Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycanda Rusiya Federasiyası Mədəniyyət Günlərinin təntənəli açılışı mərasimindən sonra onun iştirakçıları ilə görüşdə təbrik sözləri - Respublika Sarayı, 1 aprel 1997-ci il


Mən sizin hamınızı, Azərbaycanda Rusiya mədəniyyəti günlərini açan gözəl çıxışlarınız münasibətilə təbrik edirəm. Bu çıxışlar bir daha göstərdi ki, Azərbaycanda Rusiya ədəbiyyat və incəsənət ongünlüyündən sonra iyirmi beş il ötsə də, son illərin keşməkeşlərinə və çətinliklərinə baxmayaraq, məhəbbət, qarşılıqlı anlaşma, dostluq, hörmət hissləri qalmışdır.

Mən sizə - bugünkü konsertin iştirakçılarına Rusiyanı yüksək məharətlə və layiqincə təmsil etdiyinizə görə ürəkdən təşəkkür edirəm. Bütün Azərbaycan xalqı adından Rusiyanın mədəniyyət xadimlərinə, Rusiyaya, rus xalqına, rus mədəniyyətinə dərin ehtiram hisslərimi çatdırıram.

Yüksək incəsənəti başa düşən, duyan Azərbaycan tamaşaçılarının Rusiya artistlərini çox yaxşı anlaması məni ürəkdən sevindirir. Azərbaycanda Rusiya mədəniyyəti günləri başlanmasından çox məmnun qaldığımı bildirir və əmin olduğumu söyləyirəm ki, mədəniyyət günləri uğurla keçəcək, ölkələrimiz, xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə olacaqdır. Mən vaxtilə Sovet İttifaqı hökuməti rəhbərlərindən biri olduğum illərdə mədəniyyətin inkişafına, yaradıcı ziyalıların dəstəklənməsinə göstərdiyim səylərə görə Rusiyanın xalq artisti Svetlana Bezrodnayanın mənim ünvanıma söylədiyi xoş sözlərə görə təşəkkürümü bildirir və sizin hamınıza uğurlar arzulayıram.

Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT