Dünya İqtisadi Forumunun iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Davos, 1 fevral 2002-ci il


Hörmətli xanımlar və cənablar!

Mən sizi burada, Nyu-Yorkda, 11 sentyabr hadisələri ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edən Davos forumunda salamlayıram. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından sonra biz hamımız həyəcanlı və son dərəcə narahatıq. Ona görə də indi biz hamımız səylərimizi beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdiririk.

Bununla əlaqədar Mərkəzi Asiyadakı, Qafqazdakı vəziyyət xüsusi əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, elə bu görüş də onların probleminə həsr olunmuşdur. Əlbəttə, hər bir ölkədə, hər bir regionda çoxlu müxtəlif problemlər var. Bizim hamımız üçün eyni dərəcədə vacib və eyni dərəcədə təhlükəli olan bir problem var bu beynəlxalq terrorizm problemidir.

Beynəlxalq terrorizmin qaynaqları cürbəcürdür. Onlar müxtəlif regionlarda müxtəlif səbəblər üzündən yaranır. Əgər Mərkəzi Asiyanı və Qafqazı götürsək, onda görərik ki, təcavüzkar separatizm kimi səbəb bu səbəblər arasından daha çox təzahür edir. Separatizm, xüsusən təcavüzkar separatizm nə kimi pərdə altında gizlənsə də, onda terrorizm də var, bir çox başqa təzahürlər də. Separatizm silah toplanmasına, çox vaxt qanunsuz vəsait toplanmasına, - o cümlədən də narkotik maddələrin qanunsuz dövriyyəsi hesabına gətirib çıxarır. Həm də bütün bunlar əvvəllcə separatizm formasında olur və sonra, təbii ki, terrorizm səviyyəsinə çıxır.

Bildiyiniz kimi, Qafqazı artıq neçə illərdir separatizm və bununla əlaqədar hərbi münaqişələr bürümüşdür: Dağlıq Qarabağla əlaqədar Ermənistanla Azərbaycan arasında münaqişə, Gürcüstanda gürcü-abxaz və Cənubu Osetiya münaqişələri, Şimali Qafqazda, Çeçenistanda münaqişə. Hər yerdə də silah, hər yerdə də qətllər, hər yerdə də zorakılıq.

Separatizm terrorizm forması alır və həm də belə bir təhlükə törədir ki, separatçıların ələ keçirdikləri ərazilər, ümumiyyətlə, nəzarətsiz ərazilərə çevrilir. Məsələn, Azərbaycanın Dağlıq Qarabağ ərazisini götürək. Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən on altı min kvadrat kilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir.

Odur ki, beynəlxalq terrorizmlə mübarizə apararkən terrorizmin mənşəyini, müxtəlif formalarını nəzərə almaq lazımdır. Hərbi münaqişələrin aradan qaldırılması beynəlxalq terrorizmin meydana gəlməsinin mümkünlüyünü məhdudlaşdırmaq üçün çox ciddi və mühüm tədbirdir.

Bu çox mühüm məsələlərin müzakirəsində hamınıza uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 fevral 2002-ci il.