Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının kooperasiya naziri Əli Sufinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 31 oktyabr 2002-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Sizi səmimi qəlbdən salamlayıram. Müştərək iqtisadi komissiyanın işinin indi sürətlə getməsindən məmnun qaldığımı bildirirəm. Bu komissiyada həm İran tərəfindən, həm də Azərbaycan tərəfindən həqiqətən səmərəli əməkdaşlıq etmək meylləri var. İkinci tərəfdən də, bu meylləri həyata keçirmək üçün əməli tədbirlər görülür. Prezident Heydər Əliyev xatırlatdı ki, bu ilin may ayında onun İrana rəsmi səfərindən ötən müddətdə çoxlu görüşlər keçirilib və konkret işlər görülübdür.

Əli Sufi: Cənаb Prеzidеnt, səmimi qəbula görə minnətdarlığımı bildirirəm. Biz dost və qardaş ölkə olan Azərbaycanla əlaqələrimizi bütün sahələrdə geniş inkişaf etdirmək əzmindəyik. Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri başqa dövlətlərlə qarşılıqlı hörmət və ehtiram, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında əməkdaşlıq etməkdir. Biz Azərbaycanın sabit və daim inkişafda olmasını istəyirik. Sizin ölkənizdə əmin-amanlığın, sabitliyin olması bizim ölkəmizin əmin-amanlığı, sabitliyi deməkdir. Bunu bütün region üçün də deyə bilərik.

Zati-alilərinizin Tehrana səfəri çox səmərəli oldu və münasibətlərimizin inkişafı üçün atılmış ən mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. İnanırıq ki, Sizin bu səfəriniz əlaqələrimizin daha da möhkəmlənməsinə müsbət təsirini göstərəcəkdir. Siyasət sahəsində Sizin böyük təcrübəniz var, biz bu təcrübədən istifadə edərək, ikitərəfli münasibətlərimizi daha da genişləndirməliyik.

Prezident Xatəmi bizə tapşırıq və göstəriş veribdir ki, Sizin səfəriniz zamanı əldə olunmuş razılıqların hamısını həyata keçirək.

Energetika, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar ваr. Azərbaycanın Şimal–Cənub dəhlizi layihəsinə qoşulmaq üçün niyyətini İran müsbət qarşılamışdır. Ağayi Xatəmi Sizə çoxlu salam göndərib və mənə tapşırıb Sizə çatdırım ki, həmin layihənin həyata keçirilməsi üçün və Tehranda Sizə verdiyi sözü yerinə yetirməkdən ötrü Astara–Rəşt–Qəzvin dəmir yolunun təməlini qoyubdur.

Heydər Əliyev: Astara–Rəşt–Qəzvin yolunun təməli harada qoyulubdur?

Əli Sufi: Rəştdə qoyulubdur. Bir sıra layihələrin həyata keçirilməsi, o cümlədən Bakı–Astara yolunun çəkilməsi üçün də danışıqlar davam etdirilir. İran Azərbaycanda həyata keçiriləcək layihələr üçün kredit haqqında da qərar qəbul edibdir. İndi Azərbaycan tərəfinə verilmiş təkliflərin cavabını gözləyirik.

İran naziri Naxçıvanda görülən işlərin sürətləndiyini də vurğuladı. O, Ermənistan–Azərbaycan münaqişəsindən danışarkən bildirdi ki, Qarabağın taleyi necə həll edilir-edilsin, Azərbaycan xalqının mənafeyi təmin olunmalıdır. Qarabağ problemi ədalətlə aradan qaldırılmalı, bu məsələnin həlli şərəfli olmalıdır.

Heydər Əliyev: Ətraflı məlumata görə Sizə təşəkkür edirəm. Tehrana sonuncu səfər zamanı başladığımız işlər ardıcıl surətdə həyata keçirilir. Sizin kimi, mən də hesab edirəm ki, may ayında Tehrana səfərim, həqiqətən dövlətlərimizin münasibətlərində çox böyük hadisəyə çevrilmişdir. Demək olar ki, ondan sonra İran–Azərbaycan əlaqələrində tamamilə yeni bir mühit yaranmışdır. Bir daha bəyan etmək istəyirəm ki, mən bu səfərimdən həddindən çox razıyam. Biz Tehranda birlikdə çox iş gördük. İranın dəyərli lideri cənab Xatəmi ilə görüşlərim, danışıqlarım məndə çox böyük təəssürat yaratmış, çox əhəmiyyətli olmuşdur. Ən əhəmiyyətlisi odur ki, biz orada bütün danışıqlarımızı konkret məsələlərin həll edilməsi istiqamətində qurduq. İndi bu konkret işləri siz həyata keçirirsiniz. Mən bunlardan məmnunam.

Cənub–Şimal layihəsində bir yerdə işləmək üçün şərait yarandığını, bunun Azərbaycan üçün çox əhəmiyyətli olduğunu söyləyərəк, оnu dа bildirim ki, Astara–Rəşt–Qəzvin dəmir yolu da hər iki tərəfin çoxdankı arzusudur. Biz bunu 4-5 il öncə də müzakirə etmişdik. Amma onda İran tərəfi deyirdi ki, bu dəmir yolunu tikməyə vəsaitimiz yoxdur. İndi vəsait var. Amma ən əsası odur ki, iradə, istək, arzu var. Bu, İran üçün də, bizim üçün də eyni dərəcədə əhəmiyyətlidir. Cənab Xatəmiyə təşəkkür edirəm ki, gedib bu yolun təməlini qoyubdur. Mən İstanbulda İƏT-in zirvə görüşündə cənab Xatəmi ilə ətraflı danışıqlar apardım, ölkələrimiz arasında yaranan səmimi münasibətlərin davam etdiriləcəyini bildirdim.