Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Capeks" şirkətinin prezidenti Vada ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 26 fevral 1998-ci il


Hörmətli cənab prezident!

Yaponiyada olduğum müddətdə mənimlə səmimi görüşə gəldiyinizə görə sizə ürəkdən təşəkkür edirəm. Bu rəsmi səfərimin Azərbaycan-Yaponiya əməkdaşlığının durmadan inkişaf etdirilməsində yeni mərhələ açdığını qeyd edirsiniz, bu səfəri, eyni zamanda, tarixi hadisə adlandırırsınız. Sizə çox minnətdaram. Baş nazir Haşimotonun dəvəti ilə Yaponiyaya ilk rəsmi səfərimdən məmnun qaldığımı bildirirəm.

Yaponiyanın işgüzar dairələrinin bu səfərin gedişini diqqətlə izlədiklərini, ölkələrimizin əməkdaşlığının inkişafında onun çox əhəmiyyətli yer tutacağını vurğulayırsınız. Son illər ölkəmizdə aparılan islahatlara, əldə edilmiş nailiyyətlərə yüksək qiymət verirsiniz. Böyük enerji və zəngin xammal ehtiyatlarına malik Azərbaycanda Yaponiya şirkətləri üçün gözəl imkanlar vardır. Biz bu imkanlardan səmərəli istifadə etməliyik. Azərbaycanın XXI əsrin ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəyinə yönəldilmiş arzularınıza görə sizə bir daha minnətdaram. Prezident olduğunuz "Capeks" şirkətinin Azərbaycanla qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa böyük diqqət yetirməsini yüksək qiymətləndirir və bu əməkdaşlığın hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə ümidvar olduğumu bildirirəm.

Müstəqillik qazanmış, bazar münasibətləri yolunu seçmiş, hüquqi, demokratik, dünyəvi dövlət quran, islahatları müvəffəqiyyətlə həyata keçirən və öz qapılarını xarici iş adamlarının üzünə geniş açan Azərbaycanın dünya ölkələri, o cümlədən Yaponiya ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. "Capeks" şirkətinin respublikamıza marağından razı qaldığımı söyləyirəm. Mən Yaponiyanın Baş naziri Haşimoto ilə görüşümü və apardığım danışıqları xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, bu görüş və imzalanan sənədlər Azərbaycan-Yaponiya əməkdaşlığının inkişaf etdirilməsinə güclü təkan verəcəkdir.