Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvanın "Kommersant" Nəşriyyat Evinin həftəlik "Vlast" ("Hakimiyyət") jurnalının Azərbaycana həsr olunmuş əlavə nömrəsində müsahibəsi - 5 sentyabr 2000-ci il


Sual: Heydər Əliyeviç, ötən ilin axırlarında Moskvanın Gürcüstan və Azərbaycan ilə viza rejimi tətbiq etmək niyyəti barədə bəyanatından sonra Rusiya-Azərbaycan münasibətləri sanki havadan asılı qaldı: münasibətlər pisləşməsə də, nəzərəçarpacaq yaxşılaşma görünmür. Siz bu münasibətlərin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Normal münasibətlər kimi. Əlbəttə, məsələlər, problemlər var. Başlıcası budur ki, Azərbaycan qəti olaraq Rusiya Federasiyası ilə münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir. 1997-ci ildə Moskvaya rəsmi səfərim zamanı mənim və prezident Yeltsinin imzaladığı dostluq və əməkdaşlıq haqqında müqavilə yerinə yetirilir. Lakin Rusiyanın kütləvi informasiya vasitələrində hazırda Rusiyada, Şimali Qafqazda baş verən proseslərlə əlaqədar gerçəkliyə qətiyyən uyğun gəlməyən məqalələr tez-tez dərc edilir. Mən bunu Rusiyanın rəhbərlərinə, xüsusən prezident Putinə dedikdə, o, cavab verir: dövlət xətti ilə biz heç vaxt heç bir bəyanat vermirik, heç bir iddia irəli sürmürük.

Moskvada elə qüvvələr - erməni dairələri də, bəzi digərləri də - var ki, onlar Rusiyanın və Azərbaycanın münasibətlərinin yaxşı olmasını istəmirlər. Müxtəlif qəzetlərdə, o cümlədən "Kommersant"da, "Nezavisimaya qazeta"da müəllif kimi çıxış edən ermənilər Cənubi Qafqaz haqqında cürbəcür əfsanələr uydurur, səhv rəy yaradırlar. Biz başa düşürük, adi oxucu isə yox - axı, o, oxuduğunun hamısına inanır. Mən hər şeyi bir kənara atıram və onu əsas tuturam ki, bizim Rusiya ilə normal dövlətlərarası münasibətlərimiz var və bu münasibətlər uğurla inkişaf etdirilir. Ayrı-ayrı məsələlərə gəldikdə, onlar, əlbəttə, var və olacaqdır.

Sual: Moskvada belə bir rəy yayılıb ki, Azərbaycan tərəfdaş seçməkdə öz mövqeyini qəti şəkildə müəyyənləşdirib: bu tərəfdaş Qərbdir. Belə iddialar nə dərəcədə ədalətlidir?

Cavab: Bütün bu uydurmaların əsası yoxdur. İndi heç kim dünyanı Qərbə, Şərqə bölməyə, kimin haraya istiqamət götürdüyünü müəyyənləşdirməyə cəhd göstərməməlidir. Azərbaycan müstəqil dövlətdir, öz xarici siyasətini özünün milli mənafelərini əsas tutaraq yeridir. Bu mənafelər Rusiya ilə də, Qərb dövlətləri ilə də, Şərq ölkələri ilə də, Cənub ölkələri ilə də xoş münasibətlər, dostluq münasibətləri olmasını şərtləndirir.

İndi nə edim, deyim ki, Rusiya Qərbə meylini dəyişib Şərqə doğru istiqamət götürmüşdür? Prezident Putinin Çinə və son 20 ildə beynəlxalq aləmdən təcrid olunmuş Şimali Koreyaya getməsi ilə əlaqədar Rusiya Çin və ya Şimali Koreya yönümlü istiqamət götürmüşdür? Lakin bununla bərabər Putin Okinavada "Səkkizlər"in görüşündə də iştirak etmiş, İngiltərəyə də getmişdir. Belə isə Rusiyanın mövqeyi necədir - Qərb meyllidir, yoxsa Şərq meyllidir, yoxsa cənub meyllidir?

Sual: Rusiya generalları müntəzəm olaraq bəyanatlarla çıxış edərək bildirirlər ki, Azərbaycan Çeçen separatçılarına imkan yaradır və ya hətta kömək göstərir. Bir qayda olaraq, Bakı təkziblər verir, amma həmişə yox. Buna səbəb nədir?

Cavab: Bilirsinizmi, biz hər generala cavab verməyəcəyik. Onlar yalan danışırlar. Onların heç bir konkret faktı yoxdur. Mən Rusiya Federal Sərhəd Xidmətinin direktoru Konstantin Totskini buraya dəvət etdim. O, burada hər yerdə oldu və telekameralar qarşısında bəyan etdi ki, Azərbaycana heç bir sual yoxdur. Bizim milli təhlükəsizlik xidmətimiz göstərdiyi yardıma görə, demək olar, hər həftə Rusiya FSX-dən təşəkkür məktubu alır. O ki qaldı Rusiyanın bəzi generallarının fərsiz olmasına, öz vəzifələrini yerinə yetirə bilməməsinə və öz rəhbərliyini pis vəziyyətdə qoymasına, sonra da özlərini təmizə çıxarmaq üçün yalanlar uydurmasına - bu, onların öz işidir. Biz buna məhəl qoymayacağıq.

Sual: Rusiya Çeçenistanda separatçılara qarşı ikinci əməliyyatı aparır. Azərbaycan Rusiyadan nümunə götürə bilərmi, yoxsa Siz Qarabağ probleminin zor gücünə həllinin qəti əleyhinəsiniz?

Cavab: Biz artıq altı ildir atəşkəs şəraitində yaşayırıq. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinə, bir milyon Azərbaycanlının isə öz yerindən-yurdundan zorla çıxarılmasına baxmayaraq, biz münaqişənin dincliklə nizama salınması mövqelərində durmuşuq və duracağıq. Ermənistan prezidenti Köçəryanın və Azərbaycan prezidenti Əliyevin Yaltada sonuncu görüşündə biz bu mövqeyi mətbuat qarşısında bir daha təsdiq etdik. Hərçənd biz, əlbəttə, ağır vəziyyətdəyik: bir tərəfdən, bir milyon Azərbaycanlı çadırlarda yaşayır, digər tərəfdən, işğal edilmiş Azərbaycan rayonlarında (Dağlıq Qarabağ istisna olmaqla, o da Azərbaycanın bir hissəsidir) nə vardısa, hamısı dağıdılmış və qarət olunmuşdur. Bunlar isə böyük rayonlardır. Orada iri sənaye və kənd təsərrüfatı müəssisələri, xəstəxanalar, məktəblər, mədəniyyət sarayları, kitabxanalar, çoxlu yaşayış evləri vardı. Buna baxmayaraq, biz münaqişənin hər halda sülh yolu ilə aradan qaldırılmasına tərəfdarıq.

Sual: Bəs bu nizamasalmanın perspektivləri necədir?

Cavab: İndi perspektivlərdən konkret surətdə danışmaq olmaz. Amma vəziyyət belə qala bilməz. Bizə böyük ziyan vurublar. Vəziyyətimiz ağırdır. Lakin Ermənistanın vəziyyəti daha ağırdır. Baxmayaraq ki, onların ərazisinin bir metri belə işğal edilməyibdir. Deyirlər ki, onlarda qaçqınlar var. Bəlkə də Azərbaycandan ermənilərin bir qrupu oraya köçmüşdür. Ancaq biz bilirik ki, Azərbaycanda yaşamış olan ermənilər Ermənistanda deyildirlər. Onlar Rusiyada, Amerikada, Avropa ölkələrindədirlər. Bizim qaçqınların isə getməyə yeri yoxdur. Onlar nə Rusiyaya, nə də Amerikaya gedən deyillər, doğma yerlərinə qayıdanadək öz torpağında yaşayacaqlar.

Sual: Siz Qarabağdan və ona bitişik rayonlardan olan qaçqınları nəzərdə tutursunuz?

Cavab: Xeyr, Ermənistandan olanları. Ermənistandan 300 minədək qaçqınımız var.

Sual: Sizcə, onların oraya qayıtması realdırmı?

Cavab: Bu da istisna edilmir. Doğrudur, bu, daha mürəkkəb məsələdir. İlk öncə, Azərbaycanda yaşamış azərbaycanlıları öz doğma yerlərinə qaytarmaq lazımdır.

Sual: Son vaxtlar Rusiyada və Mərkəzi Asiyada islam təməlçiliyi təhlükəsidən çox ciddi danışırlar. Bəs Azərbaycanda necə, bu təhlükə duyulurmu?

Cavab: İslam təməlçiliyinin müxtəlif cərəyanları var. İndiki halda ən təhlükəli cərəyan vəhhabilikdir. Şimali Qafqazda və Orta Asiyada baş verən hadisələrin əsas səbəbi vəhhabiliyin oraya daxil olmasıdır. Bu, ümumiyyətlə, çox təhlükəlidir. Təkcə müsəlman dinli ölkələr üçün yox, Rusiyanın özü üçün də - məncə, orada 20 milyondan artıq müsəlman yaşayır. Belə şeylər çox yoluxucudur. Bizdə məlumat var ki, bəzi ərəb təşkilatları nəinki Azərbaycana, Şimali Qafqaza, Orta Asiyaya, hətta Rusiyanın mərkəzi regionlarına - onların əhalisi islama etiqad edir - ayaq açırlar. Lakin bu o demək deyil ki, vəhhabilərdən savayı, islam təməlçiləri yoxdur. Var. Onlardan biz də müdafiə olunuruq.

Sual: Siz onu nəzərdə tutursnuz ki, Azərbaycan üçün başlıca təhlükə vəhhabilər deyil?

Cavab: Əlbəttə, islam təməlçiliyində müxtəlif cərəyanlar var. Məsələn, Orta Şərqdə fəaliyyət göstərən "Hizbullah"ın vəhhabiliyə dəxli yoxdur.

Sual:  "Hizbullah" İranın dəstəklədiyi şiə ekspremist təşkilatdır, Sizin ölkəniz isə bu təməlçi şiə dövləti ilə həmsərhəddir...

Cavab: Şiəlik və sünnilik mürtəce dini cərəyanlar deyildir. Azərbaycanda da əhalinin əksəriyyəti şiədir. Bu o deməkdir ki, burada təməlçilər var? Axı, Azərbaycan dünyəvi respublikadır.  Bəli. Amma mən deyə bilmərəm ki, misal üçün, İranda hamı islam təməlçiliyini yaymaq məqsədi güdür. Müəyyən təşkilatlar var. Bu ideologiyanın daşıyıcıları onlardır. Odur ki, xalqlara, dini icmalara, ölkələrə qarşı deyil, məhz bu təşkilatlara qarşı mübarizə aparılmalıdır.

Sual: Azərbaycan yazıçısı Çingiz Abdullayev bir dəfə Bakını "Casuslar şəhəri" adlandırmışdır. Ona görə ki,burada əslində bütün dünyanın kəşfiyyatları fəaliyyət göstərir.

Cavab: Bir çox ölkələrin xüsusi idarələrinin Azərbaycana böyük maraq göstərməsi gerçəklikdir. Əlbəttə, biz istərdik ki, bu casusluq fəaliyyətinə son qoyulsun. Azərbaycan heç bir ölkədə casusluqla məşğul olmur. Biz dinc yaşamaq istəyirik. Çingiz Abdullayevə gəldikdə isə, o, detektivlər yazır. Ona görə də detektivi gerçəklikdən fərqləndirmək lazımdır.

Sual: Lakin Siz özünüz razılaşdınız ki, Bakıda bir çox ölkələrin xüsusi idarələrinin nümayəndələri var.

Cavab: Onlar hər yerdə var. Məgər onlar Moskvada yoxdur? Ən çox casuslar Moskvadadır.

Sual: İstənilən halda, bu gün dünyanın az qala bütün ən güclü ölkələrinin mənafeləri Azərbaycanda kəsişir. Belə şəraitdə xarici siyasət amilinin ölkə üçün olduqca böyük əhəmiyyəti var. Siz kənardan təzyiq hiss edirsinizmi?

Cavab: Biz xarici təzyiqi hər tərəfdən, özü də çox güclü şəkildə hiss edirik.

Sual: Latviya prezidentlərindən biri 30-cu illərdə demişdir ki, Böyük Britaniyanın Baş naziri olmaq asandır, amma kiçik bir dövlətin başçısı olmaq qat-qat çətindir.

Cavab: Mən də belə hesab edirəm. Azərbaycanın başçısı olmaq xüsusən çətindir, ona maraq - siyasi, kəşfiyyat və digər maraqlar gündən-günə artır. Digər tərəfdən, 1988-ci ildən başlayaraq Azərbaycanda daxili siyasi vəziyyət pozulmuşdu. Bu vəziyyət 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar çətinləşmişdi, sonra burada hərbi çevrilişlər oldu. 1993-cü ildə mən Bakıya gəldikdə, respublikada müxtəlif liderlərə və siyasi qüvvələrə tabe olan çoxsaylı qanunsuz silahlı dəstələr vardı. Bütün bunlar Azərbaycanın Ermənistanla müharibədə məğlubiyyətlərinin başlıca səbəblərindən biri idi. Ölkədə vəziyyət tamamilə pozulmuşdu, çoxları öz torpağını təcavüzkardan qorumaq əvəzinə, hakimiyyəti ələ keçirmək üçün vəziyyətdən istifadə etməyə çalışırdı. 1991-ci ildə də, 1992-ci ildə də, 1993-cü ildə də belə olmuşdur. O vaxtlar nə qoşunlar, nə də inzibati orqanlar mənə tabe idi. Mən tək idim. Mən bütün bunları məntiqin gücü ilə və öz nüfuzumla aradan qaldırdım. Nəhayət, öz cəsarətimlə və qorxmazlığımla aradan qaldırdım. Məni qoxudur, öldürməklə hədələyirdilər. Bu, məni qətiyyən qorxutmurdu. Mən öz ölkəmi böhran vəziyyətindən çıxarmaq istəyirdim. Əgər bu yolda hər hansısa bir yaramaz məni öldürərsə, deməli, mən öz vətənim uğrunda, öz xalqım uğrunda həlak olacağam. Azərbaycanda vəziyyət tədricən yaxşılaşsa da, 1995-ci ilədək hər halda təhlükəli idi. 1995-ci ilin axırlarında mən Rumıniyadan qayıdarkən təyyarəmi istilik raketi ilə vurmağa cəhd göstərdilər. Sonra gedib-gəldiyim yoldakı körpünü partlatmaq istədilər. Biz bütün bunların qarşısını ala bildik. Ancaq demək olmaz ki, hakimiyyəti ələ keçirməyə can atan cinayətkarlar indi öz niyyətlərindən tamamilə əl çəkmişlər. Latviya prezidentinin işi asan idi, o vaxtlar onun ölkəsi sakit bir ölkə idi. Amma ərazisinin 20 faizi işğal edilmiş, bir milyon qaçqını olan, müxtəlif dövlətlərdən təzyiq göstərilən, daxildə isə sakitliyi pozmağa hazır dayanan potensial qüvvələrin hələ də olduğu ölkənin prezidenti olmaq nəinki Britaniyaya, həm də hər hansı digər ölkəyə başçılıq etməkdən qat-qat ağırdır.

Sual: Oğlunuz, Dövlət Neft Şirkətinin vitse-perezidenti haqqında Azərbaycanın ən çox ehtimal edilən növbəti prezidenti kimi danışırlar. Siz İlham Əliyevi Azərbaycanın növbəti başçısı kimi görmək istərdinizmi?

Cavab: Bir ata kimi - yox. Bu, ağır taledir. Amma bu məsələni mən yox, onun özü həll etməlidir. Bir də ki, növbəti prezident barədə danışmaq tezdir. Mən hələ səkkiz il Azərbaycanın başçısı olacağam. Prezidentliyimin müddətinin bitməsinə hələ üç il qalır. Mən isə sonrakı beş il müddətinə də namizədliyimi irəli sürmək niyyətindəyəm.

Tarixi arayış

MÜSAHİBƏLƏR