Televiziya ilə Azərbaycan xalqına müraciət - Klivlend şəhəri, 9 may 1999-cu il


Əziz həmvətənlər!

Bacılar və qardaşlar, dostlar!

Sizi uzaqdan - Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərindən səmimiyyətlə salamlayıram. Sizə, xalqımıza, ölkəmizə, vətənimizə ən xoş arzularımı bildirirəm.

Sizə məlumdur ki, mən Amerika Birləşmiş Ştatlarında səfərdə olduğum zaman həkimlərin müayinəsindən keçəndən sonra onların məsləhəti ilə cərrahiyyə əməliyyatı keçirilməsi zəruriyyəti qarşısında qaldım. Mən bu əməliyyatın keçirilməsinə razılıq verdim. Çünki həkimlərin dediklərinə həmişə çox diqqət yetirmək lazımdır.

Allaha şükür ki, əməliyyat çox uğurla keçdi. Mən artıq indi sağalmışam, mayın 10-da xəstəxanadan çıxacağam və yəqin ki, bir-iki günə vətənə doğru yola düşəcəyəm.

Bilirəm ki, mənim qəflətən xəstəxanaya düşməyim, eləcə də mənim üzərimdə qəflətən cərrahiyyə əməliyyatı keçirilməsi sizi narahat edib və kədərləndiribdir. Ancaq hər şey arxada qalıbdır. Narahat olmayın. Əmin idim ki, bu cərrahiyyə əməliyyatı uğurla keçəcək, mən sizinlə bərabər ölkəmizin işləri ilə daha da müvəffəqiyyətlə çalışmaq imkanı əldə edəcəyəm.

Buradakı xəstəxanada həkimlər müalicəni çox yüksək səviyyədə aparırlar. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Klinton və Amerika hökumətinin üzvləri mənə çox böyük qayğı göstərirlər. Mənim müalicəm onların şəxsi nəzarəti altındadır. Ona görə də siz narahat olmayın. Mən də heç narahat deyiləm. İnsan vətəndən ayrı olan zaman, şübhəsiz ki, o qədər də rahat ola bilməz. Ancaq mən çox məmnunam ki, bu qısa müddətdə vətəndə olmadığım zaman ölkəmizdə əmin-amanlıq davam edibdir, insanlar rahat yaşayırlar və hər şey qaydasındadır. Sizin üçün də, mənim üçün də əsas da budur.

Burada müalicəm başlanandan həm respublikamızın vətəndaşları, həm də bir çox xarici ölkələr tərəfindən mənə böyük diqqət və qayğı göstərilir. Təbrik, həmrəylik məktubları göndərilir. Bütün məktublarda, teleqramlarda hamı mənə şəfa diləyir, sağalıb tezliklə vətənə dönməyimi arzulayır.

Gələn teleqramlar və məktublar şübhəsiz ki, məni həmişə sevindirir, mənə dayaq verir, məni ruhlandırır. Eyni zamanda bu, ölkəmizdə milli həmrəyliyin, birliyin mövcud olduğunu bir daha göstərir.

Çox məmnunam ki, xalqımız, millətimiz mən ölkədə olmadığım zaman eyni vəziyyətdə çalışıb işləyirlər. Düşünürəm, bəziləri daha çox çalışır, səy göstərirlər ki, mənim ölkədə olmamağım hiss edilməsin.

Mən burada mütəmadi olaraq ölkəmizin müvafiq dövlət orqanları ilə əlaqə saxlayıram. Gündə telefon danışıqlarım olur. Vəziyyət və görülən işlər haqqında mənə məlumat verirlər. Mən isə lazımi göstərişlərimi, məsləhətlərimi verirəm. Beləliklə, ölkəmiz yaşayır, işlər davam edir. Ümidvaram ki, bundan sonra da davam edəcəkdir.

Mən bir neçə gündən sonra vətənə dönəcəyəm. Güman edirəm ki, mən daha böyük enerji ilə vətənə dönəcəyəm. Burada məni müalicə edənlər, üzərimdə cərrahiyyə əməliyyatı aparanlar hər halda, belə proqnoz verirlər. Əgər belə olmasaydı, onlar cərrahiyyə əməliyyatı aparmazdılar. Çünki belə bir əməliyyatın keçirilməsinə o qədər də ehtiyac yox idi. Həkimlərin mənə bildirdiklərinə görə, bu əməliyyatın aparılmasında əsas məqsəd mənim səhhətimi daha da gücləndirmək olubdur.

Mən burada heç bir xəstəliyə düçar olmamışam. Mən Vaşinqtonda işlərimi qurtarıb, aprelin 27-də Bakıya qayıtmalı idim. Ancaq məsləhət gördülər ki, müayinədən keçim, ondan sonra isə dedilər ki, müalicəyə, əməliyyat keçirməyə ehtiyac var. Amma ola bilərdi ki əməliyyat keçirilməsin. Mən buradakı həkimlərin fikri ilə hesablaşaraq qərar qəbul etdim ki, bir halda ehtiyac var, bunu etmək lazımdır. Mən belə qərar qəbul etməyimdən çox məmnunam.

Bu gün qələbə bayramıdır, alman faşizmi üzərində çalınmış qələbənin 54-cü ildönümüdür. Xalqımız bayram edir. Mən bu bayram münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, uğurlar arzulayıram. Müharibə, əmək veteranlarını xüsusi təbrik edirəm. Onlara uzun ömür, cansağlığı arzu edirəm. Azərbaycanın Vətən müharibəsi iştirakçılarını, veteranlarını, şəhid ailələrini bu bayram münasibətilə xüsusi təbrik edirəm.

Salamlarımı, ən xoş arzularımı Azərbaycanın hər bir guşəsinə çatdırmağa çalışıram. Güman edirəm, hər bir yerdə mənim səsimi eşidəcəksiniz və arxayın olacaqsınız ki, biz yenə də bir yerdəyik, bərabərik, qarşımızda duran vəzifələrin hamısını yerinə yetirəcəyik.

Mənim Vaşinqton səfərim çox uğurlu olubdur. Bilirəm ki, bu səfər haqqında radio, televiziya, mətbuat geniş məlumatlar veribdir, siz artıq bunları bilirsiniz. Mən isə demək istəyirəm ki, bu səfərimdən çox məmnunam. Biz həm NATO ilə əməkdaşlığımız barədə ciddi addım atdıq, həm də Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün faydalı işlər gördük. Əminəm ki, bu işlər öz nəticəsini verəcəkdir.

Mən sizə bir daha cansağlığı arzu edirəm. Hər birinizə səadət, işlərinizdə uğurlar diləyirəm. Sağ olun, Bakıda görüşlərə qədər.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış