Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya şöhrətli kardioloq Maykl Debeyki ilə görüşdəki söhbətindən - Prezident sarayı, 3 dekabr 1998-ci il


Heydər Əliyev: Mən Sizi, məşhur kardioloqu, "Debeyki Ürək Cərrahlığı Mərkəzi"nin direktorunu, Beyler Universitetinin fəxri prezidentini və Sizin səfər yoldaşlarınızı səmimi qəlbdən salamlayıram. Dünya şöhrətli kardioloqla yenidən görüşməyimdən məmnun qaldığımı bildirirəm. Sizin 90 illik yubileyiniz münasibətilə təbrik məktubu göndərmişdim, indi isə bu fürsətdən istifadə edərək Sizi bir daha təbrik edirəm. 90 yaşdan sonra belə fəaliyyət göstərmək dünya üçün sağlamlığa nümunədir. Siz həm tibb sahəsindəki böyük işlərinizlə, minlərlə insanın həyatını xilas etməyinizlə, həm də şəxsi həyatınızla, əməksevərliyinizlə örnəksiniz. Ona görə də

Sizi çox hörmətli qonaq kimi qarşılayırıq. Belə bir böyük cərrahın, alimin Azərbaycana diqqət və qayğı göstərməsindən, ölkəmizdə də kardiocərrahiyyə mərkəzi yaradılması üçün təşəbbüs göstərməsindən məmnun qaldığımı vurğulayıram.

Debeyki: Bizi yüksək qonaqpərvərliklə qaşıladığınıza görə Sizə təşəkkür edirəm. Bildirirəm ki, bu dəfə Bakıya bir qrup mütəxəssislə gəlmişəm və bundan məqsəd ürək-damar xəstəliklərinin müalicəsi ilə məşğul olacaq mərkəzin bazasını indidən yaratmaqdır. Bununla bağlı müvafiq strukturlarla əlaqə saxlanmış, xüsusilə səhiyyə naziri ilə yaxşı fikir mübadiləsi aparılmış və o, faydalı tövsiyələr vermişdir. Azərbaycanda ürək-damar xəstəliklərinin geniş yayıldığını xatırlamaqla yanaşı, onu da vurğulamaq istəyirəm ki, hazırda belə xəstəliklərin müalicəsi mümkündür. Son 25 ildə ABŞ-da bu xəstəliklərdən ölüm halları 45 faiz azalmışdır. Təxminən 35 il əvvəl infarct keçirib xəstəxanaya gətirilən adamların sağ qalmaq imkanı 50 faiz idisə, indi 95 faizdir. Azərbaycanda da mərkəzin yaradılmasından əsas məqsəd belə xəstələri müalicə etməkdir. Biz bunu Sizin ölkənin əhalisi üçün etmək istəyirik. Bildirirəm ki, Bakıda mərkəzin harada tikiləcəyi müəyyənləşdirilmişdir. Mənim fikrimcə, mərkəzin gözəl xarici görünüşü və müasir avadanlığı olmalıdır. Mərkəzin nəzdində ambulator-poliklinika da yaratmaq nəzərdə tutulur. Səhiyyə naziri ilə olan razılaşmaya əsasən, mərkəzin tikintisi qurtaranadək Azərbaycandan savadlı həkimləri və mütəxəssisləri Hyüstona bir illik məşğələlərə göndərmək istəyirik. Bundan əlavə, Hyüstondakı institutla Bakıda yaradılacaq mərkəz arasında yaxşı əlaqə saxlamaq üçün NASA-nın peyklərindən istifadə etmək planımız var. Onu da qeyd edim ki, ilkin maliyyələşdirmənin bir hissəsini "Eksson" şirkəti edəcək, əsas maliyyələşdirməni isə Eksimbank həyata keçirəcəkdir. Bu, bankın Azərbaycana ilk maliyyə dəstəyi olacaqdır.

Anna Peçorskaya: (Debeykinin yaxın həmkarlarından) Cənab prezident, bizə göstərilən diqqətə görə minnətdarlığımı bildirirəm, inanıram ki, Azərbaycan prezidentinin bu layihəyə böyük maraq göstərməsi öz bəhrəsini verəcəkdir.

Heydər Əliyev: Sizə təşəkkür edərək bildirirəm ki, təklifləriniz Azərbaycan üçün çox əhəmiyyətlidir. Cənab Debeyki, Siz ürək-damar xəstəliklərinin müalicəsi sahəsində dünyada ən böyük mütəxəssis kimi, Azərbaycanda bu xəstəliklərin geniş yayılması barədə fikirlərinizi bildirdiniz. Sizin iştirakınızla Azərbaycanda ürək-damar xəstəliklərinin müalicəsi üçün böyük tibb mərkəzinin yaradılması və onun Hyüstondakı mərkəzlə birbaşa əlaqələndirilməsi, tibb heyəti

kadrlarının hazırlanması barədə təşəbbüsünüz çox xeyirxah işdir. Mən bu təşəbbüsü məmnuniyyətlə qəbul edirəm. Əgər Sizinlə birlikdə bunu həyata keçirə bilsək, bu, Azərbaycan xalqı üçün böyük nemət olacaqdır. Eyni zamanda bu, təkcə Azərbaycan üçün yox, həm də Qafqaz və Orta Asiya ölkələri üçün çox əhəmiyyətli mərkəz olacaqdır.

ABŞ-ın "Eksson" şirkətinin də bu işə maraq göstərməsindən razı qaldığımı bildirirəm. Onu da xatırladım ki, ötən il Vaşinqtonda olarkən Eksimbank ilə müqavilə imzalamışdıq, ancaq ondan indiyədək istifadə edə bilməmişik. Əgər bu layihəni həyata keçirə bilsək, həmin müqavilənin reallaşdırılmasında ilk addım olacaqdır.

Son illər Azərbaycanın Amerika ilə neft sənayesi sahəsində əməkdaşlıq etdiyini məmnunluqla qeyd edirəm. İndiki təklif isə tibb sahəsində, xüsusən cənab Debeyki kimi böyük alimin iştirakı ilə əməkdaşlığa aiddir.

Bildirirəm ki, Baş nazir və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Sizinlə görüşləri barədə mənə məruzə ediblər. Mərkəz üçün şəhərin gözəl bir guşəsində yaxşı yer seçmisiniz. İndi gərək Sizinlə danışaq ki, bu gözəl, xeyirxah niyyəti necə həyata keçirək.