TÜRKSOY Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 6 fevral 2003-cü il


Mən TÜRKSOY Təşkilatının yeni toplantısının iştirakçılarını salamlayıram və burada - Azərbaycanda hamınıza uğurlu fəaliyyət arzulayıram. Türkdilli dövlətlər birliyi əmələ gələndən sonra bizim təşkilatlar içərisində ən irəli getmiş qurumlardan biri TÜRKSOY-dur. TÜRKSOY hamını birləşdirir. Amma hansısa başqa bir təşkilatda hərə bir tərəfə çəkir. Ona görə biz sizin təşkilata çox diqqət yetirir, əhəmiyyət veririk. Biz dövlət başçıları olaraq, türkdilli dövlət başçılarının toplantılarında birinci növbədə mədəni əlaqələri inkişaf etdirmək məsələsini qoyuruq. Təbiidir, iqtisadi əməkdaşlığın, insani əlaqələrin inkişaf etdirilməsi məsələləri də vardır. Bunların hamısı vardır. Ancaq bunların hamısının kökündə mədəniyyət, dil, bizim adət-ənənələrimiz durur.

Bizi bir-birimizə bağlayan nədir? Dilimizin kökü. Düzdür, bəziləri bir-birini başa düşmür. Amma biz dinimizə görə eyni kökdən gəlmiş xalqlarıq.

İkincisi, bizim müştərək mədəniyyətimiz, ənənələrimiz, müştərək mənəvi dəyərlərimizdir. Bunlar əsrlər boyu türkdilli xalqları bir-biri ilə bağlayıb, birləşdirib, yaxınlaşdırıbdır. Sonra rus imperatorluğu, ondan sonra isə sovet imperatorluğu dövründə biz bunları itirmədik, ancaq bir-birinizdən bir qədər aralandıq. Doğrudur, tamam aralanmadıq, biz Türkmənistan nümayəndələri ilə hər il burada görüşdük, yarış keçirdik. Türkmənistan pambıqçıları Azərbaycana gəlirdilər, bizim pambıqçılar isə Türkmənistana gedirdilər. Yəni bunlar var idi. Amma oturub danışmırdıq ki, axı, bizim dilimizin bir kökü vardır. Bizim yaxın adət-ənənələrimiz vardır.

Bu barədə danışmırdıq, çünki onda sovet ideologiyası, bir də ümumi sovet xalqı vardı. Get-gedə millətlər əriyib gedirdi, olacaqdı ümumi sovet xalqı. Sovet xalqı. Bunlar da hamısı - Elçin, Polad, Fatma xanım... sovet xalqının adamlarıdır. O qədər "sovet xalqı" olublar ki, bəzən öz dillərini də yaddan çıxarıblar.

Amma imperatorluq dağıldı, biz müstəqil olduq. Onda anladıq ki, bizim hələ ulu babalarımız vaxtilə həmişə bir yerdə olublar, bir kökdən gəliblər, bir yerdə vuruşublar. Bunların eyni adət-ənənələri, mahnıları, rəqsləri var. Polad yaxşı bilir, bunlar hamısı eyni şeydir. Ona görə də Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə, xüsusən mərhum Turqut Özalın və doqquzuncu prezident Süleyman Dəmirəlin təşəbbüsü ilə türkdilli dövlətlər birliyi yarandı. Son dövrdə hər il müxtəlif ölkələrdə türkdilli dövlətlər birliyinə daxil olan dövlət başçılarının görüşünü keçiririk. Çalışırıq, iqtisadiyyatımızı irəli aparırıq. Amma mədəniyyət sahəsində sizin işləriniz bizimkindən də yaxşı gedir. Ona görə də mən sizi təbrik edirəm. Çox məmnunam ki, buraya toplaşmısınız. İndi Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Qaqauziya, Tatarıstan, Başqırdıstan nümayəndələri buradadırlar. Mən çox maraqlanırdım ki, bu toplantıya Başqırdıstan, Tatarıstanın nümayəndələri gələcək, ya yox. Çünki bunlar böyük respublikalardır. Indi günah onlarda deyil ki, bu respublikalar müstəqil ola bilməyiblər. Onların günahı yoxdur. Öz əhalisinin sayına görə, - məsələn, Tatarıstanda deyəsən 4 milyon əhali var, - böyük respublikalardır. Özü də güclü iqtisadiyyatı, hər şeyi var. Bu respublika müstəqil ola bilər. Eləcə də Başqırdıstan, elədirmi? Amma, o ki qaldı Tıva, Xakasiya, Saxa (Yakutiya), Altay... Gəlin açıq danışaq. Heç kim, - o cümlədən bəlkə mən də, - bilmirdi ki, tivalar türk kökündən gələn bir xalqdır. Düzdür, cənab Elçin? O, bizim böyük yazıçılarımızdan biridir. Bunu bilmirdik. Çünki "sovet xalqı" fikri beynimizə girmişdi, bunu bilmirdik.

Mən Moskvada Siyasi Büroda çalışanda, - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idim, - tıvalar mənim yanıma çox gələrdilər. Bir-iki dəfə söhbət etdik, dedik, axı, bizim kökümüz birdir. Ona görə də bunlar daha çox mənim yanıma gəlirdilər. Bunlara Krasnoyarskdan dəmir yolu çəkmək lazım idi. O vaxt Tıvanın rəhbərləri mənim yanımda tez-tez olurdular.

Orada avtomabil yolları çəkmək çətin idi. Dəmir yolu istəyirdilər. Mən onlara kömək edir və qərarlar qəbul edirdim. Amma kimlərsə o tərəfdən, bu tərəfdən mane olurdu.

Mən Altayda oldum. Orada məni Rusiya Federasiyası Ali Sovetinin deputatı seçmişdilər. SSRİ Ali Sovetinin Azərbaycandan deputatı seçilmişdim. Altay bizim babalarımızın qədim məskənidir. Mən ora getdim. O vaxt Dağlıq Altay adı altında tanınan ərazi indi Altay Respublikası adlanır.

Mən o vaxt orada olarkən onlara deyirdim ki, siz türksünüz, onlar deyirdilər ki, biz dağlıq altaylılarıq. Amma onların mənə olan münasibətini görürdüm. Onlar isə mənimlə "qohum" olduqlarını boyunlarına almırdılar. Amma indi qohum olmuşuq. Mən istədim ki, sizin bu görüşünüz bir qədər şux keçsin. İndi görün nə qədər türkdilli diyar var. Xakasiya, Tıva, Altay, Saxa... Saxadan da tez-tez mənim yanıma gələnlər olurdu. Orada yaşayanların qəribə familiyaları var. Məsələn, Nikolay...

Onların ad-familiyaları ruslarda olduğu kimidir. Rəhbərləri vardı, adı Nikolay idi, mənim yanıma gəlirdi. Onun da problemləri vardı. Berkakitdən dəmir yolu çəkdirmək istəyirdi. Biz də bunu istəyirdik. Çünki orada çoxlu daş kömür və dəmir filizi yataqları vardı. Lakin dəmir yolu çəkmək üçün vəsait yox idi. Amma mənim yanıma gəlib-gedirdilər. İndi onlardan kimin həyatda olub-olmadığını bilmirəm.

Mən hələ 1940-1950-ci illərdə Leninqradda oxumuşam. Xakasiyadan bir nəfər mənimlə oxuyurdu. Mən o vaxt Xakasiyanı tanımırdım. Ondan soruşdum ki, Xakasiyada yaşayanlar kimlərdir, hansı millətdəndir, müsəlmandırlarmı? Türkdürlərmi? O, özü bunu izah edə bilmirdi.

Elçin Əfəndiyev: Onlar şamandırlar.

Heydər Əliyev: Şaman olsalar da, türkdürlər. Türklər də şamandır.

Mən sizin təşkilatın işindən çox razıyam. Təəssüf edirəm ki, bəzi cümhuriyyətlərdən gələn yoxdur. Təkcə Türkmənistan nümayəndəsinin gəlməsi böyük bayramdır. Yaxşı bilirəm ki, Türkmənistan nümayəndələri çox yerə getmirlər. Amma əgər Türkmənistan nümayəndəsi Azərbaycana gəlibsə, bu, mənim dostum, qardaşım, Türkmənbaşı Saparmurad Niyazovun Azərbaycan-Türkmənistan dostluğuna olan sədaqətidir. Doğrudurmu? Xahiş edirəm mənim salamımı, hörmətimi ona çatdırın. Deyin ki, orada baş vermiş hadisələrdən mən çox sıxıldım. Ancaq yaxşı ki, o, bu vəziyyətdən çıxa bildi. Onun gücü var. Oradakı bəzi adamlar başa düşmürlər ki, belə bir insanı hakimiyyətdən devirmək olmaz. Bizim dostumuz Türkmənbaşı həmişə sayıqdır, ikincisi də, öz rəqiblərindən daha böyük qüvvəyə malikdir. Bütün xalq arxasındadır. Arxasında xalq duranda, ona heç nə etmək olmaz.

Məsələn, 1994-cü ildə burada məni hakimiyyətdən salmaq istədilər. Özü də cəmi bir il idi ki, mən hakimiyyətə gəlmişdim. 1993-cü ildə burada Elçibəy hökumətini yıxırdılar. Elçibəy hökuməti məni Naxçıvandan buraya dəvət etdi ki, gəlib onları xilas edim. Mən buraya gəldim, onlaq qorxub hamısı qaçıb getdilər. Sonra Gəncədən Surət Hüseynov adlı bir polkovnik bura hücum etdi. Onun hücumunu dayandırdıq. Bakıya gəldi, dedim ki, nə istəyirsən? Dedi ki, prezident olacağam. Dedim ki, sən prezident ola bilməzsən. Mənə dedi ki, yox, olacağam. Dedim ki, xalq kimi seçsə, o da olsun. Xalq məni seçdi. Amma bir ildən sonra Surət Hüseynov yenə də dözmədi, burada çevriliş etməyə çalışdı. Mənim də silahım yox idi, ordu onun əlində idi. Mən bu otaqdan gecə saat 10-da xalqa müraciət etdim. İki saatdan sonra bu meydana 500 min insan toplaşdı. Onların içərisində qadınlar da, uşaqlar da, cavanlar, yaşlılar da vardı. Xalqın qarşısında heç kəs dura bilməzdi. Mən heç nə etmədim. Xalq onun cəzasını verdi.

İndi Türkmənbaşının da arxasında xalq dayanır. Ona görə də kimin ki, arxasında xalq var, ona heç nə etmək olmaz. Mən çox məmnunam ki, sən Türkmənistandan bura gəlmisən. Tatarıstan prezidenti Mintimer Şaymiyev, Başqırdıstan prezidenti Murtaza Rəhimov də mənim dostumdur.

Şaymiyev Bakıda olub. Amma Rəhimov olmayıbdır. Mən bir neçə dəfə dəvət etmişəm ki, gəlsin, görüşək. Mintimer Şaymiyev bütün dünyada məşhur adamdır.

Tarixi arayış

MƏDƏNİYYƏT