"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya şöhrətli yazıçı, görkəmli ictimai xadim Çingiz Aytmatova təbrik məktubu"(Bakı, 6 dekabr 1998-ci il) sənədinə tarixi arayış


Dünya şöhrətli yazıçı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas əyalətinin Şəkər kəndində anadan olub. 1948-ci ildə o, Frunzedəki (indiki Bişkek) Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirib. 1952-ci ildən başlayaraq qırğız dilində kiçik hekayələri çap olunmağa başlayıb. 1956-cı ildə Moskvadakı Ali Ədəbiyyat kurslarına daxil olub. Kursu qurtardığı illərdə onun "Üz-üzə" hekayəsi "Oktyabr" jurnalında çap olunub. Həmin dövrdə bir sıra hekayələri, həmçinin, ona dünya şöhrəti gətirən "Cəmilə" povesti işıq üzü görüb.

Çingiz Aytmatovun bir sıra məşhur roman və povestləri dünya ədəbiyyatı kitabxanasına daxil olub. Bu əsərlərdən "Gün var, əsrə bərabər", "Ana torpaq", "Əlvida, Gülsarı", "Cəllad kötüyü", "Dəniz kənarı ilə qaçan Alabaş" və başqa əsərlərin adını çəkmək olar.

Məhsuldar ədəbi fəaliyyəti ilə yanaşı, Çingiz Aytmatov həm də görkəmli ictimai xadim kimi də fəaliyyət göstərib. O, 1990-94-cü illərdə SSRİ və Rusiyanın Benilüks ölkələrində səfiri işləyib. İndi isə Qırğızıstanın Belçikadakı səfiridir. Çingiz Aytmatov bir sıra mükafatlara, o cümlədən 1963-cü ildə Lenin mükafatına layiq görülüb, bir sıra yaradıcı təşkilatlara rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il dekabrın 6-da dünya şöhrətli yazıçının 70 illiyi münasibətilə təbrik məktubu göndərib. Məktubunda prezident onu dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş bir yazıçı kimi həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxri adlandırıb. Yazıçıya ömrünün bu yetkin çağında xalqların mənəviyyatını zənginləşdirən yeni-yeni əsərlər yaratmasını arzulayıb.

2008-ci il Qırğızıstanda "Çingiz Aytmatov ili" elan edilib. Bu, onun 80 illik yubileyi ilə bağlıdır. İl çərçivəsində yazıçı ilə bağlı beynəlxalq sərgi və simpoziumlar təşkil olunacaq, kitabları yenidən nəşr olunaraq kitabxanalara paylanacaq, həmçinin digər mədəni tədbirlər də təşkil ediləcək (http://www.art-info.az/)

Çingiz Aytmatov Azərbaycanın yaxın dostlarından sayılır. O, dəfələrlə ölkəmizdə olub. İki ölkə arasında, o cümlədən türkdilli ölkələr arasında mədəni, ədəbi əlaqələrin vacibliyini dilə gətirib.

Yazıçının Azərbaycana növbəti səfəri 2008-ci ilin fevralında olub. Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu və Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşan səfər çərçivəsində bir sıra mərasimlərə qatılıb, görüşlərdə iştirak edib. Həmçinin o, Bakıda azərbaycanlıların və digər türk xalqlarının Əməkdaşlıq Mərkəzinin açılışında iştirak edib. (http://www.interfax.az/)

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycandakı Atatürk Mərkəzi Çingiz Aytmatovun ədəbiyyat üzrə Nobel mükafatına namizədliyini irəli sürüb. Fevralın 28-də Atatürk Mərkəzində keçirilən tədbirdə çıxış edən yazıçı yubiley mərasiminin harada yekunlaşacağından asılı olmayaraq Bakıda keçirdiyi günlərin unudulmaz, təsiredici olduğunu vurğulayıb (http://www.xazar.info/)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il fevralın 25-də Çingiz Aytmatovu qəbul edib. Dövlət başçısı hörmətli qonağı salamlayaraq, onu yenidən Bakıda görməyindən şad olduğunu bildirib və Azərbaycan və Qırğızıstan Respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə onu Azərbaycanın yüksək ordeni olan "Dostluq" ordeni ilə təltif edib. Prezdent həmçinin qeyd edib ki, Çingiz Aytmatovun Azərbaycanda bu ordenə layiq görülən ilk şəxsdir. Məşhur yazıçı isə ali mükafata görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib (http://www.anspress.com/)

Tarixi arayış 29 fevral 2008-ci ildə tərtib edilib.