Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yunanıstanın müstəqillik günü münasibətilə keçirilən təntənəli mərasimdə nitqi - 25 avqust 1998-ci il


Hörmətli cənab səfir!

Hormətli xanımlar və cənablar!

Sizi Yunanıstanın milli bayramı müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm. Yunan xalqına sülh, əmin-amanlıq və xoşbəxt gələcək arzulayıram.

Yunan xalqı qədim, zəngin tarixə malikdir. Yunan xalqı bəşər tarixinə çox böyük töhfələr vermişdir.

Azərbaycanda Yunan xalqının qədim tarixini, zəngin mədəniyyətini və bəşər mədəniyyətinə nə qədər boyük töhfələr verdiyini yaxşı bilirlər. Xalqımızın Yunanıstanın tarixi keçmişinə hörmət və ehtiramını bildiririk, biz eyni zamanda müasir dünyada Yunanıstanın rolunu da qiymətləndiririk.

Yunanıstan Avropa Birliyinin, Avropa Şurasının üzvü olaraq beynəlxalq təşkilatlarda öz fəaliyyəti ilə dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsi üçün öz səylərini qoyur.

Müstəqil Azərbaycan bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr quraraq, müstəqillik əldə edəndən sonra Yunanıstanla da dostluq, əməkdaşlıq münasibətləri yaratmışdır. Yunanıstanın Azərbaycanda səfirliyinin fəaliyyət göstərməsi buna bariz sübutdur. Biz bu əlaqələrin daha da genişlənməsini və inkişaf etməsini arzulayırıq və öz tərəfimizdən lazım olan addımları atırıq. Biz o cümlədən, Qara dəniz hövzəsi ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Yunanıstanla əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət veririk.

Hesab edirəm ki, Yunanıstanla Azərbaycan arasında iqtisadi, mədəni, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar var və biz bu imkanlardan daha da səmərəli istifadə etməliyik.

Biz Yunanıstanın dünya siyasətində rolunu dərk edirik və Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi sahəsində Yunanıstanın tutduğu mövqeni xüsusi qiymətləndiririk. Beynəlxalq hüquq normalarını qorumaq, onlara hər bir ölkə tərəfindən riayət olunmasını təmin etmək və onlara sadiq olmaq hər bir ölkə üçün lazımdır. Mən çox məmnunam ki, Yunanıstan beynəlxalq hüquq normalarına daim riayət edir və bu, şübhəsiz ki, Yunanıstanın özünün də təhlükəsizliyinin təmin olunması üçün böyük bir zəmanətdir.

Mən bir daha qeyd edirəm ki, bizim ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsi üçün geniş imkanlar vardır. Biz bu imkanlardan daha da səmərəli istifadə etməyə çalışacağıq. Güman edirəm ki, Yunanıstan tərəfindən də müəyyən addımların atılması lazımdır.

Dünyada, hər bir regionda, o cümlədən Qafqaz bölgəsində, Qara dəniz, Xəzər dənizi hövzələrində sülhün, əminamanlığın və təhlükəsizliyin qorunması bizim hamımızın müqəddəs vəzifəsidir. Mən çox məmnunam ki, bütün bu məsələlər barəsində də Yunanıstan beynəlxalq hüquq normalarına əsaslanır və Yunanıstanla Azərbaycanın mövqeləri bir-biri ilə eynidir.

Yunanıstan iqtisadi inkişafda böyük nailiyyətlər əldə edibdir və bu gün bu bayram günü mən arzu edirəm ki, yunan xalqının rifah halının daha da yüksəlməsi üçün gələcəkdə yeni böyük nailiyyətlər əldə olunsun.

Mən sizin hamınızı bu bayram münasibətilə bir daha təbrik edirəm. Cənab səfir, sizə Azərbaycandakı fəaliyyətinizdə böyük uğurlar arzu edirəm, yunan xalqına səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 27 avqust 1998-ci il