Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tehrandan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərə verdiyi müsahibə - 20 may 2002-ci il


Heydər Əliyev: Hörmətli jurnalistlər, sizi xoş gördük. Yəqin ki, mənim səfərim sizə məlumdur. Çünki mənə dedilər ki, Azərbaycan televiziyası ilə oradakı görüşlərin çoxunu veriblər, görmüsünüz, eşitmisiniz. Ancaq sizə onu deyə bilərəm ki, mən bu gün orada mətbuat konfransında da dedim – səfər çox uğurlu oldu. Təbiidir ki, səfər edən bizik, bizi qəbul edən İran tərəfidir. Həm bizim üçün, həm də onlar üçün uğurludur. Biz çox əhəmiyyətli görüşlər keçirdik, danışıqlar apardıq.

Əlbəttə, birinci növbədə Prezident cənab Xatəmi ilə çox səmərəli danışıqlar apardıq, bir sıra görüşlər keçirdik və bir çox məsələləri müzakirə etdik. İqtisadi məsələləri, siyasi məsələləri və başqa məsələləri müzakirə etdik. Gələcəkdə İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsinin yollarını birgə müəyyən etdik.

Hesab edirəm – orada cənab Xatəmi də bunu bir neçə dəfə təkrar etmişdir – bu səfər İran–Azərbaycan əlaqələrində bir dönüş nöqtəsidir, yeni mərhələnin başlanğıcıdır, bizim əlaqələrimizin inkişafına güclü təkan vermişdir. Mən bu səfərdən çox məmnunam. Hiss etdim ki, İran tərəfi də çox məmnundur, razı qalıbdır. Onlar bəlkə də səfərimizi belə gözləmirdilər. Mən də düşünürdüm ki, bəlkə belə olmayacaqdır. Amma həm onların tərəfindən çox böyük səylər göstərildi, həm də bizim siyasətimiz açıq siyasətdir. Heç bir şeyi gizlətmirik, hər şeyi açıq deyirik.

Mən dəfələrlə demişəm və bu gün də deyirəm ki, İran bizim qonşumuzdur, İran böyük dövlətdir. Biz İranla həm iqtisadi sahədə, həm də başqa sahələrdə çox sıx əməkdaşlıq etməliyik.

Bu həm İranın xeyrinədir, həm də bizim xeyrimizədir. Hesab edirəm ki, bunları hərəkətə gətirmək üçün bu istiqamətdə biz çox faydalı iş gördük.

Sual: Cənab Prezident, Bakıya çatan məlumatlara görə, danışıqlar zamanı Azərbaycan tərəfi «Alov» və «Şərq» yataqlarında işləri dayandırmaq barədə razılığa gəlibdir. Bu nə dərəcədə doğrudur?

Cavab: Belə şey, razılıq yoxdur.

Sual: Cənab Prezident, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar haqqında nə deyə bilərsiniz?

Cavab: Xəzərin statusu ilə bağlı danışıqlar apardıq. Bizim ekspertlər orada İran ekspertləri ilə bir yerdə işləmişdilər.

Mən buradan Xəzər məsələlərini yaxşı bilən bir qrup adam aparmışdım. Onlar orada dünən bütün günü, axşam saat 10-a qədər onlarla bir yerdə işlədilər. Ekspertlərin mənə verdiyi məlumata görə, mövqelərin müəyyən qədər yaxınlaşması meyli görünür. Müsbət nəticə ondan ibarətdir ki, artıq biz qərar qəbul etdik – ekspertlərin bu görüşləri bundan sonra da ardıcıl surətdə davam etməlidir. Məsələn, Bakıda espertlərin görüşlərini iyunun 11-nə təyin etmişik.

Sual: Cənab Prezident, sentyabrda İran prezidentinin Azərbaycana gəlməsi gözlənilirmi?

Cavab: Bilirsiniz, mən İran Prezidenti cənab Xatəmini dəfələrlə Bakıya dəvət etmişdim. O da məni dəvət etmişdi.

Mənə deyirdi ki, əvvəlcə sən gəl. Mən də belə düşünürdüm ki, bəlkə əvvəlcə mən getməliyəm. Mən də bu səfəri etdim. İndi o çox böyük həvəslə Azərbaycana gələcəyi haqqında bəyanat verdi. Amma nə vaxt gələcək, onu hələ müəyyənləşdirəcəkdir.

Sual: Cənab Prezident, Ermənistan – Azərbaycan münaqişəsinin nizamlanmasında İranın iştirakı nə dərəcədə realdır?

Cavab: Mən sizin sualınızı başa düşdüm. Siz bilirsiniz ki, Minsk qrupu İrana məlumatlar veribdir. İran da hesab edir ki, bu prosesdə iştirak etməlidir. İndi baxaq görək, necə olur.

Sual: Cənab Prezident, konsulluğun açılması ilə bağlı razılıq oldumu?

Cavab: Biz bu məsələyə toxunmadıq.

Sual: Cənab Prezident, Roma papasının Azərbaycana qarşıdakı səfərini necə qiymətləndirirsiniz?

Cavab: Yaxşı qiymətləndirirəm. Bu, tarixi hadisədir.

Sual: Cənab Prezident, İran tərəfi ikinci dəfədir Sizin rəsmi səfərinizin proqramına Təbrizi ziyarət etməyi salmayıbdır. Bunu necə qiymətləndirirsiniz?

Cavab: Yox, bu, düzgün deyildir. Mən bu dəfə Təbrizə özüm getmək istəmədim. Çünki hesab etdim ki, Tehrandan kənara çıxmamalıyıq. İşlərimizi Tehranda görməliyik. Onlar mənə Təbrizi, Ərdəbili təklif etmişdilər. Amma mən özüm getmədim.

Sual: Cənab Prezident, İranın dini rəhbəri ilə də görüşmüsünüz. Azərbaycanda İran təmayüllü dini məsələlərlə bağlı fikir mübadiləsi apardınızmı?

Cavab: Bilirsiniz, mən dövlətlərarası münasibətlər haqqında söhbət etdim. O, İranın ali rəhbəridir. Biz dövlətlərarası məsələləri müzakirə edirdik, dini məsələləri müzakirə etmirdik. Axı bu mənim işim deyildir. Bizdə din dövlətdən ayrıdır. Din məsələlərinə mən baxmıram və onu müzakirə etmirəm. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR