Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-formal zirvə görüşündə iştirak etmək üçün Yaltaya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 18 avqust 2000-ci il


Sual: Cənab Prezident, məlumdur ki, MDB-nin Yalta zirvə görüşü qeyri-formal şəraitdə keçəcəkdir. Ölkələri düşündürən bir çox məsələlərin həllində belə görüşlərin nə kimi əhəmiyyəti vardır?

Cavab: Hər bir görüşün əhəmiyyəti var. Biz, dövlət başçıları son dəfə Moskvada görüşərkən Ukrayna Prezidenti Leonid Kuçma belə bir təklif irəli sürdü ki, Yaltada qeyri-formal bir görüş keçirək. Bu görüşün əvvəlcədən heç bir gündəliyi yoxdur. O, dövlət başçılarının sadəcə, qeyri-formal şəraitdə görüşüb fikir mübadiləsi aparması məqsədi daşıyır. Biz hamımız bu təklifi bəyəndik. Həmin görüş bu gün və sabah keçiriləcəkdir. Biz hamımız Yaltada bir yerdə olacağıq.

Belə görüşlər dövlət başçılarının ikitərəfli görüşlər keçirməsinə də şərait yaradır. Ona görə də bunların hamısı faydalıdır. Biz hamımız onu qəbul etmişik. Doğrudur, bəzi ölkələrin dövlət başçıları müəyyən üzürlü səbəblərə görə Yaltaya gələ bilmirlər. Amma mən gedirəm.

Sual: Cənab Prezident, Siz orada Robert Köçəryanla görüşəcəksinizmi və bu görüşdən nə gözləyirsiniz?

Cavab: Bəli, mən Robert Köçəryanla Yaltada görüşəcəyəm. Bunu hamı artıq çoxdan bilir. Bunu bütün dünyada da bilirlər və çoxları bu görüşə böyük ümid bəsləyir. Bilirsiniz ki, biz ilk dəfə 1999-cu ilin aprelində Vaşinqtonda bilavasitə təkbətək görüş keçirdik və ondan sonra bir sıra danışıqlar apardıq, müəyyən irəliləyiş əmələ gəldi. Sonra isə Yerevanda olan terror hadisələri və Ermənistanın daxilində sabitliyin müəyyən qədər pozulması bunlara mane oldu. İndi yəqin ki, biz yenidən fikir mübadiləsi aparacağıq.

Sual: Cənab Prezident, Siz Qarabağ məsələsinin öncül məsələ olduğu barədə Albert Qorun fikrini necə qiymətləndirirsiniz?

Cavab: Mən necə qiymətləndirirəm? Əlbəttə, çox yüksək qiymətləndirirəm. Hazırda Amerika Birləşmiş Ştatlarında prezidentliyə səsə qoyulan Albert Qor əgər belə bəyanat verirsə, deməli, o öz üzərinə öhdəlik götürür. Bu yaxşıdır.

Sual: Cənab Prezident, Türkiyəyə qaz ixracı məsələsi nə yerdədir?

Cavab: Bu barədə danışıqlar gedir. Türkiyənin Prezidenti Əhməd Necdət Sezər Azərbaycanda olarkən də bu barədə danışıqlar apardıq. Bu işlər indi davam etdirilir, hər halda həyata keçiriləcəkdir.

Sual: Cənab Prezident, parlament seçkilərinə hazırlığı necə qiymətləndirirsiniz? Müxalifət qüvvələri seçki qanununda bəzi dəyişikliklər edilməsini istəyirlər.

Cavab: Hesab edirəm ki, parlament seçkilərinə hazırlıq yaxşı gedir. Bu barədə mənim fikrim bundan ibarətdir. Amma qaldı təzyiqlər göstərməyə, gərək heç kəs heç kəsə təzyiq etməsin. Nə dövlət vətəndaşlara, yaxud ayrı-ayrı qruplara, siyasi təşkilatlara, partiyalara təzyiq etməsin, eyni zamanda, əksinə olaraq, ayrı-ayrı partiyalar, yaxud təşkilatlar dövlətə – Azərbaycan dövlətinə – təzyiq etməyə cəhd göstərməsinlər. Çünki bu, normal hal deyildir.

Azərbaycanda müstəqil dövlət yaranıb, qurulub, inkişaf edir. Demokratiya demək olar ki, bütün sahələrdə inkişaf etdirilibdir, insanların hüquqları qorunur. Hər bir partiya sərbəst fəaliyyət göstərir. Yəqin ki, axşamlar televiziyaya baxırsınız. Mənim o qədər də vaxtım olmur, amma hərdənbir baxıram. Müxalifət qüvvələri bir gün bu partiyanın, o birisi gün digər partiyanın qərargahında yığışırlar. Bunlar nə deməkdir? Bunlar azadlıq, demokratiya, sərbəstlik deməkdir. Belə bir şəraitdə dövlətə təzyiq göstərməyə çalışmaq ağılsız bir şeydir.

Bilirsiniz, lap o ağır illərdə – 1993, 1994, 1995-ci illərdə, Azərbaycanın daxilində ictimai-siyasi sabitlik tam təmin edilməyəndə də həm xaricdən, həm də daxildən təzyiq göstərənlər olurdu. Mən hesab edirəm, müstəqil dövlətimizin ən böyük nailiyyəti ondan ibarətdir ki, dövlət öz müstəqilliyini günü-gündən təsdiq etdi, nümayiş etdirdi və həm xarici, həm də daxili bütün qüvvələrə öz müstəqilliyini sübut etdi. İndi yeddi ildən artıqdır ki, Azərbaycanda normal ictimai-siyasi vəziyyət yaranıbdır, islahatlar həyata keçirilir, insanların yaşayışı yaxşılaşır. Siz elə öz həyatınızdan götürün – beş il bundan öncə necə yaşayırdınız, indi necə yaşayırsınız. Mən demirəm ki, indi hər şey yaxşıdır. Yox. Mən bunu heç vaxt deməmişəm və deməyəcəyəm. Hələ çoxlu problemlərimiz, işlərimiz vardır. Hamı eyni səviyyədə yaşaya bilmir. Bundan sonra da hamı eyni səviyyədə yaşaya bilməyəcək. Amma gərək ən kasıb təbəqə normal yaşamaq imkanı əldə etsin.

Biz bunların hamısını həyata keçirdiyimiz, dövlətimizi qoruyub saxladığımız, bu dövləti yaşatdığımız halda hələ ki dövlətə heç bir xeyir verməmiş, ancaq müxalifətçiliklə, hay-küylə məşğul olmuş hansısa qüvvələrin indi Azərbaycan dövlətinə təzyiq göstərməsi ona bərabərdir ki, gedib başını qayaya vurasan.

Sual: Cənab Prezident, Rusiya gəmilərinin Azərbaycan sərhədini keçməsinə siyasi don geydirirlər. Bu məsələyə münasibətiniz necədir?

Cavab: Orada elə bir problem yoxdur. Bizim sərhəd qoşunları bu işlə məşğul olurlar. Bizi narahat edən bir şey yoxdur.

Sual: Cənab Prezident, bəzi qüvvələr Azərbaycan ilə İran arasında münasibətlərin gərginləşməsi üçün müəyyən təbliğat işi aparır. Sizin fikrinizcə, belə təbliğatın əsas məqsədi nədir?

Cavab: Mən hesab etmirəm ki, Azərbaycanda dövlət səviyyəsində antiiran təbliğatı aparılır. Biz bunu heç vaxt aparmamışıq, aparmayacağıq. Dəfələrlə bəyan etmişəm, – Azərbaycanın prezidenti kimi, mənim siyasətim və dövlətimizin siyasəti qonşu İran ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Məhz buna görə mən söz vermişəm ki, sentyabr ayının sonunda İrana rəsmi səfər edəcəyəm. Ancaq müxalifət, müstəqil qəzetlər sensasiya yaratmaqla məşğuldurlar. Mən onlara cavabdeh deyiləm.

Tarixi arayış

MÜSAHİBƏLƏR