Azərbaycan Respublikası Prezidentinin "15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət" mövzusuna həsr olunmuş ümumxalq nümayəndələri toplantısında giriş nitqi - Respublika Sarayı, 23-24 iyun 1995-ci il


Əziz həmvətənlər!

Əziz bacılar, qardaşlar!

Hörmətli xanımlar, cənablar, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəxalq təşkilatların respublikamızdakı nümayəndələri!

Bu gün biz buraya - Respublika Sarayına ümumxalq nümayəndələri toplantısına yığışmışıq. Məqsədimiz son illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslərə, respublikamızın daxili və xarici vəziyyətinə aid olan məsələlərə nəzər salmaq, onları təhlil etmək, xalqın fikirlərini nəzərə alaraq ölkəmizin bu günü və gələcəyi üçün lazımi tədbirlərin hazırlanması və həyata keçirilməsi yollarını müəyyənləşdirməkdən ibarətdir.

Bu il - 1995-ci il müstəqil Azərbaycan Respublikasının həyatında dövlətçilik prosesləri ilə əlaqədar böyük ictimai-siyasi tədbirlər ili olacaqdır. Respubukamızda bu proseslər artıq gedir. Müstəqil Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu prosesi davam edir. İqtisadi islahatların, aqrar islahatlar barədə qəbul olunmuş qanunların əməli surətdə həyata keçirilməsinə başlanmışdır. İqtisadiyyatda inkişaf əldə etmək üçün özəlləşdirməyə dair proqram hazırlanıb və bu günlərdə qəbul olunub Milli Məclisin müzakirəsinə veriləcəkdir.

Respublikamızda ilk dəfə müstəqil Azərbaycanın demokratik parlamentini yaratmaq üçün bu il noyabrın 12-də parlament seçkiləri təyin olunub. Müstəqil Azərbaycan Respublikası demokratik dövlətinin konstitusiyasının hazırlanması prosesi gedir. Nəzərdə tutulur ki, parlament seçkiləri günü konstitusiya ümumxalq referendumu yolu ilə qəbul olunsun. Şübhəsiz ki, bunlar hamısı respublikamızda daxili ictimai-siyasi vəziyyətin sabitliyini, bir müstəqil dövlət kimi Azərbaycanın beynəxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsini tələb edir. Bu proseslər gedir, dövlət orqanları tərəfindən lazımi işlər aparılır.

Ancaq bu işləri daha müvəffəqiyyətlə həyata keçirmək, daha doğru-düzgün yolla getmək üçün və bütün bu tədbirlərin hamısının yerinə yetirilməsində xalqın, ictimaiyyətin, respublikamızda cəmiyyətin bütün təbəqələrinin fikrini nəzərə almaq üçün ümumxalq nümayəndələrinin belə bir toplantısının keçirilməsi zərurəti meydana çıxıbdır.

Bugünkü ümumxalq nümayəndələri toplantısında, eyni zamanda, gələcək üçün dəyərli proqramlar yaratmaqdan ötrü yaxın keçmişimizə nəzər salmalıyıq, onu təhlil etməliyik, əvvəlki dövrdən indiyədək və bu gün də gedən proseslərə doğru-düzgün qiymət verməliyik. Üç il yarımdır ki, xalqımız dövlət müstəqilliyini əldə edib, Azərbaycan Respublikası müstəqil dövlətdir. Tarixi nöqteyi-nəzərdən bu, böyük bir zaman deyil. Lakin həmin müddətdə respublikanın həyatında o qədər ağır, çətin proseslər gedib ki, bu üç il yarım demək olar ki, böyük bir dövrü əhatə edir. Birinci növbədə ona görə ki, Azərbaycan xalqı müstəqilliyini bərpa edəndən, tam müstəqilliyini qazanandan sonra müstəqil dövlət qurmaq, müstəqil yaşamaq üçün lazımi şərait əldə etməli idi. Ancaq ötən dövr xalqımız üçün o qədər də əlverişli olmayıb. Buna ən çox mane olan səbəb Azərbaycan Respublikasına qarşı Ermənistan tərəfindən edilən təcavüz və yeddi ildən bəri gedən müharibədir. Xalqımız məhz belə bir şəraitdə, yəni Ermənistanın Azərbaycana hərbi təcavüzü artıq mövcud olduğu, torpaqlarımızın bir qisminin əldən getdiyi zamanda öz dövlət müstəqilliyini qazanıb.

Müharibə davam edib, bunun nəticəsində də Azərbaycan itkilər verib, böyük çətinliklərlə rastlaşıb. Aydındır ki, bunlar hamısı müstəqil Azərbaycan Respublikasının öz qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsinə çox böyük çətinliklər yaradıb. Ermənistanın Azərbaycana təcavüzü daxili vəziyyətimizdən asılı olan bir şey deyil. Bu, sadəcə olaraq, təkcə Ermənistanın yox, həm də onunla bağlı olan başqa qüvvələrin Azərbaycan xalqını azadlıqdan məhrum etmək, respublikamızı parçalamaq, dağıtmaq və onun ərazisinin bir hissəsini ələ keçirmək üçün hazırlanmış və davamlı surətdə həyata keçirilən bir planıdır.

Belə bir şəraitdə, belə bir dövrdə xalqımız, Azərbaycan və təndaşları bütün qüvvələrini, güclərini bu müharibənin qarşısının alınmasına yönəltməli idi və yönəltməlidir, təcavüzün qarşısını birlikdə alıb Azərbaycanı qorumalı idi və bu gün də qorumalıdır. Təəssüf ki, ötən illər onu göstərir ki, belə olmayıbdır. Azərbaycan Respublikasının bir müstəqil dövlət kimi yaşamasına, inkişaf etməsinə mane olan daxili amillər olub və ola bilər ki, bunlar Ermənistanın təcavüzündən də çox çətinliklər yaradıb. Bunların nəticəsində ötən üç il yarım müddətində Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünün iqtisadi, elmi, intellektual potensialından lazımi səviyyədə istifadə etməkdə və özünə layiq dövlət qurmaqda çox çətinliklərə rast gəlib. Biz bu həqiqəti bu gün etiraf etməliyik, deməliyik və bunlara düzgün qiymət verərək gələcək planlarımızı, görülən işlərimizi daha da etibarlı qurmalıyıq.

Bu dövrdə, xüsusən son iki ildə ölkəmizdə baş vermiş hadisələr, gedən ictimai-siyasi proseslər respublikamızın tarxində mühüm yer tutur. Həmin proseslər bir tərəfdən dağıdıcı qüvvələrin respublikaya vurduğu zərərlərdən, ikinci tərəfdən də xalqın, ictimaiyyətin, Azərbaycan vətəndaşlarının və dövlətin, dövlət orqanlarının bu dövrdə meydana gəlmiş təhlükəli hadisələrin qarşısını almasından ibarətdir.

1993-cü ilin may-iyun aylarında Azərbaycanda dövlət böhranı baş verdi. Bu böhran respublikanı vətəndaş müharibəsinə gətirib çıxardı. Vətəndaş müharibəsi ölkəmiz üçün çox böyük təhlükəli şərait yaratdı. O, nəinki xalqımıza zərərlər, zərbələr vuracaqdı, eyni zamanda, respublikamızın parçalanması, dağıdılması prosesi mövcud idi. Bunların qarşısı alındı. Həyata keçirilən tədbirlər respublikada əmələ gəlmiş dövlət böhranını və qarşıdurmanı aradan götürdü, müəyyən sabitlik yarandı. Lakin təəssüf ki, belə faciəli vəziyyətə gəlib çıxmış respublikamızda bu vəziyyəti yaradan qüvvələr öz əməllərindən əl çəkmədilər.

Respublikamızda ictimai-siyasi sabitlik təmin edilərək dövlət quruculuğu, ordu quruculuğu prosesi aparıldığı, müstəqilliyimizin möhkəmləndirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun qaldırılması sahəsində lazımi tədbirlər görüldüyü bir vaxtda ayrı-ayrı qüvvələr yenə də Azərbaycanda sabitliyi pozmağa, qarşıdurma yaratmağa və respublikamızı içəridən dağıtmağa çalışdılar. Şübhəsiz ki, onların bu hərəkətlərinin qarşısı alınırdı. Ancaq bu qüvvələr lazımi nəticə çıxarmadılar və öz dağıdıcı, pozucu, xalqımıza qarşı xəyanətkar hərəkətlərini davam etdirdilər.

Azərbaycan dövləti bu müddətdə respublikamızın dünya ictimaiyyəti arasında, beynəlxalq aləmdə, beynəxalq təşkilatlarda nüfuzunun qaldırılması üçün, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün lazımi tədbirlər gördü və bunlar öz nəticələrini verdi. Müharibəyə son qoymaq, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün sülh danışıqlarına başlandı. 1994-cü ilin mayında ilk dəfə atəşkəs haqqında etibarlı saziş əldə olundu. 13 aydır ki, biz atəşkəs rejimində yaşayırıq və respublikamızı müharibə şəraitindən çıxarmaq, müharibəyə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini tam təmin etmək üçün lazımi tədbirlər görürük.

Bunlar əldə etdiyimiz böyük nailiyyətlərdir. Çünki atəşkəsin əldə olunması, hərbi əməliyyatların dayandırılması ölkəmizin daxilində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb. Eyni zamanda bu, Azərbaycan Respublikasının sülhsevər bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirib. Şübhəsiz ki, bunlar hamısı uzun müddətli etibarlı sülh yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, işğal olunmuş torpaqların azad edilməsini təmin etməklə bağlıdır. Ona görə də biz həmin dövrdən səmərəli istifadə etməyə və bu dövrdə respublikamızın həyatında zəruri olan tədbirlərin həyata keçirilməsinə çalışmışıq, bir çox işlər də görülüb.

Ancaq tam qətiyyətlə demək olar ki, belə bir şərait ölkəmizin müstəqilliyinə, respublika daxilindəki xalqın əmin-amanlıqda yaşamasına zidd olan ayrı-ayrı qüvvələr üçün əlverişli olmayıbdır. Ona görə də onlar həm respublikamızda daxili vəziyyəti pozmağa çalışır, həm də atəşkəsin pozulmasına cəhdlər göstəriblər. Bu müddətdə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən biri" 1994- cü il sentyabrın 20-də Böyük Neft Müqaviləsinin imzalanmasıdır. Artıq buna "Əsrin müqaviləsi" adı veriblər. Ancaq bu müqavilə Azərbaycanın xarici düşmənlərini çox narahat edib. Onun əleyhinə təbliğatlar gedir, respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələr var, bu müqavilənin həyata keçirilməsinə mane olanlar var. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, onların hərəkətləri respublikamızın daxilində xalqımıza, ölkəmizə, dövlətimizə düşmən mövqelərlə üst-üstə düşmüşdür.

Məhz bundan sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr hərəkətə gəldilər və 1994-cü il oktyabrın əvvəllərində ölkəmizdə dövlət çevrilişinə cəhd oldu. Xalqın gücü, iradəsi, respublikanın bütün vətəndaşlarının həmrəyliyi ilə bu cəhdin qarşısı alındı. Respublikamız, onun müstəqilliyi, dövlətçiliyimiz böyük bir sınaqdan keçdi. Düşünmək olar ki, bu, artıq hamıya ibrət dərsi olmalı, hər kəs özü üçün nəticə çıxarmalı idi. Təəssüflər olsun ki, belə olmadı. Həmin qüvvələr - adını müxalifət qoyan, ancaq əslində qanuni, sivilizasiyalı müxalifət yox, xalqına, dövlətinə zidd mövqedə duran qüvvələr bundan sonrakı dövrdə birləşib bu ilin mart ayında yenidən dövlət çevrilişinə, Azərbaycanda vətəndaş müharibəsi salmağa, ölkəmizi parçalamağa cəhd etdilər. Bunun da qarşısı alındı. Xalqımız öz həmrəyliyini, müdrikliyini göstərdi, müstəqil Azərbaycan dövlətinin qüdrəti nümayiş etdirildi, bu cəhdlərin qarşısı alındı.

Ancaq təəssüflər olsun ki, bundan sonrakı dövrdə həm xaricdə, həm də daxildə respublikamıza düşmən olan qüvvələr öz çirkin niyyətlərindən əl çəkməyiblər. Nəzər salın, son iki ildə respublikamızda nələr baş verib. Bir tərəfdən 1993-cü ilin iyun ayından Azərbaycanda dövlətçilik ardıcıl, davamlı olaraq möhkəmlənib, dövlət strukturları respublikanı idarə etmək qüdrəti qazanıb. İndi müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında fəaliyyət göstərən dövlət qurumları, dövləti var, dövlətçiliyi müdafiə etməyə qüdrəti var. Amma eyni zamanda respublikamızda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr də var.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhd etmiş şəxslərin, adamların bir qismi cəmiyyətdən təcrid olunub, onların haqqında istintaq aparılır. Bir qismi qaçıb respublikadan, Azərbaycandan kənarda gizlənib. Onların əsas rəhbərləri isə Moskvaya toplaşıblar, orda özlərinə sığınacaq tapıblar. Azərbaycanda sabitliyi pozmaq, dövlətçiliyimizə qarşı yeni qəsd etmək üçün tədbirlər görürlər və bu fikirlərlə yaşayırlar. Şübhəsiz ki, bunlar hamısı onlar üçün heç bir nəticə verə bilməz. Artıq iki il müddətində Azərbaycan xalqı, vətəndaşları ağı qaradan seçməyə nail olublar. Vətəndaşlarımızın tam əksəriyyətində müstəqil dövlətimizi və ictimai-siyasi sabitliyi qoruyub saxlamaq əhval-ruhiyyəsi üstünlük təşkil edir.

Ancaq bunlarla yanaşı, yenə də respublikamıza xəyanət etmək məqsədi ilə yaşayan qüvvələr var. Onlar təkcə xaricdə deyil, respublikanın daxilində də mövcuddur. Bunları nəzərə alaraq bu gün biz açıq-aşkar söhbət aparmalıyıq. Yəni yaxın keçmişdə baş verən hadisələri, gedən prosesləri təhlil etməli, onlara düzgün, obyektiv qiymət verməliyik. Həmin hadisələrdən çıxan nəticələri bu gün təhlil etməliyik və bu il gələcəkdə müstəqil Azərbaycan Respublikasının demokratiya yolu ilə inkişaf etməsi üçün lazımi tədbirlərin hazırlanmasına aid fikirləri, mülahizələri, təklifləri dinləyib, ümumiləşdirib qarşıdakı dövrdə onlardan istifadə etməliyik.

Bu gün ümumxalq nümayəndələri toplantısına dövlət strukturunun, ictimai, elm, mədəniyyət təşkilatlarının, ziyalıların, gənclərin, veteranların, siyasi partiyalalrı, mətbuatın, Azərbaycan Ordusunun nümayəndələri, bir sözlə, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri dəvət olunublar -şübhəsiz ki, salonumuzun tutduğu qədər. Əgər salonda bundan da çox yer olsaydı, ola bilər, daha çox adam dəvət edilərdi. Ancaq güman edirəm ki, bu gün bu salonda toplaşanlar respublikamızın cəmiyyətinin bütün təbəqələrini təmsil edirlər.

Minnətdarlıq hissi ilə qeyd edirəm ki, xarici ölkələrin respublikamızdakı səfirləri, beynəxalq təşkilatların nümayəndələri də dəvətimizi qəbul edib bu toplantıya gəliblər.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan Respublikasının dövlətçiliyinin qorunmasında rəşadət göstərmiş ordumuzun döyüşçüləri, zabitləri bu salona dəvət olunublar. Həmin hadisələr zamanı dövlətçiliyimizin qorunmasında qəhrəmanlıq göstərərək həlak olmuş övladlarımızın valideynləri də bu toplantıya dəvət ediliblər, burada bizimlə birlikdədirlər.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı respublikamızda dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınmasında fərqlənən Azərbaycan övladlarının hamısı böyük hörmət və ehtirama layiqdir. Böyük kədər hissi ilə qeyd edirəm ki, o günlər Azərbaycan xalqına qarşı cinayət edənlərin atəşindən, gülləsindən xalqımızın mərd, igid, cəsur övladları həlak oldular. Azərbaycan dövlətçiliyinin qorunması yolunda həlak, şəhid olan övladlarımızın xatirəsini bu gün həmin hadisələrlə əlaqədar keçirilən ümumxalq nümayəndələri toplantısında bir dəqiqəlik sükutla yad etməyi rica edirəm.

Yekun nitqi

Hörmətli toplantı iştirakçıları!

İkinci gündür ki, biz respublikamızın həyatı üçün çox zəruri, vacib olan mühüm məsələləri burada müzakirə edirik. Bu müzakirədə iştirak etmək üçün çox adamlar yazılıb. Bizə verilən müraciətlərin sayı 100-dən artıqdır. Yerdən də səslənib söz demək, çıxış etmək üçün müraciət edənlər var. Ancaq əgər danışmaq istəyənlərin hamısına burada söz versək, gərək işimizi üç-dörd gün də davam etdirək. Güman edirəm ki, iki gün bizim üçün yetərlidir. Etiraz etməsəniz mən bu toplantının işinə yekun vurmaq mərhələsinə keçərəm. Ancaq burada söz demək istəyən hər bir adam şübhəsiz ki, ürəyində, qəlbində olan hissləri bildirmək, fikirlərini, mülahizələrini çatdırmaq, təkliflərini vermək arzusundadır. Bunlar hamısı dəyərlidir. Belə düşünürəm və güman edirəm ki, siz də bununla razı olarsınız ki, biz bu toplantının davamını televiziyada aparaq. Dünən və bu gün çıxış etmək üçün yazılı surətdə müraciət edənlərin siyahısını Prezident Aparatına və Dövlət Teleradio Verilişləri Şirkətinə verəcəyəm. Xahiş edəcəyəm ki, onlar bu toplantının davamı kimi bir rubrika açsınlar. Hökm deyil ki, bu adamlar gəlib orada çıxış etsinlər. Kimin harada imkanı varsa, bu toplantının, müzakirənin davamı olaraq öz sözlərini televiziya vasitəsilə xalqımıza çatdırsınlar.

İki gün müddətində gedən müzakirə, çıxışlar bir həqiqəti tam bəyan, təsdiq etdi ki, respublikamızda əmin-amanlıq, sabitlik, sülh şəraiti hər bir vətəndaş, dövlətimiz üçün, xalqımızın bu ağır mərhələdən müvəffəqiyyətlə keçməsi üçün lazımdır. Çıxışların hamısının ümumi məzmunu ondan ibarətdir ki, xalqımız, ictimaiyyətin tam əksəriyyəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının tərəfdarıdır və nəinki tərəfdarıdır, bu arzularla, istəklərlə yaşayır və Azərbaycanın müstəqilliyinin qorunması üçün hərə öz payını verməyə, öz səyini göstərməyə hazırdır.

Müzakirənin məzmunu onu göstərdi ki, ictimaiyyətimiz, xalqımız dövlətçiliyə, müstəqli Azərbaycanın dövlətinə zidd olan bütün hərəkətlərin qarşısını almağa qadirdir və dövlətçiliyimizi sarsıtmaq, ona zərbə vurmaq istəyən qüvvələri pisləyirlər, lənətləyirlər və onların qarşısına çıxmağa hazırdırlar, bundan sonra belə halların yolverilməzliyini tam dərk edirlər. Bütün çıxışlarda respublikanın dövlətinin, Prezidentin apardığı siyasət müdafiə olundu, dəstəkləndi. Burada çox xoş arzular, istəklər bildirildi. Mən bunları bu gün və gələcək işimiz üçün əhəmiyyətli bir hal hesab edirəm. Çünki müstəqil respublikamızın dövləti və Prezidenti yalnız və yalnız xalqa, Azərbaycanın vətəndaşlarına güvənirlər. Sizin, xalqımızın dəstəyi, sizin, xalqın dayağı şübhəsiz ki, dövlət üçün və bir Prezident kimi mənim üçün çox böyük köməkdir. Buna görə mən sizə və bütün Azərbaycan xalqına, bütün vətəndaşlarımıza hörmətimi, ehtiramımı və təşəkkürümü bildirirəm.

Mənim haqqımda burada xoş sözlər deyildi. Sağ olun. Güman edirəm ki, bunların əksəriyyəti səmimi sözlər, içdən, qəlbdən gələn sözlərdir. Ancaq eyni zamanda bildirmək istəyirəm ki, mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm. Güman edirəm ki, dünənki və bugünkü müzakirələr gələcəkdə də bizim həmrəy olmağımız üçün əsas yaradır və qarşımızda duran vəzifələrin öhdəsindən bərabər gəlmək üçün imkan verir. Ancaq bir şeyi bilməlisiniz ki, mən Azərbaycanda bütün məsələlərin demokratiya yolu ilə həll olunmasının tərəfdarıyam. Demokratiya dövlətçiliyimizin əsasını təşkil edəcəkdir. Demokratik prinsiplər bu günümüzün, gələcəyimizin əsasını təşkil edəcəkdir. Sizin bu təklifləriniz, arzularınız mənim üçün çox xoşdur ki, Heydər Əliyev daimi, yaxud ömürlük prezident olsun. Ancaq bilin ki, mən nə ömürlük prezident, nə də daimi prezident olmaq arzusundayam. Mən ancaq və ancaq xalqın etimadını doğruldan günə qədər bu vəzifəni tutmalıyam. Demokratik prinsiplər həyatımın, fəaliyyətimin əsasını təşkil edir. Allah imkan versin ki, mən bu prezidentlik səlahiyyəti dövrünü başa çatdıra bilim. Gələcəkdə isə, şübhəsiz ki, demokratik şəraitdə yeni prezident seçkiləri təyin olunacaqdır. O vaxt xalq kimə etimad göstərsə, o da prezident ola bilər. Şübhəsiz ki, əgər sağlıq olsa, mən də yenidən prezident seçilmək haqqında düşünə bilərəm.

Ancaq bunlar hamısı bizim üçün uzaq gələcəkdir. İndi biz bu günlər haqqında və qarşımızda duran vəzifələr barədə düşünməliyik. Əgər bu gün qarşımızda duran vəzifələri layiqincə yerinə yetirə bilsək, Azərbaycan xalqı, respublikası, müstəqil dövlətimiz üçün gələcəkdə daha gözəl şərait yarada bilərik. Həmin şəraitdə hər şey çox asanlıqla həll olunacaq - nə zor olacaq, nə çevriliş olacaq, nə də ki ayrı-ayrı insanların siyasi ambisiyaları, iddiaları olacaq. Həqiqət, ədalət, demokratiya, düzlük, əmin-amanlıq olacaq. Mən buna əminəm. Biz son illər ərzində Azərbaycanda gedən prosesləri təhlil etdik. Burada dövlət nümayəndələrinin çıxışlarında verilən məlumatlarda və müzakirə iştirakçılarının, natiqlərin çıxışlarında bu illərdə gedən proseslər və baş vermiş hadisələr həm yada salındı, həm təhlil edildi, həm də onlara siyasi qiymət verildi.

Azərbaycan xalqı, respublikamız 1988-ci ildən ağır, faciəli bir həyat keçirir. Bunun əsas səbəbi Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi təcavüz, respublikanın bu təcavüzün qarşısını ala bilməməsi nəticəsində baş vermiş faciələr, hadisələr - torpaqlarımızın bir qisminin işğal olunması, bir milyondan çox vətəndaşımızın öz yerindən-yurdundan, elindən-obasından didərgin düşməsi və qəhrəman insanlarımızın Vətən, torpaq yolunda həlak olması, itməsidir.

Bu gün mən Vətənimizin, torpaqlarımızın müdafiəsi yolunda, Azərbaycanın müstəqilliyi uğrunda qurban getmiş şəhidləri bir daha böyük ehtiram hissi ilə yad edirəm, onların ruhu qarşısında baş əyirəm. Bəyan edirəm ki, mənim həyatda ən böyük və şərəfli vəzifəm xalqı bu ağır vəziyyətdən çıxarmaqdan, bu əvəzsiz itkilərin və yaraların sağalmasını təmin etməkdən ibarət olacaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. Ancaq Ermənistanın təcavüzü ilə əlaqədar ölkəmizin başına gələn bəlalarla yanaşı, respublikamızın daxilində gedən ictimai-siyasi proseslər və dağıdıcı hərəkətlər də Azərbaycana çox ağır zərbələr vurmuşdur. Bu barədə geniş danışıldı -dünən də, bu gün də. Mən onu qeyd etmək istəyirəm ki, üç il yarımdır biz müstəqil yaşayırıi memq; bu müstəqilliyin ilk addımlarını atırıq. Üç il yarımdır Azərbaycanın daxili vəziyyətini, sabitliyi pozmağa cəhdlər göstərilir. Düşünmək lazımdır, məgər Ermənistanın təcavüzün, Azərbaycanın dəyərli övladlarının həlak olması, torpaqlarımızın itirilməsi bəs deyilmi? Məgər 1990-cı ilin 20 Yanvar faciəsi - Azərbaycana qarşı edilən hərbi təcavüz və ölkəmizin müstəqillik yolunda atdığı addımların qarşısının alınması, verdiyimiz itkilər bəs deyilmi? Başımıza gələn bəlalar bəs deyilmi?

Nə üçün biz bunlardan nəticə çıxarmırıq? Nəticə çıxarmaq, düşünmək lazımdır. Düşünmək lazımdır ki, daim belə vəziyyətdə yaşamaq olmaz. Düşünmək lazımdır ki, gərək hər kəs öz gücünü, biliyini, zəkasını, bacarığını, təcrübəsini yalnız və yalnız Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa, ancaq buna sərf etsin. O insanlar, o qüvvələr, o qurumlar, təşkilatlar ki, Azərbaycanın bu qarma-qarışıq dövründə özləri üçün mövqe tutmaq, varlanmaq, cürbəcür yollarla vəzifə əldə etmək istəyirlər, onlar xalqa xəyanət edirlər və bunu düşünməlidirlər.

Son iki ildə Azərbaycan bir neçə dəfə vətəndaş müharibəsinin astanasında durub. 1993-cü ilin iyun ayında Azərbaycanda hakimiyyət böhranı, siyasi, hərbi böhran başlayıb. Nə üçün başlayıb? O vaxt Ermənistan silahlı qüvvələri Azərbaycana ardıcıl hücum edib, torpaqlarımız dalbadal işğal olunub. Bu nə üçün baş verib? Bunun kökləri var. Bunun kökləri ondan əvvəlki illərə gedib çıxır. Səbəbi də ondan ibarətdir ki, ayrı-ayrı yollarla hakimiyyətə gəlib, vəzifə əldə edib, onu apara bilməyən adamlar mütləq və mütləq belə bir vəziyyətə gəlib düşməlidirlər.

20 Yanvar faciəsindən sonra Azərbaycanın rəhbərliyində qətiyyət olmadı ki, ondan nəticə çıxarsın və ölkəmizin müstəqilliyi haqqında düşünsün. Bunlar hamısı 1992-ci ildə baş vermiş hadisələrə gətirib çıxardı. 20 Yanvar ərəfəsində xalq ayağa qaxdı, yəni, 1989-cu ilin sonunda, 1990-cı ilin əvvəlində xalq ədalətsizliyə, diktaturaya qarşı etirazını bildirdi. Xalqın bu etirazını boğmaq istədilər - boğdular. Sındırmaq istədilər - sındırdılar. Qan üstündə hakimiyyət əldə etdilər.

Belə bir hakimiyyət çox yaşaya bilməzdi. Bu hakimiyyət 1992-ci ildə devrildi, hakimiyyətə yeni qüvvələr gəldi. İnsanların bir çoxu onlara inandı. Bu, Xalq Cəbhəsidir. Mənim özüm də o vaxt Xalq Cəbhəsinin sağlam qüvvələrinə dəstək verirdim, onları müdafiə edirdim. Çünki mən onların müstəqillik yolunda hərəkətləri, diktatura əleyhinə fəaliyyəti ilə həmrəy idim. Ancaq onlar hələ hakimiyyəti saxlamaq iqtidarında deyildilər. Ona görə bir il müddətində Azərbaycanın başına böyük bəlalar gəldi. Bunu dərk etməli idilər. Onların içərisində sağlam qüvvələr var idi, çox idi. Onların bir çoxu ayrıldı. Çünki hakimiyyətə gələn həmin insanlar düz yol ilə getmədilər. Ona görə də sağlam qüvvələr çəkildi və onlar qüvvədən düşdülər, xalqın etimadını itirdilər. Bütün bunlar da 1993-cü ilin iyununda olan hakimiyyət, dövlət böhranına, hərbi, siyasi böhrana gətirib çıxardı.

1992-ci ildə də, 1990-cı ilin yanvarında da, 1993-cü ilin iyun ayında da Azərbaycanda siyasi böhran oldu. Vəzifədə, hakimiyyətdə olan adamların üç dəfə hakimiyyətdən uzaqlaşdırılması yalnız və yalnız xalqın onlara etimadının itməsi və xalqın əksəriyyətinin onlara nifrət bəsləməsi ilə əlaqədar idi. Başqa səbəb yox idi. Burada doğru deyildi, - 1993-cü ildə Surət Hüseynov öz hərbi dəstəsi, ətrafına topladığı quldur dəstələri ilə Azərbaycanda sabitliyi pozdu. Əgər dövlət başçıları Azərbaycanda hakimiyyəti doğrudan da idarə etməyə qadir, xalqın dəstəyinə malik ola bilsəydilər, dövləti müdafiə edə bilsəydilər, Surət Hüseynovun quldur dəstəsinin gəlib Azərbaycanı dağıtmağa, vətəndaş müharibəsi salmağa imkanı olmazdı. Bu hadisə məhz ona görə baş verdi ki, hakimiyyətdə olan şəxslər bir tərəfdən idarə etməyə qadir deyildilər, digər tərəfdən xalqın etimadını itirmişdilər, xalqın nifrətini qazanmışdılar.

Biz belə bir şəraitdə sizinlə bərabər işə başladıq, Azərbaycanı vətəndaş müharibəsindən xilas etdik. Bu, həqiqətən belə idi, 1993-cü ilin iyun ayında Azərbaycan dəhşətli bir fəlakət qarşısında idi. Bəlkə də kənarda olan adamlar bunun dərinliyini, təhlükəsini o qədər də bilmirdilər. Ancaq mən Bakıya gələndən, bu məsələləri bir neçə gün təhlil edəndən sonra respublikamızın, xalqımızın nə qədər böyük uçurum, fəlakət qarşısında olduğunu dərk etdim.Yalnız və yalnız buna görə mən respublika Ali Sovetinin sədri vəzifəsinə seçilməyə razılıq verdim. Bir daha demək istəyirəm ki, mən buraya öz istəyimlə gəlmədim, mübarizə edərək, kimisə yıxmaq üçün gəlmədim. Məni bura dəvət etdilər, xalq dəvət etdi. Xalq nümayəndələri

dəstə-dəstə mənim yanıma gəldilər, dəvət etdilər. Ancaq bura gələndən sonar da mən bir həftə fikirləşdim, düşündüm, yalnız ondan sonra razılıq verdim. Amma sonra nə oldu? İki gün sonra respublikanın prezidenti Əbülfəz Elçibəy, əgər hərbi dildə desək, səngəri, öz iş yerini atdı, gizli olaraq Bakıdan qaçdı, Kələki kəndində yerləşdi. İndi təsəvvür edin, mən burada tək qaldım. Prezident yox, baş nazir yox. Ali Sovetin sədri kimi belə bir ağır vəziyyətdə qaldım. Əgər Əbülfəz Elçibəy prezident kimi öz vəzifəsini doğrudan da müdafiə edə bilsəydi və burada qalsaydı, şübhəsiz ki, mən onunla əməkdaşlıq edə bilərdim. Ancaq təəssüf ki, o, xalqı da aldatdı, məni də aldatdı. Ona görə də gedib iki il müddətində Kələkidə oturub, həftədə bir bəyanat, müsahibə verməyə, ayrı-ayrı mülahizələr söyləməyə onun mənəvi haqqı yoxdur. Xalq ona düz-əyri, etimad göstərmişdi. Prezident seçilmişdi, hakimiyyət, dövlət onun əlində idi. Dövləti başsız qoyub qaçan adamın indi yenə də siyasi fəaliyyət göstərməyə hüququ, mənəvi haqqı varmı? Yoxdur.

Eləcə də ondan əvvəlki prezident Mütəllibovu götürək. Böyük günahlarına görə, xalqın təzyiqi altında, xalqın nifrətinə görə, xalqın etimadını tamamilə itirdiyinə görə o, 1992-ci ilin mart ayında istefa verib. Ancaq sonra bir neçə quldur dəstəsinin, qrupunun iradəsi ilə yenidən vəzifəyə qayıtmaq eşqinə düşdü. Həm də bu, təkcə onun fikri deyildi. Bu, çox böyük siyasi bir oyun idi. O siyasi oyunun da qurbanı - bəli, burada doğru dedilər - Şuşa, Laçın oldu. Bəli, Rəhim Qazıyev xaricdə Azərbaycana qarşı düşmən olan ayrı-ayrı qüvvələrlə, Mütəllibovla birlikdə Şuşanı və Laçını qurban

verdilər ki, guya belə bir şəraitdə Mütəlibov yenidən hakimiyyətə gələcək və xarici qüvvələrdən kimsə bunların qaytarılmasına kömək edəcək, onun hakimiyyətini möhkəmləndirəcəkdir.

Mütəllibov da qaçıb. O da Rusiyanın hərbi təyyarəsinə minib üç il bundan əvvəl buradan gizli qaçıb. Əgər sən öz Vətənini, torpağını, vətəndaşlarını, ətrafında olan adamları qoyub qaçmısansa, indi Azərbaycan haqqında söz deməyə hansı haqqın var? İndi ona buradan vəsait, pul göndərənlər, onunla əlaqə saxlayanlar düşünürlərmi ki, bunların axırı yoxdur? Ona görə yox ki, ya Mütəllibov, ya da Əbülfəz Elçibəy mənim üçün pis adamlardır. Ona görə ki, onlar artıq xalqın etimadını itirmiş adamlardır. Bunu anlamalıdırlar və siyasətdən geri çəkilməlidirlər.

O ki qaldı 1993-cü ilin iyun ayından bu tərəfə gedən hadisələr, bəli, iyunda vətəndaş müharibəsinin qarşısı alındı. Biz respublikada sabitlik yaratmaq istədik. Ancaq ayrı-ayrı qüvvələr buna imkan vermədilər. Azərbaycanın cənub bölgəsində Əlikram Hümbətov kimi yaramaz bir insan respublikanı parçalamağa cəhd göstərdi. Bilirsiniz, respublikamızda gedən proseslərin qəribə cəhətləri var. Belə bir yaramaz insan respublikanın bir neçə rayonunu silah gücü ilə əlinə keçirmişdi. Şübhəsiz ki, bunlar - Surət Hüseynov, Rəhim Qazıyev, Moskvadan Mütəllibov və xaricdən ayrı-ayrı qüvvələr bir-biri ilə bağlı idi.

Vətəndaş müharibəsi baş verdi. Ancaq xalq bizim iradəmizlə ayağa qalxdı, Əlikram Hümbətov təcrid olundu, qaçdı, sonra tutuldu. Biz orada da qurbanlar verdik, - bilirsiniz belə insanlar hər dəfə xalqımızı böyük tələfatlara gətirib çıxartmışdır, Onun da qarşısını aldıq. Amma buna baxmayaraq respublikanın daxilində olan bəzi qüvvələr yenidən hakimiyyət iddiasına düşdülər. Oktyabr hadisələri baş verdi.

Oktyabr hadisələri təkcə Surət Hüseynovun işi deyildi. Onun ətrafında toplaşmış qruplar - o vaxt Cavadov qardaşları, xaricdən onları dəstəkləyənlər hamısı birlikdə dövləti devirmək istədilər. İndi təsəvvür edin, 1992-ci ildə də, 1993-cü ildə də hakimiyyətdə olan şəxslər kənarlaşdırıldılar. Nəyə görə? Xalqın onlara qarşı üsyanına, xalqın onlara etimadsızlığına görə. Ancaq 1994-cü ilin oktyabr ayında Surət Hüseynov bu işə bir neçə ay hazırlaşmışdı. Burada belə məlumat verildi ki, o elə Bakıya gələndən buna hazırlaşırdı. Ancaq 1994-cü ilin mayından o, artıq gizli silahlı quldur dəstələri hazırlayırdı və biz bunu müşahidə edirdik. Bunun qarşısını almaq üçün lazımi tədbirlər görürdük. Ancaq bu qədər silahlı quldur dəstələri hakimiyyətə bir şey edə bilmədilər. Nəyə görə? Xalq hakimiyyəti, iqtidarı müdafiə etdi və xalqın dəstəyinə, iradəsinə görə, xalqla dövlətin birliyinə görə biz oktyabrın əvvəlində dövlət çevrilişinin qarşısını ala bildik.

Bu da dərs olmadı. Cavadov qardaşları bundan da ibrət götürmədilər. Bilirsiniz, biz çox təhqirli bir vəziyyətdəyik. Görün, Azərbaycan kimi böyük bir dövlətin, tarix boyu böyük insanlar, zəkalar, şəxsiyyətlər yetişdirmiş xalqın içərisindən çıxan bu quldurlar gəlib bu xalqın başına nə işlər gətirə bilirlər! Azərbaycan gör nə vəziyyətə düşüb. Təəccüb doğuran, çox təəssüf doğuran cəhət də ondan ibarətdir ki, bəziləri Cavadov qardaşları kimi quldur adamların ətrafına toplaşmışdı. Hətta bəzi ziyalılar, alimlər, yazıçılar, şairlər gedib onlara səcdə edirdilər, onlarla hesablaşırdılar: bəli, bunlar gücdür, onların əlində silah, pul var. Bir dəqiqəlik təsəvvür edin ki, əgər belə quldurlar gəlib Azərbaycan dövlətini əllərinə keçirə bilsəydilər, bəs Azərbaycanın adlı-sanlı, zəkalı, ağıllı insanları, ziyalıları, mötəbər adamları belə quldurların əlinin altında yaşamalı idilərmi? Bəs onların ətrafında fırlanan adamlar bunu düşünmürdülərmi? Onlar öz şəxsiyyətləri haqqında düşünmürdülərmi ki, Mahir Cavadov, Rövşən Cavadov kimi quldurlar, narkomanlar, canilər, cinayətkarlar əgər bir mövqe tutarlarsa, Azərbaycan tamamilə dağılıb gedə bilər. Bunu düşünmürdülərmi?

Açıq demək lazımdır ki, mart hadisələri və o ərəfədə olan vəziyyət çox təhlükəli idi. Çünki onların ətrafında bir çox qüvvələr toplaşmışdı. Burada çıxış edən daxili işlər naziri, milli təhlkəsizlik naziri, respublikanın baş prokuroru bu barədə dedilər. Amma bəziləri çox səthi dedilər, o cümlədən baş prokuror. Məlumdur ki, Azərbaycanda mövcud olan bütün siyasi qüvvələrin əksəriyyəti, bir-birinə zidd olan qüvvələr mart hadisələri ərəfəsində artıq həmin quldur dəstəsinin ətrafında toplaşmışdılar – bir tərəfdən Azərbaycandan qaçaraq Moskvada oturan cinayətkarlar, digər tərəfdən respublikanın daxilində olan və guya siyasi fəaliyyət göstərən qüvvələr. Məlumdur ki, həmin çevrilişə hazırlaşan zaman Rövşən Cavadovun özü də bəyan etmişdi və bu, televiziya vasitəsilə verilmişdi ki, dövlət şurası yaradılmalı və buraya hamı dəvət olunmalıdır -Mütəllibov da, Əbülfəz Elçibəy də, Vəzirov da və başqaları da. Bu, təsadüfi bəyanatlar deyildi. Bəyan edirdilər ki, Heydər Əliyev ya istefa verməlidir, ya da öldürülməlidir. Bəziləri demişdilər ki, gülləni onun başına özümüz vuracağıq. Burada birlikdə dövlət şurası yaranacaqdı. Axı onlar dövlət şurasının yaranmasına razılıq vermişdilər. Rövşən Cavadovun yanına, hüzuruna Moskvadan da, Kələkidən də emissarlar gəlmişdi. Burada olan ayrı-ayrı guya siyasi partiyaların, qüvvələrin nümayəndələri də oraya gəlmişdılər.

Bəli, bu adamın özü cinayətkar idi, ətrafında da cinayətkar adamları toplamışdı. Ancaq ona dəstək, rəvac verən, onu təlimatlandıran adamlar həmin bu siyasi qüvvələr idilər. Bu, məlumdur və Azərbaycandan xaricdə də məlum idi. Rusiyanın da, Türkiyənin də müvafiq orqanlarından mənə məlumatlar gəlmişdi ki, belə bir dövlət çevrilişi hazırlanır. Özümüzün də məlumatlarımız var idi. Məsələ təkcə o deyildi ki, guya Rövşən Cavadovun quldur dəstəsi burada dövlət çevrilişi etmək istəyir. Bəli, o quldur dəstəsi idi, təəssüflər olsun. O quldur dəstəsini yetişdirənlər də vaxtilə həmin adamlar idi. Amma iş orasındadır ki, onların hamısı əlaqədə idi. "Boz Qurd" partiyası

da, o biri partiyalar da orada idi. Dediyim kimi, həmin o nöqtələrdən də oraya emissarlar gəlmişdi, əlaqələr qurmuşdular, telefon danışıqları da olmuşdu.

Bəli, plan da qurulmuşdu ki, Heydər Əliyev Kopenhagendən dönərkən hava limanında öldürülməlidir və hər şey bundan sonra başlanmalıdır. Sonra mən Türkiyənin bəzi müvafiq orqanlarının nümayəndələri ilə görüşərkən mənə dedilər ki, bu məlumatları onlar burada olan nümayəndələrinə də çatdırmışdılar. Mən onsuz da bunu bilirdim. Amma onlar da çatdırmışdılar. Təəssüflər olsun ki, buradakı bəzi müvafiq orqanlar bu məlumatları mənə verməmişdilər, çünki onlar ikibaşlı siyasət aparırdılar. Bu da həqiqətdir. Ancaq mən bunları bilirdim, görürdüm, müşahidə edirdim. Bilirdim ki, dövlətimiz böyük təhlükə qarşısındadır. Amma eyni zamanda əmin idim, arxayın idim, inanırdım ki, dövlətimizi, hökumətimizi heç kəs sarsıda bilməz.

Ona görə də mən bu məlumatları soyuqqanlılıqla qarşılayırdım. Ancaq hadisə baş verən zaman, şübhəsiz ki, biz qətiyyətli hərəkət etdik. Burada deyildi, - mən nə qədər addımlar atdım ki, bu silahlı quldur dəstəsi, cinayətkar dəstə düz yola gəlsin. Bunları təkrar etmək istəmirəm, bunlar məlumdur. Ancaq bütün bu addımlar nəticə vermədi. Nə üçün? Çünki onlar ayrı-ayrı yerlərdən dəstəklər almışdılar. Onlar tam inanırdılar ki, doğrudan da zorakılıqla gəlib konstitusiyalı hakimiyyəti devirəcək, hakimiyyəti ələ alacaqlar. Ona görə də onlar mənim atdığım addımların heç birinə cavab vermədilər. Ancaq onlar da, onları dəstəkləyənlər də Azərbaycan dövlətinin artıq nəyə qadir olduğunu gördülər və bildilər. Bu gün mən çox böyük təəssüf hissi ilə demək istəyirəm ki, son illər respublikamızda belə adamlar meydana çıxıblar, qeyri-qanuni hərəkətləri ilə, cinayətkarlıqları ilə var-dövlət yığıblar, silah əldə ediblər və zorakılıq yolu ilə hakimiyyətə gəlmək, vəzifə almaq Azərbaycanda bir adət-ənənəyə çevrilib.

Bugünkü müzakirəmiz məhz bu nəticəyə gəlməlidir ki, bundan sonra Azərbaycanda silahla, zorakılıqla heç bir iş görmək olmaz, Mən buna tam qətiyyətlə zəmanət verirəm. Ancaq bu, tək mənim zəmanətimdən asılı deyil. Buna hər bir vətəndaş zəmanət verməlidir. Hər bir vətəndaş bilməlidir ki, silahla, zorla hakimiyyətə gəlmək,

hakimiyyət, vəzifə əldə etmək olmaz. Surət Hüseynovun, Rəhim Qazıyevin, Rövşən Cavadovun, Mahir Cavadovun və başqalarının aqibəti budur. Bunlardan ibrət dərsi götürmək lazımdır.

Bütün bunların mövcud olmasının səbəbi də ondan ibarətdir ki, son illərdə cəmiyyətimizdə, insanlarda biganəlik yaranıb: "məndən ötsün, mənə dəyməsin, nə olur-olsun". Belə olmaz. Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır. Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir. Əgər belə olardısa, Cavadovlar kimi adamlar bir belə var-dövlət, silah toplayıb, cəbbəxanalar yaradıb bu işləri görə bilməzdilər.

Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş qərargah rəisi Nizami Məmmədov burada çıxış etdi. Onun çıxışı açıq göstərir ki, onların hamısı cinayətkar deyildi, hamısı o yola gedən adamlar deyildi. Onların tam əksəriyyəti xalqına, Vətəninə sədaqətlə xidmət etmək istəyən gənclər idi. Ancaq onların əxlaqını pozdular, şüurunu zəhərlədilər. Nə ilə? İdeologiya iləmi? Xeyr. Şəxsi hörmət iləmi? Xeyr. Pulla, var-dövlətlə, silahla. Bəli, həmin o cinayətkar dəstələrə həddindən artıq vəsait verilirdi. Haradan verilirdi? Bu dollarlar göydənmi tökülürdü, yerin altındanmı çıxırdı? Xeyr.

Bax, həmin bu cinayətkarlar ayrı-ayrı insanları qarət edərək, reketçiliklə məşğul olaraq və bəzi pullu adamların yardımından istifadə edərək belə var-dövlət yığmışdılar. Ona görə də sağa-sola paylayırdılar. Bir sıra adamları da bu pulla özlərinə bağlamışdılar. Onlara kömək edənlər, onlarla bərabər olanlar, onlara ümid bəsləyən adamlar artıq haqq-hesablarını aparmalıdırlar, özləri üçün nəticə çıxarmalıdırlar.

Burada Bərdədən, Ağdamdan çıxış edənlər danışdılar. Necə olur ki, Bəxtiyar Cavadov neçə-neçə "Mersedes"lərin müşayiəti ilə Ağdama, Bərdəyə, ora-bura gedir? Mən vaxtilə Bəxtiyar Cavadova hörmət etmişəm. Oktyabr hadisələrində də ona hörmətlə, ehtiramla müraciət etdim ki, gəlib bu məsələlərin həll olunmasında öz səyini göstərsin. Onunla görüşdüm. Mən onunla mart hadisələrindən sonra da görüşmüşəm. Onun öz oğluna bu işlərdən əl çəkmək barədə məlum məktubu da var. Ancaq mən hesab edirəm ki, o öz atalıq borcunu yerinə yetirməyibdir. Heç bir şey ona bəraət qazandıra bilməz. İndi o Cavadovlar ailəsinin zənginliklərinə, var-dövlətinə və başqa şeylərə görə yığışıb orda-burda danışması, - bunların hamısı cəmiyyətimizə böyük bir ləkədir.

Mart hadisələrində dövlətçiliyimizi qoruyarkən həlak olmuş milli qəhrəmanların valideynləri ilə iki gün bundan əvvəl görüşdüm. Onlar burada iştirak edirlər. Şəhid anası Səltənət Səfərova orada çıxış etdi. Çox dəyərli, vətənpərvər sözlər dedi. Dedi ki, oğlum həlak olub, ancaq Azərbaycanın dövlətçiliyi yolunda həlak olubdur. Bax, bu qadının, sadə insanın mənəviyyatı belədir. O, Qaradağda, Sahil qəsəbəsində yaşayır. O bildirdi ki, əgər mənim yaşadığım yerə gəlib baxsanız, görərsiniz ki, orada it də yaşamaz. Səltənət Səfərova Qaradağ rayonu icra hakimiyyəti başçısının ona soyuq münasibətindən danışdı. Mən Qaradağ rayonu icra hakimiyyətinin başçısını həmin gün işdən çıxartdım. Nə üçün? Çünki biz şəhid ailələrinə, şəhid analarına qayğı, diqqət göstərməliyik. Qaradağ rayonunda yüz şəhid yoxdur ki, Səltənət Səfərovanın oğlu üç ay bundan əvvəl şəhid olub. Amma icra hakimiyyətinin başçısı bir dəfə də vaxt tapmayıb ki, gedib ona başsağlığı versin. Ona görə də mən həmin dəqiqə onu işdən azad etdim. Gələcəkdə də belə qəti qərarlar çıxaracağam. Çünki hər bir dövlət adamı xalqa, vətəndaşlara xidmət etməlidir. O dövlət vəzifəsini ona görə tutur. Bu vəzifə dövlət, xalq, vətəndaşlar üçündür. Dövlət idarələri xalqın qayğısına qalmalıdırlar.

Ancaq mən məsələnin digər tərəfini də demək istəyirəm. Necə olur ki, Səltənət Səfərovanın oğlu Azərbaycanın dövlətçiliyini qorumaq uğrunda həlak olub, amma o belə ağır vəziyyətdə yaşayır? Onun yaşamağa mənzili yoxdur. Amma Cavadovların var-dövlətlərini qoymağa yerləri yoxdur. Bəs Bəxtiyar Cavadov bunu başa düşmürdümü və görmürdümü ki, onun oğlanları bir belə var-dövlətə malikdirlər, bir belə silah oynadırlar? Bəs bu haradan gəlir, göydənmi düşür? Nə üçün o buna görə ölçü götürmürdü, bunun qarşısını almırdı? Bəs nə üçün onların ətrafında fırlanan qohum-əqrəbalarının bəziləri böyük-böyük vəzifələr tutublar, amma narazılıq edirlər? Onlar nə üçün anlamırdılar ki, bu cinayətlərə son qoymaq lazımdır, bunun axırı yoxdur?

Bu Səltənət Səfərovanın mənəviyyatı, o da Cavadovlar ailəsinin mənəviyyatı. Mən Səltənət Səfərova kimi insanları Azərbaycanın həqiqi, sədaqətli vətəndaşları hesab edirəm və belə adamların qarşısında baş əyməyə hazıram.

Oktyabr, mart hadisələrinin kökləri böyükdür və hərə özü üçün nəticə çıxarmalıdır. XTPD-nin başçılarının ətrafında toplaşan dəstələr uduzdular. Amma onlar da görək özlərində cürət tapsınlar və həqiqəti desinlər. Əgər onlar dövlətə qarşı müxalifətdədirlərsə, Vətənə, xalqa, torpağa qarşı müxalifətdə ola bilməzlər. Ola bilər ki, onlar dövlət başçısına qarşı müxalifətdə olsunlar. Amma necə oldu ki, bütün bu partiyalar yığışdılar, bir alyans düzəltdilər ki, gəlin biz vasitəçilik edək? Siz burada nə vasitəçilik edəcəksiniz? Gedib onlarla birləşdiyiniz halda vasitəçilik etməyə sizin nə haqqınız var?!

Bilirsiniz ki, biz iki dəfə dövlət çevrilişinin qarşısını aldıq - oktyabrda da, martda da. Siyasi partiyaların heç biri bu barədə doğru-düzgün, ədalətli bəyanat vermədi. Hətta əksəriyyəti çalışdı göstərsinlər ki, burada heç bir şey yoxdur. Dünən Namiq Abbasov bu barədə söylədi, - bəziləri dedilər ki, guya bunlar Milli Təhlükəsizlik Nazirliyi agentlərinin pozuculuq hərəkətləridir. Bu qədər də ədalətsizlik olarmı? Bəs nə üçün 1993-cü ilin iyun hadisələrini dövlət çevrilişi hesab edirdiniz və bu barədə indiyədək də yazırsınız? Əgər siz ədalət tərəfdarısınızsa, bəs nə üçün sizin hakimiyyətinizi devirən həmin Surət Hüseynov ikinci dəfə dövlət çevrilişi edərkən, onun qarşısı alınarkən səsinizi qaldırmadınız? Niyə öz fikrinizi demədiniz? Həmin Surət Hüseynov idi ki, gəlib sizi boğurdu. Həmin Surət Hüseynovdur ki, onun qorxusundan

Əbülfəz Elçibəy buradan Kələkiyə qaçdı. Həmin Surət Hüseynovdur ki, onun qorxusundan Pənah Hüseynov, İsa Qəmbərov istefa verdilər. Həmin Sürət Hüseynovdur. İndi bu Surət Hüseynov öz cinayətkar hərəkətlərini davam etdirdiyi, dövləti devirmək istədiyi halda onun qarşısı alınıb, amma siz niyə susursunuz? Yəqin ki, siz də bunu istəyirdiniz. Surət Hüseynov sizin üçün nə qədər pis olsa da, əgər o indi Əliyev hakimiyyətinin əleyhinə çıxırsa, demək, siz bunun tərəfdarısınız. Əgər Rövşən Cavadov öz quldur dəstəsi ilə Heydər Əliyevi - Prezidenti öldürüb hakimiyyəti ələ almaq istəyirsə, siz buna tərəfdar çıxırsınız. Bilirsiniz, bu, sadəcə siyasət deyil. Bu, terrorçuluq siyasətidir. Son illər Azərbaycanda baş vermiş ən dəhşətli iki amil var: birincisi, zorla, silahla vəzifə əldə etmək, hakımiyyətə gəlmək, zorakılıq yolu ilə hərəkət etmək; ikincisi, terror yolu ilə öz məqsədlərinə nail olmaq.

Bax, həmin qüvvələr bu amillərin ikisinin də əsasını təşkil edirlər. Əgər Xalq Cəbhəsi vaxtilə silahlı dəstələr yaratmasaydı, bu cinayətlərin bir çoxu da olmazdı. Xalq Cəbhəsi hakimiyyətə gəldi, ölkənin dövlət strukturları - polisi, ordusu, daxili qoşunları var idi. Amma eyni zamanda Xalq Cəbhəsinin silahlı dəstələri yaşamağa başladı, indiyədək də yaşayır. Bunu görən Mütəllibov da özünə "Qardaşlıq" adlı bir silahlı dəstə yaratdı. Azərbaycanı bəlalı vəziyyətə salan bunlardır. Demək, bunlar qardaş qanı tökülməsinə, qardaş qırğınına, vətəndaş müharibəsinə gedirdilər. Bəs bunun nəticəsini görmürdülərmi?

Elə ona görə də həmin Xüsusi Təyinatlı Polis Dəstəsi dövlət strukturundan silahlı quldur dəstəsinə çevrildi. O quldur dəstəsinin üzvləri böyük cinayətlər, reketçilik etdilər, insanları öldürdlilər, sui-qəsdlər etdilər, adamları oğurladılar. Hansı cinayətlər etmədilər! Bilirsiniz bunlar hamısı o dövrün məhsuludur. İndi görün bizə nə gəlib çatıb, biz dövlətin işlərinə hansı şəraitdə başlamışıq.

Ona görə də bugünkü müzakirədən çıxan əsas nəticə ondan ibarət olmalıdır ki, istənilən məqsədlərə zorakılıqla nail olmaq hallarına son qoyulmalıdır. Cəmiyyətimiz, ictimaiyyətimiz buna qarşı çıxmalıdır. Terrorizmə son qoyulmalıdır. Afiyəddin Cəlilov, Şəmsi Rəhimov terrorizmin qurbanları olublar. Qətlə yetirilmiş bir neçə başqa adam da terrorizmin qurbanlarıdır. Həmin bu qüvvələr artıq başqa bir yolla öz məqsədlərinə nail ola bilmədiklərinə görə terrorizmə əl atıblar.

Burada deyildi, - ilk terror aktı 1993-cü ildə Xalq Cəbhəsi tərəfindən mənim əleyhimə hazırlanmışdı. Axı bu qədər də vicdansızlıq olmaz, bu qədər də şərəfsizlik olmaz! Onlar Türkiyədən, Ərzrum Universitetindən Həsən Toku adlı bir nəfər gənc türkü Naxçıvanda bir ay hazırlıqdan sonra buraya gətirmişdilər ki, o məni öldürsün. O tutuldu, indi həbsxanada yatır. Onu da bədbəxt etdilər. Ondan savayı, daha iki nəfər adam həbsxanada yatır, bədbəxt olmuşlar. Amma həmin terroru hazırlayan üç nəfər qaçıb Kələkidə gizlənir. Bu necə ola bilər? Əgər bu, siyasi təşkilatdırsa, axı terrorizmlə məşğul olmamalıdır. Demək, bu, terrorçu təşkilatdır. Terrorçu təşkilata isə cəmiyyətimizdə yer ola bilməz.

İndi Moskvada yerləşən həmin o adamlar cürbəcür terror aktlarına əl atmaq istəyirlər. Onların birinci hədəfi də Heydər Əliyevdir, onun ailəsinin üzvləridir və Heydər Əliyevin yaxın silahdaşlarıdır. Mən bunları sizi sadəcə məlumatlandırmaq üçün deyirəm. Ancaq onlar da - terrorçular da, hamı da bilsin, məni heç bir şey qorxutmur, o cümlədən terror aktı. Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarıma, doğma Vətənimə, doğma vətəndaşlarıma, torpağıma xidmət edim.

Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinədək mən bu xidməti edəcəyəm. Məni heç nə qorxutmur, heç bir şey çəkindirmir. Mən bütün bu təxribatların, terrorun qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.

Mən bütün bu məlumatları sizə verərək, eyni zamanda sizdə böyük ümid hissi yaratmaq istəyirəm. Çünki mən böyük ümidlərlə, arzularla, böyük nikbinliklə yaşayıram. Bizim müstəqilliyimizi heç kəs sarsıda bilməz. Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır. Biz bütün dövlətlərlə qarşılıqlı, faydalı əlaqə qururuq və quracağıq. Siz şahidsiniz ki, son iki il müddətində Azərbaycanın dünya miqyasında hörməti nə qədər qalxıb. Ən böyük dünya dövlətlərinin başçıları ilə mənim şəxsi görüşlərim olub. Rəsmi səfərlərim olub. Müqavilələr imzalamışıq. Qısa bir müddətdə dünyanın ən böyük, mötəbər beynəxalq təşkilatların toplantılarında iştirak etmişəm, Azərbaycanın sözünü demişəm, Azərbaycanın problemlərini çatdırmışam. BMT-nin, ATŞT-in üzvü olan ölkələrin dövlət başçıların yığıncağında, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının yığıncağında, beynəlxalq təşkilatların Qahirədə, Kopenhagendə keçirilən tədbirlərində - hamısında Azərbaycanın səsi ucalıbdır. Artıq Azərbaycan hər yerdə tanınır. ABŞ-a və Çin Xalq Respublikasına, başqa ölkələrə səfərə getmişik, Moskvada da, Tehranda da, Ankarada da, Fransada da, İngiltərədə də Azərbaycanı layiqli təmsil etmişik. Azərbaycanın beynəlxalq miqyasda nüfuzu qalxıb və qalxacaqdır. Neft müqavüəsini bağlamışıq və bütün təxribatlara baxmayaraq, bu müqavilə əməli surətdə həyata keçirilir. Azərbaycan müstəqil siyasət aparır. Amma -Azərbaycan eyni zamanda bütün dövlətlərlə dostluq və qardaşlıq əlaqələri yaradır və yaradacaqdır.

Bəzi adamlar bizim Rusiya ilə əlaqələrimizi ləkələmək istəyirlər. Onlar buna nail ola bilməyəcəklər. Bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da gündən-günə inkişaf edəcək və" ayrı-ayrı quldurların, cinayətkarların orada yerləşməsi bizim siyasətimizə heç bir təsir edə bilməz. Buna arxayın ola bilərsiniz. Türkiyə ilə çox dost və qardaşlıq münasibətlərimiz var. İran ilə münasibətlərimiz yaxşıdır. Kimsə buna mane olmaq istəyir, amma mane ola bilməz. İran bizə qonşu, dost dövlətdir. Amerika Birləşmiş Ştatları ilə əlaqələrimiz gündən-günə inkişaf edir, Avropa ölkələri ilə də, Asiya ölkələri ilə də, Ərəbistan aləmi ilə də əlaqələrimiz inkişaf edir və inkişaf edəcəkdir.

Ona görə də Azərbaycan indi keçmiş Azərbaycan deyil. Azərbaycan dünya birliyində öz yerini tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. Xarici siyasətimiz dünya miqyasında rəğbətlə qarşılanıb və biz bu siyasətimizi davam etdirəcəyik. Mən belə hesab edirəm ki, bütün bu təxribatlara, cürbəcür silahlı dəstələrin mövcud olmasına baxmayaraq, biz respublikanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirmişik və bundan sonra da sabit saxlayacağıq. Heç kəs bizim tədbirlərimizə, işlərimizə mane ola bilməz. Çünki biz xalqla birik, xalq da bizimlə birdir. Mən dəfələrlə demişəm, biz demokratik, hüquqi dövlət qururuq və bunun üçün çox ciddi addımlar atmışıq. Noyabrın 12-nə parlament seçkiləri təyin edilmişdir. Bu il ilk dəfə müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsi böyük tarixi hadisə olacaqdır. Mən əminəm ki, biz bunları yüksək səviyyədə, demokratik şəraitdə hazırlayıb keçirəcəyik və Azərbaycanın demokratik bir dövlət olduğunu bütün dünyaya yenidən nümayiş etdirəcəyik.

İqtisadi islahatlar gedir. Bu sahədə Azərbaycanın yolu sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yoludur. Biz bu yol ilə gedirik. Hesab etməyin ki, bu, asan işdir. Xeyr, çətindir, ağırdır. Keçmiş Sovetlər İttifaqına daxil olan respublikaların hamısı bu çətin yolu keçir. Hərəsinin özünə görə problemi var. Amma bizim problemimiz hamısından çox, hamısından ağırdır. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon nəfər qaçqınımız var, işsizimiz var. Sərhədlərimiz bağlanıbdır, blokada vəziyyətinə düşmüşük. Amma bunların hamısına baxmayaraq, biz iqtisadi islahatlan keçiririk. Bilin, bu gün toplantıdan sonra mən böyük müşavirə keçirəcəyəm. Nəhayət, özəlləşdirmə proqramı hazır olub, mən bir neçə dəfə ona baxmışam. Bu gün bir də baxıb Milli Məclisə təqdim edəcəyəm.

Beynəlxalq maliyyə dairələrində, banklarda Azərbaycana müsbət münasibət, müsbət əlaqələr yaranıbdır. Baş nazir Fuad Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 29-da Parisdə Azərbaycan haqqında məlumat verdi və bu məlumat qəbul olundu. Özəlləşdirmə proqramı Dünya Bankına təqdim ediləcək. Bu yaxın günlərdə bizim nlimayəndə heyəti Vaşinqtona gedəcəkdir. Yəni, biz sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə, ümumiyyətlə, həyatımızı demokratikləşdirmək yolu ılə gedirik və bunu həm ictimai-siyasi, həm də iqtisadi sahədə həyata keçiririk. Ona görə də mən nikbinəm, arxayınam.

Düzdür, iqtisadi vəziyyətdə çətinliklər var, xalqımızın çox hissəsi ağır vəziyyətdə yaşayır, kasıbçılıq var. Mən demişəm, bu gün bir də deyirəm ki, qaçqınlara, məcburi köçkünlərə, şəhid ailələrinə, müharibə əlillərinə kömək etmək lazımdır. Bu bizim, ən ümdə vəzifəmizdir. Bütün insanlara kömək etmək lazımdır. Biz bu çətinliklərdən də keçib gedəcəyik.

Belə hesab edirəm ki, görülən bütün bu tədbirlər iqtisadiyyatda vəziyyətimizi dəyişdirəcək və iqtisadiyyatın günü-gündən inkişafına nail ola biləcəyik. Bunların hamısı məndə böyük ümid, nikbinlik yaradır. Ona görə də narahat olmayın, darıxmayın və mənim verdiyim bu məlumatlardan da heç kəs qorxub çəkinməsin. Siz də varsınız, mən də varam, hamımız birlikdə Azərbaycanı bu vəziyyətdən çıxaracağıq. Bu işlərimizin bəhrəsini biz də görəcəyik, bizdən sonra gələn nəsillər də.

Toplantının adından xalqa müraciət qəbul etmək lazımdır. Onun layihəsi burada var. Belə hesab edirəm ki, bunu oxumağa ehtiyac yoxdur. Etiraz etmirsinizsə, bütün bu çıxışların və danışıqların əsasında layihənin üzərində bir də işləyib hesab edək ki, müraciət burada qəbul olunub və mətbuatda dərc edək.

Mən dünən və bu gün məsələləri bir yerdə müzakirə etməyimizdən həddən ziyadə məmnunam. Bu müzakirələr, iki gün çəkən birgə işimiz bir də göstərdi ki, xalqla dövlət ahəngdar hərəkət edir və xalqla dövlət birdir. Bu birlik, vətəndaş həmrəyliyi bizim üçün bu gün də, sabah da, gələcək üçün də lazımdır. Biz sizinlə birlikdə müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır.

Əminəm ki, dünənki və bugünkü söhbətlərimiz Azərbaycanda vətəndaş həmrəyliyi yaranmasına, xalqın birliyinə böyük təkan verəcəkdir və hamımız birləşib ağır sınaqlardan məharətlə, şücaətlə çıxacağıq.

Sizə və sizin simanızda bütün Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına bir daha hörmət və ehtiramımı, məhəbbətimi, sevgimi bildirirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, mən daim xalqlayam, xalqla olacağam. Mənim nəbzim xalqın nəbzi ilə vurur və həyatımın son dəqiqəsinə qədər xalqa xidmət etməyi özümə ən yüksək, şərəfli vəzifə hesab edirəm. Sağ olun.

Tarixi arayış