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR