Azərbaycan Prezidenti Heydər Əliyevin televiziya ilə Azərbaycan xalqına müraciəti - Klivlend şəhəri, 9 may 1999-cu il


Əziz həmvətənlər! Bacılar, qardaşlar!

Qələbə bayramı münasibətilə, faşist Almaniyası üzərində qələbə çalınmasının 54-cü ildönümü münasibətilə sizi - Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm. Xalqımıza, millətimizə, Azərbaycanın vətəndaşlarına sülh, əmin-amanlıq diləyirəm.

Bu günlər, mən vətəndən uzaqda olduğum zaman, müalicə keçirərkən Azərbaycanın vətəndaşlarından, dünya ölkələrinin dövlət, hökumət başcılarından, ictimai-siyasi xadimlərindən həddindən çox məktublar almışam, teleqramlar almışam. Bunlar mənə olan qayğının, münasibətin təzahürüdür, sağalıb tezliklə gəlmək arzusü ilə dolu olan məktublar, teleqramlardır. Mən bunlara görə bu günlər mənə yüksək qayğı göstərən və mənimlə həmrəy olan insanlara təşəkkürümü bildirirəm.

Xəstəxanada olduğum bu günlərdə mən bir daha hiss etdim ki, Azərbaycanda milli həmrəylik, milli birlik hissləri yüksəlibdir, Azərbaycanda ictimai-siyasi sabitlik artıq dönməz olubdur və bunların da nəticəsində cəmiyyətimiz uğurla inkişaf edir, dövlətimiz öz fəaliyyətini göstərir və beləliklə də xalqımız rahat yaşayır.

Bu, məni bu günlərdə ən çox sevindirən haldır. Bütün bunlara görə də doğma xalqımıza, vətəndaşlarımıza təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Mən artıq müalicəmi başa çatdırıram, sabah xəstəxanadan çıxacağam və tezliklə Bakıya, Azərbaycana, vətənə qayıdacağam. Bir daha sizi bayram münasibətilə təbrik edirəm. Hamınıza cansağlığı, səadət və yeni-yeni uğurlar arzulayıram.

Tarixi arayış