Əziz balalar, uşaqlar, şagirdlər, tələbələr!
Hörmətli müəllimlər, valideynlər!
Mən sizi bu ümumxalq bayramı, ölkəmizdə bütün təhsil ocaqlarında tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm, sizə təhsilinizdə, dərsinizdə və bütün həyatınızda uğurlar arzulayıram.
Bu gün həqiqətən ölkəmiz və xalqımız üçün böyük bayramdır. Bu, hər bir ailəyə, insana aid olan gündür. Kiminsə ilk övladı bu gün məktəbə ayaq basır, kiminsə artıq bir neçə uşağı məktəbə gedir, müxtəlif siniflərdə yenidən dərsə başlayır, kiminsə nəvələri məktəbə gedirlər. Bəzilərinin övladları orta məktəbi qurtarıb ali təhsil almaq üçün universitetlərə, institutlara gedirlər.
Bu gün respublikamızın, ölkəmizin hər bir guşəsində, hər bir evdə, ailədə əlamətdar gündür. Bu gün məhz xalqımızın uşaqdan böyüyə qədər təhsil almasına, inkişaf etməsinə həsr olunduğuna görə hər bir vətəndaş üçün, eyni zamanda dövlətimiz, xalqımız üçün əziz gündür. Ona görə bu gün qiymətlidir.
Bu gün Azərbaycanı hər yerdə gül-çiçək, şən əhval-ruhiyyə, sevinc əhatə edir. Çox şadam ki, bu günü mən ümumiyyətlə, harada olursa-olsun, daim bayram kimi qeyd edərək, eyni zamanda məhz bu gün sizinlə bir yerdəyəm, bu günü 18 nömrəli məktəbin şagirdləri, müəllimləri ilə birlikdə qeyd edirəm.
Respublikamızda son illər mövcud olan çətinliklər artıq aradan götürülübdür, məktəblərimiz normal fəaliyyət imkanı əldə edərək işləyirlər. Keçmiş zamanlarda olduğu kimi, məktəblərimiz bu il də şagirdlərin qəbul edilməsinə lazımi hazırlıq işləri görüblər. Bəzi yerlərdə yeni məktəb binaları açılıb, inşa edilib, istifadəyə verilibdir. Məktəblərin qapıları bütün şagirdlərin üzünə açılıbdır. Bu, ölkəmizin həyatının sərbəstləşməsi və normallaşmasının ən mühüm əlamətlərindən biridir.
Ona görə bunu xüsusi qeyd edirəm ki, 1988-89-cu illərdən bəri respublikamızın başına gələn bəlalar, Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz ilə əlaqədar olaraq, eyni zamanda ölkəmizin daxilində yaranmış qarmaqarışıqlığa, özbaşınalığa, qanunsuzluğa görə həyatımızın çox sahəsində, o cümlədən təhsil sahəsində də işlər pozulmuşdu. Məktəblərin də fəaliyyəti zəifləmişdi, hətta sıfır dərəcəsinə enmişdi. Respublikamızda o illər hökm sürən cinayətkarlıq, özbaşınalıq bəzən hətta valideynləri o qədər vahiməyə salmışdı ki, onlar uşaqlarını məktəbə yola sala, göndərə bilmirdilər. Məlumdur ki, o illər ailələrin çoxunda uşaqların təhsil alması prosesi müəyyən qədər dayanmışdı.
Mən məmnuniyyətlə qeyd edirəm ki, respublikamızı bu əzab-əziyyətə salan belə hallar artıq keçmişdə qalıbdır. Biz o halları aradan götürdük, respublikamızda əmin-amanlıq, insanlara rahatlıq yaratdıq, cinayətkar qrupları aradan götürdük. İndi görürsünüz ki, Azərbaycanın hər bir yerində, guşəsində bizim məktəblər sərbəst fəaliyyət göstərir, gənclər, uşaqlar sərbəst təhsil alırlar.
Bu bizim son illər respublikamızın həyatında əldə etdiyimiz nailiyyətlərdən ən əhəmiyyətlisidir. Çünki başqa sahələrdə geriliyə, çatışmazlığa müəyyən qədər dözmək olar, o halların vurduğu zərərləri tezliklə aradan qaldırmaq olar. Amma xalqın, millətin təhsil sistemini qırmaq olmaz. Bu, elə bir işdir ki, ardıcıl surətdə davam etməlidir. Bir il belə fasilə olsa, millətə, xalqa böyük zərbələr vura bilər. Biz bu zərbələri aldıq və onların ağır nəticələrini də gördük. Ancaq bu gün hamımız şad olmalıyıq ki, təhsil sistemində qayda-qanun yaranıbdır, məktəblərimiz işləyir və hər bir valideyn də öz uşağını məktəbə rahat göndərir, onun təhsili ilə məşğul olur.
Azərbaycanda təhsil böyük yer tutur. Təsəvvür edin, ölkəmizdə bu gün 130 min uşaq ilk dəfə məktəb astanasından keçib, sinifdə oturub dərsə başlayacaqdır. Bu il bizim orta məktəblərdə bir milyon 560 min uşaq oxuyacaqdır. 160 min müəllim - böyük bir ordudur - orta məktəblərdə dərsə başlayacaqdır.
Ali məktəblərimizdə də qəbul normal keçibdir. Bu il Azərbaycanın ali məktəblərinə, universitetlərinə 19 min gənc qəbul olunubdur. Bütün ali məktəblərimizdə bu il 89 min, texnikumlarda 25 min tələbə, texniki peşə məktəblərində təxminən 25 min şagird təhsil alacaqdır. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda gənclərin hamısı təhsil ilə əhatə olunubdur. Bu rəqəmlə onu göstərir ki, Azərbaycanın gələcəyi üçün yaxşı əsas yaradırıq, qururuq. Bu rəqəmləri nəzərinizə çatdıraraq bildirmək istəyirəm ki, bunlar hamısı müstəqil Azərbaycan Respublikasının iftixar edə biləcəyi göstəricilərdir. Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq və ümidvaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik.
Mən bu gün Azərbaycanın müəllim ordusuna hörmət və ehtiramımı bir daha bildirirəm və bəyan edirəm ki, cəmiyyətimizdə Azərbaycan ziyalılarının içərisində müəllimlər xüsusi yer tuturlar, hörmətə layiqdirlər və xüsusi qayğı ilə əhatə olunmalıdırlar. Mən ümidvaram ki, həm orta məktəblərdə, həm ali məktəblərdə müəllimlərimiz gələcəkdə də öz peşələrinə sadiq olacaqlar, öz biliklərini daha da təkmilləşdirəcəklər. Müəllimlərimizin səyi nəticəsində bizim təhsil sistemi daha da təkmilləşəcək, bunların hamısı azad, müstəqil Azərbaycanın gələcəyinə xidmət edəcəkdir.
Əziz balalar, uşaqlar! Siz xoşbəxtsiniz. Ona görə xoşbəxtsiniz ki, siz müstəqil Azərbaycanın məktəblərində təhsil alırsınız. Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa bir müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir.
Bilirəm, bu, asan iş deyil. Bu, bir çox böyük amillərlə bağlıdır, onlardan asılıdır. Ancaq mən bu gün həm Təhsil Nazirliyinə, həm də Nazirlər Kabinetinə qəti təklif edirəm ki, onlar dərsliklərin dəyişməsi, müstəqil Azərbaycanın tarixinə, həyatına uyğun yazılması işi ilə daha da ciddi məşğul olsunlar. Çünki məktəblərdə tarix, ədəbiyyat dərsləri, humanitar sahəyə aid başqa dərslər köhnə dərsliklər əsasında aparılırsa, onlar bizə xeyir gətirmir. Onsuz da keçmiş zamanlarda həmin dərsliklərlə təhsil alan insanlar hələ var, onların zehnində, fikrində dəyişilmə prosesi gedir və getməkdədir. Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar.
Biz yeni əlifbaya - latın əlifbasına keçmişik. Mən hiss edirəm ki, latın əlifbasının tətbiqi çox ləng gedir. Hesab edirəm ki, bu işləri də sürətləndirmək lazımdır. Yaşlı nəsil kiril əlifbası ilə oxuduğuna görə latın əlifbasını oxumaqda çətinlik çəkir. Bildirmək istəyirəm ki, burada heç bir çətin iş yoxdur. Latın əlifbası ilə kiril əlifbası arasında fərq o qədər də böyük deyildir. Sadəcə, mən yaşlı nəslə müraciət edib deyirəm ki, bir balaca özünüzü əziyyətə salın və tezliklə bu kiril əlifbasından xilas olun.
Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır. Nəşriyyata da bu gün müraciət edirəm ki, kitabların hamısı latın əlifbası ilə çap olunsun. 1939-cu ildən indiyə qədər yazılan kitabların hamısı kiril əlifbası ilə buraxılıb. Bu illərdə bizim ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə, elmimizə çox böyük nailiyyətlər, ixtiralar əldə olunubdur. Bunların hamısı öz əksini kitablarda tapıbdır. Bizim kitabxanalar belə kitablarla doludur. Şübhəsiz ki, bunlardan bu gün də, on illər sonralar da istifadə etməli olacaqlar. Əgər biz tezliklə bütün sahələrdə latın əlifbasına keçməsək, gecikmiş olacağıq. Bu işlər məktəblərdə xüsusilə təşkil olunmalıdır. Məhz Təhsil Nazirliyindən, bütün məktəblərdən bunu tələb edirəm.
Məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir. O, ananın bətnində vətənpərvərlik hisslərini özündə toplayır.
Tədrisin, tərbiyənin bu sahədə çox böyük əhəmiyyəti vardır, xalqımızı, millətimizi, gənclərimizi vətənpərvərlik hissi ilə tərbiyə etmək təhsilin əsas istiqaməti, hissəsi, məktəblərimizin, müəllimlərimizin borcudur. Siz uşaqlara hərtərəfli təhsil verməlisiniz. Uşaqlar gərək orta məktəblərdə bütün fənləri mənimsəsinlər. Bunların hamısı ilə bərabər, bizim xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, mənəvi dəyərlərini uşaqlara öyrətmək, çatdırmaq, uşaqları məhz həmin ənənələr ruhunda tərbiyə etmək müəllimlərin müqəddəs borcudur. Mən arzu edərdim ki, müəllimlər bunu heç vaxt unutmasınlar.
Burada olan imkanların hamısından istifadə etmək lazımdır. Bu sırada mən hesab edirəm ki, məktəblərdə Azərbaycanın müstəqilliyinin atributları yaxşı təbliğ olunmalıdır. Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycanın bayrağına münasibət, onun müqəddəsliyi hər bir cocuqda, yeniyetmədə daxildən olmalıdır. Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Keçmişdən qalan ənənələrə görə bu bayrağa o qədər də əhəmiyyət verilmirdi, bu bayraq müəyyən qədər formal xarakter daşıyırdı. Ancaq indi biz yeni bir həyatdayıq. Biz öz müstəqil dövlətimizdəyik, ölkəmizdəyik. Hansı ölkəyə gediriksə - gedək, Azərbaycan bayrağının o ölkədə asılması həm Azərbaycanın orada təmsil olunmasını göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zamanda bizdə böyük iftixar hissi doğurur.
Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.
Azərbaycanın gerbini təbliğ etmək lazımdır. Azərbaycanın gerbi bayraq ilə bərabər bizim dövlət müstəqilliyimizi təmsil edən atributdur. Azərbaycanın gözəl himni var. Bu gün Azərbaycanın milli dövlət himni burada səsləndi. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıbdır. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir.
Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə görə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himnin müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram. Ancaq himni dinləmək yox, onu oxumaq lazımdır. Bizdə təəssüf ki, bu ənənə yaranmayıbdır. Himni dinləyirik, amma onun sözləri var. Mən hesab edirəm ki, bu bizim həyatımızda çatışmazlıqdır. Himn çalınan vaxt insanlar bu himnin sözlərini oxumalıdırlar. Bunun əhəmiyyəti var. Bir var ki, onu dinləyəsən, bir də var ki, o mahnının, musiqinin sədaları altında o sözləri tələffüz edəsən, oxuyasan. Bunlar da insanlarda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda bu ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin təzahürüdür. Ona görə də mən bütün məktəblərin - ali və orta məktəblərin qarşısında vəzifə qoyuram ki, qısa bir müddətdə bütün şagirdlər, tələbələr, müəllimlər Azərbaycanın himnini oxusunlar. Bunu siz necə təşkil edəcəksiniz - məndən yaxşı bilirsiniz. Ancaq bunu təşkil etmək lazımdır ki, hər bir insan himni oxuya bilsin, həm də məharətlə oxusun.
Mən bunu tək məktəblər üçün demirəm, bütün cəmiyyət üçün deyirəm. Ola bilsin ki, mən bu yaxınlarda bu barədə bir sərəncam da verməyə məcbur olacağam ki, bu işlər yerlərdə təşkil edilsin. Ancaq cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır. Ona görə də mən bu fikri məhz burada - məktəbdə, təhsil işçilərinin qarşısında deyirəm. Bu da sizin vəzifələrinizdən biridir. Arzu edirəm ki, bunu qısa müddətdə həyata keçirəsiniz və mənə məlumat verəsiniz.
Bu çox lazımdır, vacibdir. Ancaq məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Bugünkü bu körpələr gələcəyin böyük vətəndaşlarıdır.
Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Şübhəsiz ki, birinci növbədə müəllim özü bu xüsusiyyətlərə malik olmalıdır, daim özünü də təkmilləşdirməlidir, öz üzərində işləməlidir. Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz. Bizim müəllimlərin əksəriyyəti ona görə yaxşıdırlar ki, onlar daim öz üzərində işləyir, tədris etdiyi fənni dərindən öyrənirlər, ictimai-siyasi sahədə biliklərini artırır və günü-gündən özlərini təkmilləşdirirlər. Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı - şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır.
Mən sizin hamınıza bu çox şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ali təhsil, ümumi orta təhsil sistemində indi baş verən müsbət dəyişikliklər möhkəmlənəcək, güclənəcək və məktəblərin, ali təhsil ocaqlarının işində olan nöqsanlar, çatışmazlıqlar, qüsurlar, bəzi qanun pozuntuları ardıcıl surətdə aradan götürüləcəkdir.
Sizi əmin edirəm ki, müstəqil Azərbaycan Respublikasında təhsil, tərbiyə işi dövlətin əsas vəzifəsidir, dövlət başçısının - prezidentin xüsusi qayğısı altındadır və onun əsas vəzifələrindən biridir. Mən çalışacağam ki, bundan sonra da bu vəzifəmi layiqincə yerinə yetirim. Ümidvaram ki, siz də öz vəzifənizi layiqincə yerinə yetirəcəksiniz.
Bu əlamətdar gün münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, səadət arzulayıram.
Yeni dərs ilinin başlanması münasibətilə bütün Azərbaycan məktəblərini, balalarını, övladlarını, bütün Azərbaycan müəllimlərini təbrik edirəm. Hamıya cansağlığı, səadət arzulayıram. Sağ olun.
"Azərbaycan" qəzeti, 2 sentyabr 1997-ci il.