Azərbaycan Prezidenti Heydər Əliyevin Vaşinqtonda Ağ evin qarşısında jurnalistlərlə görüşü zamanı nitqi - 15 fevral 2000-ci il


Mən sizi salamlayıram və anlayıram ki, məndən hansısa məlumatlar gözləyirsiniz. Sizə deyə bilərəm ki, prezident cənab Bill Klintonla mənim danışığım çox uğurlu, çox səmərəli və çox da məzmunlu oldu. Birincisi, biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini müzakirə etdik. Mən hesab edirəm ki, bizim danışıqlarımız, fikir mübadiləmiz bu məsələnin həll olunması üçün çox əhəmiyyətlidir və sülh danışıqlarının irəliyə getməsinə yardım edəcəkdir.

Sonra, biz Xəzər dənizinin enerji ehtiyatlarından istifadə edilməsi məsələsi barədə fikir mübadiləsi apardıq. Bilirsiniz ki, biz Bakı-Ceyhan neft kəmərinin tikilməsi haqqında saziş imzalamışıq. İndi onun əməli surətdə həyata keçirilməsi barədə danışıqlar apardıq. Türkmənistandan Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə gedəcək Transxəzər qaz kəmərinin tikilməsi ilə də əlaqədar fikir mübadiləsi apardıq. Biz bütün bu məsələlərdə eyni fikirdəyik və mən prezidentin mövqeyindən çox məmnunam.

Müzakirə etdiyimiz məsələlərdən biri də 1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana qarşı edilmiş ədalətsizlikdir, yəni ədalətsiz 907-ci maddənin qəbul olunmasıdır. Amerika kimi ədalətli bir ölkədə, ədalətli Konqresdə, təəssüf ki, ədalətsiz qanun da qəbul edilibdir. Bunun qəbul edilməsinə Amerikadakı erməni lobbisi nail olubdur. Ancaq bu maddənin heç bir əsası yoxdur. Guya 907-ci maddəni ona görə qəbul ediblər ki, "Azərbaycan Ermənistanı blokadaya alıbdır". Əksinə, Ermənistan Silahlı Qüvvələri Azərbaycanla müharibə edib, Azərbaycan torpaqlarının 20 faizini işğal edib və indiyə qədər də işğal altında saxlayır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb, oralarda etnik təmizləmə aparılıbdır. Yerindən-yurdundan çıxarılmış insanlar çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Belə olduğu halda, "Azərbaycanın Ermənistanı blokadaya alması" haqqında fikir tamamilə əsassızdır. Ona görə də 907-ci maddənin ləğv olunması məsələsi bizim üçün çox əhəmiyyətlidir. Biz prezidentlə bu məsələni də müzakirə etdik.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında dostluq, tərəfdaşlıq əlaqələri yaranıbdır, geniş iqtisadi əməkdaşlıq həyata keçirilir və bu, hər iki tərəf üçün faydalıdır. Biz Amerikanı özümüzün dostu və strateji tərəfdaşı hesab edirik. Bir də qeyd edirəm ki, mən prezidentlə görüşümdən və apardığım danışıqlardan çox məmnunam. Sağ olun.

Sual: Cənab prezident, Bakı-Ceyhan boru kəməri həm də maliyyələşdirilməlidir. Biz belə anlayırıq ki, maliyyənin əsas hissəsi özəl şirkətlərdən gəlməlidir. Siz bu görüşünüz zamanı Bakı-Ceyhan boru kəmərinin maliyyələşdirilməsi yolları barədə də fikir mübadiləsi apardınızmı? Əgər apardınızsa, layihənin kimlər tərəfindən maliyyələşdiriləcəyi barədə nə deyə bilərsiniz?

Cavab: Bakı-Ceyhan layihəsi yalnız özəl şirkətlər tərəfindən maliyyələşdiriləcəkdir. Azərbaycanda təşkil edilmiş konsorsiuma həm Amerika Birləşmiş Ştatlarının şirkətləri, həm də Böyük Britaniyanın şirkətləri, başqa şirkətlər daxildir və onlar hamısı birlikdə Azərbaycanda neft hasilatı ilə məşğul olduqlarına görə hamısı birlikdə də Bakı-Ceyhan neft kəmərinin maliyyələşdirilməsi ilə məşğul olacaqlar. Bu məsələ həll edilib, bunun prezidentlə müzakirəsinə ehtiyac olmayıbdır.

Sual: Cənab prezident, Qafqaz regionunda terrorizm problemi müzakirə edildimi? Vəhhabilik probleminə Azərbaycanın münasibəti necədir?

Cavab: Biz bu məsələni müzakirə etməmişik. Biz vəhhabiliyə son dərəcə mənfi münasibət bəsləyirik. Hesab edirik ki, bu hərəkat həm Şimali Qafqaz üçün, həm də ümumən Qafqaz üçün və regionumuzun digər ölkələri üçün təhlükəlidir.

Sual: Cənab prezident, Dağlıq Qarabağda sülh əldə edilməsi üçün Azərbaycan və Ermənistan nə kimi güzəştlərə gedirlər? Sülh üçün ərazi verilməsi ehtimalı varmı?

Cavab: Təbiidir ki, hər iki tərəfdən güzəşt olmalıdır. Bizim danışıqlarımız əsasən güzəştlərin müəyyən olunması ilə əlaqədardır. Ancaq danışıqlarımız qurtarmadığına görə bu barədə hələ bir şey deyə bilmərəm.

Daha kimin nə sualı var, yoxdur? Sağ olun.

Tarixi arayış