Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın energetika naziri Bill Riçardsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 18 avqust 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab nazir!

Hörmətli cənab səfir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz! Mən sizi ürəkdən salamlayıram və ümidvaram ki, bu görüşümüz çox əhəmiyyətli və mənalı olacaqdır.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr son illər çox sürətlə inkişaf edir və genişlənir. Şübhəsiz ki, bu, hər iki ölkənin, dövlətin istək və arzuları ilə təmin olunur. Bizim Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizdə iqtisadiyyat, enerji daşıyıcıları sahəsində əlaqələrimiz xüsusi yer tutur. Bəlkə də demək olar ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin intensivləşməsinin və sürətlə inkişaf etməsinin əsasını qoyan da bizim enerji daşıyıcıları sahəsində əməkdaşlığımızın başlanması idi.

Məlumdur ki, beş il bundan öncə - 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə Qərb ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri arasında imzalanmış ilk böyük müqavilə "Əsrin müqaviləsi" adını almış müqavilədir. Biz bu müqavilə ilə həm Amerika-Azərbaycan əlaqələri, həm də Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması nöqteyi-nəzərindən böyük bir işin təməlini qoyduq. Biz beş ildə bu sahədə gördüyümüz işləri yekunlaşdırırıq və sentyabrın 20-də "Əsrin müqaviləsi"nin bağlanmasının beşinci ildönümünü, şübhəsiz ki, bizimlə bərabər çalışan ölkələrlə, şirkətlərlə birgə qeyd edəcəyik. Ancaq indi demək olar ki, ötən bu beş il müddətində biz çox böyük və çox əhəmiyyətli yol keçmişik.

Yenə də qeyd edirəm, bu işlərdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əməkdaşlığı xüsusi yer tutur. Bizim əməkdaşlığımız indiyədək həm Amerika Birləşmiş Ştatlarının böyük şirkətləri ilə, eyni zamanda Amerika dövləti ilə və hökumətin daxilində Energetika Nazirliyi ilə aparılır. Ona görə də Amerika Birləşmiş Ştatlarının hökumət üzvlərindən Azərbaycanı ən çox ziyarət edən Amerikanın energetika naziri olmuşdur.

ABŞ-ın bütün energetika nazirləri ilə bizim çox xoş münasibətlərimiz, səmərəli əməkdaşlığımız olubdur. Mən Amerika Birləşmiş Ştatlarının energetika nazirləri xanım O'liri, cənab Penya ilə görüşmüşəm və indi də cənab Riçardsonla görüşürük.

Cənab nazir, çox məmnunam ki, siz mənim dəvətimi qəbul edib, nəhayət, Azərbaycana gəldiniz. Mən 1997-ci ilin iyulunda Nyu-Yorkda sizinlə ilk görüşümü xatırlayıram. O zaman siz Birləşmiş Millətlər Təşkilatında Amerika Birləşmiş Ştatlarının nümayəndəsi idiniz. Mən hələ o vaxt sizi Azərbaycana səfərə dəvət etmişdim. Ancaq siz energetika naziri vəzifəsini tutandan sonra bizə daha da yaxın oldunuz və mən çox məmnunam ki, siz Azərbaycandasınız. Bilirəm ki, gecə yol gəlmisiniz, yorulmusunuz, bu gün səhərdən isə burada görüşlər keçirirsiniz. Amma məlumdur ki, siz gənc və çox güclü adamsınız. Ona görə də gecə də, gündüz də işləyirsiniz.

Mən bilirəm ki, siz bu gün çox səmərəli danışıqlar aparmısınız. Güman edirəm ki, bizim bugünkü danışığımız çoxsahəli olacaqdır. Buyurun.

Bill Ricardson: Cənab prezident, hər şeydən əvvəl, Sizinlə görüşmək və gözəl ölkənizdə olmaq bizim üçün şərəfdir.

Amerika Birləşmiş Ştatlarının Azərbaycanla xüsusi əlaqələri vardır. Mən çox şadam ki, Sizin nəvazişli dəvətinizi həyata keçirməyə imkan tapa bildim.

Cənab prezident, Sizin dostunuz prezident Bill Klinton Sizə öz hərarətli salamlarını yetirir. O, məndən xahiş etdi ki, Sizin səhhətinizlə maraqlanım, Sizdən səhhətinizi soruşum. İndi Sizi gördükdən sonra geriyə qayıtdıqda tam əminliklə ona deyə bilərəm ki, Siz çox yaxşı görünürsünüz. Biz çox şadıq ki, Siz belə tezliklə sağalmısınız.

Cənab prezident, dostunuz, Sizə böyük hörməti olan prezident Bill Klinton çox xahiş etdi ki, Sizə onun ən yaxşı salamlarını yetirim. Mən onu dörd gün bundan əvvəl görmüşəm.

Cənab prezident, mən Sizi "Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə də təbrik edirəm. Mən Sizi "Şahdəniz" müqaviləsinin həyata keçirilməsi sahəsindəki uğurlara görə də təbrik edirəm. Cənab Volf məndən xahiş edir Sizdən soruşum ki, "Şahdəniz" müqaviləsindən ona bir pay düşürmü? Mən ona cavab verdim ki, xeyr.

Heydər Əliyev: "Şahdəniz" müqaviləsində Amerika Birləşmiş Ştatları iştirak etməyib.

Bill Ricardson: Cənab prezident, məlum olduğu kimi, bizim nümayəndə heyətinin tərkibində çox hörmətli adamlar vardır. Cənab Con Volf səfir, Amerika Birləşmiş Ştatları prezidentinin və dövlət katibinin xüsusi müşaviridir. Cənab Cozef Qrandmeyson Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyinin direktorudur. O, hansı ölkəyə gedirsə, yaxşı xəbərlər və çoxlu pul gətirir. Bizim heyətə ABŞ-ın dövlət və energetika departamentlərindən də nümayəndələr daxildir. Bugünkü görüşümüzdə ABŞ səfirliyinin nümayəndələri də iştirak edirlər.

Cənab prezident, haqqında bəhs edəcəyim mövzulara keçməzdən əvvəl demək istəyirəm ki, mən bu əfsanəvi Bakı şəhərində olmağımdan çox şadam. Sizin ölkənizin böyük tarixi vardır, o həm də çox füsunkardır. Nümayəndə heyətimiz cədvəli elə tərtib edibdir ki, mən bu gözəlliyi görə bilməyim. Lakin ümid edirəm ki, mən gələcəkdə imkan tapıb buraya dönəcəyəm və bu füsunkarlığı görəcəyəm. Mən bilirəm ki, Sizin şəhəriniz və xüsusilə Dənizkənarı park çox gözəldir.

Cənab prezident, onu da deməliyəm ki, Amerika Birləşmiş Ştatları Xəzər dənizindən kənar sahələrdə də Azərbaycanla sıx əməkdaşlıq etməyi çox istəyir. Biz mənim məşğul olduğum energetika sahəsində Sizinlə sıx əməkdaşlıq etmək istəyirik. Biz Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə birlikdə gələcək əməkdaşlığımız barədə bu gün geniş söhbətlər etmişik.

Cənab prezident, bizi salamladığınıza görə Sizə minnətdaram. Mən çox şad olardım ki, bir sıra məsələlərin müzakirəsinə keçək. Mən maraqlanıram ki, biz bu müzakirəni necə keçirəcəyik. Baxıram ki, burada bizə qulaq asanların sayı çoxdur.

Heydər Əliyev: Siz necə istəyirsiniz?

Bill Ricardson: Mənim fikrimcə, üzbəüz danışsaq, daha yaxşı olardı.

Heydər Əliyev: Yaxşı.

Hörmətli cənab nazir, Azərbaycan, Bakı haqqında və mənim barəmdə söylədiyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm.

Mənim əziz dostum prezident cənab Bill Klintondan gətirdiyiniz salam mənim üçün çox dəyərlidir və çox əzizdir. Bu salama və bu xoş arzulara görə prezident Bill Klintona təşəkkürümü bildirirəm və ümidvaram ki, siz mənim minnətdarlığımı ona çatdıracaqsınız.

Amerika Birləşmiş Ştatlarının rəsmi dairələrinin və xüsusən Bill Klintonun mənim səhhətimlə daim maraqlanması məni çox mütəəssir edir, sevindirir. Bu, bizim dostluğumuzun əlamətidir, bir-birimizə olan mehriban münasibətlərimizin göstəricisidir.

Bu fürsətdən istifadə edib bir daha bildirmək istəyirəm ki, bu ilin aprel ayında mən Vaşinqtonda olarkən üzərimdə cərrahiyyə əməliyyatı aparılması barədə xəbər alan prezident Bill Klinton və Amerika hökumətinin digər üzvləri orada olduğum bütün dövr ərzində mənim müalicəmə çox ciddi nəzarət etmişlər. Onlar mənə daim ciddi diqqət və qayğı göstərmişlər. Bunların nəticəsində də həm cərrahiyyə əməliyyatı uğurla keçdi və həm də mən qısa müddətdə xəstəxanadan çıxdım. Allaha şükürlər olsun ki, səhhətim yaxşıdır, hətta həkimlərin proqnozundan da daha yaxşı görünür. Cənab nazir, mən xəstəxanada olarkən sizin də qayğınızı hiss etdim, məktubunuzu aldım.

Mən bütün bunlara görə əziz dostum Bill Klintona, Amerika Birləşmiş Ştatlarının hökumətinə, hökumətin üzvlərinə və cənab nazir, şəxsən sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Biz çox məmnunuq ki, Amerika Birləşmiş Ştatları Azərbaycana xüsusi münasibət göstərir və regionumuzda Azərbaycanla əlaqələrinə xüsusi əhəmiyyət verir. Şübhəsiz ki, bizim bu əlaqələrimiz neft, enerji daşıyıcıları problemlərindən çox-çox genişsahəlidir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında qısa müddətdə belə dostluq, mehribanlıq, partnyorluq əlaqələrinin yaranması, şübhəsiz ki, Azərbaycan üçün çox əhəmiyyətlidir.

Bütün bu dövrdə görülən işlərdə prezident, cənab Bill Klintonun xüsusi rolu olmuşdur. Mənim ona çox böyük hörmətim və ehtiramım vardır. Siz də bilirsiniz ki, sabah cənab Bill Klintonun doğum günüdür. Mən bu gün məktub göndərib doğum günü münasibətilə onu təbrik etmişəm. Ancaq bu fürsətdən istifadə edib, Amerika hökuməti nümayəndə heyətinin qarşısında Amerika Birləşmiş Ştatlarının prezidenti, mənim əziz dostum Bill Klintonu doğum günü münasibətilə təbrik edirəm, ona cansağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayıram.

Bizim bugünkü söhbətimizi davam etdirmək üçün, şübhəsiz ki, mətbuat nümayəndələrindən xahiş edəcəyəm ki, buranı tərk etsinlər. Ancaq burada bir imzalanma mərasimi olacaqdır. Yəqin ki, mətbuat nümayəndələri o zaman salona daxil ola bilərlər.

"Azərbaycan" qəzeti, 18 avqust 1999-cu il.