Sizi, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun əməkdaşlarını, 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
İnstitutunuzun respublikada göz xəstəliklərinin müalicəsi və oftalmologiya elminin inkişafındakı xidmətləri yüksək qiymətə layiqdir. Əlli illik tarixiniz boyu əldə etdiyiniz nailiyyətlərin ən uğurlusu traxoma kimi təhlükəli xəstəliyin bütövlükdə respublikada ləğv edilməsi olmuşdur.
Azərbaycanda göz xəstəliklərinin diaqnostikası və müalicəsinin elmi əsaslarının işlənməsində, onların praktikada tətbiq olunmasında, oftalmologiya sahəsində kadrların hazırlanmasındakı nailiyyətləriniz respublikada səhiyyə sisteminin inkişafına böyük təsir göstərmişdir.
İnstitutda yetişmiş güclü oftalmoloqlar nəsli xalqımızın etimadını qazanmış, onların bir qismi öz elmi və praktiki işləri ilə ölkəmizin hüdudlarından kənarda tanınmışdır.
Əminəm ki, institutun gözəl ənənələrini davam etdirərək bundan sonra da müstəqil Azərbaycan Respublikasında oftalmologiya elminin inkişat etdirilməsi, xalqımızın sağlamlığının qorunması yolunda daha böyük əzmlə çalışacaqsınız.
Sizə bu nəcib işinizdə uğurlar arzulayır, hər birinizə cansağlığı, səadət diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti