Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə təbrik məktubu - 25 noyabr 1994-cü il


Respublikamızın ilk ali təhsil ocağı - Bakı Dövlət Universitetinin 75 ili tamam olur. Əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə və maarifinə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar mədəni hadisədir.

Bakı Dövlət Universiteti qısa ömürlü Azərbaycan Demokratik Respublikasının qiymətli yadigarıdır. Bu müqəddəs təhsil və elm ocağının qoynundan pərvazlanmış dünya şöhrətli elm və zəka sahiblərinin, müəllim və pedaqoqların qaynar və mənalı ömürləri millətimizin fəxridir.

75 illik fəaliyyət dövründə xalqımıza sədaqətli xidmətin rəmzinə çevrilmiş bu möhtəşəm ali məktəbimiz neçə-neçə nəslin vətənpərvərlik, xalqına məhəbbət ruhunda tərbiyə edilməsində əvəzsiz rol oynamışdır. Torpağına, mənliyinə, varlığına təcavüz edilən Azərbaycanın bu ağır çağında onun suverenliyi və toxunulmazlığı keşiyində duran qeyrətli övladlarımız sırasında Bakı Dövlət Universitetinin məzunları və tələbələri də vardır. İnanıram ki, gənc Azərbaycan dövləti məhz bu saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, mətin və dönməz gənclərimizin fəaliyyəti sayəsində öz müstəqilliyini əzmlə qoruyacaq, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir.

Ömürlərini məşələ çevirib gənc nəslin təlim-tərbiyəsində qətrə-qətrə əridən professor və müəllim heyətini, Azərbaycanın sabahının etibarlı təminatçısı olan bugünkü tələbələri, qəlbində universitet sevgisini əbədi yaşadan məzunları, respublikamızın elm və maarif xadimlərini, ziyalılarını - belə bir əzəvsiz milli sərvətin sahibi olan bütün Azərbaycan xalqını bu gün Bakı Dövlət Universitetinin şanlı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, işıqlı sabahlar naminə hamıya cansağlığı və uğurlar diləyirəm. Əsrin əvvəlində universitetin yaradılmasında misilsiz xidmətlər göstərmiş və onun beşiyi başında durmuş nurlu şəxsiyyətləri də bu yubiley günündə minnətdarlıqla yad etməyi özümə borc bilirəm.

Əminəm ki, Bakı Dövlət Universiteti öz zəngin ənənələrinə bundan sonra da sadiq qalacaq, elm və təhsil məbədi kimi sabaha uzanan yollara gur işıq salacaqdır. Ona bu yolda uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.