Azərbaycan müəllimlərinin ayrı-ayrı dəstələri və Müəllimlər Şurası bir neçə dəfə mənə müraciət edib mənimlə görüşmək istədiklərini bildirmişlər. Mən də həmişə müəllimlərlə görüşmək istəmişəm. Yadınızda olar, bir dəfə müəllimlərlə, xüsusən bizim müəllimlər ordusunun əsasını təşkil edən orta məktəb müəllimləri ilə böyük bir görüş keçirdik. Mən o vaxt da təhsilimizə, müəllimlərimizə dövlətin münasibətini, o cümlədən öz münasibətimi bildirdim və cəmiyyətimizin bu hissəsinin Azərbaycan üçün, dövlətimiz üçün nə dərəcədə gərəkli və əhəmiyyətli olduğunu söylədim. Son vaxtlar mənə gələn xahişlərə əsaslanaraq, bu gün mən müəllimlərin bir qrupu ilə görüş təşkil etmişəm. Budur, siz indi bu görüşə toplaşmısınız. Hamınızı və sizin simanızda bütün Azərbaycan müəllimlərini salamlayıram, təhsil sahəsində çalışanların hamısına hörmət və ehtiramımı bildirirəm. İndi Azərbaycanın həyatında çox ağır və çətin problemlər var. Onlardan biri də təhsil sahəsində yaranmış mürəkkəb vəziyyətdir. Biz bu problemləri həll etməyə çalışırıq. Ancaq müəyyən obyektiv, bəzən də subyektiv səbəblərə görə onların həlli ləng gedir, həll edildikdə də istənilən səviyyədə olmur. Eyni zamanda hər bir məsələni həll etmək üçün məsləhət də, fikir mübadiləsi də lazımdır. Bunları nəzərə alaraq sizinlə görüşə gəlmişəm və istərdim ki, əvvəlcə sizi dinləyim, fikirlərinizi öyrənim. Hərçənd fikirlərinizin bir çoxu məlumdur, onlar bizim məsul şəxslər tərəfindən mənə çatdırılıb. Onlar elə sizing müraciətinizdə də qeyd edilir. Lakin indi biz canlı söhbət aparırıq. Ona görə də mən istərdim görüm, sizin bu arzularınız, fikirləriniz nədən ibarətdir.
Yekun sözü
Mən müəllimlərlə görüşməyimdən çox məmnun olduğumu bildirmək istəyirəm. Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməlidir. Mən müəllimlərə böyük hörmət və ehtiramımı həyatımda dəfələrlə bildirmişəm. Orta məktəbdə mənə dərs deyən, uşaq vaxtlarımdan, gənclik çağlarımdan məni tərbiyə edən müəllimləri heç vaxt unutmamışam, həmişə onlara minnətdarlığımı bildirmişəm. Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Əgər müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməzdik və bugünkü kimi fəaliyyət göstərə bilməzdik. Orta məktəbdə mənə dərs demiş müəllimləri bu gün də xatırlayıram. 1990-cı ildə həyat, tale başıma bir çox bəlalar gətirdiyinə görə mən doğulduğum, gənclik çağlarım keçirdiyim Naxçıvan şəhərinə getməyə məcbur oldum. Oraya gəldikdə Naxçıvan Muxtar Respublikasının bütün əhalisi məni çox hərarətlə, hörmətlə qarşıladı. Mən elə ilk günlərdən müəllimlərimi axtarmağa başladım, onların harada olması ilə maraqlanır, onlan soruşurdum. Düzdür, aradan çox vaxt keçmişdi. Mən Naxçıvanda orta məktəbi 1939-cu ildə bitirmişəm. Gördüyünüz kimi, nə qədər vaxt keçib. Çox sevinirdim ki, mənə dərs deyən müəllimlərin bir qismi hələ yaşayır, dünyasını dəyişməyibdir. O dövrdə orada mənim çox görüşlərim oldu. Lakin mənim üçün ən əhəmiyyətli, ən dəyərli görüşlər müəllimlərlə, mənə dərs deyən adamlarla olan görüşlərim idi. Şübhəsiz ki, illər keçir, zaman gündən-günə dəyişir. Dünyada heç kəs daimi deyildir. Ancaq mən dünyasını dəyişmiş olan müəllimlərimi də ehtiramla yad edirəm, bu gün yaşayanları da çox böyük hörmətlə xatırlayıram. O vaxtlar, yəni 1990-cı ildə çox böyük təzyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşməkdən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarım saxlamışdılar. Odur ki, gəlib mənimlə görüşürdülər, biz saatlarla söhbət edirdik. Hətta xatirimdədir ki, Bakıda yaşayan, mənim çox istədiyim, mənə yaxşı dərs demiş müəllimlərdən biri - Tofiq Bəktaşi, o vaxtlar səhhəti o qədər yaxşı olmasa da, məhz mənimlə görüşmək üçün Naxçıvana gəldi. Mən onun gəlişinə çox sevindim. Bir müddət bundan əvvəl o da dünyasını dəyişdi. Tofiq müəllimin mənimlə görüşə gəlməsi faktı nəyi göstərir? Bu fakt həm tələbənin müəllimə, həm də müəllimin dərs dediyi adamlara bağlılığına dəlalətdir. Mən bunu öz həyatımda, təcrübəmdə görmüşəm. Bu gün mən burada Sona xanımı görəndə çox sevindim. Mən 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığım vaxtdan biz Sona xanımla maarif işində daim əməkdaşlıq etmişik. O, Azərbaycanın ən nümunəvi məktəblərindən olan 190 nömrəli məktəbin direktoru idi, mən isə respublikanın rəhbəri idim. Müəllimlərlə daim təmasda olurdum. Müəllimlərin qurultaylarında, toplantılarında iştirak edirdim. Sona xanım da qabaqcıl bir müəllim kimi, hörmətli, təcrübəli müəllim kimi, məktəb direktoru kimi həmişə bizim toplantılarda olurdu, dövlət tədbirlərində iştirak edirdi. Onun dəfələrlə dövlətin ən yüksək ordenləri ilə təltif edildiyi xatirimdədir. Fəxr edirdim ki, Sona xanım kimi müəllim var. Mən burada yenidən işə başlayanda da Sona xanımı soruşdum. Dedilər ki, öz işini davam etdirir. Lakin bu gün Sona xanımı burada görəndə daha çox sevindim. Ona görə sevindim ki, Sona xanım öz işindədir, məktəbi indi ağır vəziyyətdə olsa da, fəaliyyətini davam etdirir. Sona xanımın rəhbərliyi altında minlərlə adam təhsil və tərbiyə alıb, hazırda onlar ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif sahələrdə işləyirlər. Bunların hamısı müəllimin xidmətidir. Mən Sona xanımın xidmətindən danışarkən ümumiyyətlə, müəllimin xidmətini nəzərdə tuturam. Bilirsiniz ki, 1982-ci ilin sonundan Moskvada işləyirdim, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü idim. O vaxtlar mən təhşil sahəsinə - həm Maarif Nazirliyinə, həm də Ali və Orta İxtisas Təhsili Nazirliyinə rəhbərlik edirdim. Ona görə də bu məsələ ilə çox yaxından məşğul olurdum. O zaman Sovet İttifaqında, bir dövlətin tərkibində idik. Biz tariximizi heç vaxt unutmamalıyıq və tariximizə də heç vaxt xor baxmamalıyıq. Tarix tarixdir, həyat isə həyatdır. Sona xanım həyatını Azərbaycanın təhsilinə həsr edib və Azərbaycan məktəbinə xidmət edibdir. Fərqi yoxdur ki, bu, Sovet İttifaqında olubdur, yoxsa indi müstəqil Azərbaycan dövlətində baş verir. Müəllim müəllim olaraq qalır. O vaxtlar da Sovet İttifaqında məktəb işinə çox fikir verilirdi. Biz 1983-cü ildən başlayaraq məktəb islahatı hazırladıq. Bu, o zaman işləyən müəllimlərin yadındadır. Mən bütün Sovet İttifaqı üzrə məktəb islahatını hazırlayan komissiyanın sədri idim. Sovet İttifaqının bütün respublikalarının ən tanınmış müəllimləri, alimləri, elmi-tədqiqat pedaqogika institutlarının nümayəndələri ilə, akademiklərlə dəfələrlə görüşüb məsləhətləşirdim. İstəyirdim ki, islahatı elə keçirək ki, məktəb daha yaxşı təhsil versin. Bu gün çox böyük iftixar hissi ilə deyə bilərəm ki, o vaxtlar Sovet İttifaqı kimi böyük bir dövlətin maarif, təhsil sahəsində islahatlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edirdim. Mən həmin islahat haqqında, qəbul olunmuş qərarlar barədə Ali Sovetin sessiyasında məruzə etmişdim. Bunlar bizim o dövrdə işləyən müəllimlərin xatirindədir. Demək istəyirəm ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. İndi burada bir məktəb direktoru xatırlatdı ki, 1971-ci ildə mən onların məktəbinin açılışında iştirak etmişəm. Belə hallar bir deyil, on deyil, yüzlərlədir. Özü də təkcə Azərbaycanda yox. Moskvada işlədiyim dövrdə başqa respublikaların indi müstəqil dövlətlər olan ölkələrin ərazisində, Rusiya ərazisində bu işlərlə məşğul olmuşam. Ona görə də məktəb işi, müəllimlik sənəti mənim üçün ən doğma işdir. Müəllimlik sənətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir. 25 il bundan öncə Azərbaycana rəhbər seçiləndə də bu mövqedə olmuşam, indi müstəqil Azərbaycanın dövlət başçısı kimi də bu mövqedəyəm. Mən həyatımın bütün mərhələlərində məhz belə mövqedə durmuşam. Mən sizinlə söhbəti də bu mövqedən aparıram. Öz mövqeyimə sadiq qalaraq bu gün sizi görüşə dəvət etmişəm. Sizin dərd-sərinizi, vəziyyətinizi öyrənmək istəyirəm. Burada çıxış edənlər də dedilər, mən də bir daha qeyd etmək istəyirəm ki, indi Azərbaycanın sosial-iqtisadi vəziyyəti həddindən artıq ağırdır, gərgindir. Özü də tək Azərbaycanın yox, bütün keçmiş sovet respublikalarının, indi müstəqil dövlətlər olan ölkələrin də sosial-iqtisadi vəziyyəti çox ağır, çox gərgindir. Şübhəsiz ki, müəyyən fərqlər var. Birində, ola bilər, bir az yaxşıdır, digərində pisdir. Məsələn, demək olmaz ki, biz hamısından pis vəziyyətdəyik. Yaxud da vəziyyətimiz hamısından yaxşıdır. Yox, belə deyildir.
Mən iki-üç gün bundan qabaq, fevrahn 9-da Almatıya getmişdim. Ayın 9-10-da orada oldum. Almatıda MDB-nin dövlət başçılarının görüşü keçirilirdi. Orada mən söhbətlər zamanı bu məsələlərlə də maraqlanırdım. Almatıda nəşr olunan qəzetlərin birində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin çıxışını oxudum. O, bu fikirlərini sonra mənimlə görüşəndə də dedi. Müəllimlərin məvacibi az, iqtisadi vəziyyəti çətindir. Bu, qəzetdə prezidentin çıxışında yazılıb. Qazaxıstan kimi bir ölkədə müəllimlər üç aydır ki, maaş almırlar. Sonra mən onunla təkbətək söhbət edərkən bir çox məsələlərlə yanaşı, bu məsələni də soruşdum. Dedi ki, axtarıram, görüm haradan vəsait tapa biləcəyəm. Halbuki onların imkanları böyükdür. Qazaxıstan böyük bir respublikadır, çoxlu neft çıxarır, təbii qazı var, qızıl, gümüş, mis, daş kömür istehsal edir. Müharibə aparmır, işğal edilmiş torpaqları, qaçqınları yoxdur. Sözümün canı budur ki, iqtisadi imkanları bizimkinə nisbətən həddindən artıq çoxdur. Amma buna baxmayaraq, Qazaxıstan prezidenti deyir ki, böyük çətinliklər içərisindəyik, müəllimlərin məvacibini artırmaq üçün vəsait axtarıram. Çünki onların vəziyyəti çox ağırdır. Dedim, qəzetdə oxudum ki, müəllimləriniz üç aydır məvacib almırlar. Dedi ki, bəli, bu da həqiqətdir. Əlbəttə, bunu mən özümə təskinlik saymıram. Ümumiyyətlə, əgər 70-ci illəri xatırlasanız, deməliyəm ki, respublika həmin respublikadır, müəllimlər həmin müəllimlərdir, məktəblər də həmin məktəblərdir. İndi tale elə gətirib ki, respublikaya o vaxt rəhbərlik edən də, bu gün rəhbərlik edən də Heydər Əliyevdir. O vaxta nisbətən Heydər Əliyev də çox mərhələlərdən, çox çətinliklərdən keçibdir. Elə təcrübəsi də qat-qat artıbdır. İndi necə olur ki, məsələn, 70-ci illərdə müəllimlərin bu cür problemləri yox idi, məvaciblərini də alırdılar. Ləvazimat da vardı, dəftər-qələm də, dərslik də, nə bilim, mebel də vardı. Məktəblərdə yemək də verilirdi, uşaq bağçaları da yaxşı idi. Amma indi bunlar yoxdur. Sizin də əksəriyyətiniz həmin adamlardır. Azərbaycan da həmin Azərbaycandır, rəhbəriniz də həmin Heydər Əliyevdir. Deməli, bunun başqa səbəbi var. Səbəb də bax, bu son altıyeddi ildə gedən proseslərlə bağlıdır. Bu proseslər keçmiş Sovet İttifaqının hər yerinə, o cümlədən də Azərbaycana öz təsirini göstəribdir. Ona görə də biz bu məsələlərdən çıxış yolu axtarmalıyıq. Şübhəsiz ki, müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq lazımdır. Buna söz ola bilməz. Tələbələrə yardım etmək gərəkdir. Buna da söz ola bilməz. Amma bunu necə edək, hansı mənbədən edək? Məsələ bax belədir! İndi bizim də, başqa respublikaların da iqtisadi-sosial problemləri eynidir. Axı biz bir iqtisadiyyat formasından başqa iqtisadiyyat formasına keçirik. Məsələn, elə təhsil sistemini götürün. Burada çıxış edənlər deyirlər ki, dərslik tapa bilmirlər, müəllim o kitabxanaya, bu kitabxanaya gedib dərsə hazırlaşır. Təbiidir ki, o, dərsə hazırlaşmalıdır. Çünki o vaxtkı dərsliklərin bir çoxu indi yaramır. Əlbəttə, riyaziyyatda, fizikada, yaxud kimyada elə bir dəyişiklik yoxdur. Elədir, ya yox? Amma tarixdə dəyişiklik var. Ona görə də o vaxtkı tarix dərsliyi ilə indiki tarix dərsliyi bir deyil. Ədəbiyyatda da dəyişiklik var. Yəni ictimai fənlərdə böyük dəyişikliklər var. O vaxtlar riyaziyyat, fizika, yaxud kimya fənlərinin dərslikləri hər il hazırlanırdı, gətirilib məktəblərə verilirdi. İndi isə bu imkan yoxdur. Ona görə dərslik də çatışmır. Bəzi fənlərdən isə dərsliklər tamamilə yoxdur. Büttün bunlar keçid dövrünün bəlalarıdır, çətinliyidir. Əgər siz bunu təhsildə hiss edirsinizsə, bir görün keçid dövrünün iqtisadiyyatında nə qədər böyük bəlalar var. Biz indi bir iqtisadi sistemdən başqa iqtisadi sistemə keçirik. Azərbaycanın iqtisadi potensialı on illər ərzində yaranmışdır. Bu potensial həm də sizing xatırladığınız 70-ci illərdə, yəni mənim burada işlədiyim dövrdə Azərbaycan xalqının fədakar əməyi nəticəsində yaradılmışdır. Apardığımız düzgün iqtisadi siyasət nəticəsində o zaman respublikamızda nəhəng zavod və fabriklər tikildi, kənd təsərrüfatı inkişaf etdi. Azərbaycanın iqtisadiyyatı yüksək səviyyəyə çatdı. İndi Bakıda, Sumqayıtda olan zavodları, fabrikləri işlədə bilsək, bizə başqa bir şey lazım deyildir. Onlar Azərbaycanı yüksək səviyyədə saxlayar. Bilməlisiniz ki, keçmişdə Sovet İttifaqında on beş respublikadan ancaq ikisi dövlət büdcəsindən dotasiya almırdı. Bunlar Rusiya və Azərbaycan idi. Başqa respublikalar öz iqtisadiyyatını saxlamaq üçün dövlət büdcəsindən dotasiya alırdılar. Rusiya ilə Azərbaycan isə özlərini dolandıra bilirdi. Bəli, Azərbaycanın iqtisadi potensialı güclü idi. Bunu iqtisadçılar bilirdilər. Moskvada da bilirdilər, bizə hücum edən bədxah qonşular da bilirdilər. Hamı bilirdi ki, əgər Azərbaycan müstəqil olsa və öz imkanlarından müstəqil surətdə istifadə edə bilsə, ona heç bir respublika çata bilməyəcəkdir. Amma Sumqayıtdan bir nəfər burada çıxış edib dedi ki, zavodlarda fəhlələri məcburi məzuniyyətə buraxırlar. Nə üçün? Axı orada böyük kimya, metallurgiya, tikinti kompleksləri, yüngül sənaye, maşınqayırma müəssisələri var. Elə təkcə Sumqayıtda bunlar işləyə bilsəydi, indi nəinki Sumqayıtın, heç bütün Azərbaycanın da dərdi olmazdı. Yenə də deyirəm. Hazırda biz bir sistemdən başqa sistemə keçirik. Elə bunun özü böyük çətinlik yaradır. Digər tərəfdən, respublikamızın xüsusiyyəti, yəni başqa respublikalardan fərqi ondan ibarətdir ki, əlaqələrimiz kəsilibdir. Biz müstəqil siyasət yeridirik. Müstəqil siyasət də bəzi əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin kəsilməsinə gətirib çıxarmışdır. Bununla yanaşı, son altı ayda Şimaldan gələn bütün yollar - dəmir yolu, avtomobil yolu, dəniz yolu bağlanıbdır, Şimal ilə, Rusiya ilə heç bir əlaqəmiz yoxdur. Mən fevralın 10-da Almatıda Rusiya prezidenti Boris Yeltsinlə bu barədə ciddi danışdım. Rusiyanın baş naziri Viktor Çernomırdinlə də danışdım. Xahiş etdim, heç olmasa yolları açsınlar ki, iqtisadi məsələlərimiz həll olunsun. Onlar Rusiyanın Sərhəd Qoşunları komandanına göstəriş verdilər. O buraya gələcəkdir. Yolların açılıb açılmayacağını deyə bilmərəm. Amma bu, bizi böyük bir bəlaya salıb. Əgər belə ağır şəraitdə blokadaya düşməsəydik, yollarımız kəsilməsəydi, son vaxtlar iqtisadiyyatımız bu cür çətin vəziyyətdə olmazdı. Altı ildən artıqdır ki, müharibə gedir, ərazimizin 20 faizi işğal olunub, bir milyondan çox qaçqın var, bu qaçqınları, ev-eşiyindən didərgin düşmüş adamları saxlamaq da bizim üçün böyük bir dərddir. Bu gün fevralın 12-dir, düz doqquz aydır ki, müharibə getmir, atəş açılmır, güllə atılmır, qan tökülmür, şəhidlər yoxdur. Bu Qarabağ problemi ortaya atılandan bəri, yəni Azərbaycana qarşı Ermənistanın təcavüzü başlanandan bəri, 1988-ci ildən indiyədək ilk haldır ki, uzun müddət, doqquz ay müddətində sülh hökm sürür. Bu, tam sülh deyildir, atəşkəsdir. Ancaq doqquz ay davam edən atəşkəs böyük bir hadisədir. Təsəvvür edin ki, müharibə getsəydi, hər gün döyüşlər olsaydı, vəziyyət nə dərəcədə ağırlaşardı. Biz atəşkəsə istədiyimizə nail olmaq üçün getmişik. İstəyirik ki, işğal olunmuş torpaqlarımız azad edilsin, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Mən Almatıda həm Rusiya prezidenti ilə, həm Qazaxıstan prezidenti, həm Gürcüstan prezidenti, həm də Ermənistan prezidenti ilə görüşlərimdə, eləcə də başqaları ilə söhbətlərimdə və danışıqlarımda qeyd edirdim ki, millətlərarası, dövlətlərarası münaqişələrdə ümumiyyətlə, ilk hadisədir ki, bölgəyə ayırıcı qoşunlar, yəni sülhü mühafizə qüvvələri daxil olmadan özümüz birbaşa danışıqlar aparıb atəşi dayandırmışıq və uzun müddət doqquz ay müddətində sülhü qoruyub saxlamışıq. Doğrudur, müəyyən vasitəçilik, o cümlədən ATƏT-in Minsk qrupunun, Rusiyanın vasitəçiliyi olmuşdur. İndi "Azərbaycanın xarici siyasəti" və "Azərbaycanın daxili siyasəti" barədə danışırlar. Müxalifətdəki bəzi şəxslər deyirlər ki, Azərbaycanın xarici siyasəti yaxşıdır, amma daxili siyasəti, nə bilim, belədir filandır. Doqquz ay müharibə getməməsi məgər Azərbaycanın daxili siyasətinin nəticəsi deyilmi? Bu, dünya praktikasında nadir haldır, bəlkə də heç bənzəri olmayan bir haldır! Almatıda Ter-Petrosyanla danışıqlarımızda (bu danışıqlarda N.Nazarbayev də iştirak edirdi) Ermənistan prezidenti də bəyan etdi, mən də bəyan etdim ki, biz bu atəşkəs rejimini tam sülh yaranan vaxta qədər saxlayacağıq. Dəfələrlə dediyim kimi, tam sülh yaranmasının şərtləri var. Şərtlərimiz ondan ibarətdir ki, işğal olunmuş torpaqlardan, o cümlədən Laçın və Şuşa rayonlarından erməni silahlı qüvvələri çıxmalı və qaçqınlarımızın hamısı öz yerlərinə qayıtmalıdır. Biz böyük sülh müqaviləsini də bu şərtlər əsasında bağlayacağıq. Dekabrın 6-da Budapeştdə qəbul edilmiş qətnamə də tarixi bir qətnamədir. Daha doğrusu, bizim üçün, 1988-ci ildən indiyədək gedən müharibə dövründə qəbul olunmuş tarixi bir qətnamədir. Ona nail olmaq da asan məsələ deyildi. İndi bunları açıb sizə danışmağa ehtiyac yoxdur. Vaxt gələcək, tarixçilər bunu təhlil edəcəklər. Bu qətnamənin nə qədər böyük əhəmiyyəti olduğunu və necə böyük zəhmət sayəsində qəbul edildiyini hamı biləcəkdir. Lakin bu da böyük bir nailiyyətdir ki, münaqişənin başlandığı vaxtdan bəri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, indi ATƏT adlandırılan təşkilat məhz Budapeştdə Ermənistan ilə Azərbaycan arasındakı münaqişəni söndürmək və sülh yaratmaq üçün çoxmillətli sülhü mühafizə qüvvələri təşkil olunması haqqında qətnamə qəbul etdi. Bu, həmin təşkilatın 20 illik fəaliyyəti ərzində qəbul edilən ilk belə qətnamə idi. Bir daha qeyd edirəm ki, biz o qətnaməyə nail olmaq üçün aylarla gecə-gündüz çalışmışıq, mən böyük dövlətlərin başçıları ilə danışıqlar aparmışam, özü də ciddi danışıqlar aparmışam. Bu qətnaməyə məhz bizim iradəmiz sayəsində, siyasətimizin düzgün istiqamətdə getməsi nəticəsində nail ola bildik. Biz, iki prezident orada, Budapeştdə də, fevralın 10-da Almatıda da bəyan etdik ki, bu atəşkəs rejimini saxlayacağıq… Şübhəsiz ki, indi çörək də lazımdır, paltar da. Dəftər də, kitab da. Bir sözlə, hər şey lazımdır. Amma biz böyük-böyük məsələlər həll edirik. Bu işləri də görmək gərəkdir. Məhz bunlara görə indi burada camaat, xalq rahat yaşayır. Ona görə də deyirlər ki, bu da olsun, o da olsun. Bəli, bu da olmalıdır, o da olmalıdır, hər şey olmalıdır. Bütün bunlar, bir tərəfdən, nailiyyətlərimizdir. Məsələn, atəşi dayandırmışıq. Budapeştdə qəbul edilmiş qətnamənin əsasında hazırda Moskvada danışıqlar gedir. Artıq ATƏT-in Minsk qrupunun iki rəhbəri var. Onlardan biri Qərb tərəfdən, digəri isə Rusiya tərəfdəndir. Bundan məqsəd beynəlxalq qüvvələri toplamaq və sülh proqramını hazırlamaqdır. Bunların hamısı görülən işlərdir, həm də xalqın rahat yaşaması üçün görülən işlərdir. Amma eyni zamanda düşdüyümüz bu müharibə vəziyyəti, blokada vəziyyəti, yolların kəsilməsi, iqtisadiyyatın formasının dəyişməsi, mülkiyyət formalarının dəyişməsi - bunların hamısı bizi gətirib belə ağır vəziyyətə salmışdır.
Burada müəllimlərdən biri çıxış edib dedi ki, cəmiyyətdə təbəqələşmə gedir, məsələn, birinin uşağı məktəbə gələndə özü ilə yemək gətirir, onun yeməyi var, başqasının isə yoxdur, götürüb ondan yeyir. İnanın ki, belə hallar ürəyimi ağrıdır. Ancaq nə edək? Biz bazaar iqtisadiyyatı yolu ilə gedirik. Başqa yolumuz yoxdur. İqtisadi islahatlar aparmalıyıq. Aparırıq da. Düzdür, bəzi populist adamlar, Azərbaycanın bu sabitliyini pozmağa can atanlar orada-burada söz gəzdirirlər ki, guya islahat aparılmır, gecikdirilir. İslahatı bir paraları keçirmək istəyir, digərləri istəmir. Bunlar da boş söhbətlərdir. Azərbaycanı belə hala salanlar da məhz bu cür adamlardır. Amma həqiqət ondan ibarətdir ki, biz iqtisadi islahatlar aparırıq. Bu islahatlar lazımdır və şübhə yoxdur ki, onlar cəmiyyəti müəyyən qədər təbəqələşməyə gətirib çıxaracaqdır. Bizim də borcumuz budur ki, əhalinin ehtiyacı olan təbəqələrinin sosial müdafiəsini təmin edək. Məsələn, qiymətlərin sərbəstləşdirilməsi haqqında son vaxtlar qərarlar qəbul olunması ilə yanaşı, əhalinin sosial müdafiəsinin təmin cdilməsi qeydinə də qalmışdır. Aztəminatlı ailələrə, çoxuşaqlı ailələrə kompensasiyalar verilməsi buna misaldır. Doğrudur, bu kompensasiyalar bəlkə də kifayət qədər deyildir. Ancaq gərək büdcəmizin vəziyyətini də nəzərə alaq. Baxıb görək ki, istehsal nədən ibarətdir. Əgər nəhəng nəhəng fabrik və zavodlarımız dayanmışsa, yaxud tam gücü ilə işləmirsə, çox böyük imkanlarımızdan istifadə edilmirsə, vəsaiti haradan götürə bilərik? Sosial vəziyyətimizi bunlar gərginləşdirir. Lakin bir şeyi də demək lazımdır. Dövlət, hökumət çalışmalıdır, çalışır və bundan sonra da çalışacaqlar ki, xalqın bu ağır vəziyyətdən çıxması üçün lazımi tədbirlər görsün. Bu tədbirlər görülür və görüləcəkdir. Biz bu tədbirləri ardıcıl surətdə həyata keçiririk və keçirəcəyik ki, onlar xalqın sosial müdafiəsini təmin etsin. Biz bunu edirik və edəcəyik. Amma eyni zamanda adamlarımız da respublikanın düşdüyü vəziyyəti dərk etməlidirlər. Burada muəllimlərdən biri çıxış edib dedi ki, çoxdan aldığımız paltarı geyinirik, biri də dedi ki, müəllimlər yamaqlı şalvar geyiblər. Bunlar həqiqətdir. Burada olan yaşlı adamlar yəqin ki, 1941-45-ci illər müharibəsini xatırlayırlar. Məsələn, ola bilsin, Sona xanımın yadındadır. Elə mən özüm də xatırlayıram. Biz o müharibə dövründə yaşamış, o müharibəni görüb keçmiş adamlarıq. 1941-45-ci illər müharibəsində yamaqlı paltar, yamaqlı şalvar da tapmaq çətin idi, mənim xatirimdədir, Naxçıvanda adamlar ayaqqabı tapa bilmir, çarıq geyirdilər. Özü də təkcə müharibə dövründə yox. Bilirsinizmi, mən heç nəyi gizlətmirəm. Həyatımda olan hər bir şeylə fəxr edirəm. Mən orta məktəbə gedəndə həmişə yamaqlı paltarla getmişəm. Yamaqsız paltarım olmayıb. Anam gecələr lampa işığında corablarımı yamayırdı. Məni bağışlayın, bir yamaq vururdu cırılırdı, sonra birini də vururdu. Belə vəziyyətdə idik. Həm də tək mən yox, bu nəslin hamısı belə böyüyübdür. Biz o müharibənin çətinliklərini gördük, yaşadıq. O günləri indi ilə heç müqayisə etmək olarmı? O vaxt insanlar acından ölürdülər, nə paltarı vardı, nə də yemək içməyi. Bəli, o vaxtlar da müəllimlər çox ağır vəziyyətdə idilər. Mən də gənc idim, ağır vəziyyətdə idim. Amma görürdüm ki, mənə dərs deyən müəllim gedib bazarda nəsə xırda bir şey satır. Bunu görəndə ürəyim ağrıyırdı. Əslində mən özüm ondan da pis vəziyyətdə idim. İndi yamaqlı paltar bəzilərinə qəribə görünür, amma 20-ci, 30-cu, 40-cı illəri görmüş adamlar məhz yamağın içində yaşayıblar. Bununla heç də demək istəmirəm ki, o vaxt yaxşı idi. Xeyr, belə demək istəmirəm. Demək istədiyim budur ki, insanın iradəsi bütün bu çətinliklərə üstün gəlir, yenə də deyirəm, biz tədbirlər görürük, amma adamlarımız da dözməlidirlər. Zaqafqaziya regionunda bizdən savayı respublikalar, - mən onların adlarını çəkmək istəmirəm var ki, orada camaat bizdəkindən on qat pis vəziyyətdə yaşayır. Ancaq dözür.
Biz indi blokadaya düşmüşük. Çeçenistan hadisələrinə görə. Amma başqaları 4-5 ildir blokadadır. Bizdə elektrik işığı var, orada yoxdur. Mənim özüm üç il Naxçıvanda yaşadım, neft lampasının işığında oturub işləyirdim. Nə elektrik vardı, nə də su. Qışda biz 20 dərəcə şaxtada elektrik işığı olmadan, binalar qızdırılmadan yaşayırdıq. Yaxşı ki, burada, Bakıda şaxta yoxdur. O insanlar indi də orada elə o cür yaşayırlar. Düzdür, onda mən öz imkanlarımdan istifadə etdim. İrandan, Türkiyədən oraya elektrik xətti çəkdik, çünki Bakıdan gələn xətlərin hamısı Ermənistanda kəsilmişdi. Naxçıvanda qaz da yox idi. Bu gün mən Səməd Sadıqovun başçılığı ilə İrana nümayəndə heyəti göndərirəm. Onlar gedib İranda Naxçıvanın elektrik enerjisi məsələsini, digər təchizat məsələlərini həll etmək üçün danışıqlar aparacaqlar. Bunları söyləməklə mən heç də demək istəmirəm ki, elə belə də olmalıdır. Yox. Sadəcə olaraq vəziyyəti təhlil edirəm, gerçəkliyimizi bildirirəm, həqiqəti deyirəm. Mən burada çıxış edənlərin hamısına minnətdaram, ona görə ki, vəziyyəti açıqlamaqla yanaşı, nikbin əhval-ruhiyyə ilə danışdılar. Bəli, inam var. Bizim hamımızda inam olmalıdır ki, bu çətinliyi keçib gedək. Bu çətinliyi keçib getmək üçün bir-birimizə kömək etməliyik, bir-birimizə əl uzatmalıyıq. Amma təəssüf ki, bəziləri bu çətinliklərdən istifadə edib öz şəxsi məqsədlərinə nail olmaq üçün cürbəcür çirkin yollara gedirlər. Şübhəsiz ki, xalq belələrinin qarşısını alacaqdır. Lazım olsa, onların qarşısını dövlət də alacaqdır. Buna dövlətin imkanları var. Azərbaycanın düşdüyü vəziyyəti başqa respublikalardakı vəziyyətdən fərqləndirən cəhətlərdən biri də budur ki, bizim daxilimizdə belə çətinliklərdən istifadə edib ictimai-siyasi sabitliyi pozmağa can atan qüvvələr var. O qüvvələr ki, özləri xalqı bu vəziyyətdən çıxarmaq üçün zərrəcə iş görməyiblər və görməyə də qadir deyildir. Elələri də var ki, bu fürsətdən istifadə edib özlərinə hörmət qazanmaq istəyirlər. Belə ucuz hörmət isə heç vaxt daimi ola bilməz. Bir daha qeyd edirəm ki, mən bildiyim məlumatlardan əlavə, bu gün sizdən yeni məlumatlar aldım, müəllimlərin, təhsilin vəziyyətinə daha yaxşı bələd oldum. Ona görə sizə təşəkkür edirəm. Eyni zamanda hesab edirəm ki, bizim üçün, iqtisadiyyatımız, maliyyəmiz üçün nə qədər çətin olsa da, gərək lazımi tədbirlər görək. Bilirsinizmi, indi həyatımız elədir ki, bu gün qəbul etdiyimiz bir qərarın sabah uyğun olmadığını görsək, dəyişdirə də bilərik. Məsələn, fevralın 9-da mən Almatıya getdim. Mənim xəbərim olmadan Bakı şəhər icra hakimiyyəti nəqliyyatda gediş haqqını artırmışdı. Şübhəsiz ki, bu, müəyyən narazılığa səbəb olmuşdu. Mən fevralın 10-da axşam Almatıdan döndüm, elə aeroportdaca müşavirə keçirdim. Düzdür, səfərim uzun sürməmişdi. Ayın 9-da gedib 10-da qayıtdım. Lakin mənim üçün hər saatın əhəmiyyəti var. Nəqliyyatda minik haqqının qaldırılmasının doğurduğu narazılıqdan Milli Məclisdə bəzi adamlar sadəcə sui-istifadə etməyə çalışıblar. Ancaq mən Bakıya qayıdanda nəqliyyatda qiymətlərin qaldırıldığından xəbər tutan kimi, icra hakimiyyətinin başçısı Rəfael Allahverdiyevə göstəriş verdim ki, gediş haqqını dəyişdirsin. O qiymətlər elə həmin axşam da dəyişdirildi. Mən aeroportdan şəhərə gələn kimi tapşırdım ki, bu xəbər təcili olaraq televiziya ilə verilsin. Belə də oldu və dediyim kimi, nəqliyyatda qiymətlər dəyişdirildi. Mən bununla onu demək istəyirəm ki, bu gün görülən bir tədbir, yaxud qəbul edilən bir qərar sabah, ola bilsin ki, əl verməsin, buna görə də onları dəyişdirmək mümkündür. Siz indi Təhsil qanunu haqqında danışdınız. Bu qanun, gərək ki, iki il bundan əvvəl qəbul edilib. Kimsə qanuna dəyişikliklər etmək istəyib. Amma bu, etirazla qarşılanıb. Kimsə hesab edir ki, qanuna ümumiyyətlə dəyişiklik etmək olmaz. Məsələn, burada bir müəllim çıxış edib dedi ki, bəlkə fərman verib qanunu müvəqqəti olaraq dayandırasınız. Çünki hesab edir ki, qanunu sabit saxlamaq lazımdır. Bu da təbiidir. Ona görə ki, indi biz demokratik bir cəmiyyətdə yaşayırıq, hər kəs öz sözünü deyə bilər. Hər kəs öz təklifini verə bilər. Lakin şübhəsiz ki, qəti qərar qəbul edilməsi dövlət orqanlarının səlahiyyətinə aiddir. Mən belə başa düşdüm ki, burada bir neçə məsələni təcili olaraq həll etmək, bir neçə məsələnin isə üzərində işləmək lazımdır. Əvvəla, Maliyyə Nazirliyinin büdcə ilə əlaqədar təklifi, deyəsən, belədir ki, Təhsil qanununa görə müəllimlərə nəzərdə tutulmuş güzəştlərin tətbiqi dayandırılsın. Maliyyə naziri də bunu büdcənin vəziyyəti ilə, ümumi maliyyə vəziyyətimizlə izah edir. Onu da günahlandırmaq istəmirəm. Mən Azərbaycanın da, Sovet İttifaqının da maliyyə nazirlərini görmüşəm. Maliyyə nazirinin vəzifəsi ondan ibarətdir ki, gərək maliyyəni həmişə sıxsın, həmişə çalışsın ki, maliyyə vəziyyəti möhkəm olsun. Ona görə mən də bir dövlət başçısı kimi onu təqsirləndirmirəm. Amma sizin təkliflərinizi nəzərə alaraq hesab edirəm ki, maliyyə naziri öz təklifini geri götürməlidir. Yəni qanunda müəllimlər üçün nəzərdə tutulmuş güzəştlər yanvarın 1-dən tətbiq olunmalıdır və müəllimlər bu güzəştlərdən istifadə etməlidirlər. Zənnimcə, bu, qaldırılan məsələlərdən biri idi və həll olundu. Elədirmi? İkinci məsələ müəllimlər üçün dərs yükü məsələsidir. Siz ona gərək ki, stavka deyirsiniz. Bu məsələ bir neçə gün öncə mənim yanımda müzakirə edilmişdir. Təhsil naziri Lidiya Rəsulova məsələ qaldırıb ki, Təhsil qanununda dəyişiklik etmək lazımdır. İndi görürsünüzmü, iki il bundan qabaq qəbul olunmuş qanunun bir tərəfi sizin üçün xeyirlidir. Maliyyə naziri də sizi bundan məhrum etmək istəyirdi. Siz də onun əleyhinə çıxırdınız. Amma dediyiniz o məhdudiyyət məsələsi sizin üçün sərfəli deyildir. Bu gün üçün sərfəsizdir. Bir neçə gün öncə biz toplaşıb bir neçə iqtisadi məsələyə baxırdıq. Mən müəllimlərin maddi vəziyyəti məsələsinin də müzakirəsini təklif etdim. Onu da bilin ki, mən müəllimlərin vəziyyəti ilə heç də birinci dəfə deyildir ki, maraqlanırdım. Lidiya Rəsulova burada dedi ki, mən bu məsələni bir neçə dəfə müzakirə etmişəm. Lidiya Rəsulova öz təklifini irəli sürdü. Mən də respublika prokuroruna göstəriş verdim. Respublika prokuroru qanunun həmin hissəsini sizin indiki mənafeyinizə uyğun olaraq dəyişdirmək barədə təkliflə Milli Məclisə müraciət etdi. Siz bunu bilirsiniz. Bu gün mən bir daha deyirəm ki, qanunun həmin hissəsi dəyişdirilməlidir. O təklif mənim təşəbbüsümlə verilibdir. Prokurora bunu mən tapşırmışam. Mən həmin məsələdən xəbərsiz idim. Bunu mənə müzakirə zamanı təhsil naziri Lidiya Rəsulova çatdırdı. Çərşənbə axşamı Milli Məclisin iclası olacaq və mən əminəm ki, Milli Məclis bu təklifi qəbul edəcəkdir. Bu məsələ də həll olunacaqdır. Əlbəttə, bunlar bütün problemləri həll etmir. Mən bu görüşə bir az gecikdim. Ona görə ki, bizim rəhbər işçiləri yanıma çağırıb məsləhətləşirdim. Mən onlarla təxminən saat yarım məsləhətləşdim ki, daha nə etmək olar, nə kimi imkanlarımız var? Mən elə insan deyiləm ki, gəlib deyəm: bunu hökmən belə et, onu da belə. Mənimlə işləyən adamlar bilirlər ki, mən hər şeyi qanun çərçivəsində, imkan daxilində nəzərdən keçirir, məsləhətlə qərar qəbul edirəm. Yığışıb uşaqların məktəbdə yemək məsələsi, dərs ləvazimatı, aztəminatlı ailələrdən olan uşaqlara kömək göstərilməsi və bir sıra digər məsələlər barəsində söhbət etdik, məsləhətləşdik. Bütün bu məsələlərlə əlaqədar belə qərara gəldim və Maliyyə Nazirliyinə göstəriş verdim ki, məktəb problemlərinin, uşaqların və müəllimlərin məsələlərinin həlli üçün indi müzakirə olunan büdcədə 35 milyard manat əlavə vəsait tapsın. Bu 35 milyard manatın hansı məqsədlər üçün xərclənməsi barədə Təhsil Nazirliyi, Müəllimlər Şurası, Maliyyə Nazirliyi öz təkliflərini versinlər və biz həmin vəsaiti yaxın müddətdə məktəblərin, müəllimlərin, tələbələrin maddi vəziyyətini yaxşılaşdırmağa yönəldək. Bu da indiki görüşlə əlaqədar bir qərardır. Qaldı müəllimlərin məvacibinin verilməsinə, onu Milli Bankın prezidentindən öyrənərik, deyin görüm, onların məvacibi vaxtlı vaxtında verilirmi? Deyə bilərsinizmi, hansı ay verilib, hansı ay yox?
Milli Bankın prezidenti: Yanvar ayının məvacibi verilib. Fevral ayının maliyyələşdirilməsinə isə başlanmışdır.
Heydər Əliyev: Mən sizə tapşırıram, başqa sahələr də təmin olunmalıdır, amma həm şəhərlərdə, həm də kəndlərdə müəllimlərin dekabr və yanvar ayları üçün məvacibləri təcili surətdə bir həftənin içində ödənilməlidir. Aydındırmı? Bir həftənin içində ödəyib, mənə şəxsən məlumat verməlisiniz! İşğal olunmuş ərazilərdən qaçqın düşən müəllimlərin, habelə onların yerləşdirildiyi məktəblərin vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Ona görə də maliyyə nazirinə, Milli Bankın prezidentinə, təhsil nazirinə tapşırıram ki, məsələyə birlikdə baxsınlar, həmin müəllimlərin məvaciblərinin ödənilməsi gecikdirilirsə, belə hallar aradan qaldırılsın, onların maddi vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün əlavə nə kimi tədbirlər lazımdırsa həyata keçirilsin. Şübhəsiz ki, bunların hamısına Nazirlər Kabineti nəzarət etməlidir. Fuad Quliyev, Səməd Sadıqov, Elçin Əfəndiyev bu məsələləri nəzarət altında saxlamalıdırlar. Prezident Aparatından Fatma xanım Abdullazadə bu işlərə ciddi nəzarət etməlidir. Xahiş edirəm bu məsələyə də baxın. Mən indi konkret bir şey deyə bilmərəm. Amma eşitdiyimə görə, həmin məktəblərin təminatında da çox gərginlik var, müəllimlərin məvacibləri də gecikdirilir. Xahiş edirəm bunu da nəzərə alın. Bu gün sizin çıxışlarınızı, fikirlərinizi dinləyərkən mən belə qənaətə gəldim ki, əlavə tədbirlər görmək lazımdır. Fikirləşirəm ki, bəlkə biz Təhsil Fondu yaradaq. Siz bu təklifə necə baxırsınız?
Yerdən səslər: Təhsil Nazirliyinə Firudin Cəlilov rəhbərlik edərkən belə bir fond var idi.
Heydər Əliyev: İndi nə təhsil naziri Firudin Cəlilovdur, nə də Təhsil Fondu var. Belə hesab edirəm ki, keçmişdə nə olubsa, kim nə edibsə, bunlar bir kənarda qalsın. Biz Təhsil Fondu yaratmalıyıq. Fikirləşməliyik ki, bu fonda haradan vəsait toplayaq və vəsaiti nəyə sərf edək? Çıxış edənlərdən kimsə dedi ki, kommersiya strukturlarının gəlirindən 0,1 faiz ayrılıb məktəb üçün yönəldilsin. Ola bilsin ki, bu təklifdə də müəyyən bir əsas var. Amma məsələ tək bundan ibarət deyildir. Təhsil Fonduna müxtəlif mənbələrdən vəsait yönəltmək olar. Təhsilimizin problemlərini, çətinliklərini aradan qaldırmaq üçün dövlət büdcəsinin vəsaiti ilə yanaşı, Təhsil Fondunun vəsaitindən də istifadə etmək olar. Necə bilirsiniz? Yaxşımı olar? Onda mən Ramiz Mehdiyevə, Fatma Abdullazadəyə, Elçin Əfəndiyevə tapşırıram ki, Təhsil Fondu yaratmaq üçün təcili surətdə mənim fərmanımı hazırlasınlar. Bəri başdan deyirəm, sərəncam verirəm ki, bu fonda Prezident Fondundan 10 milyard manat köçürülsün. 10 milyard manat! Hesab edirəm ki, biz Təhsil Fondunu lazımi səviyyədə təşkil edə bilsək, onun başqa mənbələrdən maliyyələşdirilməsini təmin etsək, onda bu fondun geniş imkanları olar və o, təhsilin, məktəbin, müəllimlərin çətinliklərinin aradan qaldırılmasında bir vasitəyə çevrilər. Mən bu qərarı qəbul etdim və indi sadəcə olaraq fərmanı hazırlayıb mənə vermək lazımdır. Təhsil Fondunun hüquqi cəhətlərini işləməyi Şahin Əliyevə tapşırıram. Buna baxmayaraq, mən bu fondun əsasını qoyaraq 10 milyard manat ayırıram.
Burada çıxış edənlər təklif verdilər ki, keçmişdəki kimi yenə də yerli hakimiyyət orqanları məktəblərə, uşaq bağçalarına və digər uşaq tərbiyə ocaqlarına qayğı göstərsinlər, lazımi işlər görsünlər. Zənnimcə, bu da məqsədəuyğun təklifdir. Təhsil Fondu haqqında mənim fərmanımda belə bir bənd də ola bilər ki, şəhər, rayon icra hakimiyyəti orqanlarına bu barədə tapşırıq verilsin. Amma bunu fərmanda rəsmiləşdirmə lazımdır. Qoy onlar kömək etsinlər. Şübhəsiz ki, icra hakimiyyəti orqanları da büdcə hesabına yaşayırlar. Amma hər bir rayonun, hər bir şəhərin ərazisində geniş imkanlar var, özəl sektor da imkanlara malikdir. Bu imkanlardan istifadə etməklə təhsil ocaqlarının bəzi çətin problemlərini aradan qaldırmaq mümkündür. Ona görə gərək bu işdə də bir sistem yaradaq. Məncə bu da vacibdir. Mən bu qərarları qəbul etdim və düşünürəm ki, bunların hamısı qəbul olunduğu andan həyata keçirilməlidir. İndi iş sizdən, yəni Nazirlər Kabinetindən, Prezident Aparatından, Təhsil Nazirliyindən, Müəllimlər Şurasından, müəllimlərdən və ictimaiyyətdən asılıdır. Bir tərəfdən, çalışmalısınız ki, mənim qəbul etdiyim bu qərarlar təcili olaraq həyata keçirilsin və onlardan səmərəli istifadə edilsin. Digər tərəfdən isə, bizim bu görüşümüzdən istifadə edərək, ictimaiyyətin diqqətini bir daha məktəbə, müəllimin həyatına, tələbənin həyatına qayğının artırılmasına cəlb etmək lazımdır. Hesab edirəm ki, bizim səsimizə səs verəcəklər və məktəb, müəllim indiyədək olduğu kimi, bundan sonra da həm dövlətin, həm də ictimaiyyətin diqqət mərkəzində, qayğısı altında olacaq. Əminəm ki, biz bu çətinliklərdən çıxacağıq. Dövlətçiliyimiz haqqında, mənim fəaliyyətim haqqında bu gün burada dediyiniz sözlərə görə minnətdaram və bildirmək istəyirəm ki, mənim bütün fəaliyyətim yalnız və yalnız Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmağa həsr olunmuşdur və bundan sonra da buna həsr ediləcəkdir. Həyatda mənim məqsədim, amalım ancaq bundan ibarətdir və bu sahədə bütün cəmiyyətimizin, bütün xalqın həmrəy olmasını arzuladığımı bir daha bildirirəm və xalqımızı, cəmiyyətimizi bu həmrəyliyə dəvət edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu sahədəki fəaliyyətimdə müəllimlərə, təhsil sahəsinin bütün işçilərinə bel bağlaya bilərəm, onlar dövlətçiliyimizin dayağı olacaqlar. Sağ olun, gələn görüşlərədək!