MDB və Baltiya ölkələrinin "Filmfest-96" festivallar festivalının açılış mərasimindən sonra Festival iştirakçıları ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Respublika sarayı, 23 oktyabr 1996-cı il


Mən sizi ən əvvəl bu hadisə - festivallar festivalı münasibətilə təbrik edirəm. Şad və məmnunam ki, festival Bakıda keçirilir. Siz bu hadisənin şəhərimizin, respublikamızın mədəni, mənəvi həyatına necə təsir göstərdiyini yəqin hiss edirsiniz.

Sizin bir çoxunuz keçmişdə Azərbaycanda olubdur, respublikamızı tanıyırsınız, onunla əlaqə saxlamısınız və saxlayırsınız. Yaxşı bilirsiniz ki, ötən dövrlərdə biz hamımız mədəniyyətə, incəsənətə, xüsusən də kinematoqrafa çox böyük diqqət yetirirdik. Amma indi belə imkan yoxdur. Bu gün siz çıxışlarınızda kino çəkməyə imkan olmadığından, pul çatmadığından danışdınız. İndi çox şey yoxdur, nə etmək olar. Lakin başlıcası budur ki, incəsənətə, kinoya, insana, ülvi hisslər aşılayan sənə­tə məhəbbət var.

Mən sizi salamlayıram, şadam ki, Bakıya gəlmisiniz. Hesab edirəm ki, festivala gələnlər yaxşı iş görmüşlər. Çünki bu gün bir şəhərdən başqa şəhərə getmək çox çətindir. Buna baxmayaraq, özünüzün də hiss etdiyiniz kimi, Azərbaycanda həyat normal məcraya yönəlmişdir, xalq yaşayır və incəsənətlə maraqlanır, filmlərin qəhrəmanlarını, sizi - kino artistlərini, kino xadimlərini əvvəlki tək sevir. Özünüz gördünüz ki, sizi necə gözəl qarşıladılar. Təkcə adınızın çəkilməsi sürəkli alqışlara səbəb oldu. Sizi bu hadisə münasibətilə təbrik edirəm və düşünürəm ki, festival irəliyə doğru hərəkətdir. Ola bilsin ki, indi bu hərəkət o qədər də yüksək sürətli olmayacaqdır, amma bununla belə, hər halda irəliyə doğru hərəkətdir. Bu günədək yaratmış olduğunuz və indi yaratdığınız nə varsa, hamısı kino sənətinin inkişafına yeni mərhələ açır.

Əlbəttə, çox şey dəyişmişdir. Hamımızın cavan olduğumuz illərdə kino bizim üçün böyük xoşbəxtlik idi. İndi nəinki Azərbaycanda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə, həm də dünyada hər şey dəyişmişdir. Lakin hər şey necə dəyişsə də, kino hər bir insan üçün çox mühüm incəsənət növü, mənəvi həyatın mühüm sahəsi olaraq qalır. Siz narahat olmayın, qüssələnməyin. Biz ağır keçid dövrünü yaşayırıq, iqtisadiyyatda, sosial sahədə, siyasətdə çətinliklər var, lakin biz onları dəf edəcəyik. Münaqişələr, qan tökülməsi, müharibə - bunlar indi ötən dövrlərdəki kimi filmlər yaratmağın mümkün olmamasından da dəhşətli hallardır. Bütün bunlar keçmiş Sovet Ittifaqı respublikalarının hamısında, o cümlədən də Azərbaycanda hazırda kino sənətinin məruz qaldığı çətinliklərə səbəb olmuşdu.

Buna baxmayaraq, mən görürəm ki, siz yaxşı əhval-ruhiyyədəsiniz, əla görünürsünüz, hamınız əvvəlkitək gözəl və qəşəngsiniz. Buna görə də sizinlə görüşməyimə şadam.

Mən əvvəllər Azərbaycanda da, Moskvada da bir çox incəsənət xadimləri ilə görüşürdüm. Bu gün göstərilən tamaşada personajlarınız soruşurdular - bu şəxs o vaxtlar kinoya çoxlu pul verən həmin Əliyevdirmi? Bilmirəm, siz bu yolla məni tənqid etməyi, yoxsa diqqətimi cəlb etməyi qərara almısınız. Amma bilin ki, mən sizə onsuz da diqqət yetirmişəm və yetirirəm. Hər halda şadam ki, Azərbaycanda işlədiyim dövrdə, - mən respublikaya 14 il rəhbərlik etmişəm, - gözəl, ə'a filmlər yaradılmışdır. Həm tarixi filmlər, həm də müasir həyatı əks etdirən filmlər. Bunlar həyatımızın mənfi halları ilə bağlı kəskin mənəviyyat məsələlərini çox cəsarətlə qaldıran filmlərdir.

Bilirsinizmi, əvvəllər biz mənfi təzahürlərdən danışarkən bəziləri təsdiq edirdilər ki, onlar bizdə var, başqaları deyirdilər ki, yoxdur. Məsələn, mən öz siyasi çıxışlarımda rüşvətxorluğu, bütün digər mənfi təzahürləri ifşa edəndə çoxları mənə əyri-əyri baxır və məndən soruşurdular ki, nə üçün bunu deyirəm. Onlar hesab edirdilər ki, sosializm cəmiyyətində belə şeylər ola bilməz. Mən isə nəinki deyir, həm də bu hallara qarşı mübarizə aparırdım. Əvvəllər həyatımızın eybəcər halları adlandırılan belə təzahürləri ifşa edən filmlər meydana gəldikdə bu, hay-küy doğurdu. Xatirimdədir, mən hələ 1969-cü ildə respublikaya başçılıq etməyə başlamazdan əvvəl bizim gənc kinomatoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev "Bir cənub şəhərində" adlı film çəkmişdilər. Lakin bu filmi Azərbaycanda da qadağan etdilər, Moskvada da. Özü də bunu çox yüksək instansiyalar etmişdilər: Azərbaycanda - respublika rəhbərliyi, Moskvada isə ölkə rəhbərliyi səviyyəsində, o cümlədən o vaxtkı daxili işlər naziri Şelokov. Demə, o, filmdə milis nəfərinin rüşvət aldığı kadrlar görübmüş. O, belə hesab edirdi ki, bu, milisi nüfuzdan salır, əslində isə orada milis nəfərinə bir manat rüşvət verildiyini göstərmişdilər. Filmi də bax, buna görə qadağan etmişdilər. Mən işə qarışdım, kinostudiyaya gedib filmə baxdım və dedim ki, gözəl filmdir və onu ekrana buraxmaq lazımdır. Film bütün Sovet İttifaqında göstərildi və böyük nüfuz qazandı.

Yaxud, götürək "İstintaq" filmini. Onu da Rüstəm İbrahimbəyov yaratmışdır. Bu filmə burada bir neçə dəfə baxılmışdı və hər dəfə o, narazılıq doğurmuşdu. Sonra mən ona kollektiv baxış təşkil etdim və həmkarlarımın hamısı bu fikirdə oldu ki, film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikada mənim gördüyüm işin, korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, o vaxt mən onlara dedim: bu mövzudan əl çəkməyin. Onlar belə də etdilər. Film yaradılıb qurtardıqdan sonra əngəllər, qadağalar başlandı. Belə olduqda mən də tədbirlər gördüm və bu film böyük şöhrət qazandı. Yadımdadır, o, Düşənbə festivalında mükafata, sonra da dövlət mükafatına layiq görüldü.

Daha bir hadisə olub. Rüstəm İbrahimbəyovla Yuli Qusman "Bir ailə üçün bağ evi" adlı film çəkmişdilər. Sözün düzü, bilmirdim ki, onlar belə bir film yaradıblar. Sonra mənə MK-nın şöbə müdiri Şərifov barədə giley-güzar dolu, onun ünvanına ciddi ittihamlarla dolu kəskin teleqramlar gəldi. Mən onu çağırıb məsələni aydınlaşdırmağa başladım. O dedi ki, filmi ekranlara buraxmaq olmaz, çünki əxlaqa ziddir. Onda mən özüm filmə baxmağı qərara aldım. Bazar günlərindən birində axşam bağda filmə baxdım. Yeri gəlmişkən, ona həyat yoldaşımla və ailə üzvlərimlə birlikdə baxdıq. Filmdə narahatlıq doğuran elə bir şey görmədik. Yaxşı film idi. Ertəsi gün soruşdum ki, bəs bu filmin mənəviyyatsızlığı nədən ibarətdir? Mən Rüstəm İbrahimbəyovu, Yuli Qusmanı və bizim o işçimizi çağırtdırdım. Çox gərgin halda idilər. Rüstəm dedi ki, ssenarini o yazmışdır, Yuli Qusman isə sualıma cavab verib dedi ki, bu, onun birinci, bəlkə də axırıncı filmidir. Mən bu film barəsində onlarla söhbət etməyə başladım, bir qərara gəlmək üçün onların dəlil-sübutlarını dinlədim, sonra isə dedim ki, filmi necə var, eləcə də, heç bir dəyişiklik edilmədən ekrana buraxsınlar.

Belə faktlardan çox gətirmək olar. Bütün bunları xatırlatmaqda məqsədim kino sənətinə hörmətimi nəzərə çarpdırmaqdır.

Bizdə yaxşı tarixi filmlər yaradılmışdır. Rəhmətlik Həsən Seyidbəyli "Nəsimi" kimi gözəl bir film çəkmişdir. Eldar Quli­yev "Babək" kimi əla film çəkmişdir. Bizdə "Dədə Qorqud" kimi yüksək səviyyəli tarixi film yaradılmışdır. Bizdə yaxşı müasir filmlər, məsələn, Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun "Ad günü" filmi var. Bu film çox xoşuma gəlir. Söz düşmüşkən, onu mənə heç kəs təqdim etməmişdi. Filmə baxdıqdan bir neçə gün sonra mən mötəbər yığıncaqlardan birində onun barəsində danışdım. Yeri gəlmişkən, bu filmdən heç kəsin xəbəri yox idi, hamı gedib ona baxmağa tələsdi.

Mən Moskvada işləyərkən, Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olarkən incəsənət məsələlərinə baxırdım. Ola bilsin, sizin bir çoxunuz bilmir, bəziləri isə bilir ki, o vaxtlar MK-nın baş katibi olmuş mərhum Yuri Andropovun tapşırığı ilə mən tam bir il Sovet İttifaqında kinematoqrafiyanın inkişafı haqqında xüsusi qərar hazırlanması ilə məşğul oldum. Kino sənətinin ən görkəmli xadimləri ilə bir neçə görüşümüz oldu, onlardan bəziləri indi dünyasını dəyişib. Mən həmin xadimlərlə Kremldə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində görüşüb 4-5 saat ərzində onların hamısını dinlədim. O vaxt onların hamısı məəttəl qalmışdı ki, Siyasi Büro üzvü hər bir kəsi belə diqqətlə, təmkinlə dinləyir. Halbuki sizin hər biriniz həyəcanla, çox qeyri-adi və necə deyərlər, partiya üslubuna uyğun olmayan tərzdə danışırdınız. Biz kino sənətinin inkişafı üçün bu çox mühüm sənədi necə də çətinliklə yaratdıq. Yadımdadır, sonra mən "Oktyabr" kinoteatrına gəlib, kino sənətinin inkişafı haqqında məruzə etdim. Məruzə mətbuatda dərc olundu. Hesab edirəm ki, bu qərar kino sənəti, kinematoqrafiya haqqında yarada bildiyimiz mühüm sənədlərdən biri idi və onun müəllifi mən olmuşam. Bir sözlə, mən kinematoqrafiya, kino sənəti ilə, necə deyərlər, qaçıb kinoya bilet tapıb aldığım vaxtdan bəri və Sovet İttifaqı kimi bir dövlətin rəhbərliyində olduğum, bu işlə məşğul olduğum vaxta qədər bağlıyam.

Təkrar edirəm, kino ağır dövr keçirir. Düşünürəm ki, bunların hamısı müvəqqətidir. Azərbaycanda biz incəsənətə yardım göstərmək üçün tədbirlər görürük və görəcəyik. Bəlkə də bunların hamısı birdən-birə mümkün olmayacaq, amma 2-3 ildən sonra, iqtisadi vəziyyətimizi düzəltdikdən sonra, indi həyata keçirdiyimiz islahatların, bağladığımız müqavilələrin nəticələrindən yeni gəlir götürməyə başlayarkən, zənnimcə, onda biz kinematoqrafa lazım olan hər şeyi verəcəyik. Siz isə, öz tərəfinizdən, azadlıq, sahibkarlıq, bazar iqtisadiyyatı, demokratiya prinsiplərindən istifadə edərək öz məsələlərinizin həllinə çalışın.

İndi mən sizinlə suallarınıza cavab vermək, nəyəsə söz vermək üçün görüşmürəm. Sadəcə olaraq incəsənət adamları ilə görüşməyə həmişə şadam. Bilirsinizmi, incəsənət hər bir insanın qəlbindədir. Görünür, insan incəsənət sahəsində müəyyən istedadla bu dünyaya gəlir. Bu istedad bəzilərində çox, digərlərində azdır. Bu istedad bəzilərində inkişaf edir, başqalarında isə yox. Lakin yüksək sənətə mənsub olan adamlar, təbii olaraq, ilahi vergisinə məxsus adamlardır və cəmiyyətin, o cümlədən də bizim cəmiyyətin ən gözəl və hörmətli üzvləridir. Mən teatra, kinoya, incəsənətin bütün növlərinə həmişə maraq göstərmişəm. Çünki mən bunları sevirəm, çünki özünü sənətə həsr etmiş adamların əməyinə həmişə hörmət bəsləmişəm və bəsləyirəm. Özünü sənətə həsr etmiş adamların əməyi əsl hünərdir. Siz fədakar və əməksevər insanlarsınız. Siz bütün digər adamlara zövq vermək, sevinc bəxş etmək üçün fədakarlığa hazır olan insanlarsınız. Bir baxın, bir filmdə 10-20 aktyor çəkilir, amma bu və ya digər kino xadimlərinin yaratdıqları filmlərdən milyonlarla adam zövq alır, sevinir və ya ağlayır, müxtəlif hisslər keçirir. Ona görə də mən sizinlə görüşdən olduqca məmnun qalıram.

Mən sizi Azərbaycanda salamlayıram. Düşünürəm ki, elə bir vaxt gələcək, burada daha genişmiqyaslı festivallar keçiriləcəkdir. Mən 1974-cü ildə burada, Bakıda keçirdiyimiz kinofestivalı xatırlayıram. O vaxtlar bizə necə parlaq ulduzlar qonaq gəlmişdi! Bakıda televiziya filmləri festivalını yada salıram. Xatirimdədir, 1972-ci ildə Bakıda Rusiya mədəniyyət günləri keçirilərkən buraya 1500 adam, o climlədən Lyudmila Alekseyevna gəlmişdi. Gəmi ilə "Neft Daşları"na səfərimiz yadınızdadırmı? Xatirimdədir, o vaxt siz Azərbaycan rəqslərini əla oynayırdınız. Gözəl günlər idi. O günlər indiyədək yadımdadır. Halbuki aradan 24 il keçmişdir!

Kino sənətinin şərəfinə, mədəniyyət xadimlərinin şərəfinə, incəsənətin şərəfinə, sizin sağlığınıza badə qaldırıram! Sizə xoşbəxtlik, firavanlıq, tərəqqi arzulayıram. Kino yaşayacaq, da­ha da inkişaf edəcəkdir. Siz, kino sənəti adamları da hələ çox işlər görəcəksiniz. Belə düşünürəm ki, xalq sizdən çox şey gözləyir. Mən də. Sağ olun!

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT