Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşü - Türkiyə, Trabzon, 29 aprel 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi dost və qonşu ölkənin Prezidenti Eduard Şevardnadze səmimi və mehribanlıqla salamlayaraq, yenidən görüşmələrindən məmnun qaldığını bildirdi.

Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət başçılarının zirvə görüşünün keçirilməsini yüksək dəyərləndirən prezidentlər sammitdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd etdilər.

Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli sahəsində görülən işlərdən razılıqla söhbət açan prezidentlər Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladılar.

Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər ağır cinayətlərə qarşı mübarizə haqqında Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında imzalanacaq sazişin bölgədə sabitliyin təmin edilməsi sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından çox faydalı olacağını bildirən dövlət başçıları beynəlxalq terrorizmə qarşı mübarizədə ölkələrimizin səylərini nəzərə çatdırdılar.

Prezidentlər hər iki ölkənin qarşılaşdığı ağır problemlərdən – Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ və gürcü–abxaz, gürcü–osetin münaqişələrinin aradan qaldırılması məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər də nəzərdən keçirildi.

* * *

Aprelin 29-da axşam «Zorlu Qrand» mehmanxanasında Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin şərəfinə rəsmi ziyafət verildi. Prezidentlər ziyafətdə nitq söylədilər.