Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın CNN Televiziya Şirkətinin müxbirinə müsahibəsi - 29 sentyabr 1994-cü il


Sual: Cənab prezident, Siz ABŞ prezidenti Bill Klintonla görüşdən nə gözləyirsiniz? Rusiyanın mövqeyini yumşaltmaqmı istəyirsiniz?

Cavab: Mən Amerikanın prezidenti cənab Bill Klintonla görüşümdən çox şey gözləyirəm. İlk növbədə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi məsələsinin müzakirə olunmasını, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti ilə Qərbin Neft Şirkətləri Konsorsiumu arasında bu yaxınlarda Bakıda imzalanmış müqavilənin həyata keçirilməsində onun bizi dəstəkləməsini, eyni zamanda Azərbaycanın düşdüyü ağır bəladan çıxması üçün, Ermənistanın təcavüzündən xilas olması üçün beynəlxalq təşkilatların fəaliyyətinin artırılmasını, o cümlədən bu məsələdə Amerika Birləşmiş Ştatlarının da daha fəal iştirakını gözləyirəm.

Sual: Dünən prezident Bill Klintonla prezident Boris Yeltsin görüşərkən belə bir bəyanat vermişlər ki, Dağlıq Qarabağda gedən münaqişə ilə bağlı məsələdə müəyyən bir razılığa gəlmişlər. Siz razı olarsınızmı ki, Dağlıq Qarabağ Ermənistana verilsin və bununla da sülh əldə edilsin?

Cavab: Yox, mən Dağlıq Qarabağın Ermənistana verilməsinə heç vaxt razı ola bilmərəm. Lakin mənə məlum olduğuna görə, dünən mətbuat konfransında cənab Bill Klinton və cənab Boris Yeltsin çıxış edərək belə bir fikrə gəlmişlər ki, Dağlıq Qarabağ məsələsi, yəni Ermənistanla Azərbaycan arasında münaqişə məsələsi sülh yolu ilə, beynəlxalq təşkilatlar çərçivəsində həll edilsin və Birləşmiş Millətlər Təşkilatının bu barədə xüsusi qərarı olsun. Biz Azərbaycanla Ermənistan arasında münaqişənin həllinə yalnız bu şərtlərlə, habelə bir şərtlə razı ola bilərik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı təmin edilsin. Eşitdiyimə görə, cənab Bill Klinton bu fikirləri orada söyləyib.

Sual: Sizin dediyinizə görə, Siz gözləyirsiniz ki, prezident Bill Kliton Dağlıq Qarabağın Ermənistana verilməyəcəyini daha açıq şəkildə bildirsin. Mən sizi düzmü başa düşdüm?

Cavab: Mən təəccüb edirəm ki, mənə belə bir sual verilir: Dağlıq Qarabağ Ermənistana veriləcək, ya yox? Altı ildir gedən və çox böyük bəlalar gətirən müharibə Ermənistanın yalnız Dağlıq Qarabağı ələ keçirməsi üçün aparılır. Bu müddətdə Azərbaycan öz torpaqlarını, öz ərazi bütövlüyünü, öz suverenliyini qoruyubdur. İndi necə ola bilər ki, Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında danışıqlar aparılsın? Mən sualın bu cür qoyuluşuna təəccüb edirəm. Axı altı ildə bu məsələ heç bir beynəlxalq təşkilatda, heç bir dövlət başçısı tərəfindən belə qoyulmamışdır.

Sual: Lakin altı ildə 20 mindən çox adam həlak olub, Ermənistan hər cəhətdən üstünlüyə malikdir və ölkənizdə xeyli qaçqın var. Bəs siz müəyyən bir güzəştə getmək istəmirsinizmi?

Cavab: Bəli, altı ildə Azərbaycan tərəfindən 20 minə qədər adam həlak olub, təxminən 100 min adam yaralanıb, Azərbaycan ərazisinin 20 faizi erməni işğalçı qüvvələri tərəfindən zəbt edilib. İşğal olunmuş bu torpaqlardan bir milyon nəfərdən artıq Azərbaycan vətəndaşı, azərbaycanlı öz ev-eşiyindən didərgin düşüb, qaçqın vəziyyətindədir. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı etdiyi hərbi təcavüzün nəticələridir. Həm də heç bir beynəlxalq təşkilat, heç bir ədalətli dövlət hərbi təcavüzü bəyənə bilməz və ona bəraət qazandıra bilməz. Bəzi obyektiv səbəblərə görə və ayrı-ayrı dövlətlərin, dairələrin Ermənistana göstərdikləri kömək sayəsində Ermənistan silahlı qüvvələri bu üstünlüyü əldə edirlər. Ancaq beynəlxalq hüquq normalarında göstərildiyi kimi, bir dövlətin başqa bir dövlətin torpaqlarını zorla ələ keçirməyə ixtiyarı yoxdur, eləcə də bir dövlətin başqa bir dövlətin sərhədlərini zorla pozmağa ixtiyarı yoxdur. Mən sadəcə olaraq onu istəyirəm ki, Ermənistan bu beynəlxalq hüquq normalarına riayət etsin. Cənab Bill Klintonla apardığım danışıqlarda mən belə qənaətə gəldim ki, Amerika prezidenti bu prinsiplərə müvafiq surətdə hərəkət edilməsinə tərəfdardır və bizim vəziyyətimizi başa düşür, bu məsələnin beynəlxalq təşkilatlar tərəfindən ədalətlə həll olunmasını istəyir, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının təmin olunmasına tərəfdardır.

Sual: Mən Sizin mövqeyinizi tamamilə başa düşürəm və daha bir sual vermək istəyirəm: Qafqazda, o cümlədən də Gürcüstanda, habelə Tacikistanda çox böyük münaqişələr gedir. Sizin fikrinizcə, bu münaqişələrə səbəb nədir, Rusiya həmin münaqişələri bölgədə öz mövqelərini bərpa etmək üçünmü yaradır?

Cavab: Bilirsinizmi, öz münaqişəmiz özümüzə elə böyük dərddir və bu, başımızı elə qatıb ki, o münaqişələrin anatomiyasını müəyyənləşdirməyə mənim sadəcə olaraq vaxtım yoxdur və bəzən də bunu çox da lüzumlu hesab etmirəm. Amma şübhəsiz ki, hər bir münaqişənin səbəbi var. Əgər indiyədək bu münaqişələrə son qoyulmayıbsa, deməli bunda hansısa kənar dairələrin marağı var.

Sual: Xüsusi olaraq qeyd edə bilərsinizmi ki, Rusiya həmin dairələrdən biridir?

Cavab: Mən indi heç bir dövləti günahlandırmaq fikrində deyiləm. Çünki bunun üçün çox böyük əsaslar lazımdır.

Sual: Siz artıq böyük neft müqaviləsini imzalamısınız. Bu müqavilədə Qərb şirkətləri, o cümlədən də Rusiyanın bir şirkəti iştirak edir. Sizcə, bu müqavilə bölgədə sabitlik yaranmasına kömək edəcəkmi?

Cavab: Bəli, sentyabrın 20-də Bakıda imzalanmış neft müqaviləsinə mən çox böyük ümidlər bəsləyirəm. Bu müqavilə Azərbaycan Respublikası ilə Qərbin 10 neft şirkəti, o cümlədən də Rusiya şirkəti arasında əlaqə yaradır və onların 30 il müddətində müştərək işləməsinin bünövrəsini qoyur. Eyni zamanda, həmin şirkətlər Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı kimi böyük ölkələrə mənsub olduğuna görə bu ölkələrlə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün şərait yaradır. Mən bu müqaviləyə ümidlər bəsləyirəm və hesab edirəm ki, o, hər iki tərəf üçün faydalı olacaq, Azərbaycan Respublikasının dünya iqtisadiyyatına qoşulması üçün yaxşı şərait yaradacaqdır.

Aparıcı: Azərbaycan Respublikasının prezidenti, cənab prezident, Sizə təşəkkür edirəm.

Cavab: Sizin televiziya vasitəsilə çıxış etməyimə imkan yaratdığınıza görə mən də sizə təşəkkür edirəm.

Aparıcı: Cənab prezident, Nyu-York studiyası Sizə öz təşəkkürünü bildirir.

Cavab: Mən də Nyu-York studiyasına təşəkkür edirəm, öz məmnunluğumu bildirirəm.

"Azərbaycan" qəzeti, 30 sentyabr 1994-cü il.

Tarixi arayış