Azərbaycan Prezidenti Heydər Əliyevin Həştərxan televiziyasının müxbiri ilə müsahibəsi - 15 fevral 1996-cı il


Sual: Heydər Əliyeviç, Sizin kimi siyasətçinin fəaliyyətinin məqsədi Vətənin rifahına və öz xalqının tərəqqisinə nail olmaqdır. Siz Azərbaycan Respublikasındakı indiki iqtisadi şəraiti və həmvətənlərinizin vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda iqtisadi şərait mürəkkəbdir, zənnimcə, keçmişdə Sovetlər İttifaqına daxil olan bütün respublikalarda, regionlarda da belədir. Lakin bu, təbiidir, çünki Azərbaycan cəmi dörd il bundan öncə dövlət müstəqilliyi əldə edibdir. Bir çox illər, onilliklər ərzində bir dövlətin - Sovetlər İttifaqının tərkibində olan ölkə, şübhəsiz, dövlət müstəqilliyi qazandıqdan sonra bütün işi yenidən qurmalıdır. Digər tərəfdən, indi Azərbaycan bir ictimai-siyasi sistemdən başqasına keçid dövrünü yaşayır.

Azərbaycanda vəziyyəti mürəkkəbləşdirən bir də odur ki, ölkəmiz yeddi ildən artıqdır ki, Ermənistan Respublikası tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Bu illər ərzində çoxlu qurbanlar vermişik, qanlı müharibə getmişdir. 1994-cü ildə biz atəşkəsə nail ola bildik və 20 aydır ki, barışıq vəziyyətində yaşayırıq. Lakin müharibə qurtarmayıbdır. Azərbaycan ərazisinin təqribən 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunubdur. Azərbaycanın bir milyondan artıq vətəndaşı işğal edilmiş ərazilərdən zorla çıxarılıbdır və indi çox ağır şəraitdə, əksəriyyəti çadırlarda, çadır şəhərciklərində yaşayır.

Bütün bunlar Azərbaycanın sosial-iqtisadi vəziyyətini mürəkkəbləşdirir. Ümumən isə bu, təkrar edirəm, digər respublikalar üşün də səciyyəvidir. Keçmiş Sovetlər İttifaqının bütün regionları ilə bizim fəal iqtisadi inteqrasiyamız var idi. Indi bu əlaqələr əsasən qırılıbdır və buna görə də iri sənaye müəssisələri tam gücü ilə işləmir, bəziləri isə hətta dayanmışdır. Bu, işsizlik doğurur, istehsalın azalmasına səbəb olur. Bunların hamısı birlikdə Azərbaycanda sosial-iqtisadi həyatı mürəkkəbləşdirir, bu vəziyyət təxminən iqtisadi və sosial böhran kimi səciyyələnir.

Lakin biz bu vəziyyətdən çıxırıq. Onun qarşısını almaq üçün tədbirlər görür və belə hesab edirik ki, bundan ötrü ən etibarlı imkan fəal iqtisadi islahatlar aparmaq, bazar iqtisadiyyatına keçmək, mülkiyyəti özəlləşdirməkdir. Biz belə hesab edirik ki, bu, iqtisadiyyatın yeni yüksəlişinə təkan verəcəkdir. Azərbaycan böyük iqtisadi potensiala malikdir, onun zəngin təbii ehtiyatları var. Lakin bütün bunları hərəkətə gətirmək, bunlardan istifadə etmək üçün yeni formalar, yeni üsullar gərəkdir.

Sual: Ən yaxın perspektiv üçün Azərbaycan Respublikasının siyasətdə və iqtisadiyyatda üstün yer verdiyi məsələlər hansılardır, bu mənafelərin həyata keçirilməsində Rusiya nə kimi rol oynaya bilər, Sizin üstün saydığınız məsələlərdə o, nə kimi yer tutur?

Cavab: Yalnız siyasi məsələlərə üstünlük veririk. Bu, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu, demokratiyanın, həm siyasət, həm ictimai həyat, həm də iqtisadiyyat sahəsində demokratiyanın geniş inkişaf etdirilməsidir. Siyasətdə üstünlük verdiyimiz bunlardır. Eyni zamanda bütün qonşu dövlətlərlə mehriban münasibətlərin yaradılması və inkişafı, dünyanın bütün ölkələri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı münasibətlər yaradılması da bu üstünlüklər sırasına daxildir. İqtisadi sahədə üstünlük verilən məsələlərə gəldikdə isə, artıq qeyd etdiyim kimi, bu, iqtisadi islahatların, dövlət mülkiyyətinin özəlləşdirilməsinin fəal surətdə həyata keçirilməsi, bazar iqtisadiyyatının inkişaf etdirilməsidir.

Rusiyanın rolu çox böyükdür. Çünki Rusiya böyük ölkə, bizim Şimal qonşumuzdur. Azərbaycan Rusiya ilə bir çox onilliklər və hətta yüzilliklər ərzində bağlı olubdur. Keçmişdə iqtisadiyyatımız onilliklər boyu Rusiyanın iqtisadiyyatı, istehsal gücləri ilə sıx inteqrasiyada qurulub və yaradılıbdır. Ona görə də, şübhəsiz ki, Rusiya ilə yeni zəmində iqtisadi əlaqələrin yaradılması, inkişaf etdirilməsi ümumən Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox mühüm vasitə olacaqdır.

Bundan əlavə, Azərbaycanda çoxlu ruslar yaşadığı kimi, Rusiyada da çoxlu azərbaycanlı yaşayır. Mədəni əlaqələrin, insani əlaqələrin də çox böyük əhəmiyyəti var. Ona görə də biz dünya ölkələri ilə qarşılıqlı münasibətlərimizdə Rusiya ilə əlaqələrimizə üstün əhəmiyyət veririk.

Sual: Həştərxan vilayətinin qubernatoru Anatoli Qujvin ilə indiki görüş qonşu ərazilərin, regionların əməkdaşlığına (Həştərxan vilayəti və Azərbaycan Respublikası belə regionlardır) sadiq olduğunuzu təsdiq etdi. Sizin proqnozunuz necədir: bəyannamədən, niyyət protokollarından, rəsmi məlumatlardan - yəni kağız üzərində yazılanlardan, yaxın illərdə olduğu kimi, konkret işlərə - nəqliyyat əlaqələrinin bərpasına, gəmiqayırma müəssisələrində birgə sifarişlərin yerləşdirilməsinə, Xəzər dənizinin bioloji ehtiyatlarından birgə istifadə olunmasına tezmi keçiləcəkdir?

Cavab: Bilirsiniz, başlıcası budur ki, artıq ilk addımlar atılmışdır. Axı, dediniz ki, keçmişdə bizim sıx əlaqələrimiz, o cümlədən Azərbaycan ilə Həştərxan vilayəti arasında belə əlaqələrimiz olmuşdur. Biz fəal əməkdaşlıq edir, bir-birimizə kömək göstərirdik və bu, həm Azərbaycana, həm də Həştərxan vilayətinə fayda gətirirdi. Bu əlaqələr xeyli dərəcədə qırılıbdır və rəsmi zəmindəki əlaqələri nəzərə almasaq, əslində, dörd-beş ildir ki, ümumiyyətlə yoxdur. İndi, Həştərxan vilayətinin qubernatoru Anatoli Petroviç Qujvin Azərbaycana gəldikdə, belə xeyirxah, yaxşı təşəbbüs göstərdikdə, burada görüşlərimiz, söhbətlərimiz, danışıqlarımız oldu, müvafiq sənədlər, rəsmi məlumat, digər sazişlər hazırlandı və bunlar imzalanacaq. Bunun özü əməkdaşlığın bərpası, bəlkə də bərpa etmək deyil, bu əməkdaşlığı keçmişdəkindən daha səmərəli etmək yolunda atılan addımdır. Çünki Həştərxan vilayəti Rusiya Federasiyasının subyekti, qonşu ölkələrlə, dövlətlərlə iqtisadi əlaqələr saxlamağa imkanı və hüquqları olan vilayətdir.

Azərbaycan müstəqil dövlətdir, Rusiya ilə sıx iqtisadi münasibətlər saxlayarkən və bunları inkişaf etdirərkən biz federasiyanın subyektləri ilə, o cümlədən bizimlə qonşu olan Həştərxan vilayəti kimi regionlarla Azərbaycanın bilavasitə səmərəli əlaqələr saxlamasını da zəruri sayırıq. Ona görə də, mənə belə gəlir ki, bu faktın özü əməkdaşlığımızın baş tutacağına ümid və hətta inam yaradır. Ümidvaram ki, əməkdaşlığımız baş tutacaq, çünki biz bunu istəyirik. Həştərxan vilayətinin rəhbərləri də bunu istəyirlər. Deməli, biz bu əməkdaşlığı təmin edə biləcəyik.

Sual: Sizcə, Həştərxana səfəriniz tezmi olacaqdır?

Cavab: Mən bunu çox istəyirəm. Bu gün Anatoli Petroviçə dedim, ilk imkan düşən kimi bu səfəri etməyə çalışacağam.

Sual: Dövlət siyasətinin incə məsələsi olan milli münasibətlər barədə: bu gün Azərbaycanda müxtəlif millətlərin, xalqların qarşılıqlı əlaqələrində hansısa problemlər varmı?

Cavab: Bilirsiniz, biz bu yaxınlarda Azərbaycanın konstitusiyasını qəbul etdik. Bu müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasıdır, onu ötən il noyabrın 12-də ümumxalq səsverməsi, referendum yolu ilə qəbul etmişik. Konstitusiyamızda yazılmışdır: Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Azərbaycan-milliyyətindən, irqindən, dilindən, dinindən, heç bir şeydən asılı olmayaraq bu torpaqda yaşayan bütün şəxslərin vətənidir. - Bu, sadəcə bəyannamə deyildir, bütün Azərbaycan xalqının səs verdiyi qanundur.

Siz yəqin bilirsiniz, Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələri var. Burada həmişə bir çox millətlərin nümayəndələri yaşamışdır və bu gün də yaşayırlar. Biz bunu Azərbaycanın sərvəti sayırıq, bunu qiymətləndiririk və qoruyub saxlamaq istəyirik. İndi, yeni şəraitdə, Azərbaycanın müstəqil dövlət olduğu bir vaxtda biz buna böyük əhəmiyyət veririk. Hazırda ölkəmizdə millətlərarası münasibətlərdə hansısa ciddi problem yoxdur, baxmayaraq ki, yaxın keçmişdə olmuşdur. Xüsusən son iki il ərzində bu çətinlikləri aradan qaldıra bilməyimizi nailiyyətimiz hesab edirəm. Onu da çox böyük nailiyyət sayıram ki, hazırda Azərbaycanda bütün millətlərin nümayəndələri, o cümlədən rusdilli şəxslər, rus millətinə, rus xalqına mənsub olan şəxslər dostluq və həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

Sual: İcazə versəydiniz, müsahibəmizin sonunda sizə şəxsi xarakterli iki sualla müraciət edərdim. Mən bilirəm ki, Siz burada Sergey Yeseninin yubileyi ilə əlaqədar geniş miqyaslı təntənələrin keçirilməsinin təşkilatçılarından, təşəbbüsçülərindən biri olmusunuz. Bu rus şairi Sizdən ötrü kimdir?

Cavab: Bilirsiniz ki, vaxtilə, 70-ci illərdə mən respublikanın rəhbəri işləyərkən Yeseninin xatirəsini bərpa etmək üçün hər şey etmişəm. Yesenin iyriminci illərin əvvəllərində burada yaşamış, özünün məşhur şerlərini (müxbir: "Şaqane, mənim Şaqanem..."), bəli, "İran dəftərləri"ni və s. yazmışdır. Fikir verin, bu, 20-ci illərin əvvəlində olmuşdur. 70-ci illərin əvvəlində isə biz onun yaşadığı yeri tapdıq. Yeseninin xatirə muzeyini yaratdıq. Xatirimdədir, 1972-ci il idi, burada Azərbaycanda Rusiyanın böyük yazıçılarının, mədəniyyət xadimlərinin iştirakı ilə Rusiya mədəniyyəti ongünlüyü keçirilirdi, o zaman həmin muzeyi açdıq. Mən təntənədə iştirak edirdim, orada şairin barelyefini qoyduq. Müstəsna istedadını və şübhəsiz ki, rus ədəbiyyatının, rus poeziyasının inkişafına verdiyi çox böyük töhfəni nəzərə alsaq, Yesenin təkcə Rusiyaya, rus xalqına deyil, bütün dünya sivilizasiyasına, o cümlədən də Azərbaycana məxsusdur. Ona görə də mən Yesenini çox sevirəm, Azərbaycanda onu yüksək qiymətləndirirlər və bu yaxınlarda biz Yeseninin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etmişik.

Sual: Şərq uzunömürlü insanları ilə məşhurdur, qəlbən və cismən cavan qalmalarının səbəbini onlardan soruşanda belə deyirlər: zəhmət və əxlaqlı davranış nəticəsində. Heydər Əliyeviç, bəs siyasətdə uzun ömürlülüyün sirri varmı?

Cavab: Bilirsiniz, yəqin, elə həmin səbəblərdir, görünür, zəhmət və sizin dediyiniz kimi, əxlaqlı davranış da siyasətdə uzunömürlülüyü təmin edir.

Müxbir: Proqramımızda iştirak etdiyinizə, suallarımıza cavab verdiyinizə görə təşəkkür edir və arzu edirəm ki, öz vətəninizin - Azərbaycan Respublikasının, bütün Azərbaycan xalqının rifahı naminə hələ uzun illər səmərəli fəaliyyət göstərəsiniz.

Heydər Əliyev: Sağ olun.

Bu imkandan istifadə edərək sizin televiziya vasitəsilə Həştərxan vilayətinin bütün sakinlərinə ən qızğın salamımı və xoş arzularımı çatdırmaq, bu torpağa, bu vilayətə, həmin torpaqda yaşayan adamlara dərin hörmət və ehtiramımı bildirmək istəyirəm. Azərbaycanı Həştərxan ilə, - o cümlədən tarixi baxımdan, - çox şey birləşdirir. Həştərxanı və Həştərxan vilayətini Azərbaycanda yaxşı tanıyırlar. Mənə o da məlumdur və bu gün bir daha dəqiqləşdirdim ki, orada, sizin vilayətdə çoxlu azərbaycanlı yaşayır. Ona görə də mən Həştərxan vilayətinin bütün sakinlərinə, o cümlədən də, azərbaycanlılara salamımı göndərir, Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanovun xatirəsinə əvvəllər də, indi də dərin ehtiramla yanaşdıqlarına görə həştərxanlılara təşəkkür edirəm. Sizin vilayətdə onun adını daşıyan şəhər, rayon var. Mən bunu çox yüksək qiymətləndirir və bütün bunlara görə həştərxanlılara təşəkkürümü bildirirəm.

Müxbir: Siz də sağ olun, Həştərxan torpağında görüşənədək, indi həm siyasi, həm də iqtisadi səbəblərə görə Sizin gəlişinizi çox gözləməli olmayacağıq.

Heydər Əliyev: Doğrudur, sizinlə razıyam. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - V cild Azərnəşr, Bakı - 1998, səh.330

Tarixi arayış