Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti - Bakı, 28 dekabr 1996-cı il


Hörmətli həmvətənlər!

Əziz soydaşlarımız!

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu ümummilli bayram münasibətilə hamını ürəkdən salamlayır, ən səmimi arzularımı yetirirəm. Suverenliyinin və dövlət müstəqilliyinin altıncı ilini yaşayan xalqımız ötən dövr ərzində ağır sınaqlarla qarşılaşsa da, haqq yolundan dönməmiş, öz taleyinin sahibi olduğunu, demokratik, hüquqi prinsiplərə və milli dövlətçiliyə sadiqliyini dünyaya sübut etdirmişdir.

Azərbaycan Respublikası milli dövlət quruculuğu yolunda uğurlar qazanaraq, böyük gələcəyə doğru inamla addımlayır. Azərbaycan dövlətinin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq aləmdə təsdiqinə, qarşıda duran tarixi vəzifələrin dönmədən həyata keçirilməsinə xidmət edir.

Əziz soydaşlar!

Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Xalqımızın milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsində dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın da diqqətəlayiq xidmətləri, haqq-sayları vardır.

Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Zaman-zaman qəlbimizdə yaşatdığımız müstəqillik və azadlıq ideallarının həyata keçdiyi bu tarixi sınaq anlarında dünyanın müxtəlif guşələrində soydaşlarımızın Vətən təəssübkeşliyinə, övladlıq haqqına dərin inamını ifadə edərək, Sizi azad, müstəqil, qüdrətli, demokratik Azərbaycan dövləti uğrunda səfərbər olmağa və milli həmrəyliyə çağırıram.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər